Vətənə, xalqa həsr olunmuş ömür

 

Nəsimi rayonundakı 20 saylı şəhər poliklinikasında öz fəaliyyəti ilə tariximizdə parlaq səhifə açmış ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı tədbir keçirilmişdir.

Mərasimdə ilk öncə ulu öndərimiz, ürəklərdə əbədiyyət qazanmış Heydər Əliyevin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndi. Daha sonra poliklinikanın baş həkimi Azərbaycan Respublikasının əməkdar həkimi Tamerlan İsmayılov öz çıxışında vurğuladı ki, milli dövlətçiliyimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti tariximizdə əvəzsiz yer tutur. Ulu öndərimiz yüksək insani keyfiyyətə, dövləti idarəetmə məharətinə malik, xalqına sədaqətlə xidmət etmiş nadir tarixi şəxsiyyət idi. Bu gün Azərbaycanın müstəqil dövlət kimi yaşaması və bütün dünyada siyasi nüfuz və davamlı iqtisadi inkişafına görə ulu öndərimizə borcluyuq.

Biz bu gün hədsiz qürur və iftixar hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəridir.

Tamerlan İsmayılov sözünə davam edərək qeyd etdi ki, 1969–cu ildə ümummilli liderimiz Heydər Əliyev respublikaya rəhbərlik etməyə başlayanda tibb sahəsində də vəziyyət qeyri–qənaətbəxş idi. Heydər Əliyevin titanik səyi nətiəcsində çox keçmədən səhiyyə sahəsində böyük dönüş yarandı. 1970–80–ci illərdə Azərbaycanda iri səhiyyə obyektləri inşa edildi. Bütün bunlarla yanaşı respublikada profilaktik təbabətin tələbinə uyğun kurort–sanatoriya şəbəkələrinin genişləndirilməsinə səhiyyə işçilərinin ixtisaslaşmasına və təkmilləşdirilməsinə diqqətin və tələbkarlığın artırılmasına xüsusi diqqət yetirildi.

Kadr hazırlığı səhiyyə ocaqlarının maddi–texniki bazasının möhkəmləndirilməsi işləri geniş vüsət aldı. Azərbaycanın tibb elmi və tibbi təhsil sisteminin bugünü, sürətli müasir inkişafı ümummilli liderin rəhbərliyi ilə aparılmış islahatlarla bağlıdır. Heydər Əliyev Azərbaycan səhiyyəsinin xilaskarına çevrildi. Ölkəmizdə tibb elmi müdrik dövlət başçısının apardığı məqsədyönlü islahatlar səhiyyənin qarşısında geniş perspektivləri açmışdır. Ümummilli liderimiz Heydər Əliyev vaxtı ilə 20 saylı poliklinikada da olmuş kollektivlə görülmüş və səhiyyə işçilərinə öz tövsiyələrini vermişdir.

Bu gün dövlət başçısı ulu öndərin müəyyən etdiyi istiqamətləri uğurla reallaşdırır. Bütün Azərbaycan xalqı kimi bizim kollektiv də Heydər Əliyevin strateji inkişaf kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə uğurla addımlayırıq.

 

Qədir ASLAN

 

Respublika.- 2013.- 1 may.- S. 7.