İctimai dinləmələr keçirilmişdir

 

Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təbliği, tətbiqi və vətəndaşların seçki hüququ məsələlərinə həsr olunmuş ictimai dinləmələr keçirilmişdir.

Mərkəzin iclas zalına Lənkəran Şəhər İcra Hakimiyyətinin, rayonun hüquq–mühafizə orqanlarının, ərazi icra nümayəndələrinin, bələdiyyələrin, qeyri–hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri toplaşmışdılar.

Tədbir iştirakçıları əvvəl Heydər Əliyev xatirə parkında ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuş, ulu öndərin parlaq xatirəsini ehtiramla yad etmişlər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbiri giriş sözü ilə açmış, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə bütün sahələrdə uğurlu inkişafın təmin olunduğunu, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması sahəsində çox mühüm vəzifələrin həyata keçirildiyini diqqətə çatdırmışdır.

İcra başçısı bu sahədə rayonda görülmüş işlərdən söhbət açaraq vətəndaşların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunduğunu, yerlərdə vətəndaşların arzu və təkliflərinin öyrənildiyini, ərizə və şikayətlərinin vaxtında və diqqətlə araşdırıldığını bildirmişdir.

Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” barədə məlumat vermiş, Milli Fəaliyyət Proqramını insan hüquqları sahəsində islahatların yeni mərhələsi kimi qiymətləndirmişdir.

Ölkəmizdə həyata keçirilən demokratik, hüquqisosialiqtisadi islahatlardan danışan ombudsman E. Süleymanova əhalinin rifah halının durmadan yaxşılaşdığını, son 10 ildə ölkə büdcəsinin 15 dəfə artdığını, minlərlə yeni yerlərinin yaradıldığını, insan hüquq və azadlıqlarının müdafiəsi və təbliği məsələlərinə xüsusi diqqət yetirildiyini bildirmişdir.

Ombudsman 2013– ilin payızında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini, seçici hüquqlarının prioritet məsələ olduğunu, seçkilərin demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Lənkəran rayon məhkəməsinin sədri Elçin Kazımov, rayon prokuroru Natiq Abdullayev, Lənkəran şəhər–rayon polis şöbəsinin rəisi Möhübbət Hüseynov tədbirdə çıxış etmiş, insan və vətəndaş hüquqlarının qorunması, prokuror nəzarəti, məhkəmə–hüquq islahatları, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətində mövcud qanunlaranormativ hüquqi aktlara əməl olunmasının vəziyyəti və digər məsələr barədə məlumat vermişlər.

Müzakirələrdə icmaların fəallığının təmin olunması, əhali arasında hüquqi maarifləndirmə tədbirlərinin gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur.

İctimai dinləmələrdən sonra ombudsman Elmira Süleymanova Lənkəran şəhər–rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasına baxış keçirmişdir.

Astara

Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011–ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə ombudsman Elmira Süleymanova Astara rayonunda ictimai dinləmələr keçirmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq–mühafizə orqanlarının rəhbərləri, bələdiyyələrin, dairə seçki komissiyasının işçiləri, qeyri–hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbiri giriş sözü ilə açmış, ölkə Prezidentinin gündəlik qayğısı sayəsində regionların sosialiqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunduğunu, Astara rayonunda tikinti, abadlıq, quruculuq işlərinin geniş vüsət aldığını, əhalinin rifah halının xeyli yaxşılaşdığını bildirmişdir.

İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” barədə sərəncamına uyğun olaraq Astara Rayon İcra Hakimiyyətində tədbirlər planının hazırlandığını, ayrı–ayrı qurumlarla birgə şəhər, qəsəbə və kəndlərdə müxtəlif tədbirlərin keçirildiyini bildirmişdir.

Astara rayonunda 15 inzibati ərazi dairəsi üzrə nümayəndəlik, 18 bələdiyyə fəaliyyət göstərir. Vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması işi daim diqqətdə saxlanılır, müraciətlərdə qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Rayon icra hakimiyyətində hər həftənin çərşənbə günü idarə, müəssisə və təşkilatların, hüquq–mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu aparılır. Bundan əlavə, hər həftənin IV günü icra başçısı tərəfindən ayrı–ayrı yaşayış məntəqələrində əhali ilə səyyar qəbul və görüşlər keçirilir. Qəbul zamanı vətəndaşlarla işgüzar söhbətlər aparılır, onların irəli sürdükləri təkliflərə həssaslıqla yanaşılır və təsirli tədbirlər görülür.

2011–ci ilin aprel, 2012–ci ilin mart aylarında ölkə Prezidenti cənab İlham Əliyev rayona iki dəfə səfər edərək mühüm strateji əhəmiyyətə malik obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, ictimaiyyətin nümayəndələrilə görüşmüş, əhalini narahat edən məsələlərlə yaxından maraqlanmışdır. Bu səfərlərdən sonra dövlət başçısının rayonun sosialiqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı sərəncamlar astaralılar tərəfindən razılıq və minnətdarlıqla qarşılanmışdır. Göstərilən qayğının nəticəsində sosial problemlərin həlli istiqamətində görülən işlərin miqyası xeyli artmışdır.

77 saylı Astara Dairə Seçki Komissiyasının sədri Hikmət Əkbərov komissiyanın yeni tikilmiş binada fəaliyyət göstərdiyini, MSK–nın tədbirlər planına və müvafiq təlimatlara uyğun olaraq məntəqələrdə lazımi işlərin aparıldığını, bir çox məntəqələrdə veb–kameraların quraşdırıldığını, seçici siyahılarının vaxtaşırı yeniləşdirildiyini söyləmişdir.

Müzakirələrdə rayon məhkəməsinin sədri İsmayıl Abdurrəhmanlı, rayon prokuroru Zakir Saatov, polis şöbəsinin rəisi Rəşid Səfərov, rayon veteranlar şurasının sədri Rafiq Əliyev, qadınlar şurasının sədri Bəsti Əliyeva, Tüləgüvan bələdiyyəsinin sədri Firudin Abbasov çıxış edərək vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində əlaqəli fəaliyyət göstərdiklərini bildirmiş, təkliflərini söyləmişlər.

Ombudsman E.Süleymanova çıxışında çətinliklərin aradan qaldırılmasında dövlət orqanlarının, icmaların, qeyri–hökumət təşkilatlarının, ictimaiyyətin birgə fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırmış, regionlarda ictimai nəzarətin gücləndirilməsinin, pulsuz hüquq məsləhətxanalarının açılmasının, insan hüquqlarına, vətəndaşların qəbuluna və müraciətlərinə diqqətin artırılmasının, seçki hüquqları barədə maarifləndirmənin aparılmasının, vətəndaşlara öz seçimini etmək və sərbəst toplaşmaq üçün şəraitin yaradılmasının vacibliyini qeyd etmişdir.

Ombudsman rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasına baxış keçirmiş, rayon mərkəzi xəstəxanasının doğum şöbəsində yaradılmış şəraitlə yaxından tanış olmuşdur.

 

Əlisəfa Həsənov

 

Respublika.-2013.-31 may.-S.7.