Hüquqi dövlətin
qurucusu
Zaman keçdikcə insan nəsilləri bir–birini əvəzləyir, dünyaya gələn hər yeni nəsil öz keçmişinə, tarixi yaddaşına nəzər salır, bütün şüurlu həyatını xalqının tərəqqisi, mütərəqqi yolla inkişafına həsr etmiş böyük şəxsiyyətlərin şərəfli ömür yolunu, zəngin siyasi irsini örnək kimi qəbul edir. Müəyyən taleyüklü mərhələdə liderlik missiyasını üzərinə götürərək fitri idarəçilik keyfiyyətləri ilə milyonların qəlbində ölməzlik məşəli yandırmaq, onlara müstəqillik, azadlıq hissini bütün varlığı ilə yaşatmaq, milli iradənin, özünüdərkin təcəssümünə çevrilmək xoşbəxtliyi də məhz belə şəxsiyyətlərə nəsib olur. Tarixin sərt sınaqlarından mətinliklə çıxmış bu siyasət ustadları xalqı milli ideologiya ətrafına birləşdirərək böyük fədakarlıqlar bahasına qurub–yaratdıqları dövlətin davamlı inkişaf yolunu da müəyyənləşdirirlər.
XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, dunya miqyaslı ictimai–siyasi xadim kimi bütün şüurlu həyatını xalqının nicatına həsr etmiş ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji–siyasi əsaslarını yaradaraq xalqı milli müstəqilliyə qovuşdurmuş, eyni zamanda bu müstəqilliiyin daimi və dönməz olmasını təmin etmişdir. Böyük strateqin 90 illik yubileyinin respublika miqyasında geniş qeyd olunması da məhz bu reallıqla şərtlənərək Heydər Əliyev fenomeni ilə bağlı müasir tariximizə nəzər salmaq, obyektiv nəticələr çıxarmaq imkanı yaradır.
Möhtərəm Prezident İlham Əliyevin 21 yanvar 2013–cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında qeyd olunduğu kimi: “Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur”.
Ən mürəkkəb siyasi situasiyalarda Azərbaycanda hakimiyyət sükanı arxasına keçmiş ümummilli lider Heydər Əliyev üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirərək daim xalqını, vətənini düşünmüş, respublikanı üzləşdiyi problem və çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin ona bəxş etdiyi fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyənləşdirə bilmişdir. Heydər Əliyev dühası milli tarix üçün böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi tutmuş, özünün siyasi bacarığı sayəsində Azərbaycanı yüksəliş və tərəqqi yoluna çıxarmış, yüksək xarizması ilə xalqın qəlbində sabaha inam hissini yaratmağı bacarmışdır.
Hələ 70–80–ci illərdə ulu öndər sanki Azərbaycanın müstəqil dövlət olacağını görmüş, buna lazımi zəmin formalaşdırmaq üçün uzaqgörənliklə fəaliyyət göstərmişdir.
Ulu öndər milli kadrların yetişdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmışdır. O dövrdə repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində gördüyü işlər də məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Dahi öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmış, Azərbaycan tarixçiləri şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi və qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlamışlar. Azərbaycan SSR–in 1978–ci ildə qəbul edilmiş Konstitusiyasının 73–cü maddəsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit edilməsi də ümummilli liderin prinsipiallığı, cəsarəti, ən əsası milli ideallara bağlılığının bariz göstəricisi kimi bu gün də qürurla xatırlanır.
Ali məktəblərin hüquq və digər nüfuzlu ixtisaslarına qəbul prosesində ədalət prinsipinin qorunması, sosial təbəqə fərqinə yol verilməməsi Heydər Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən olmuşdur. Məhz bu diqqət hesabına hələ o dövrdə ali məktəblərdə bilik həqiqi meyara çevrilmiş, elm–təhsil məbədlərimizə yol tapmış rüşvətxorluq və korrupsiya hallarının qarşısı alınmışdır. 80–ci illərin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsində “Qoy ədalət zəfər çalsın!” deyən ulu öndər Azərbaycan təhsilində, sözün əsl mənasında ədalətin zəfər çalmasına müvəffəq olmuşdur.
