MÜSTƏQİL AZƏRBAYCANIN SƏRHƏD MÜHAFİZƏSİNİN YARADICISI

 

Xalqımız müasir Azərbaycan dövlətinin qurucusu, bu dövlətin müstəqilliyini əbədi və dönməz edən, ölkəsini çox çətin və mürəkkəb vəziyyətlərdən qurtararaq inkişaf və tərəqqi yoluna çıxaran ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini böyük ehtiram və sevgi ilə qeyd edir, ulu öndərin əvəzsiz xidmətlərini dərin minnətdarlıq hissi ilə xatırlayır. Bu tarixi şəxsiyyətin fəaliyyəti o qədər əhatəli, o qədər çoxşaxəlidir ki, ölkəmizin ictimai, siyasi, mədəni, mənəvi həyatının bütün sahələrinə öz dərin izlərini qoymuşdur. Müasir tariximizə ötəri nəzər salmaq kifayət edir ki, ulu öndərin uzaqgörən, misilsiz xidmətləri insanın qəlbini qürur və heyrət hissləri ilə doldurmasın.

 

Ulu öndərin doğma vətənimizin müqəddəs sərhədlərinin qorunması işinin təşkilindəki rolu da misilsiz və təkrarolunmazdır. Dahi rəhbərin dövlət sərhədlərinin qorunmasına, ümumiyyətlə sərhəd anlayışına xüsusi münasibəti həmişə qabarıq hiss olunmuş, sərhədə və sərhədlərin mühafizəsinə olan münasibətini xüsusi sevgi ilə vurğulamışdır: “Sərhədçi böyük, romantik peşədir. Mən sərhədçilərin tarixini yaxşı bilirəm. Çünki özüm də keçmişdə sərhəddə çox olmuşam. Azərbaycanın sərhədlərində bəlkə də elə nöqtə yoxdur ki, mən orada olmayım. Vaxtilə, gənc yaşlarımda xidmət etmişəm, çox yerlərə piyada getmişəm, çox yerlərə at üstündə getmişəm, bizim gözəl təbiəti sərhədlərimizdə görmüşəm. Eyni zamanda sərhədlərimizlə həmişə fəxr etmişəm. Mən sərhədi yaxşı bilirəm, sərhədin nə qədər romantik yer olduğunu bilirəm, sərhədçilərin romantik insanlar olduğunu bilirəm, bu peşənin də çox romantik, cazibədar peşə olduğunu bilirəm”.

Hələ gənc yaşlarından dövlət təhlükəsizlik orqanlarında çalışan Milli Xilaskar yaxşı bilirdi ki, sərhədləri etibarlı şəkildə qorunmayan dövlətdə iqtisadi–siyasi uğurlardan, sabitlikdən danışmaq mümkün deyil. Böyük dövlətçilik və idarəçilik təcrübəsinə malik olan ulu öndər sərhədi belə qiymətləndirirdi: “Sərhəd hər bir ölkənin müstəqilliyini, suverenliyini təsdiq edən amillərdən biridir. Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr, hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi—bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır. Hər bir ölkənin sərhədinin toxunulmazlığı həm ölkə üçün, həm də beynəlxalq hüquq normaları üçün əsas prinsiplərdən biridir”.

Sərhədlərin mühafizəsi işinin təşkilini, məsuliyyətini, mürəkkəbliyini və çətinliyini dərindən bilən ümummilli lider sərhədçilərin əməyinə xüsusi dəyər verirdi: “Sərhədçi peşəsi yüksək qiymətə layiq olan bir peşədir”. Ulu öndərin bu münasibəti indi olduğu kimi, gələcəkdə də sərhədçilərin qəlbini daim fərəh hissi ilə dolduracaq, onları daha yaxşı xidmət etməyə, Vətənimizin müqəddəs sərhədlərinin toxunulmazlığının təmin edilməsi kimi məsuliyyətli vəzifələrini şərəflə yerinə yetirməyə ruhlandıracaqdır.

Ulu öndər elə bir tarixi şəxsiyyətdir ki, həmişə dar gündə öz xalqının köməyinə çatmış, qarışıq, mürəkkəb, ziddiyyətli vəziyyətlərdə hakimiyyətə gəlmiş və bütün hallarda özünü əsl milli mənafe müdafiəçisi kimi təsdiqləyərək uğurlara imza atmış, adını tariximizə qurucu, yaradıcı dövlət xadimi kimi yazmışdır. Taleyinin kəşməkəşli və sınaqlarla dolu dövrlərində dövlətinin başında qüdrətli, təcrübəli və qətiyyətli rəhbərin dayanması hər xalqa, ölkəsinin ağır vaxtında milləti fəlakət burulğanından qurtararaq xilaskar kimi tarixə düşmək isə hər rəhbərə nəsib olmur. Ulu öndərin daim milli duyğularla yaşaması, güclü milli qeyrətə və təəssübə malik olması bu gün bəşəriyyətə nümunə sayılacaq dərəcədə öyünüləsidir.

