Ulu öndərin 90 illiyi qeyd edildi
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bahar Enerji” Əməliyyat şirkətində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları şirkətin yeni, müasir tipli binasının qarşısında ucaldılmış ulu öndərin abidəsini ziyarət etmiş və önünə tər güllər düzmüşlər. Sonra konfrans zalında “dəyirmi masa” təşkil olunmuşdur.
Tədbiri “Bahar Enerji” Əməliyyat Şirkətinin vitse–prezidenti Elşad Həsənov açmış və ümummilli lider Heydər Əliyevin milli ənənələrə söykənən iqtisadiyyatımızın inkişafında, ölkəmizin iqtisadi potensialının artırılmasında, azad sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşmasında müstəsna xidmətlərindən danışmışdır.
Natiq xüsusilə vurğulamışdır ki, 1993–cü ilin iyununda xalqın təkidli tələbindən sonra görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdi. O, ilk növbədə vətəndaş müharibəsi təhlükəsini və erməni silahlı qüvvələri tərəfindən hərbi təcavüzü dayandırmağa nail oldu. Bunun nəticəsində respublikada iqtisadiyyatın böhrandan çıxarılması və daha sonra onun stabilləşdirilməsi üçün sabitlik yarandı.
İndi Azərbaycan inkişaf etmiş ölkələr sırasında uğurla addımlayır, iqtisadiyyatımız sürətlə inkişaf edir.
Sonra əməliyyat şirkətinin xüsusi layihələr və planlaşdırma üzrə meneceri Nazim İsmixanov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Altun Quliyev və başqaları çıxış edərək bildirmişlər ki, Azərbaycanın çiçəklənməsi naminə yorulmaq bilmədən fəaliyyət göstərmiş ulu öndərin səyləri nəticəsində gənc və müstəqil respublikamızın xarici siyasətində əsaslı dönüş yaranmış, diplomatik uğurlar əldə olunmuş və ölkəmiz qısa zaman kəsiyində regionda lider dövlətə çevrilmişdir.
Rauf İlyasoğlu
Respublika.-2013.-15 may.-S.10.