ZƏMANƏMİZİN
DAHİSİ
Xalqımızın böyük qürur və iftixar hissi ilə qeyd etdiyi tarixi hadisə–ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi müstəqil Azərbaycanın həyatında əlamətdar bir dövrə təsadüf edir. Müstəqil dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial–iqtisadi inkişafın sürətlənməsi, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, demokratikləşmə prosesinin dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailliyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Həqiqətən də, yaşadığımız dövrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: XX əsrin 60–cı illərinin sonundan başlanan və XXI əsrə adlayan tarixi zaman. Bu tarixi mərhələnin taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 34 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran məhz Heydər Əliyevdir. Prezident İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.
Ulu öndərimiz Heydər Əliyevin 1969–cu il iyulun 14–də Azərbaycanda hakimiyyətə gəlişi dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah mərhələsinin başlanğıcını qoyub. Belə ki, ötən əsrin 60–cı illərinin sonunda respublikamız əsas sosial–iqtisadi göstəricilərə görə İttifaqda sonuncu yerlərdən birini tuturdu. İnkişafın ləngiməsi, iqtisadi geriləmə, təbii ki, ən əvvəl insanların sosial vəziyyətinə təsir göstərirdi. Azərbaycan istehsal səviyyəsinə və milli gəlirin həcminə görə İttifaq səviyyəsindən geri qalırdı.
Heydər Əliyev qısa müddətdə respublikanı geriləmələrdən xilas etmək, iqtisadiyyatı inkişaf etdirmək, elmi–texniki tərəqqinin ən yeni nailiyyətlərini istehsalatda tətbiq etmək, ümumiyyətlə, respublikanın hərtərəfli inkişafına nail olmaq üçün mükəmməl konsepsiya hazırladı və uğurla həyata keçirdi. Ümummilli liderimizin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70–80–ci illəri Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahədə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının yaxşılaşdırılmasına görə həmin illər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur.
Daxilən islahatçı və yenilikçi xüsusiyyətlərini özündə birləşdirən Heydər Əliyev yeni idarəçilik sistemi yaratmağa, Azərbaycanı hərtərəfli inkişaf edən ən qabaqcıl respublikalardan birinə çevirməyə nail olmuşdu. Heydər Əliyevin idarəçilik sisteminə gətirdiyi yeniliklər, dövlət intizamının möhkəmləndirilməsi sayəsində respublikamızda bütün sahələr—sənaye və kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət, tikinti, nəqliyyat, rabitə, idman və s. yüksəliş mərhələsinə qədəm qoydu. Ulu öndərimiz hələ o illər uzaqgörənliklə gənc milli kadrların, o cümlədən zabit hərbi kadrların yetişdirilməsinə, onların savadlı mütəxəssis kimi formalaşmasına xüsusi diqqət və qayğı ilə yanaşırdı. Bakıda C.Naxçıvanski adına Hərbi Məktəbin açılışı, burada azərbaycanlı zabitlərin hazırlanması həmin dövr üçün çox cəsarətli addım idi və yalnız Heydər Əliyevin böyük nüfuzu, inadı və qətiyyəti sayəsində həyata keçirilməsi mümkün olmuşdu.
Əsrlər boyu azərbaycanlıların milli düşüncəsinə, dövlətçilik təfəkkürünə hakim kəsilən, xalqı mübarizə ruhunda kökləyən ən ali ideya Azərbaycanın istiqlala qovuşması, müstəqil dövlət kimi taleyini azad şəkildə müəyyənləşdirməsi olmuşdur. 1991–ci il oktyabrın 18–də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilərkən keçirdiyimiz qürur və iftixar hissləri hələ də yaddan çıxmayıb. Onu da unutmamışıq ki, ilk vaxtlar müstəqilliyimiz yalnız kağız üzərində mövcud idi. Ölkənin o vaxtkı iqtidarlarının istər daxili, istərsə də xarici siyasət sahəsində uğursuz idarəçilik metodları və tam bacarıqsızlığı daxili siyasi qarşıdurmanın kəskinləşməsini son həddə çatdırmış və separatçı meyillərin güclənməsi üçün zəmin yaratmışdı. Bu uğursuz siyasət nəticəsində dövlət qurumları və ictimai təsisatlar tamamilə tənəzzülə uğramışdı. Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan müstəqil dövlət kimi özünü elan etdikdən sonra daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri–sabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, erməni təcavüzkarları ilə müharibədə acı məğlubiyyətlər, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Getdikcə daha artıq insan dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə tabe olaraq 1993–cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai–siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi.