Sovet hakimiyyəti dövründə Heydər Əliyev respublikamızın rəhbəri vəzifəsinə təyin olunanda geridə qalmış aqrar ölkənin əhalisinin həyat tərzi də xeyli aşağı səviyyədə idi. Ulu öndərin gərgin əməyi, qətiyyəti və vətənpərvərliyi sayəsində Azərbaycan qısa vaxt ərzində inkişafına görə Sovet İttifaqı çərçivəsində digərlərini qabaqladı. Ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatını gücləndirərək İttifaq asılılığından xilas etdi. Heydər Əliyev hələ o illərdə Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolunu müəyyən edirdi. Tam qətiyyətlə demək olar ki, milli dövlətçiliyimizə gedən yol, əslində 1969–cu ilin 14 iyulundan başlamışdır. Daim milli maraqlara xidmət edən, xalqının gələcəyini düşünən dövlət xadiminin hələ sovet dövründə sərhəd mühafizəsinə göstərdiyi diqqət və qayğının görünməyən tərəfindəki böyük cəsarət və uzaqgörənlik bu gün təəccüb və heyranlıq doğurur.

Ulu öndərin Sovet İttifaqı dövründəki fəaliyyətində dövlət sərhədinin mühafizəsi məsələləri, sərhədçilərin yerli əhali ilə və qarşılıqlı əlaqədə olduqları sovet və partiya orqanları ilə dostluq münasibətlərinin möhkəmləndirilməsi prosesləri mühüm yer tutub. Hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsində çalışarkən ulu öndər sərhəd mühafizəsinin yerli ərazilərin inkişafı ilə bağlı şəkildə təmin olunması məsələsini uğurla həll edib. Bu məsələ ilə bağlı konkret fakta nəzər salaq: 60–cı illərin ortalarında SSRİ Sərhəd Qoşunlarının rəisi, general–polkovnik P.İ.Zıryanov dövlət sərhədinin mühafizə sistemində və təşkilati strukturunda köklü islahatlar aparmaq fikrinə düşüb. Bu məqsədlə dəstələrdə, qarnizon və şəhərciklərdə böyük tikinti işləri aparılmalı, kazarma, tədris, yaşayış, mədəni məişət, zabitlər və onların ailələri üçün binalar inşa edilməli imiş. Bu cür tikintini Naxçıvan Sərhəd Dəstəsinin qarnizonunda da aparmaq lazım imiş. Azərbaycan SSR DTK SQBİ (Sərhəd Qoşunları Baş İdarəsi) belə bir təkliflə çıxış edib ki, Naxçıvan şəhərindəki mövcud qarnizon tam şəkildə respublikaya verilsin, əvəzində isə yeni qarnizonun tikilməsi üçün lazımi torpaq sahəsi ayrılsın və müəyyən qədər tikinti materialları ilə köməklik göstərilsin. Bu variantı öyrənmək məqsədilə bir–birinin ardınca SSRİ DTK Azərbaycana 3 dəfə komissiya göndərib. Həmin komissiyalar bu qənaətə gəliblər ki, yeni bir qarnizon tikməyə ehtiyac yoxdur. Mövcud qarnizondakı binaların 20–25 faizini sökmək və yeni binalar tikməklə xeyli maliyyə vəsaitinə qənaət etmək olar. Belə bir variantla müasir tələblərə cavab verən yeni qarnizon yaradıla bilməzdi. Çünki inzibati, kazarma, tədris, təsərrüfat, yaşayış binalarını planlı və ayrı–ayrı yerləşdirmək mümkün olmayacaqdı. 4 aylıq mübahisənin sonunda Heydər Əliyev işə qarışıb və DTK sədri kimi öz fikrini aydın dəlillərlə əsaslandırıb. Yalnız bundan sonra Naxçıvanda tamamilə yeni qarnizonun tikilməsi mümkün olub və bu gün Naxçıvan Sərhəd Dəstəsinin yerləşdiyi qarnizon kompleksi tikilib. Köhnə şəhərcik isə Azərbaycana verilib və orada Naxçıvan Pedaqoji İnstitutu yerləşdirilib. Həmin institutda minlərlə gənc ali təhsil alaraq mütəxəssis kimi yetişib. İndiki Naxçıvan Dövlət Universitetinin müasir kompleksi həmin baza əsasında yaradılıb.

