Ulu öndər qəlbimizdə əbədi
yaşayacaqdır
Ümummilli liderimiz Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə ölkəmizin sosial–iqtisadi, ictimai və mədəni həyatında sürətli inkişaf mərhələsinin əsası qoyuldu. O illər yaşlı nəslin yaxşı xatirindədir. Azərbaycan geri qalmış aqrar bir ölkə kimi Sovet İttifaqında sonuncu yerlərdən birini tuturdu. Yalnız 1969–cu ilin iyul ayında, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər təyin ediləndən az sonra ölkənin böyük tərəqqi yoluna çıxdığını gördük. Sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələr yüksək templə inkişaf etdi. Azərbaycan keçmiş İttifaq respublikaları sırasında öncül yerlərə çıxdı.
Heydər Əliyev milli kadrların hazırlanmasına və onların irəli çəkilməsinə daim himayə göstərir və diqqətdə saxlayırdı.
Ulu öndərin o zaman yeritdiyi siyasət Azərbaycanın bütün sahələrinin qüdrətlənməsinə və gələcək müstəqilliyinə hesablanmışdı. Unudulmaz Heydər Əliyev alternativsiz dövlət xadimi, mahir diplomat, istedadlı siyasətçi idi. Moskvada bunu yaxşı bilən ermənipərəst SSRİ rəhbərləri Heydər Əliyevi qərəzkarlıqla tutduğu vəzifələrdən uzaqlaşdırandan sonra onun Azərbaycana dönməsinə imkan vermirdilər. Polad iradəyə malik olan dahi rəhbərimiz bütün maneələri və çətinlikləri özünəməxsus səbir və dözümlə, fəal mübarizə ilə aradan qaldıraraq Bakıya, oradan Naxçıvana gəldi.
1991–ci ildən 1993–cü ilin ortalarına qədər misilsiz zəhmətlər bahasına qazanılan dövlət müstəqilliyimizin itirilmə təhlükəsi ilə üzləşməsi, ölkənin ağır iqtisadi tənəzzülə uğraması antiazərbaycan siyasəti yürüdən xarici qüvvələrlə onların təsir dairəsinə düşmüş yerli vəzifə düşkünlərinin milli maraqlara zidd fəaliyyətlərinin acı nəticəsi idi.
1993–cü ilin iyun ayında Gəncədə vətəndaş müharibəsinin başlanması ilə Azərbaycan idarəolunmaz bir vəziyyətə düşdü. O qorxulu günlərdə xalq qətiyyət nümayiş etdirərək vəziyyətdən çıxış yolunu seçərək öz müdrik oğlunu—Heydər Əliyevi Azərbaycanda hakimiyyətə dəvət etməkdə gördü. İyunun 15–də xalqın təkidli tələblərinə cavab verən Heydər Əliyev hakimiyyət başına keçdi və zaman üçün çox qısa müddətdə ölkə xaos və anarxiyadan, ən əsası, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Ona görə də xalq çox haqlı olaraq iyunun 15–ni Qurtuluş Günü kimi bayram edir.
Azərbaycanın hər yerində olduğu kimi, Kür çayının sahilində qərar tutmuş qədim Zərdab diyarı da bu gün unudulmaz dahi rəhbərin 90 illik yubileyini rəngarəng tədbirlərlə qeyd edir.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısıı Lütvəli Babayevin sərəncamına əsasən tərtib edilən tədbirlər planında nəzərdə tutulanlar fevral ayından icra olunur. Ulu öndərin yubileyi ilə bərabər görkəmli oftalmoloq–alim, akademik Zərifə Əliyevanın da 90 illiyi təntənə ilə qeyd olunur. Aprel ayının 23–də Gəlmə kənd tam orta məktəbinin müəllim və şagird kollektivləri akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad ediblər. Kənd kitabxanasının müdiri İlahə Şirinova “Zərifə xanımın şanlı ömür yolu” mövzusunda geniş məruzə edib. Şagirdlər isə Z.Əliyevaya həsr olunmuş şeirləri səsləndiriblər.
