UNUDULMAZ ULUXANLI MƏKTƏBİ
1881–ci ildə İrəvan gimnaziyası və İrəvan Müəllimlər Seminariyası ilə bərabər fəaliyyətə başlayan Uluxanlı məktəbi də ağır, çətin, şərəfli yol keçmiş və acınacaqlı tale ilə ömrünü başa vurmuşdur.
Uluxanlı məktəbinin 125 illiyinə həsr olunmuş “Zülmət səltənətində məşəl” kitabında bu unudulmaz təhsil ocağının yaranışı ilə bağlı oxuyuruq: “Uluxanlı məktəbi 1881–ci ildə fəaliyyətə başlamışdır. Məktəb Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşmişdi. İlk müdir o zaman tanınmış maarifçi Muxin olmuşdur. Fənn müəllimi Xanlar bəy Həsənbəyov, şəriət müəllimi Hacı Məşədi Hüseyn oğlu idi. Sonra Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev, Əbdüləli Bağır oğlu Muxtarov, Hacı Molla Kərim Rzaquliyev və başqaları burada işləmişlər”.
Bu fikirdən sonra Cəlil Məmmədquluzadənin Uluxanlı məktəbinə gəlişinə münasibət bildirilir: “Qulam Məmmədlinin “Molla Nəsrəddin” kitabında bir neçə səhifə bilavasitə Uluxanlı kənd məktəbinə həsr olunmuşdur. Qafqaz tədris dairəsinin müdiri 1887–ci il 7 avqust tarixli məktubunda yazır: “Uluxanlı məktəbində müəllim vəzifəsini ifa edən Məmməd bəy Qazıyev azad edilmiş, onun yerinə Cəlil Məmmədquluzadə təyin edilmişdir. (İ.İsmayılov, E.Həsənov. “Zülmət səltənətində məşəl”. Uluxanlı məktəbi, s.17).
“Kavkazskiy kalendarğ” məcmuəsinin 1892–ci il nömrəsində göstərilir ki, iki sinifli Uluxanlı məktəbində Məşhədi İbrahim Hüseyn oğlu Hüseynov məktəbin fəxri nəzarətçisi, Rəhim Musarza oğlu Xəlilov isə müəllim idi və burada 41 şagirdin təhsil alacağı nəzərdə tutulmuşdu.
Məcmuənin 1895–ci il sayında Uluxanlı məktəbində Oadey Tahirov və Kələntər Kələntərovun fəxri himayəçi, Nikolay Semyonoviç Zazunovun nəzarətçi, Molla Axund Hacı Məşhədi oğlu Hüseynovun şəriət müəllimi olduğu bildirilir.
Məcmuənin 1896–cı il nömrəsində isə Uluxanlı məktəbində Oadey Tahirov və Kələntər Kələntərov himayəçi, Viktor Aleksandroviç Muxin müdir, şəriət müəllimi Hacı Məşhədi Hüseyn oğlu Axundov, müəllim isə Xanlar bəy Həsənbəyov təqdim olunur.
Məcmuənin 1897–ci il nömrəsində Uluxanlı məktəbində Oadey Tahirov və Kələntər Kələntərov fəxri himayəçi, Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev, Molla Axund Hacı Məşhədi Hüseyn oğlu Axundov şəriət müəllimi, Xanlar bəy Həsənbəyov müəllim kimi göstərilmişdir.
Bəlli olduğu kimi, Muxin Uluxanlı məktəbindən sonra İrəvan Müəllimlər Seminariyasında fəaliyyətini davam etdirmiş, onu burada Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev əvəz etmişdi. Muxin burada hazırlıq kursunun müdiri idi.
Məcmuənin 1898–ci il nömrəsində məktəbdə 35 şagirdin təhsil aldığı və Tahirovun, Kələntərovun, Məmməd bəy Qazıyevin, Molla Axund Hacı Məşhədi Hüseyn oğlu Axundovun eyni vəzifədə qaldığı, ancaq müəllim yerinin boş olduğu aydınlaşır.