Ulu öndər 1996–cı il oktyabr ayının 30–da Naxçıvan Sərhəd Dəstəsinin əsgər və zabitləri ilə görüşü zamanı söylədiyi nitqdə o illəri xatırlayaraq belə deyirdi: “Mən bu sərhəd dəstəsini yaxşı tanıyıram. Gənc ikən, Naxçıvanda oxuyarkən sərhədçilərə çox maraq göstərər və bəzən bu sərhəd dəstəsinin ayrı–ayrı hissələrinə gedərdim. Sonra Azərbaycanın rəhbəri işləyərkən respublikanın sərhədlərində olanda mütləq sərhəd dəstələrinə baş çəkərdim. Naxçıvan Sərhəd Dəstəsində də dəfələrlə olmuşdum. Sərhəd dəstəsinin, onun qərargahının məhz burada yerləşməsi və bu binaların tikilməsi, böyük bir şəhərciyin yaranması da o vaxt mənim bilavasitə iştirakıyla olmuşdur. Hətta bu şəhərciyi yaratmaq üçün Azərbaycan Respublikasının büdcəsindən böyük vəsait ayırmışdıq və bu binaların, kompleksin yaranmasına nəinki kömək etmişdik, demək olar onu özümüz yaratmışdıq”.

Ulu öndərin o zamanlar gördüyü işlərə nəzər yetirərkən böyük cəsarətin də şahidi oluruq.”Soyuq müharibə”nin qızğın dövründə, kapitalist ölkələri ilə hər hansı ünsiyyətin ciddi şəkildə qadağan edildiyi zamanda Azərbaycan sərhədlərində tamamilə fərqli işlər görülürdü. Həmsərhəd kapitalist ölkəsi olan İranla nəinki ünsiyyət yaradılmışdı, hətta sərhəd çayı olan Arazın üzərində iki su elektrik stansiyası, Horadizdə bir su anbarı tikilmişdi. Həmin tikintilər yerli əhalinin güzəranının yaxşılaşmasında, ölkəmizin iqtisadiyyatında nəinki o zaman mühüm rol oynadı, indinin özündə də böyük əhəmiyyət daşımaqdadır.

Heydər Əliyev ötən əsrin 70–ci illərində sərhəd dəstələrinə mütəmadi səfərlər etmiş, sərhədçilərin problemləri ilə yaxından maraqlanmışdır. Onun göstərişi ilə partiya–sovet, hüquq–mühafizə orqanlarının və Sərhəd Qoşunlarının rəhbərliyinin zona müşavirələrinin keçirilməsi və sərhədçilərin problemlərinin ən yüksək səviyyədə həll edilməsi təşkil olunmuşdur. Sərhəd Qoşunlarının Moskvadan maliyyələşdirilməsinə baxmayaraq respublika büdcəsi hesabına Göytəpə, Lənkəran sərhəd dəstələrinin ərazisinin abadlaşdırılması, yaşayış evlərinin tikilməsi, maddi–texniki bazanın möhkəmləndirilməsi həyata keçirilmişdir. 70–ci illərin əvvəllərində Göytəpə Sərhəd Dəstəsində yeni binalar, Lənkəran Sərhəd Dəstəsinin “Qobustan” sərhəd zastavası, cənub sərhəd xətti boyu zastavalar, sərhəd komissarlarının görüş evləri, sərhəd gözətçi gəmilər dəstəsinə yeni tədris korpusları, Sərhəd Qoşunlarının hərbi hospitalı, əsasən respublika büdcəsi hesabına tikilmişdir.

Ötən əsrin 70–ci illərində keçmiş SSRİ–nin heç bir müttəfiq respublikasında Azərbaycanda olduğu qədər (Sədərəkdən Bakıya qədər olan sərhəd xəttində) respublika vəsaiti hesabına çoxsaylı hərbi obyektlər tikilməyib. Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə sərhədçilər üçün Sədərəkdə böyük bir şəhərcik, Göytəpə qəsəbəsində 50 mənzilli yaşayış binası, Lənkəran şəhərində 2 ədəd 70 mənzilli bina tikilib istifadəyə verilmiş, Mərdəkanda rabitəçi sərhədçilər üçün böyük bir şəhərcik tikilmişdi.