Ulu öndərin həmin illərdə milli ruhun qorunması, milli özünüdərk prosesinin güclənməsi istiqamətində gördüyü işlər çoxşaxəli olduğu qədər də saysız–hesabsızdır. Hakim ideologiya ilə uzlaşmayan “Gülüstan” poemasının müəllifi Bəxtiyar Vahabzadəni həbs olunmaq təhlükəsindən qoruyan da, Bakıda Nəriman Nərimanovun abidəsini ucaltmaq üçün iki ilə yaxın mübarizə aparan da, dahi dramaturq Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək üçün ən sərt maneələrə mərdliklə sinə gərən də, nəhayət 1990–cı ilin 21 yanvarında — Kremlin bir addımlığında xalqımıza qarşı qətliam törətmiş imperiyanı ifşa edən də məhz Heydər Əliyev olmuşdur. Böyük şəxsiyyət xarizmatik liderlərə xas tərzdə lazımi anda qətiyyət, cəsarət və prinsipiallıq göstərmək əzmini, eləcə də daim xalqının yanında olduğunu sübuta yetirə bilmişdir.
Azərbaycan xalqı, dövləti üçün qurub–yaratmaq, onun gələcək müstəqilliyi üçün etibarlı zəmin formalaşdırmaq ulu öndər Heydər Əliyevin başlıca amalı olmuşdur. Yalnız ötən əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra dərk edəcəkdik ki, ulu öndər 70–80–ci illərdə ölkəmizi nəhəng quruculuq meydanına çevirərkən, azərbaycanlı gəncləri xaricdə təhsil almağa göndərərkən, Azərbaycan xalqının zəngin mədəniyyətə malik olduğunu müxtəlif tədbirlər vasitəsilə bütün dünyanın diqqətinə çatdırarkən, ölkəmizdə fundamental və tətbiqi elmlərin əsaslı inkişafına nail olarkən məhz Vətənimizin bu gününü düşünür, memarı olduğu müstəqil Azərbaycan dövlətini o günlərdən qurub yaradırmış!
Tarixdə millətin və dövlətin dünya səhnəsindən yox olmaq həddinə çatmasına dair çox misallar mövcuddur. Hər bir tarixi dövrdə məsuliyyəti çiyinlərinə götürməyi bacaran böyük liderlərin sayəsində həmin dövlətlər varlığını davam etdirmiş, millətlər dirçəlmişlər. Bu baxımdan ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ictimai–siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə belə, ona xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almağa imkan vermişdir. Böyük strateq 1993–cü ildə xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.
Ulu öndər Heydər Əliyevin 1993–cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultmuşdur. İctimai–siyasi sabitliyi və sosial–iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Ulu öndər özünəxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir.
1993–1995–ci illərdə ölkədə siyasi sabitliyin təmini, iqtisadi tənəzzülün qarşısının alınması ilə paralel şəkildə insan hüquq və azadlıqlarının təminatına xidmət edən hüquq islahatları da xüsusi diqqət mərkəzində saxlanılmışdır. 1995–ci ilin noyabrında ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin mənbəyinin xalq olmasını rəsmiləşdirməklə demokratik, hüquqi dövlət quruculuğunun, məhkəmə–hüquq sisteminin əsaslarını, insan hüquq və azadlıqlarının müdafiəsi və təmini üçün hüquqi bazanı müəyyənləşdirmişdir. Konstitusiyada ifadəsini tapan bir çox müddəalar məhz ulu öndər Heydər Əliyevin ideya, hüquqi və fəlsəfi baxışlarının təzahürü olmaqla uzun illər demokratik Azərbaycan dövlətinin inkişafı və çiçəklənməsinə, xalqın firavan həyatına, hər bir Azərbaycan vətəndaşının təminatlı gələcəyinə xidmət edir.
Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi ilə yanaşı, məhkəmə hakimiyyətinin müstəqilliyi, özünüidarə funksiyaları, hakim vəzifəsinə tələblər, onların statusu ilə bağlı mühüm məsələlər də əksini tapmışdır. Əsas Qanunun 60–cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilmişdir. Ümumiyyətlə, Konstitusiyanın 62, 63, 64, 65, 66 və 67–ci maddələri vətəndaşların məhkəmə hakimiyyətinə müraciət imkanlarını, təqsirsizlik prezumpsiyasını, bir cinayətə görə təkrarən məhkum etməyə, habelə qohumların əleyhinə ifadəyə yol verilməməsini, tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasını, cinayət törədilməsində təqsirləndirilən hər bir şəxsin məhkum edilməzdən əvvəl dinlənilməsini və s. nəzərdə tutur.
Konstitusiyamızın 125–ci maddəsinin bir sıra bəndlərində də məhkəmə hakimiyyətinin formalaşdırılması prinsipləri dəqiq əksini tapmışdır. Həmin maddəyə əsasən məhkəmə hakimiyyəti Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apelyasiya məhkəmələri, habelə ümumi və ixtisaslaşdırılmış məhkəmələr vasitəsilə həyata keçirilir. Əsas Qanunun 127–ci maddəsi Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir. Bu maddədə göstərilir ki, hakimlər müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər, səlahiyyətləri müddətində dəyişilməzdirlər.
Bu və digər maddələrin ulu öndərin siyasi iradəsi ilə Konstitusiyada öz əksini tapması sonrakı mərhələdə məhkəmə–hüquq islahatlarının həyata keçirilməsi üçün fundamental hüquqi baza rolunu oynamış, məhkəmə orqanları və hakimlərlə bağlı məsələləri tənzimləyən qanunların qəbuluna etibarlı zəmin yaranmışdır. 1998–ci il 1 dekabr tarixdə qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Qanunda məhkəmə fəaliyyətinin hüquqi əsasları, ədalət mühakiməsinin daha səmərəli təşkili qaydaları, hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər və digər məsələlər əksini tapmışdır. Qanun əsasınla Məhkəmə–Hüquq Şurası da yaradılmış, beləliklə, məhkəmə hakimiyyətinin özünüidarə funksiyası reallaşdırılmışdır. Ötən illərdə Şuranın fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul olunmuş, onun məhkəmə və hakimlərlə bağlı məsələləri həyata keçirən müstəqil qurum kimi fəaliyyətinə şərait yaradılmışdır. 2000–ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin şəffaf prosedur əsasında, test üsulu ilə seçilməsi təmin edilmiş, hakim korpusunun 60 faizi təzələnmişdir.
Konstitusiyada əksini tapmış normaları özündə ehtiva edən “Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən Azərbaycanda birinci instansiya, apelyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Paralel olaraq dövlət ittihamının da müasir tələblərə uyğunlaşdırılması üçün 1999–cu ildə “Prokurorluq haqqında” Qanun qəbul olunmuşdur. Yeni qanunla prokurorluq orqanları əvvəllər mövcud olmuş bir sıra səlahiyyətlərdən məhrum olmuş, o cümlədən həbsə alma üçün sanksiyanın verilməsi səlahiyyəti məhkəmələrə verilmiş, məhkəmələr üzərində prokurorluğun nəzarətinə son qoyulmuşdur. Həmin dövrdən məhkəmələrə edilən müraciətlərin sayının 7 dəfəyədək artması vətəndaşların bu müstəqil hakimiyyət qoluna inam və etibarının təcəssümü kimi dəyərləndirilməlidir.
Dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də irs–varislik ənənələrinin təmin olunmasıdır. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran ulu öndər Heydər Əliyev də müəllifi olduğu siyasi strategiyanın davamlılığını təmin etmiş, parlaq zəkası hesabına respublikamızın uğurlarına təminat yaratmışdır. Dövlət başçısı İlham Əliyev sosial–iqtisadi inkişafın yeni keyfiyyət mərhələsində hüquq sistemində liberal islahatların dərinləşdirilməsini son dərəcə vacib sayır.
Dövlət başçısının inamla həyata keçirdiyi hüquqi–siyasi islahatların digər mühüm istiqamətini də məhz məhkəmə hakimiyyətinin fəaliyyətinin müasirləşdirilməsi olmuşdur. 2004–cü ildən etibarən “Məhkəmə–Hüquq Şurası haqqında” yeni qanunun qəbulu, “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi məhkəmə–hüquq sistemində əsaslı yeniliklərə imkan yaratmışdır.
Prezident İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsini davamlı və ardıcıl proses kimi diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlət başçısının 19 yanvar 2006–cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanın əhəmiyyəti xüsusi vurğulanmalıdır. Regionların inkişafı tədbirlərinin tərkib hissəsi kimi imzalanmış bu fərman bir sıra rayon və şəhərlərdə yeni Apelyasiya və İqtisad məhkəmələrinin yaradılmasını başlıca vəzifə kimi önə çəkmişdir.
Fərmanın imzalanması rayonlarda yaşayan vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini yaxşılaşdırmaq, onlarda haqlı narazılıq doğuran sui–istifadə, süründürməçilik hallarını, eləcə də digər nöqsanları aradan qaldırmaq, ədalət mühakiməsinin səmərəliliyini yüksəltmək niyyətindən irəli gəlmişdir. Məhkəmə–Hüquq Şurası dövlət başçısının fərmanı əsasında qısa müddətdə Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki (rayon) şəhərlərində yeni apelyasiya məhkəmələrinin yaradılmasını təmin etmişdir. Fərmana əsasən məhkəmələrdə hakimlərin sayının artırılması istiqamətində də zəruri tədbirlər görülmüşdür.
İqtisadi–sosial həyatın sürətlə inkişafı qanun normalarının mütəmadi və ardıcıl surətdə təkmilləşdirilməsini, yeni qanunların qəbulunu, hakimlərin peşə səviyyəsinin yüksəldilməsini, bilik səviyyəsini, ümumi dünya görüşünün artırılmasını tələb edir. Bu reallığı nəzərə alan Prezident İlham Əliyevin 17 avqust 2006–cı il tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat artırılmışdır. Ölkədə 20–dək yeni regional məhkəmənin yaradılması, o cümlədən apelyasiya, ağır cinayətlər və inzibati–iqtisadi məhkəmələrin fəaliyyətə başlaması, məhkəmə aparatı işçilərinin sayının 75 faiz artırılması, hər bir hakimə köməkçi ştatının ayrılması son illər həyata keçirilən islahatların miqyası barədə kifayət qədər real təsəvvür formalaşdırır.
Ölkə başçısının məhkəmə sisteminə diqqət və qayğısını Şəki Apelyasiya Məhkəməsinin hakimləri olaraq yaxından hiss edir, üzərimizə düşən vəzifələri layiqincə həyata keçirməyə, birinci instansiya məhkəmələrinin qərarlarından daxil olmuş şikayətlərin obyektiv araşdırılaraq ədalətin tam təmin olunmasına çalışırıq.
Bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləyir, məhkəmə–hüquq sisteminin müasirləşdirilməsi, insan hüquq və azadlıqlarının təmini, demokratikləşmə sahəsində yeni–yeni uğurlara imza atır. Ulu öndərin siyasi kursunu bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin sabit və davamlı inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində ən qabaqcıl dövlətlərdən birinə çevriləcəkdir.
Qədim BABAYEV,
Şəki
Apelyasiya Məhkəməsinin
cinayət
kollegiyası sədrinin
səlahiyyətlərini
icra edən
Respublika.- 2013.- 1 may.- S. 6.