Heydər Əliyevin
uğurlu aqrar siyasəti
14 iyul 1969–cu ildən etibarən Azərbaycanın ictimai–siyasi, sosial–iqtisadi və digər sahələrdə əldə etdiyi bütün nailiyyətlər birmənalı olaraq ulu öndər Heydər Əliyevin adı, onun uzaqgörən siyasəti və uzun illik yorulmaz mübarizə yolu ilə bağlıdır. O, hakimiyyətə yeni gələrkən Azərbaycan iqtisadi cəhətdən son dərəcə ağır bir vəziyyətə düşmüş respublikaya çevrilmişdi, xüsusilə kənddə, aqrar sektorda vəziyyət daha dözülməz idi. Bütün sahələr üzrə məhsuldarlıq çox aşağı səviyyəyə düşmüşdü, kolxozçu öz əməyinin bəhrəsini görə bilmirdi, yaşayış səviyyəsi acınacaqlı idi.
Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra çox qısa bir vaxtda respublikanın kənd təsərrüfatında böyük dirçəliş, güclü irəliləyiş əmələ gəldi. Yüksək nizam–intizam, ciddi təşkilatçılıq işi qısa bir vaxtda Azərbaycanın bütün kənd təsərrüfatı rayonlarında canlanma əmələ gətirdi. Kənddə həyat qaynamağa başladı. Kəndin texniki tərəqqisi, elmi nailiyyətlərin istehsalata tətbiqi, fədakar əməyin yüksək qiymətləndirilməsi, peşəkar və işbilən mütəxəssislərin irəli çəkilməsi, seleksiya, aqrokimya, müasir suvarma, torpağa sistemli şəkildə qulluq göstərilməsi və s. məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan qısa bir vaxtda o vaxtkı SSRİ–nin ən qabaqcıl respublikalarından birinə çevrildi.
Əhalisinin təxminən 50 faizi kənd rayonlarında məskunlaşmış respublikamızın kənd təsərrüfatında iki istiqamətə — əkinçiliyə və heyvandarlığa, o cümlədən əkinçilikdə pambıqçılığa və üzümçülüyə xüsusi diqqət göstərildi. Əgər 1970–ci ildə respublika üzrə cəmi 710 min ton taxıl, 327 min ton pambıq, 232 min ton üzüm istehsal olunurdusa, 1982–ci ildə bu rəqəmlər müvafiq olaraq 1240 min ton, 830 min ton və 1.480 min ton oldu. Eləcə də heyvandarlıq məhsulları üzrə 1970–ci ildə ət (kəsilmiş çəkidə) 86 min ton, süd 466 min ton təşkil edirdisə, bu rəqəmlər 1982–ci ildə müvafiq olaraq 157 min ton və 897 min ton oldu. Analoji olaraq digər kənd təsərrüfatı məhsullarında da əsaslı dərəcədə artım oldu.
Azərbaycan kəndi məhz Heydər Əliyevin uzaqgörən, cəsarətli, düşünülmüş, elmi–iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin nəticəsində canlandı, dirçəldi, varlandı, tərəqqi etdi, yenidən quruldu.
Dağ rayonlarının inkişafına xüsusi fikir verildi, hökumət bu sahəyə aid bir neçə dəfə qərar qəbul etdi, kartofçuluğa, heyvandarlığa və quşçuluğa xüsusi olaraq diqqət artırıldı. Daha məhsuldar sortlar və mütərəqqi texnologiyaların tətbiqinə, texnikanın daha səmərəli istifadəsinə diqqət əsaslı dərəcədə gücləndirildi.
Təəssüf ki, Heydər Əliyevin respublikaya 1969–1982–ci illərdəki rəhbərliyi dövründə əldə edilmiş tarixi nailiyyətlər ondan sonrakı rəhbərlər tərəfindən inkişaf etdirilmədi, əksinə bir çox sahələrdə geriləmə və tənəzzül başladı. Sonralar hər şey dəyişdi, SSRİ kimi fövqəl dövlətin süqutu başladı. Siyasi Büroda öz zəkası, qabiliyyəti və nüfuzu ilə seçilən Heydər Əliyev M.Qarbaçovun hakimiyyətə gəlişi ilə 1987–ci ilin noyabrında bütün vəzifələrindən istefa verdi. Həmin gündən Azərbaycan siyasi rəhbərliyinin iradəsizliyini və zəifliyini hiss edən M.Qorbaçovun əlaltıları–ermənilər respublikamıza qarşı yenidən məkirli, düşmənçilik hərəkətinə başlayaraq Dağlıq Qarabağı Ermənistana birləşdirmək, Azərbaycanı parçalamaq, dağıtmaq xülyasına düşdülər.