SSRİ dövründə milli sərhədçi kadrların hazırlanması və irəli çəkilməsi işlərində Heydər Əliyevin böyük rolu olub. Həmin dövrdə sərhəd mühafizəsində azərbaycanlıların sayının az olması uzaqgörən dövlət xadiminin diqqətindən kənarda qalmayıb. Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi işlədiyi dövrdə də, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda da azərbaycanlı kadrların yetişdirilməsi prosesini ciddi nəzarətdə saxlayıb. Sovet hakimiyyətinin 50 illiyi ərəfəsində Azərbaycanda yerləşən Sərhəd Qoşunlarının hissələrində cəmi bir nəfər azərbaycanlı baş zabit olduğu halda, Heydər Əliyevin xüsusi diqqəti nəticəsində Sovet hakimiyyətinin 60 illiyi ərəfəsində sərhəd mühafizəsində onlarca azərbaycanlı zabit zastava rəisi, sərhəd komendantı, hərbi hissə komandiri, əlahiddə sərhəd–buraxılış məntəqəsinin rəisi vəzifələrində xidmət edirdi. Sərhəd mühafizəsində o zaman bir deyil, 10–a yaxın polkovnik rütbəli zabit var idi.

Milli Silahlı Qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının peşəkar zabit heyəti ilə komplektləşdirilməsinə yönəlmiş müstəsna əhəmiyyətli addımlardan biri də 1971–ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması olub. Azərbaycanlıların hərbi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədi ilə təsis edilmiş, yaradıldığı gündən minlərlə hərbçi hazırlamış, SSRİ dövründə İttifaqın hər yerində qeyri–rəsmi olaraq “Heydər Əliyev məktəbi” adlandırılan bu təhsil ocağının milli ordu quruculuğu sahəsində danılmaz xidmətləri var. Bütün bunlar açıq şəkildə göstərir ki, Heydər Əliyev hələ o vaxt xalqımızın müstəqilliyini düşünmüş, ona göstərilən təzyiqlərə baxmayaraq, bu hərbi məktəbin özülünü qoymaqla tarixdə ilk dəfə azərbaycanlıların öz vətənində hərbi təhsil alması üçün şərait yaratmışdır.

Müstəqilliyimizin bərpasından sonra böyük bəlalara düçar edilən xalqımızın xoşbəxtliyi onda oldu ki, dahi siyasi xadim, qeyri–adi zəka, qətiyyət və iradə sahibi olan Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı. Ölkədə formalaşmağa başlayan yeni siyasi kurs həyata keçirildikcə vətəndaş müharibəsi və ölkəmizin parçalanması təhlükəsi aradan qaldırıldı. Ulu öndər dövlətin mövcudluğunu təhdid edən bütün təhlükələri bacarıqla dəf etdi və Azərbaycanı bir dövlət olaraq yenidən qurmağa başladı.

Sovet dövründə Azərbaycanın müstəqilliyinə hesablanmış çoxsaylı strateji tədbirlər həyata keçirən ulu öndər müstəqil Azərbaycan dövlətinin qurulması işinə hələ Naxçıvanda ikən başlamış və bir sıra uğurlu addımlar atmışdı. Təcrübəli dövlət xadimi, Naxçıvan Ali Məclisinin sədri seçildikdən cəmi üç gün sonra, 1991–ci il sentyabr ayının 6–da Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması barədə qərar verdi. Bu qərarla uzaqgörən sərkərdə Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə tabe olan milli ordusunun əsasını qoydu. Ulu öndərin rəhbərliyi ilə Milli Müdafiə Komitəsinin statusu, strukturu, təşkili haqqında qanunvericilik bazası yaradıldı, fəaliyyət istiqamətləri müəyyənləşdirildi və Naxçıvandakı sovet hərbi hissələrinin milliləşdirilməsi prosesinə başlanıldı.