Məcmuənin 1900–cü il nömrəsində Uluxanlı məktəbində 64 şagirdin təhsil aldığı, Oadey Tahirovun və Kələntər Kələntərovun fəxri himayəçi, Molla Vəli Məmmədəli oğlunun şəriət müəllimi, müəllim yerinin isə boş olduğu bildirilir.
Xatırlatmaq lazımdır ki, Uluxanlı məktəbi 1901–ci ildə də həmin heyətlə fəaliyyət göstərmişdir. Məcmuənin 1902–ci il nömrəsində Uluxanlı məktəbində dəyişikliyin baş verməsi aydınlaşır. Belə ki, Tahirov və Kələntərovu fəxri himayəçi kimi Andrey Aleksandroviç Qluxov əvəz etmiş, Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev isə yenə də nəzarətçi vəzifəsində qalmışdır.
Məcmuədən o da bəlli olur ki, Oadey Tahirov və Kələntər Kələntərov Qəmərlinin Koyləsər kənd məktəbində fəxri nəzarətçi işləyirdilər.
1904–cü ildə də Uluxanlı məktəbində həmin heyət fəaliyyət göstərirdi.
Axtarışlar zamanı “Kavkazskiy kalendarğ” məcmuəsində Uluxanlı məktəbilə bağlı son məlumata 1909–cu ildə rast gəlinir. Burada göstərilir ki, həmin ildə Uluxanlı məktəbində Şəmdin bəy Mahmudbəyov nəzarətçi, Frans Verjibitski müəllim, Hacı Molla Vəli Məşhədi oğlu şəriət müəllimi işləmişlər.
Uluxanlı məktəbi ilə 1918–ci ilə qədər olan məlumatı İ.İsmayılovun və E.Həsənovun “Zülmət səltənətində məşəl” kitabında əldə etmək mümkündür.
“Zülmət səltənətində məşəl” kitabında verilən məlumata görə, 1917–ci ildə Şəmdin bəy və Mirzə Cəfər gedəndən sonra onların yerinə gələn Mirzə Ələsgər Rzazadə və mərhum, ordenli müəllimə Fatma Qədimovanın həyat yoldaşı Ələkbər Qədimov olmuşdur.
1918–20–ci illərdə İrəvan gimnaziyası və İrəvan Müəllimlər Seminariyası kimi erməni millətçilərinin törətdiyi iğtişaşlar nəticəsində Uluxanlı məktəbi də bağlandı. Onu xüsusi vurğulamaq lazım gəlir ki, erməni daşnakları kəndi o qədər talan etmişdilər ki, 1988–ci ilə kimi bir söhbət düşəndə deyirdilər:”Zəngibasar talanı deyil ki?”
1920–ci ildən sonra elmin, mədəniyyətin inkişafı üçün geniş imkanlar açıldı. 1924–cü ildə İrəvan pedaqoji texnikumunun fəaliyyət göstərməsi Uluxanlı məktəbinin üfüqlərini genişləndirirdi. Məktəbin müəllimlərinin böyük bir qismi, o cümlədən Əsəd Məmmədov, Əli Xəlilov, Tamam Axundova, Əjdər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov, Qulam Namazov, Əli Qədiməliyev, Cəfər Məmmədov, Əliqulu Səlimov, Heydər Nağıyev, Əkbər Əliyev İrəvan məktəbinin məzunları idi. Demək lazımdır ki, yuxarıda adları çəkilən ilk iki şəxsə 1928–30–cu illərdə İrəvan Pedaqoji Texnikumunda işləmiş, gələcəyin böyük elm xadimi, SSRİ EA–nın müxbir üzvü olmuş, Azərbaycan EA–nın keçmiş prezidenti, akademik Yusif Məmmədəliyev dərs demişdir.
30–cu illərdən başlayaraq Uluxanlıda ali təhsilli ziyalılar yetişməyə başladı. Məmməd Rzayev 1936–cı ildə İrəvan Dövlət Universitetini ermənicə bitirmişdi. Heydərqulu Quliyev, Əsəd Məmmədov, Heydərqulu Salmanov Bakıda ali təhsil almışlar.