Məşhur Rusiya jurnalisti və publisisti Oleq Sıqanov “Nailiyyətlər və ibrət dərsləri” məqaləsində ulu öndərimiz Heydər Əliyevin ali keyfiyyətlərindən danışaraq deyib: “Uğurla inkişaf edən hər bir ölkə öz inkişafının müəyyən ideyasına–millətin mənəviyyatının hərəkətverici qüvvəsi kimi çıxış edən, gələcəyə çox güclü bir motiv olan ideyaya möhtacdır. Lakin ümummilli ideyalar öz–özünə, heç nədən yaranmır. Heykəltəraş incəsənət əsərlərini gildən yapdığı və ya qranitdən yonduğu kimi, mənəvi və intellektual liderlər də milli ideyanı yaratmaq üçün millətin bütün yaradıcı və tarixi potensialına istinad edirlər. Heydər Əliyev lazımi vaxtda Azərbaycan üçün elə bir nadir, zəruri bənd, ziyalılar sinfinin hakimiyyət zirvəsinə çatmış elə bir nümayəndəsi olmuşdur ki, o, özünün fenomenal siyasi keyfiyyətləri sayəsində nəinki yeni milli ideyanı–müasir dövrün çağırışlarına adekvat olan yeni Azərbaycan dövlətçiliyi ideyasını ifadə etməyə, həm də millətin ən geniş, bu ideyanı həyata keçirən siyasi və intellektual qüvvələrini–gözəl idarəçiləri və Azərbaycanı mütərəqqi inkişaf orbitinə çıxarmağa qabil olan cəsarətli novatorları öz ətrafında birləşdirməyə və onları bu ideyanın həyata keçirilməsinə yönəltməyə nail olmuş nümayəndəsi olmuşdur. Əliyev hətta çoxlarının bu uğura inanmadığı, tarixin üfüqləri, tarixi perspektiv, siyasi qeyri–sabitlik, xaosunun təsiri ilə aradan qalxdığı vaxtlarda da bunu edə bilmişdir”.
Tarix təsdiqlədi ki, yalnız Heydər Əliyev müasir siyasətçilərin nail ola bilmədiyi işləri görmüş, güclü, idarə edilə bilən dövlətin üstün cəhətlərini demokratik inkişafın yeni potensialı ilə birləşdirə, başqa sözlə, tarixi ənənəni modernləşmə ilə birləşdirə bilmişdir. Heydər Əliyev fəaliyyətinin 1993–2003–cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi. Zamanın bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz vətən sevgisinə etibar etdiyi tarixi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq oldu.
Ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında öz siyasi və iqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza yadigarıdır. Heydər Əliyevin idarəçilik məharəti, şəxsi keyfiyyətləri və iş üslubu böyük həyat məktəbidir. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi. Zamanın bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz vətən sevgisinə etibar etdiyi tarixi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq oldu. Ulu öndərimizin müstəqil Azərbaycanın prezidenti kimi on illik fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapır.
Hazırda müstəqil Azərbaycan dövləti ulu öndərimizin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyə doğru inamla irəliləyir, bu yolda möhtəşəm nailiyyətlərə imza atır. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir. Bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanın dünya arenasında nüfuzunu daha da yüksəklərə qaldırıb, xalqın əsl liderinə çevrilib.
Bütün bu uğurlar ulu öndərimizin həmişəyaşar müdrik siyasi kursundan qaynaqlanır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Azərbaycan xalqının milli iftixarı, tariximizin yaddaşına əbədi həkk olunan bəşəriyyətin fenomen, fövqəlbəşər şəxsiyyətlərindən olan Heydər Əliyevin xatirəsi əbədiləşdirilməsin, adına möhtəşəm abidə ucaldılmasın. Fəxri Xiyabanda gülüstana çevrilmiş məzarı nəinki xalqımızın, həm də ölkəmizə qonaq gələnlərin ilk ziyarət yerinə çevrilib. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də, tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi–mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.
Ulu öndərimizin anadan olmasının 90 illik yubileyi Qaradağ rayonunda da böyük təntənə və qürur hissi ilə qeyd olunur. Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi və təşkilatçılığı ilə rayonda ulu öndərimizin yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Belə ki, rayon məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, məktəblilərin Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Mayın 5–də rayonda xarici qonaqların da iştirak edəcəyi “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Mayın 6–da Lökbatan qəsəbəsinin Heydər Əliyev parkında təşkil ediləcək “Gül bayramı” möhtəşəm konsert proqramı və sonda atəşfəşanlıqla müşayiət olunacaqdır. Ulu öndərin zəngin irsinin öyrənilməsi və davam etdirilməsi Azərbaycanın xoşbəxt gələcəyi deməkdir. Həqiqətən də, nə qədər ki müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev də xalqımızın qəlbində daim yaşayacaqdır.
Aydın ZƏKİYEV,
Qaradağ Rayon İcra
Hakimiyyətinin İctimai–siyasi və
humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi
Respublika.- 2013.- 1 may.- S. 7.