Zaqafqaziyada sərhədlərin qorunması işinə incəliklərinə qədər bələd olan görkəmli dövlət xadimi bilirdi ki, Sədərək və Ordubad rayonları ərazisində ermənilərlə həmsərhəd olan sərhəd məntəqələri Naxçıvandakı 41–ci sərhəd dəstəsinə deyil, Ermənistan ərazisində fəaliyyət göstərən müxtəlif sərhəd dəstələrinə tabedir. Sovetlər dönəmində Naxçıvan ərazisindəki sərhəd zastavaları düşünülmüş şəkildə bu cür parçalanmışdı. O zaman Şərurdan Ermənistana gedərkən nəzarət məntəqəsi sərhəd xəttinə yaxın yerdə deyil, xeyli aralıda yaradılmışdı. Sədərək nəzarət məntəqəsi Vəlidağla Dəhnə dağının birləşdiyi yerdə, “Qurd Qapısı” deyilən ərazidə təşkil olunmuşdu və Sədərək qəsəbəsi nəzarət–buraxılış məntəqəsindən o tərəfdə qalmışdı. Ordubad rayonu ərazisində isə vəziyyət daha anlaşılmaz idi. Bu rayonun ərazisindəki bütün sərhəd zastavaları Ermənistan ərazisində süni şəkildə yaradılan Mehri Sərhəd Dəstəsinə tabe edilmişdi. Belə bir vəziyyət müstəqilliyimizin ilk illərində ermənilərin ekstremist və işğalçı hərəkətlərinə rəvac verir, sərhədçilərlə yerli hakimiyyət orqanları arasında ciddi problemlər yaradır, yerli əhalini narazı salırdı. Ulu öndər bu vəziyyəti aradan qaldırmaq üçün Sərhəd Qoşunları Zaqafqaziya Dairəsinin və 41–ci sərhəd dəstəsinin rəhbərliyindən tələb etdi ki, muxtar respublikanın ərazisindəki sərhəd məntəqələrinin hamısı bir dəstədə cəmlənsin və 41–ci sərhəd dəstəsinə tabe edilsin. Bu məsələ 3 gün ərzində (30 oktyabr 1991–ci il) həll edildi.

Naxçıvan Sərhəd Dəstəsinin əmlakının, silah–sursatının tamamilə milli sərhədçilərimizə təhvil verilməsi işi də uzaqgörən sərkərdənin qətiyyəti sayəsində ölkəmizin milli maraqlarına uyğun şəkildə həll olundu. 1992–ci il avqust ayının 22–də 41–ci sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçdi və sərhəd dəstəsində müstəqil Azərbaycanın milli bayrağı dalğalandı. Beləliklə, ölkəmizdə müəyyən xidməti ərazidə sərhədlərimizi tam mühafizə altına götürən ilk milli sərhəd dəstəsi yaradıldı. Təxminən bir ay sonra, sentyabrın 29–da Naxçıvan Sərhəd Dəstəsində mitinq keçirildi, Sovet zabitləri ilə təhvil–təslim prosesinin rəsmi imzalanma mərasimi oldu. Hərbi hissənin texnikası və hərbi əmlakı heç bir şərt qoyulmadan xalqımızın ixtiyarına verildi və sovet sərhədçiləri Naxçıvandan yola salındı. Bir neçə gün sonra, oktyabr ayının 18–də Naxçıvan Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Bu, Azərbaycan Respublikasının milli sərhədçilərinin ilk andiçmə mərasimi idi. Andiçmə mərasimində iştirak edən ulu öndər sərhədçiləri təbrik edərək bu sözləri dedi: “Siz müstəqil Azərbaycanın sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən sərhəd qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək andı içdiniz. Bu and müqəddəs anddır. Azərbaycan xalqının son 70 ildə xidmətə gedən oğulları daim Sovet Ordusuna, Sovet dövlətinə sədaqətlə xidmət edəcəklərinə and içərdilər. Bu o dövrün xarakterik cəhəti idi. İndi isə bizim üçün ən şərəfli, ən xoşbəxt an ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət olub, Azərbaycan xalqı öz milli azadlığına nail olub və indi müstəqil dövlətin atributlarını yaratmaqla məşğuldur. Bu baxımdan ən mühüm sahə olan Sərhəd Qoşunlarının yaradılması prosesi gedir…

Biz bu gün çox böyük məmnuniyyət hissi ilə müstəqil Azərbaycan dövlətində Sərhəd Qoşunlarının yaranmasını məhz buradan, Naxçıvandan, Azərbaycanın bu qədim diyarından başlandığını qeyd edirik…”

1993–cü ilin iyununda Azərbaycanda yenidən hakimiyyətə gələn dahi öndərin müdrikliyi sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi dövlət sərhədinin mühafizəsində də yeni mərhələ başlandı. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal–qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi–texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. XX əsrin 60–cı illərinin 2–ci yarısından etibarən həyata keçirilən kadr siyasəti sayəsində SSRİ sərhəd qoşunlarında məsul vəzifələrə yüksəlmiş milli sərhədçi kadrlar xidmətə cəlb edildi və peşəkar sərhədçilərin təcrübəsindən geniş istifadə olunmağa başlanıldı.

