Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş səmti müəyyən etmə idmanı üzrə Birinci Beynəlxalq Açıq Kubok Yarışı keçirilib

 

Xaçmaz rayonunda (Nabran) müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikada idmanın inkişafına xüsusi diqqət ayıran, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş səmti müəyyən etmə idmanı üzrə Birinci Beynəlxalq Açıq Kubok Yarışı keçirilmişdir.

10–12 may 2013– il tarixdə keçirilən yarış xarici mütəxəssislər tərəfindən yeni hazırlanmış və bütün beynəlxalq standartlara müvafiq olan üç idman xəritəsi üzrə (Azərbaycan Respublikasında 11 idman xəritəsi var) təşkil olunmuşdur. Azərbaycan səmti müəyyən edən idmançılarından əlavə yarışda Gürcüstan, Qazaxıstan, Çin, Moldova, Rusiya, Türkiyə, UkraynaFransa kimi ölkələrdən gəlmiş idmançılar da iştirak etmişdir.

Yarışın hər iki günü ərzində qaçışda birbaşa iştirak etmiş idmançıların ümumi sayı 241 nəfərə çatmışdır (29 komanda təmsil olunmuşdur), bu isə müstəqil Azərbaycan dövründə səmti müəyyən etmə idmanı üzrə keçirilən yarışlarda iştirak edən idmançıların rekord göstəricisidir. Müqayisə üçün qeyd edə bilərik ki, 2011–ci ildə keçirilmiş açıq çempionatda 26, 2012–ci ildə isə 130 idmançı iştirak etmişdir.

Dünyada tanınmış görkəmli siyasi xadim Heydər Əliyev adına beynəlxalq Kubok yarışının Azərbaycanda keçirilməsi Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası (İOF) tərəfindən maraqla qarşılanmış, məhz buna görə İOF prezidentinin xüsusi nümayəndəsi kimi İOF–un Rəyasət Heyətinin üzvü Tatyana Kalendaroğlu Bakıya gəlmişdir.

Yarışın baş hakimi Nizami Mursakulov (Azərbaycan) olmuşdur. Həmçinin hakimlər kollegiyasının tərkibinə xarici mütəxəssilər – Rusiya Səmti Müəyyən Etmə Federasiyasının nümayəndəsi Aleksandr TrempoltsevUkrayna Səmti Müəyyən Etmə Federasiyasının nümayəndəsi Mixail Puqaç da daxil idi.

10 may tarixdə yarış iştirakçıları Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti M.Kazımovun başçılığı ilə, eləcə də Kubok yarışının fəxri qonaqları – Beynəlxalq SMEF–in Rəyasət Heyətinin üzvü T.Kalendaroğlu, Ukraynanın Azərbaycandakı səfiri A.Mişenko, Türkiyə SMEF–in prezidenti T.Çolakoğlu, Gürcüstan SMEF–in prezidenti A.Xvedelidze Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xaçmaz rayonundakı abidəsi önünə əklil və güllər qoymuşlar.

Respublikada keçirilən yarışların beynəlxalq standartlara çatdırılması məqsədilə Kubok yarışının təşkilatçıları tərəfindən üç qrup üzrə (səmti müəyyən etmə idmanı üzrə yarışlarda əvvəllər iştirak etmiş idmançılar üçün ən ağır məsafə – Kişilər/Qadınlar – 21 (Elit); yeni başlayanlar üçün “OPEN” və uşaqlar üçün “OPEN Junior” qrupları) qaçışlar nəzərdə tutulmuşdur.

Komanda hesabında yarışın iki günü üzrə alınmış nəticələrə görə Heydər Əliyev adına Kuboku peşəkar səmti müəyyən edən idmançılardan ibarət Rusiya Federasiyasının komandası qazanmış, ikinci yeri həm Ukraynadan gəlmiş səmti müəyyən edən idmançılar, həm də Ukraynanın Azərbaycandakı səfiri A.Mişenko daxil olmaqla, Ukrayna Səfirliyinin əməkdaşlarından ibarət Ukrayna komandası qazanmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına Kubokun bürünc medalını isə səmti müəyyən etmə idmanı ilə cəmi 1 ildir ki, məşğul olan, lakin yaxın gələcəkdə yüksək nailiyyətləri qazanmaq üçün böyük potensialın olduğunu təsdiq edən nəticələri göstərmiş “Neftçi” (Azərbaycan) klubunun komandası qazanmışdır.

Bundan əlavə, Kubok yarışının birinci günündə kişilər arasında məsafənin (10 km) xüsusi çətinliyini nəzərə alaraq, hakimlər kollegiyası bu qrup üzrə kişilərdən ibarət ən yaxşı komandanı mükafatlandırmaq qərarına gəlmişdir. Beləliklə, birinci yeri Rusiya Federasiyası tutmuş, gümüş medalı – Ukrayna komandası, üçüncü yeri isə Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası tutmuşdur.

Səciyyəvi məqamlardan biri o oldu ki, OPEN Junior qrupu üçün nəzərdə tutulmuş məsafədə 34 uşaq iştirak etmiş, onların hər biri Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının diplom və hədiyyələri ilə təltif olunmuşdur.

Fərdi hesabda çıxış edən qalib və mükafatçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin medal və diplomları ilə təltif olunmuşdurlar. Bundan başqa, qaçış iştirakçıları Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, eləcə də Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən təqdim olunmuş qiymətli hədiyyələrlə əlavə olaraq təltif olunmuşlar.

 

 

Ülvi QARAYEV

 

Respublika.-2013.-15 may.-S.11.