Məhsəti Gəncəvi irsinə dövlət qayğısı

 

Ulu öndər Heydər Əliyev Gəncə şəhəri haqqında danışarkən Məhsəti yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Məhsəti xanım Azərbaycan xalqının mənəvi aləminin bəşəriliyini, böyüklüyünü və insanpərvərliyini tərənnüm etdirən görkəmli söz sərrafıdır”.

Möhtəşəm əsərləri ilə insan fikir və düşüncəsini yüz illərlə qabaqlamış böyük söz ustadı Məhsəti Gəncəvinin dünya mədəniyyəti tarixində dəyərini bütün zənginliyi ilə duyan, bilən ulu öndər Heydər Əliyev dahi Azərbaycan şairəsi və mütəfəkkiri Məhsəti Gəncəvinin irsinə ilk dəfə böyük qiymət vermiş, əsərlərinin öyrənilməsi, nəşri, təbliği, yubileylərinin keçirilməsi, adının əbədiləşdirilməsi sahəsində böyük işlər görmüşdür.

Ulu öndər Heydər Əliyevin 1972–1975–1980–ci illərdə xüsusi qərarları ilə Azərbaycan intibahının parlaq nümayəndəsi Məhsəti Gəncəvinin rübailəri təkcə Azərbaycan dilinə deyil, ingilis, italyan, alman və fransız dillərinə tərcümə edilmiş, bədii gecələri keçirilmiş, respublikanın bütün rayon və şəhərlərində adına məktəblər, mədəniyyət evləri verilmiş və1980–cı ildə şairənin doğma yurdu Gəncə şəhərində heykəli ucaldılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Məhsəti Gəncəvi irsinin təbliğinə böyük həssaslıqla yanaşmaqdadır. Cənab İlham Əliyevin təşəbbüsü ilə 2004– ildə Azərbaycanın görkəmli klassik ədiblərinin yaratdıqları möhtəşəm əsərləri ilə yanaşı, Məhsəti Gəncəvinin də rübailəri latın qrafikası ilə nəfis şəkildə yenidən nəşr edilmiş, şairənin poeziya günləri keçirilmiş, Məhsətinin adına doğma yurdu Gəncə şəhərində möhtəşəm mədəniyyət evinin inşasına başlanmış və ən nəhayət, YUNESKO–nun 29.10.2012–ci il tarixli xüsusi qərarı ilə yaradıcılığının 900 illik yubileyinin qeyd olunması bəyan edilmişdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli–mənəvi dəyərlərin qorunması istiqamətində yürütdüyü məqsədyönlü siyasətin sayəsində Azərbaycan və ümumən Şərq poeziyası tarixində mühüm rol oynamış, xalq şeri tərzinə yaxın formalı rübailər və öz fəlsəfi mahiyyəti etibarilə dərin məzmunlu şerlər müəllifi, ilk şahmatçı qadını, ilk görkəmli qadın musiqiçiilk qadın bəstəkarı dahi Azərbaycan şairəsi və mütəfəkkiri Məhsəti Gəncəvinin 900 illik yubileyinin YUNESKO tərəfindən bəyan edilməsi şairənin zəngin irsinə verilən dəyərdir.

Nizami Gəncəvinin 870 illik yubileyində yaradılmış və qısa zaman kəsiyində milli–mənəvi irsimizin qorunmasında mühüm tədbirlər həyata keçirmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Məhsəti xanımın rübailərinə çəkilmiş Metropol muzeyi, İskəndəriyyə kitabxanası, BruklinYale Universitetlərində qorunan miniatur və illustrasiyaları Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinə hədiyyə etmişdir.

Məhsəti Gəncəvinin rübailərinə çəkilmiş XİV–XV əsrlərə aid 4 nadirorijinal əlyazma isə İspaniya kraliçası, Yunanıstan və Danimarka şahzadəsi Sofiya tərəfindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə hədiyyə edilmişdir. Gəncədə əxiliklə bağlı olan bütün məsələlər bu miniatürlərdə tərənnüm olunmaqla yanaşı, tar, kaman, saz, bərbəd, qopuz, ud, rübab, cəng, cəqanə, dəf kimi milli musiqi alətləri də burada öz əksini tapmışdır.

Bunlarla yanaşı, şairənin 900 illik yubileyi münasibətilə məşhur ingilis tədqiqatçı Paul Smitsin Məhsəti Gəncəviyə həsr olunmuş 6 monoqrafiyası da ölkəyə gətirilərək tərcümə və nəşr edilmişdir.

Şübhəsiz, Məhsəti Gəncəvi yaradıcılığına olan böyük diqqət və qayğı ulu öndər Heydər Əliyevin, onun davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasətinin bəhrəsidir.

 

Samir Pişnamazzadə,

AMEA Gəncə bölməsi.

 

Respublika.-2013.-31 may.-S.7.