Milli sərhəd mühafizəsinin formalaşdığı 1993–2002–ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olundu. Sərhəd mühafizəsinin maddi–texniki bazasının möhkəmləndirilməsi, maliyyə–təsərrüfat fəaliyyətinin nizamlanması, yeni yaradılmış sərhəd dəstələrində və sərhəd zastavalarında müasir tələblərə uyğun xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi prosesləri uğurla davam etdirildi. İqtisadi çətinliklərə baxmayaraq sərhəd mühafizəsinin nəqliyyat vasitələri, eləcə də rabitə avadanlıqları və xüsusi texniki vasitələrlə təminatı yaxşılaşdırıldı. Sərhəddə mühəndis–texniki qurğuların bərpası, qaçaqmalçılıqla mübarizə, şəxsi heyətin döyüş və mənəvi–psixoloci hazırlığının yüksəldilməsi ilə yanaşı şimal və şimal–qərb sərhədlərimizin mühafizəsinin təşkili istiqamətində də mühüm tədbirlər həyata keçirildi. Azərbaycan–Rusiya sərhədində Xudat Sərhəd Dəstəsi və Şəki Əlahiddə Sərhəd Komendantlığı, Azərbaycan–Gürcüstan sərhədində Zaqatala və Şəmkir sərhəd dəstələri yaradıldı, sərhəd mühafizəsinin formalaşması prosesi yeni vüsət almağa başladı.

Bu proseslər asanlıqla getmirdi. İxtisaslı kadrların çatışmaması qarşıya çıxan əsas problemlərdən biri idi. Keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında xidmət edən azərbaycanlı zabitlərin başqa millətlərlə müqayisədə azlıq təşkil etməsi yeni yaradılmış sərhəd mühafizəsinin sərhədçi zabitlərlə komplektləşdirilməsində çox böyük problemə çevrilmişdi. Bu işdə Cəmşid Naxçıvanski adına hərbi internat məktəbinin yetirmələri köməyə çatdı. Bunlarla bərabər, SSRİ Sərhəd Qoşunlarında xidmət edən azərbaycanlı zabit və gizirlərin, demək olar ki, hamısı könüllü olaraq Azərbaycan sərhəd mühafizəsində xidmətə daxil oldular. Lakin bu, mövcud tələbatı tam ödəmirdi. Odur ki, ehtiyatda olan zabitlər, eləcə də digər hərbi mükəlləfiyyətli vətəndaşlar könüllü olaraq xidmət etmək üçün sərhəd mühafizəsində həqiqi hərbi xidmətə qəbul edildilər.

Ulu öndər Heydər Əliyevin 1993–cü ilin noyabr ayının 2–də radio və televiziya ilə xalqa tarixi müraciəti sərhəd mühafizəsinin də möhkəmlənməsi yolunda dövlət proqramına çevrildi. Xalqın vətənpərvər oğulları müstəqil respublikamızın sərhədlərini qorumaq üçün müraciət etdilər. Əlbəttə, ilk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmaması müəyyən çətinliklər törədirdi. Lakin mülki həyatdan gəlmiş zabit və gizirlər qısa müddət ərzində sərhədçi peşəsinə yiyələnə bildilər. Tədricən qoşunların kadr potensialı yaranmağa başladı. Vicdanıyla, namusuyla, nümunəvi xidməti ilə fərqlənən zabit, gizir və əsgərlərin sayı artdı.

Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində 1992–ci ildən sərhədçi zabitlərin hazırlanmasına başlanıldı və Sərhəd Qoşunları həmin məktəbin məzunları ilə komplektləşdirildi. Məktəbin tədris prosesində sərhəd mühafizəsinin spesifik xüsusiyyətlərinin tam nəzərə alınmaması, sərhədçi zabitlərin peşə və mənəvi–psixoloji hazırlıqlarının lazımi səviyyədə olmaması, son nəticədə dövlət sərhədinin etibarlı mühafizə edilməsi işinə mənfi təsir göstərirdi. Bunları nəzərə alaraq 1998–ci il dekabr ayının 1–də ulu öndər Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman verdi. Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məsələsi də unudulmadı. Bu məqsədlə sərhəd mühafizəsinin tərkibində 1994–cü il avqust ayının 12–də Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kursları yaradıldı.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkil edilməsi istiqamətində vəzifələr yerinə yetirilərkən gözətçi gəmilər briqadasının döyüş hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirildi. Ulu öndərin diqqət və qayğısı sayəsində yüksək üzmə qabiliyyətinə malik 3 gəmi sərhədçilərin ixtiyarına verilmişdi. Briqadanın xidməti–döyüş fəaliyyətinin yüksəldilməsi məqsədilə müvafiq tədbirlər hazırlanmış, Lənkəran rayonunun Nərimanabad və Xaçmaz rayonunun Niyazoba qəsəbələrində gəmilər üçün sahil məntəqələrinin yaradılması işlərinə başlanılmışdı. Sərhəd gözətçi gəmiləri müasir tipli naviqasiya cihazları ilə, radiostansiyalarla, kiçik müasir qayıqlarla, digər avadanlıqlarla təmin edilmişdir.