1936–cı ildə İrəvan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan şöbəsinin açılması Uluxanlıda ali təhsillilərin sayının artmasını xeyli sürətləndirdi.
Demək lazımdır ki, uzun müddət ətraf kəndlərin Yuxarı Necili, Aşağı Necili, Cəngilər, Dəmirçi, Çobankərə, Mehmandar, Qaraqışlaq, Sarvanlar, Rəncbər, Həbilkənd və s. kənd məktəblərinin müəllimlərinin əksəriyyəti Uluxanlıdan idi. Onlar ilk təhsillərini məhz Uluxanlı məktəbində almışdılar.
Və yaxud uzun illər ətraf kəndlərin 8 illik (əvvəllər 7 illik idi —Ə.Z.) məktəblərini bitirən şagirdlər orta məktəbi Zəngibasarda tamamlayırdı. Çünki rayonda cəmi iki orta məktəb vardı —Zəngibasarda və Qaraqışlaqda. 7–8 kəndin 8 illik məktəbini bitirmiş ən yaxşı oxuyanlar burada təhsillərini davam etdirirdilər. O zaman məs.: 60–cı illərdə Zəngibasar məktəbində oxumaq hər hansı institutda oxumaqdan çətin idi. 9–cu sinfə 100–110 şagird gəlirdi. 10–cu sinfi isə 60–62 nəfər bitirərdi. Bu sətirlərin müəllifi də 1969–cu ildə Uluxanlı məktəbini bitirmişdi. Bu gün də vaxtıyla o məktəbdə dərs deyən müəllimləri minnətdarlıq hissiylə xatırlayıram. Məktəbin direktoru Ə.Məmmədovu, müavinləri İ.İsmayılovu, Ə.Mehdiyevi, müəllimlərdən A.Musayevi, Sənan və Sərvət Qədiməliyev qardaşlarını, İdris və Zeynalabdın Məsimov qardaşlarını, M.Nəsirovu, Əli İsmayılovu, K.Teyyubovu, R.Abbasovanı, H.Həsənovu, E.Əhmədovu, M.Əliyevanı, A.Qurbanovu.
Ayrı–ayrı vaxtlarda Mirzə Əsgərzadə, Hüseyn Məmmədov, Hacı Məhərrəmov, Məmməd Qəmbərov, Abbasəli Hüseynov, Ələmdar Rəhimov, Lətif Hüseynov, Zərifə Babayeva, Əsəd Məmmədov, İbrahim Xəlilov, Əjdər Kazımov, İsmayıl İsmayılov, Sənan Qədiməliyev məktəbin direktoru olmuşlar (Bu siyahını bizə keçmiş ədəbiyyat müəllimim, məktəb direktorum Qadir Məmmədov vermişdir).
Ayrı–ayrı illərdə on altı azərbaycanlı gənc məktəbi səkkiz qızıl və səkkiz gümüş medalla bitirmişdir.
Uluxanlı məktəbinin bir sıra məzunları dissertasiya müdafiə edərək elmlər namizədi, elmlər doktoru, professor adına layiq görülmüşlər. Hazırda onlardan iyirmi səkkiz nəfəri ölkəmizin müxtəlif elm və təhsil müəssisəsində uğurla çalışır.
…1988–ci il. 17–18 iyun hadisələri… Erməni saqqallıları Azərbaycan kəndlərinə hücum etdilər. İlk zərbəni rayon mərkəzində Uluxanlı (Zəngibasar) azərbaycanlıları aldı. Evlər yandırıldı, talan edildi. Uzun illər rayonun Yuxarı Necili kəndində məktəb direktoru olmuş Qadir Məmmədovun evini üç dəfə talan etdilər, heç bir şey qalmadı. Zəngibasarın son məktəb direktoru Sənan Qədiməliyev döyülərək ölümcül vəziyyətə salındı. Həmin ili Zəngibasar məktəbinin şagirdləri heç bir ali məktəbə sənədlərini verə bilmədi.
