Yasamal rayonu: Operativ idarəetmə mərkəzi
Yerli icra hakimiyyəti orqanlarında operativ idarəetmə mərkəzlərinin yaradılmasının rayon, ümumşəhər və respublika əhəmiyyətli layihələrin, kütləvi ictimai–siyasi tədbirlərin həyata keçirilməsində, fövqəladə hallar, ekoloji, abadlıq–quruculuq və digər sahələrlə əlaqədar əməli işlərin görülməsində əhəmiyyəti olduqca böyükdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən yerli icra hakimiyyəti orqanlarının qarşısında duran başlıca vəzifələrdən biri kimi əhali ilə daha sıx təmas quraraq mövcud problemlərin vaxtında müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədi ilə digər rayonlarda olduğu kimi, Yasamal Rayon İcra Hakimiyyəti başçısı aparatında da operativ idarəetmə mərkəzi yaradıldı. Müasir informasiya texnologiyalarının tətbiqi ilə operativ idarəetmə mərkəzindən, demək olar ki, eyni vaxtda rayonun bütün ərazisini təmsil edən əhali qrupları ilə əlaqə saxlamaq mümkün oldu. Həmçinin, rayon sakinlərinin qaldırdıqları məsələlərin həllinə məsul olan idarə, müəssisə, təşkilatların və kommunal xidmətlərin rəhbərlərinə müvafiq göstərişlərin verilməsi təmin olundu. İlkin dövrdə rayon ərazisində texniki qurğularla təchiz edilmiş və operativ idarəetmə mərkəzinə qoşulmuş 5 məntəqədə: “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000–ci il 21 oktyabr tarixli 406 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012–ci il tarixli fərmanına və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012–ci il tarixli fərmanına uyğun olaraq əhali ilə daha sıx təmas qurulması məqsədi ilə yaradılmış Rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərində və Yasamal Rayon Mənzil–Kommunal Təsərrüfatı Birliyində sakinlərin qəbulu keçirildi. Bununla rayon sakinlərinin qarşılaşdıqları problemlər barədə rayon rəhbərliyinə müraciət etməsi üçün rayon icra hakimiyyəti başçısının aparatına gəlmələrinə ehtiyac qalmayacaq və vətəndaşların müraciət etmək imkanları xeyli asanlaşacaq. Bu kimi qəbulların keçiriləcəyi barədə əvvəlcədən rayon sakinlərinə kütləvi qaydada elanların verilməsi, müxtəlif vasitələrlə daha çox sakinin məlumatlandırılması və qısa zaman kəsiyində sakinləri narahat edən halların, mövcud problemlərin kompleks şəkildə həlli təmin olunacaqdır.
Rayon icra hakimiyyətindəki operativ idarəetmə mərkəzində keçirilən tədbirdə hüquq–mühafizə orqanlarının əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri, xidmət rəhbərləri və KİV nümayəndələri iştirak edirdilər.
Bu, əlamətdar hadisə ilə bağlı rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək vurğuladı ki, rayon ərazisində 4 Sahə İnzibati Ərazi Dairəsi yaradılmışdır.
Operativ idarəetmə mərkəzində növbə ilə 4 sahə İnzibati Ərazi Dairəsinə gələn və müəyyən problemlərlə üzləşən çoxsaylı vətəndaşlarla canlı əlaqə yaradıldı.
Dairələrə gələn insanlardan Sətdar Əliyev, Nizami Quliyev, Ağaməşədi Seyidov, İradə Rəhimova və başqaları operativ idarəetmə mərkəzi ilə canlı əlaqə saxlayaraq üzləşdikləri problemlərdən söhbət açdılar. Çoxları birbaşa Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə müraciət etdi. İ.Mehdiyev vətəndaşların üzləşdikləri çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün xidmət idarələrinin rəhbərlərinə konkret tapşırıqlar verdi.
Operativ idarəetmə mərkəzi ilə sahə inzibati ərazi dairələri ilə bağlantıda rayon sakinləri parklarda insanların normal istirahəti üçün lazımi şərait yaradılmasının vacibliyindən, yay mövsümü dövründə sanitariya qaydalarının qorunub saxlanılmasından, su borularındakı sızmalardan, kanalizasiya xətlərinin nasazlığından, bəzi məhəllələrə asfalt örtüyü çəkilməsindən, gecə işıqlarının qaydaya salınmasından söhbət açdılar. Əmin olduqlarını bildirdilər ki, tezliklə bu məsələlər öz müsbət həllini tapacaqdır.
Operativ idarəetmə mərkəzindən bir başa rayon mənzil–kommunal təsərrüfatı birliyi ilə də bağlantı yaradıldı. Bir çox məsələlərə MKTB–nin rəisi Akif Hacıyev aydınlıq gətirdi.
Operativ idarəetmə mərkəzində keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev yekunlaşdırdı və qeyd etdi ki, rayon sakinləri ilə belə canlı bağlantının yaradılması sakinlərin bir sıra problemlərinin həllinə kömək edəcək və bu iş mütəmadi olaraq davam etdiriləcəkdir.
Qədir ASLAN
Respublika.-2013.-31 may.-S.6.