2002–ci il iyul ayının 31–də ulu öndərin fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi Azərbaycan sərhədçilərinin fəaliyyətini keyfiyyətcə yeni mərhələyə qaldırdı. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı.

Dövlət Sərhəd Xidmətinin yaradılması çoxsaylı səbəblər üzündən zərurətə çevrilmişdi və ulu öndər bu səbəbləri zərgər dəqiqliyi ilə ölçüb–biçmişdi. Belə ki, Azərbaycanın sərhədləri yaxınlığında gedən mürəkkəb və ziddiyyətli proseslər milli təhlükəsizliyimiz üçün ciddi təhdidlərə çevrilmişdi və Əfqanıstanda, İraqda, Gürcüstanda, Dağıstanda ciddi gərginlik ocaqlarının mövcudluğu, rəqib xüsusi xidmət orqanlarının bu vəziyyətdən istifadə etmək cəhdləri ilə xarakterizə olunan əməliyyat şəraiti ölkəmizin sərhədlərinin daha mükəmməl şəkildə qorunmasını tələb edirdi. Digər tərəfdən İpək yolu və Şimal–Cənub kimi transkontinental nəqliyyat dəhlizlərinin, Şərqdən Qərbə doğru narkotrafik və qanunsuz miqrasiya kanallarının fəaliyyəti üçün ən əlverişli yolların ölkəmizin ərazisindən keçməsi müxtəlif transmilli kriminal təşkilatları mövcud şəraitdən öz məqsədləri üçün istifadə etməyə şirnikləndirirdi. Ölkəmizin sərhədlərinin mühafizəsinin gücləndirilməsini vacib edən səbəblər sırasında ABŞ–da 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasına üzv olmağımızı, Xəzər dənizində karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi zərurətinin mövcudluğunu, dövlətin gündən–günə artan iqtisadi qüdrətinin mühafizəsi və daxili bazarın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qaçaqmalçılığa qarşı qətiyyətli mübarizə aparılmasının mühüm əhəmiyyət kəsb etməsini, ölkə sərhədlərinin tam mühafizə altına alınması məqsədilə zəruri maddi–texniki bazanın yaradılmasını xüsusi qeyd etmək olar.

2002–ci il dekabr ayının 12–də Dövlət Sərhəd Xidməti haqqında Əsasnamənin, Dövlət Sərhəd Xidmətinin strukturunun, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi, eləcə də Dövlət Sərhəd Xidmətinə 2003–cü il üçün büdcə ayırmalarının 44 faiz artırılması, Səngəçal aerodromunun Dövlət Sərhəd Xidmətinə verilməsi sayəsində qoşunların aviadəstəsinin formalaşdırılmasına başlanılması dövlət sərhədlərinin mühafizəsinə ulu öndərin xüsusi qayğısının təcəssümü olmuşdur.

Ümummilli liderin qərarı ilə Dövlət Sərhəd Xidmətinin balansına verilmiş təyyarə və vertolyotlar əsaslı təmir edilərək xidmətə cəlb olundu, sərhədin havadan mühafizəsinin təşkili, dövlət sərhədində baş verən hadisələrə çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılması üçün sərhəd aviasiyasının istifadəsinə başlanıldı.

Heydər Əliyevin Azərbaycan sərhədçiləri ilə görüşləri sərhəd mühafizəsinin inkişafı üçün xüsusilə əhəmiyyətli olmuşdur. Onun 1996–cı ilin oktyabr ayının 30–da Naxçıvan Sərhəd Dəstəsinin əsgər və zabitləri ilə görüşdə, 1996–cı il dekabr ayının 17–də, 2001–ci il avqust ayının 16–da, 2002–ci il mart ayının 6–da sərhədçilərlə görüşlərdə söylədiyi nitqlər, sərhəd mühafizəsinin maddi–texniki bazasının möhkəmləndirilməsi üçün verdiyi göstərişlər ölkəmizin sərhədlərinin mühafizəsi işinin təşkilində mühüm əhəmiyyət kəsb etdi. 2001–ci ildə Sərhəd Qoşunlarının xidməti hesabatını qəbul edərkən ulu öndər qarşıya beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dənizdə neft–qaz hasilatı infrastrukturunun mühafizəsi kimi mühüm vəzifələr qoydu. Sərhədçilər birmənalı şəkildə Heydər Əliyevə, dövlətçiliyə, xalqa sədaqət nümayiş etdirdilər. Təsadüfi deyil ki, Sərhəd Qoşunlarının 82–ci ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində ulu öndər deyir: “Mən bu gün böyük məmnuniyyət hissi ilə bəyan edirəm ki, artıq bizim formalaşmış Sərhəd Qoşunlarımız var…”