1988–ci il sentyabrın biri…Ölkənin bütün məktəblərində yeni dərs ili başlayır. Hər yerdə qayğısız uşaqların şən qəhqəhələri. Yalnız bir məktəbdən başqa. Bu, Uluxanlı məktəbi idi. O, döyüşlərdə övladlarını itirmiş ananı xatırladırdı. Onun nə siniflərindən, nə də həyətindən səs–səmir gəlmirdi. Ulu Mirzə Cəlilin dərs dediyi tədris ilindən düz bir əsr sonra Uluxanlı məktəbi sözün əsl mənasında süquta uğradı. O, indi uzun illər boyu qoynunda bəslənib böyümüş, təhsil almış məzunlarının işlərində, əməllərində, bir də xatirələrində yaşayır. Məktəbin ömrü artıq tarixə yazıldı. Bir türk mahnısında deyildiyi kimi: “Bir də o ötən günlər, xatirələrdə qaldı…”
Uluxanlı məktəbinin yubileyi həmişə diqqət mərkəzində olmuşdur.
1981–ci ildə Uluxanlı məktəbinin 100 illiyi idi. Uluxanlı məktəbinin müəllimləri, eləcə də müxtəlif vəzifədə çalışan vəzifəli məzunları bu möhtəşəm təhsil ocağının 100 illiyini keçirmək istədilər, ancaq erməni rəhbərləri buna imkan vermədilər. Uluxanlı məktəbinin ən nüfuzlu müəllimlərindən biri Hüseyn Həsənov bundan xeyli sonra “Baş tutmayan yubiley” adlı məqalə nəşr etdirdi. Sonralar məktəbin 110 və 120 illiyi də mətbuatda gedən tək–tək yazıları çıxmaq şərti ilə, demək olar ki, yada düşmədi.
Nəhayət, 2006–cı ildə Uluxanlı mahalının, Uluxanlı elinin, Uluxanlı kəndinin layiqli oğlu, “Ata yurdu”. Beynəlxalq vətənpərvərlər cəmiyyətinin sədri, səmimi, xeyirxah insan, böyük vətəndaş mərhum Eldar Hüseyn oğlu Həsənovun çox ağır zəhməti, mən deməliyəm ki, sözün əsl mənasında fanatikliyi nəticəsində Uluxanlı məktəbinin 125 illiyi ən yüksək səviyyədə baş tutdu. Eldar Uluxanlı məktəbi ilə bağlı ondan artıq televiziya verilişi çəkdirdi.
2006–cı il dekabr ayının 29–da Uluxanlı məktəbinin 125 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı oldu. Bu məktəbin məzunlarının sevinclərinin həddi–hüdudu yox idi.
Tədbirin bu zirvəyə çatmasında bir sıra ziyalıların, o cümlədən akademiklər Budaq Budaqov, Məmmədtağı Cəfərov, professorlar Teymur Əhmədov, Maqsud Qasımovun, məktəbin keçmiş direktoru İsmayıl İsmayılovun, Tibb Universitetinin müəllimi İbadulla müəllimin, Təhsil Nazirliyinin keçmiş əməkdaşı Nəcəf Nəcəfovun və digər şəxslərin müəyyən xidmətləri olsa da, əsas ağırlıq Eldar Həsənovun çiyinlərinə düşürdü.
2006–cı il dekabr ayının 30–da Eldar Həsənov Bakının Suraxanı rayonunda yerləşən “Fərhad” şadlıq evində Uluxanlı məktəbinin 125 illiyinə həsr olunmuş çox böyük tədbir keçirdi. Həmin tədbirdə təxminən 300–dən artıq dəvətçi iştirak edirdi. Bunların əksəriyyəti Uluxanlı məktəbinin keçmiş məzunları idi. Məktəbin fəaliyyəti ilə bağlı əsas məruzəni bu sətirlərin müəllifi etdi. Bu tədbirdə 50–yə qədər iştirakçıya Sankt–Peterburq şəhərində hazırlanmış, üzərində Ağrı dağının şəkli olan və “Uluxanlı məktəbinin 125 illiyi münasibətilə” sözləri yazılmış qol saatı təqdim olundu. Bu saatları Eldarın təşəbbüsü ilə Uluxanlı məktəbinin məzunları olmuş, orada yaşayan Qoşqar Nəriman oğlu Məmmədov və Nadir Mirkərim oğlu Seyidov hazırlamışdı.