1988–ci ilin 12 fevralından başlayan bu qara günlər 1993–cü ilin 15 iyununa kimi davam etdi. Hər şey dağıdıldı, viran edildi, ölkə hərc–mərclik, zorakılıq, torpaqlarımızın dalbadal işğalı, qaçqınlar ordusu və s. günbəgün artdı. Bu zaman Azərbaycan xalqı, ziyalısı ayağa qalxdı, qara günə, qara fikirli “rəhbərlərə”, “özünəbəylərə” yox dedi, millətin xilaskarını, sədaqətli oğlunu yenidən respublika rəhbərliyinə, müstəqil Azərbaycana rəhbərlik etməyə, ölkəni təzədən qurmağa, təzədən dirçəltməyə dəvət etdi. Məhz həmin tarixdən hakimiyyət uğrunda gedən didişmələrə, intriqalara, hərc–mərcliyə son qoyuldu. Müstəqil Azərbaycanın dövlətçiliyinin sağlam təməl üzərində quruculuğuna başlandı.
Başqa sahələrlə yanaşı, Heydər Əliyev özünə həmişə doğma bildiyi aqrar sektora da xüsusi diqqət yetirdi. Özünün qeyd etdiyi kimi: “Azərbaycanın aqrar bölməsində, ümumiyyətlə, iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu dövlət siyasətimizin əsas prinsipləridir”.
Ölkəmiz müstəqillik qazandıqdan sonra keçid dövrü üçün xarakterik olan aqrar bölmədə baş vermiş tənəzzül, kənd təsərrüfatı məhsulları istehsalının illik həcminin xeyli aşağı düşməsi, aqrar sferada bazar münasibətlərinin formalaşması və inkişafına istiqamətlənmiş köklü iqtisadi islahatların həyata keçirilməsini tələb edirdi.
Ulu öndər hələ Naxçıvanda olarkən bunu aydın görmüş, kənd təsərrüfatında ciddi islahatların aparılmasının labüd olduğunu qeyd edərək, ilk cəsarətli addımlarını atmışdı. Kolxoz və sovxozların tabeliyində olanlar xalqa, onun əsl yiyəsinə paylanmışdır.
Xalqın tələbi, arzusu və iradəsi ilə yenidən Azərbaycana hakimiyyətə gəldiyi 1993–cü ilin ikinci yarısından başlayaraq aqrar sahədə görüləsi vacib işləri tənzimləmək məqsədilə 70–ə qədər hüquqi–normativ akt, qanun, fərman, sərəncam, qayda və əsasnamə hazırlanaraq ciddi icrasına başlanıldı.
Kənd təsərrüfatını böhrandan çıxarmağın əsas yolunu aqrar elminin nailiyyətlərindən istifadə etməkdə görən Heydər Əliyev yüksək məhsuldarlığa malik, xəstəliklərə davamlı yeni toxum sortlarının yaradılması və toxumçuluq təsərrüfatlarının inkişaf etdirilməsi, mal–qaranın cinsinin yaxşılaşdırılması və yeni cins mal–qara yetişdirilməsi, taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, meyvəçilik sahələrində mütərəqqi texnologiyaların işlənib hazırlanması ilə əlaqədar respublikanın aqrar elmi qarşısında mühüm vəzifələr qoydu.
Aqrar islahatların aparılmasında dünya təcrübəsinə əsaslanmaq məqsədilə 1994–cü ildə Çinin, İsrailin, Rusiya Federasiyasının, Qazaxıstan Respublikasının aqrar sahə üzrə alimləri və mütəxəssislərinin iştirakı ilə Milli Məclisdə “Aqrar islahatların aparılması təcrübəsinə” dair beynəlxalq konfrans keçirilmişdir. Daha sonra Heydər Əliyevin iştirakı ilə bir sıra iclaslar və toplantılar keçirilərək ölkədə iqtisadi islahatların aparılmasının prinsipləri, formaları və mərhələləri müəyyən olunmuşdur.
Beləliklə, fevral 1995–ci ildə “Aqrar islahatın əsasları” və “Sovxoz və kolxozların islahatı haqqında” qanunlar qəbul edildikdən sonra həmin ilin martında dövlət başçısının fərmanı ilə Dövlət Aqrar İslahatı Komissiyası yaradılmışdır.
1996–cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu kənddə azad sahibkarlığın yaranmasının əsasını təşkil etdi və nəhayət ölkədə aqrar islahatın ardıcıl, kompleks və sistemli aparılmasını təmin etmək üçün aqrar islahatın proqramı hazırlandı.