Ümummilli liderin 2003–cü il fevral ayının 6–da Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və Sərhəd dəstələrinin rəisləri ilə görüşündə dediyi: “—Bir də qeyd edirəm ki, bu görüş mənim üçün əhəmiyyətlidir, amma sizin üçün daha çox əhəmiyyətli olmalıdır. Özüm üçün ona görə əhəmiyyətli hesab edirəm ki, mən fikirlərimi bilavasitə sizə çatdırdım. Tələblərimi sizin qarşınızda qoydum. Sizin üçün də bu əhəmiyyətlidir. Ona görə ki, bu, sizin üçün ilk görüşdür və güman edirəm, burada çox işgüzar söhbət getdi…Hər biriniz Ali Baş Komandanın göstərişlərini aldınız. Əgər bundan səmərəli istifadə edə bilsəniz, bu, 2003–cü ildə sizin qarşınızda duran vəzifələrin yerinə yetirilməsini təmin edəcəkdir”, —istiqamətverici fikirlər sərhədçilərin yaddaşında əbədi həkk olunub. Dövlət Sərhəd Xidmətinin tarixinə çox mühüm hadisə kimi yazılmış bu görüşlər gələcək uğurların ilkin zəmini olmuş, sərhəd mühafizəsinin gələcək inkişafının istiqamətlərini müəyyənləşdirmişdir.

Böyük dövlət xadimi sərhədçilərlə keçirdiyi görüşlərində sərhədçilərin qarşısında konkret vəzifələr qoymaqla, müqabil dövlətlərlə sərhədlərimizin delimitasiyası, dost həmsərhəd ölkələrlə, eləcə də dünyanın digər ölkələrinin sərhəd mühafizəsi qurumları ilə münasibətlərin qurulması, sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü mühüm işlərlə Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi konsepsiyasını yaratdı, milli sərhəd siyasətimizi formalaşdırdı. Bu konsepsiyada, bu siyasətdə hətta gələcək onilliklər, yüzilliklər dəqiqliklə hesablanmışdır. Ulu öndər nitqlərindən birində sərhəddə dövlətin mühüm atributu və həyati əhəmiyyətə malik amili kimi qiymət verərək deyirdi: “Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaqdır. Nə qədər yaşayacaqsa, o qədər də onun sərhədləri olacaq və o qədər də o sərhədləri qorumaq lazım olacaqdır. Şübhəsiz, dünyada elə bir əmin–amanlıq dövrü gələcək ki, bəlkə də sərhədləri qorumaq lazım olmayacaqdır. İnsanlar elə bir səviyyəyə gəlib çatajaqlar, dövlətlərarası münasibətlər elə bir yüksək, sivilizasiyalı səviyyəyə gəlib çatacaqdır ki, bəlkə bunlara ehtiyac olmayacaqdır. Ancaq o səviyyəyə çatmaq üçün də nizam–intizamı möhkəmləndirmək, sərhədlərimizi hər yerdə həkk etmək, nümayiş etdirmək, tanıtmaq, qorumaq lazımdır”.

Bu gün Vətən sərhədlərinin etibarlı qorunması istiqamətində qazanılan uğurlar açıq şəkildə göstərir ki, ulu öndər dövlətimizin sərhədlərinin mühafizəsi perspektivlərini böyük uzaqgörənliklə müəyyənləşdirmişdir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində söylədiyi kimi, bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülüb. Bu gün Sərhəd Qoşunları çox güclü və çevik hərbi birləşmədir. Sərhəd Xidmətinin qarşısında qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir ki, Sərhəd Qoşunlarının döyüş qabiliyyəti artırılsın. Bu məqsədlər üçün silah–sursat, texnikanın alınması prosesi davam edir və Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır.

 

 

Məhəmməd ABBASQULİYEV,

Dövlət Sərhəd Xidməti rəisinin

müavini, general-mayor

 

Respublika.- 2013.- 1 may.- S. 3.