Uluxanlı məktəbinin 125 illik yubileyi respublika Prezidentinin sərəncamının nəticəsi olaraq 2007–ci il yanvar ayının 13–də Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək səviyyədə qeyd olundu. Respublikanın bütün ali məktəblərinin rektorları, ən tanınmış ziyalılar tədbirdə iştirak edirdi.
Professor Misir Mərdanovun sədrlik etdiyi bu tədbirdə çıxış edənlərin hamısı —Budaq Budaqov, Vaqif Abbasov, İsmayıl İsmayılov, Əsgər Ələkbərov, Əsgər Zeynalov, Oqtay Şahbazov və başqaları məktəb, onun tarixi, məzunları ilə bağlı fikirlər söyləsələr də, bu tədbirin keçirilməsində əvəzsiz xidmətləri olan Eldar Həsənova təşəkkürünü bildirdi. Həmin tədbirdə məktəbin 20–dən artıq müəlliminə —o cümlədən İsmayıl İsmayılova, Məmməd Nəsirova, Əhməd Mehdiyevə, Mötəbər Əliyevaya, Nəriman Məmmədova və digərlərinə Təhsil Nazirliyinin Fəxri Fərmanı təqdim olundu. Respublika prezidentinin sərəncamının yekunu kimi Azərbaycan televiziyası “Uluxanlı məktəbi— 125″ sənədli filmini çəkdi. Onun da bütün təşkilati işlərini Eldar Həsənov görürdü.
Məktəbin yubileyi üçün əsas tarixi yaddaş kimi İsmayıl İsmayılovun Eldar Həsənovla birlikdə yazdığı 360 səhifədən ibarət “Zülmət səltənətində məşəl”. “Uluxanlı məktəbi—125 il” kitabıdır. Bu kitabda Uluxanlı məktəbinin tarixi, müəllimləri, məktəbin müxtəlif sahələrdə çalışan nüfuzlu məzunları, elm adamları, həkimlər, medalçılar, hərbçilər barəsində geniş məlumat verilmişdir.
Son söz əvəzi: 2001–ci ildə İrəvana Beynəlxalq konfransa getmişdim. Tale mənə qismət etdi ki, mən Uluxanlı məktəbi ilə yenidən görüşüm. Uluxanlı məktəbinin lap yanından keçdim. İki il bu məktəbdə təhsil almışdım. Çox qəribə idi ki, 1988–ci il sentyabr ayının 1–də olduğu kimi noyabr ayının 15–də də (2001) məktəbin qapısı yenə də bağlı idi. Sanki sadiqlik, sədaqətlilik nümunəsi göstərərək özünün doğma uşaqlarını öz qoynuna almaq istəyir, onların isti nəfəsini duyub, şən qəhqəhələrini eşitmək istəyirdi.
Ən maraqlı hal ondan ibarət idi ki, 2001–ci ildə mənim 50, məktəbin isə 120 yaşı tamam olurdu. Sanki tale məni məktəbi təbrik etmək üçün —daha doğrusu, yubilyarı təbrik etmək üçün göndərmişdi. Tək öz adımdan yox, minlərlə məzunlarının adından.
Bu il 130 yaşın tamam olur. Gözün aydın, doğma məktəb. Dünya belə qalmaz…İnanırıq ki, bir gün səni, sənin yubileylərini öz həyətində, öz qoynunda təbrik edərik…
Əsgər Zeynalov,
filologiya elmləri doktoru,
professor.
Respublika.- 2013.-31 may.- S.7.