İlkin olaraq respublikamızın Zaqatala və Xızı rayonlarında nümunə üçün islahatlar aparılmış, sonra isə əldə edilən təcrübələr digər bölgələrə yayılmışdır. Araşdırmalar göstərmişdir ki, kənd təsərrüfatında bazar münasibətlərinin yaradılması respublika şəraitində, hər şeydən əvvəl, mülkiyyət formasının dəyişdirilməsini tələb edir. Eyni zamanda yeni mülkiyyət münasibətlərinə və sahibkarlıq fəaliyyətinə şərait yaradılmadan bazar münasibətlərini inkişaf etdirmək də mümkün deyildi.
1995–ci ildən etibarən iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, kənddə aqrar islahatların həyata keçirilməsi, xüsusilə, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal–qaranın və əmlakın paylanması, məhsulun qiymətlərinin sərbəstləşdirilməsi, ərzaq və yeyinti məhsulları emal edən sənaye müəssisələrinin özəlləşdirilməsi kimi tədbirlər aqrar bölməyə ciddi, əsaslı təsir göstərməyə başladı. Torpaq islahatı nəticəsində 853065 ailəyə orta hesabla 1,7 hektar torpaq payı ayrıldı.
Kolxoz və sovxozlar dağıldıqdan sonra onların tabeliyində olan 25794 ədəd yük avtomobilinin 91,8 faizi, 30140 ədəd traktorun 94,8 faizi, 2062 ədəd pambıqyığan kombaynın 98,3 faizi, 4009 ədəd taxılyığan kombaynın 97,5 faizi, 1420 ədəd silos və yemyığan kombaynın 97,9 faizi özəlləşdirilirdi.
Artıq on ilə yaxındır ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil respublikamız bu gün onun layiqli davamçısı və siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla idarə olunur, inkişaf etdirilir.
1995–1996–cı illərdən başlayaraq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatlar bu gün artıq öz bəhrəsini verməkdədir. Ümumiyyətlə, aqrar sahədə islahatların aparılmasına, onun daha da dərinləşməsinə, mülkiyyət münasibətlərinin və sahibkarlığın formalaşmasına dair ölkəmizdə artıq 100–dən çox fərman və sərəncam, dövlət proqramları, Milli Məclisin qanunları və digər normativ–hüquqi sənədlər qəbul olunmuşdur.
Yalnız ölkə Prezidenti cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə bu haqda bir sıra sərəncam, fərman və dövlət proqramları:
“Azərbaycan Respublikasında sosial–iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri” haqqında (2003), “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” (2004) və “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” (2007) imzaladığı sərəncamlar, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” (2003–2005–ci illər), “2003–2005–ci illərdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı” (2004–2008 və 2009–2013–cü illər), “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2008–2015–ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı iqtisadi inkişaf üzrə Dövlət Proqramı” adlı siyasi sənədlər ölkəmizdə ən ağır sahələrdən biri olan və əhalisinin yarıdan çoxu yaşayan aqrar sahənin artıq dinamik inkişafına səbəb olmuşdur.
Aqrar islahatlara başlanmasından ötən dövr ərzində Azərbaycanın kənd təsərrüfatında ərzaq təhlükəsizliyi istiqamətində olduqca mühüm nailiyyətlər əldə edilmişdir. Yalnız ötən ilin yekunlarını 1991–ci illə müqayisə etsək, görərik ki, bu müddət ərzində dənli bitkilərin istehsalı 1,5 milyon tondan 2,8 milyon tona, kartof istehsalı 180 min tondan 968 min tona, tərəvəz 840 min tondan 1,2 milyon tona, meyvə istehsalı 500 min tondan 765 min tona yüksəlmişdir. Respublikamızda aqrar sahədə ikinci əsas sahə olan heyvandarlıqda isə iribuynuzlu mal–qaranın baş sayı 1,8 milyondan 2,6 milyona, davarların baş sayı isə 5,4 milyondan 8,6 milyona yüksəlmişdir.
İnstitutumuzun alimləri də ulu öndər Heydər Əliyevin aqrar siyasətini əsas tutaraq ölkə başçısı cənab İlham Əliyevin bu sahədə apardığı genişmiqyaslı islahatların daha da uğurla reallaşması naminə bütün bilik və bacarığını əsirgəmir, aqrar sahədə əldə etdikləri elmi nailiyyətləri təsərrüfatlarda tətbiq etməyə çalışırlar.
Kamil FƏTƏLİYEV,
Azərbaycan Elmi-Tədqiqat
“Aqromexanika”
İnstitutunun direktoru
Respublika.- 2013.- 1 may.- S. 4.