İki gün sonra şəhər 1 saylı məktəb–liseydə “Gənc nəslin formalaşmasında Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda konfrans keçirilib. Məruzə ilə rayon məşğulluq mərkəzinin direktoru Ədalət Rəhimov çıxış edib. O qeyd edib ki, Azərbaycanın 1969–cu ildən başlayaraq keçən 35 illik dövrü ulu öndər Heydər Əliyevlə bağlıdır.
Digər bir konfrans rayon mərkəzi xəstəxanasında keçirilib. Baş həkim Ruslan Nemətov məruzəsində bildirib ki, ümummilli lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva Azərbaycan xalqının həyatında əvəzsiz xidmətlər göstərmişlər. Onların fəaliyyəti, keçdikləri mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün kamillik və müdriklik məktəbidir.
Heydər Əliyev Mərkəzində keçirilən “dəyirmi masa” məzmunca çox maraqlı tədbirlərdən biri oldu. Gəlmə kənd tam orta məktəbinin müəllimi, respublikanın əməkdar müəllimi Şəmsiyyə Həsənova, uşaq incəsənət məktəbinin direktoru Nicat Əlifi və başqaları ümummilli lider Heydər Əliyev və onun ömür–gün yoldaşı, görkəmli alim, qayğıkeş ana Zərifə xanım Əliyeva barədə düşüncələrini iştirakçılarla bölüşmüşlər.
Məktəblilər vətən və ana haqqında şeirlər söyləmiş, məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilmişdir.
90 illik yubileylə bağlı maraqlı tədbirlərdən biri Zərdab Rayon Təhsil Şöbəsinin Heydər Əliyev Mərkəzində keçirdiyi konfrans oldu. Yığıncağı giriş sözü ilə açan şöbə müdiri, filologiya elmləri doktoru Baba Babayev ulu öndərin həyatı və fəaliyyəti barədə zəngin məlumat verdi.
Zərdab rayonunda dahi rəhbərin 90 illik yubileyi rəngarəng tədbirlərlə əhatə olunur. Böyük dövlət xadiminin 90 illiyi ilə əlaqədər rayon ərazisində 90 min ağac və gül kolu əkilmişdir. Rayonun ümumtəhsil məktəblərində unudulmaz rəhbərin yubileyi ilə bağlı inşa yazı müsabiqəsi keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı fəallarının iştirakı ilə “Ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır” mövzusunda keçirdiyi “dəyirmi masa” maraqla qarşılanıb. Orada YAP–ın Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən söhbət açılmışdır.
İndi Zərdabda həyata keçirilən mədəni kütləvi tədbirlərlə bərabər, 10 may gününə ciddi hazırlıq işləri davam edir. Yubiley ərəfəsində ulu öndərin adını əbədiləşdirən parkda abadlıq və yenidənqurma işləri görülür. Parkda yeni yaşıllıqlar salınmış, müxtəlif gül kolları əkilmiş, su xətləri yenidən qurulmuşdur. Fontanlar təmirdən çıxarılmış, uşaqlar üçün qurulmuş karuselin ətrafında abadlıq işləri görülmüşdür.
Böyük konsert meydanında yeni işıqlandırma sistemi qurulmuş, küçə və prospektlərdə, meydanlarda və binaların ətrafında təmizlik və abadlıq işləri aparılmışdır.
İdarə, müəssisə və təşkilatların yüzlərlə işçi və qulluqçusu şənbə günü iməciliyə çıxmışdılar. Onlar Zərdab–Ucar magistral yolunda abadlıq işləri görmüşlər.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevlə də elə orada iş üstündə görüşdük.
RİH başçısı bildirdi ki, müstəqil Azərbaycan dövlətinin yaradıcısı, xalqımızın böyük oğlu Heydər Əliyevin 90 illik yubileyi dahi rəhbərin adına layiq qeyd olunur. Qədirbilən zərdablıların ulu öndərin xatirəsinə olan hörmət və məhəbbətləri sonsuzdur. Dahi rəhbərimiz qəlbimizdə əbədi yaşayacaqdır.
Vəli İlyasov
Respublika.- 2013.- 1 may.- S. 5.