Dövlətçiliyimizin memarı və qurucusu

 

Binəqədidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumrayon toplantısı keçirilmişdir. Rayon ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbir açıq elan olunduqdan sonra bildirilmişdir ki, respublikanın hər yerində olduğu kimi Binəqədi rayonunda da dahi şəxsiyyətin yubileyi təntənə ilə qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin” 90 illik yubileyi haqqında” 21 yanvar 2013 –cü il tarixdə imzaladığı sərəncamda deyilir: “Azərbaycanda müasir demokratik, hüquq və dünyəvi dövlət quruculuğu vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu–Konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Daha sonra böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dəvəti qəbul edib belə möhtəşəm bir tədbirdə iştirak edənlərin hamısına minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Binəqədi rayonunda da təntənə ilə qeyd olunur və bu münasibətlə ümumrayon toplantısı keçirilir.

Nümayiş etdirilən sənədli filmdən də göründüyü kimi, nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Çünki sabitlik bərqərar olan, iqtisadiyyatı bu gün davamlı və dinamik inkişaf edən müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

Heydər Əliyev həmişə xalqa söykənib. Ona görə də vaxtilə ən çətin məqamlarda, ortaya çıxmış “Xalq–Heydər, Heydər–xalq” məfhumu bu gün də öz aktuallığını qoruyub saxlayır.

Böyük öndərimiz öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində hər sahədə əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Azərbaycan beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilib. Təkcə Avropa Şurasının tamhüquqlu üzvü olması bunun sübutudur. Sosial–iqtisadi sahədəki sıçrayış xüsusilə diqqət çəkəndir. Bu uğurlar bölgələrlə yanaşı, paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai–siyasi həyatımızda öz əksini tapmışdır.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasət, dinamik inkişaf tendensiyası ulu öndərin həmişə yaşar müdrik siyasi kursundan qaynaqlanır. Müstəqil Azərbaycanın qurucusu və memarı, dövlətçiliyimizin qarantı olmuş dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də, tarixi dəyərini itirməyəcəkdir. Ulu öndər Heydər Əliyevin bugünkü və gələcək nəsillər üçün ərməğan qoyduğu irsi xalqımızın zəngin xəzinəsinə çevrilmişdir.

Tədbirdə millət vəkili, tarix elmləri doktoru, professor, AMEA–nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən böyük öndərlə bağlı xatirələrindən danışmışdır. Qeyd etmişdir ki, dövlət o vaxt güclü olur ki, onun rəhbəri ilə xalqı arasında birlik mövcud olsun, Məhz bu birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində əvəzsiz rol oynamış, xalqımızın başının üstünü almış bütün bəlalardan hifz edib qorumuşdur. Dünyanın yetirdiyi dahi şəxsiyyətlərdən biri olan böyük öndərimiz Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına və vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir. O, fəaliyyəti dövründə daim xalqına arxalanmış, ona güvənmiş, gücünü xalqından almışdır.

Əvvəllər bu rayonun sakini olduğunu bildirən millət vəkili Yaqub Mahmudov son vaxtlar Binəqədi rayonunda görülən abadlıq–quruculuq işlərindən heyrətə gəldiyini və bütün bunlara görə RİH başçısı Xaləddin İsgəndərova minnətdarlığını bildirmişdir. Daha sonra Milli Məclisin üzvü, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov ümumilli lider Heydər Əliyevin istər Naxçıvan Ali Məclisinin sədri işləyərkən, istərsə ölkə rəhbəri vəzifəsində çalışarkən yaddaşlardan silinməyən xatirələrindən söhbət açmışdır.

Tədbirdə millət vəkilləri Madər Mysayev və Rafael Cəbrayılov iştirak etmişlər.

Yubiley tədbiri incəsənət ustalarının geniş konsert proqramı ilə başa çatmışdır.

 

 

Ramiz Yusifli

 

Respublika.- 2013.- 1 may.- S. 9.