TƏHSİLDƏ İSLAHATLAR DAVAM EDİR

 

Bütün həyatını doğma el–obasının gələcəyinə və firavanlığına həsr etmiş, xalqını canından artıq sevmiş görkəmli dövlət xadimi, əbədi öndərimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi ölkəmizdə geniş miqyasda qeyd olunur. Cəlilabad rayonunun pedaqoji kollektivlərində də ulu öndərin doğum gününə həsr olunmuş tədbirlər davam etdirilir. Rayon təhsil şöbəsi metodkabinetinin müdiri Nadir Babayevlə söhbət etdik. O, ulu öndərin yubileyinin keçirilməsi ilə bağlı görülən işlərdən həvəslə söhbət açdı:

—Ulu öndərimizin gərgin əməyi ilə hasilə gəlmiş və 1999–cu ildə həyata keçirilməsinə başlanılmış “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” ölkəmizin təhsil quruculuğunda çox mühüm rol oynamışdır. Milli təhsilimizin bünövrə daşları məhz bu Proqramla qoyulmuşdur, həmin tarixi sənəd hələ bundan sonra da bizə düzgün yol göstərəcəkdir. Bu Proqramda təhsilimizin uzun illər üçün nəzərdə tutulmuş konsepsiyası və strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturlarında, idarə edilməsində, məzmununda, maddi–texniki bazanın möhkəmləndirilməsində islahatların aparılması uğurla həyata keçirilir.

Son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə milli təhsili inkişaf etdirmək və dünya standartları səviyyəsinə yüksəltməkdən ötrü misilsiz işlər görülmüş, zamanın tələblərinə uyğun olaraq qanunlarda və normativ sənədlər üzərində yaradıcılıqla iş aparılmış, mükəmməl təhsil sistemi qurulmuşdur.

Milli təhsilimizin tərəqqisini Cəlilabad rayonunun timsalında da aydın görmək mümkündür. Respublika Prezidenti cənab İlham Əliyev Cəlilabadda olarkən demişdir: “İndi biz Cəlilabada yeni həyat veririk. Hər yer abadlaşır, hər yer gözəlləşir. Bunlar Cəlilabadın ümumi inkişafının dinamikasını göstərir. Dünyanın istənilən ölkəsinə gedib baxmaq olar, amma bu gözəlliyi orada görmək mümkün deyildir”. Ölkə rəhbərinin bu yüksək qiymətindən ruhlanan cəlilabadlılar rayonun sosial–iqtisadi inkişafı üçün bütün imkanlardan maksimum istifadə etmiş, tarazlı inkişafa nail olmuş, quruculuq işlərini daha da genişləndirmişlər. Bunun əsas səbəblərindən biri də odur ki, rayonda sabitlik dönməz xarakter almışdır. Rayon təhsil şöbəsi dövlətimizin başçısının və Təhsil Nazirliyi rəhbərliyinin qarşıya qoyduqları vəzifələri uğurla və görünməmiş səylə yerinə yetirir. Pedaqoji kollektivlərdə, bütün məktəblərimizdə və uşaq tərbiyə müəssisələrində təlim–tərbiyənin inkişaf etdirilməsinə, kadrların peşə hazırlığının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.

Hazırda hər yerdə olduğu kimi, rayonun təhsil ocaqlarında da ulu öndərin doğum gününə həsr olunmuş tədbirlər, “Dəyirmi masa”lar keçirilir, Cəlilabad şəhərindəki 1, 6, 7, 8 saylı, Göytəpə şəhər 1 saylı, bir çox kənd məktəblərində keçirilmiş tədbirlərdə Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətindən, siyasi irsindən geniş söhbət açılmışdır. Həmin tədbirlərdə ədəbi–bədii kompozisiyalar nümayiş etdirilmiş, şeirlər və mahnılar səsləndirilmişdir. Ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə yubileyə həsr olunmuş idman yarışları, rəsm, poeziya və inşa yazı müsabiqələri maraqla qarşılanmışdır. Heydər Əliyev adına Yaradıcılıq Mərkəzində təşkil olunmuş gənc ifaçıların müsabiqəsində qonşu Biləsuvar, Masallı, Yardımlı, Lənkəran, Lerik, Astara rayonlarından 100–ə yaxın məktəbli iştirak etmişdir. Rayonda ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş inşa yazı müsabiqəsi keçirilmiş, akademik Z.Əliyeva adına orta məktəbin şagirdi Bətulə Hüseynzadə qalib gələrək respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır. İfaçılıq nominasiyasında Cəlilabad şəhər 2 saylı orta məktəbin şagirdi Murad Quliyev fərqlənmişdir. Cəlilabad rayon şahmat məktəbində müəllimlər arasında idmanın şahmat növü üzrə keçirilən rayon birinciliyində Ocaqlı kənd 1 saylı orta məktəbin müəllimi Rövşən Cavadov, Cəlilabad şəhər 1 saylı orta məktəbin müəllimi Əlisəfa Əmənov, Privolnoye kənd 1 saylı orta məktəbin müəllimi İsabala Ağayev turnirin qalibləri olmuşlar. Fəaliyyət planında may ayının 10–da ilk dərs məşğələləri ümummilli liderimizin həyat və fəaliyyətinə həsr olunmuş, yubileylə bağlı bir sıra əlavə tədbirlər keçirilmişdir.

Bəli, Azərbaycan xalqının Heydər Əliyev irsinə sədaqəti, onun siyasətinin və müəyyən etdiyi strateji inkişaf kursunun alternativsizliyini birmənalı şəkildə qəbul etməsi ulu öndərimizin parlaq ideyalarının həmişəyaşarlığına dəlalət edir. Onu da qeyd etmək vacibdir ki, dahi rəhbərimizin zəngin irsi, hərtərəfli düşünülmüş strategiyasının həyata keçirilməsində varislik faktoru çox mühüm rol oynayır və fikrimcə, möhtərəm Prezidentimizin fəaliyyəti bunu dəfələrlə təsdiq etmişdir. Cənab İlham Əliyevin müasir Azərbaycan siyasətində uğurlu fəaliyyəti mahiyyət etibarilə Heydər Əliyev siyasətinin məntiqi davamı və yeni bir keyfiyyətlə inkişaf etdirilməsidir.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.-2013.-15 may.-S.11.