Dünyagörüşü və
intellektual səviyyəni artıran vəsait
Təbiətdə
və cəmiyyətdə baş verən proseslərin öyrənilməsi,
onların səbəb–nəticə əlaqələrinin
müəyyən edilməsi daim insanların maraq dairəsində
olmuşdur. Təbiət haqqında biliklərin genişlənməsi
ilə baş verən prosesləri izah etmək
asanlaşmış, onların qabaqcadan xəbər verilməsi,
gündəlik həyat və təsərrüfat fəaliyyətində
istifadə edilməsi mümkün olmuşdur. Burada
coğrafiya elminin məlumatları mühüm rol
oynamışdır.
Bu
gün coğrafiya elminin əsas vəzifəsi təbii şərait
və ehtiyatlardan səmərəli istifadə edilməsinə,
onların gələcək nəsillərə saxlanmasına,
qeyri–ənənəvi enerji növlərindən istifadənin
genişləndirilməsinə, insanların təsərrüfat
fəaliyyətinin nizamlanmasına və davamlı inkişafa
keçidə, ətraf mühitin qorunmasına, onun
özünütənzimləmə fəaliyyətinin təmininə,
əhalinin səmərəli yerləşməsinə,
dünya okeanının su, bioloji ehtiyatlarının və
ekosistemlərinin qorunub saxlamaqda insanlara yardımçı
olmaqdır. Dünyanın əksər ölkələrində
fiziki–coğrafi şəraitin və təsərrüfatın
səmərəli ərazi təşkili yollarının
öyrənilməsi istiqamətində işlər
aparılır. Görülən tədbirlər insanların
məşğulluğunun, həyat şəraitinin yüksəlməsinə,
sağlamlığının qorunmasına, istirahətinin təşkilinə
və sağlam yaşayış mühitinin
yaradılmasına xidmət etməlidir. Ona görə də
coğrafi tədqiqatlar ictimai və siyasi xarakter almalı,
coğrafiya elminin ictimai elmlər sistemində rolu
artırılmalı, dövlətin, onun regionlarının
iqtisadi inkişaf proqramlarının tərtibində bu elmin nəticələrindən
istifadə genişləndirilməlidir.
Coğrafiyanın
orta və ali təhsil müəssisələrində öyrənilməsində,
onun tədrisində rast gəlinən problemlərin aradan
qaldırılmasında müəllimlərə kömək
etmək, geniş oxucu auditoriyasının bu elmin sirlərinə
bələd olmasını asanlaşdırmaq, ümumiyyətlə,
vətəndaşın dünyagörüşü və
intellektual səviyyəsini artırmaq üçün əvəzsiz
vəsaitdir. Bu ehtiyacları nəzərə alaraq Azərbaycan
Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev
adına Coğrafiya İnstitutunun alimləri, dos. Z.N.Eminov və
coğrafiya elmləri namizədi Q.M.Səmədov tərəfindən
2 cilddə “Coğrafiya Ensiklopediyası” kitabı
hazırlanıb nəşr edilmişdir.
Hər
iki cild xəritə, diaqram, rəngli şəkil və
yardımçı materiallarla zənginləşdirilmişdir.
Birinci
kitab bu elmin yaranması və inkişafının təhlili
ilə başlanır. İnsanlar ətraf əraziləri
öyrəndikcə coğrafiya elmi də inkişaf etmiş,
onun öyrəndiyi mövzular genişlənmiş, bu sahəyə
elmi–təcrübi maraq getdikcə artmışdır.
Nəşrdə
Qədim Yunanıstan və Romada, eləcə də Şərq
ölkələrində uyğun sahədə
çalışan alimlərin gördüyü işlərin
təhlilinə geniş yer verilir. Vurğulanır ki, Ərəb
Xilafəti dövrünün coğrafiya elmi sonrakı
dövrlərdə Mərkəzi Asiyada da özünün
yüksək inkişaf səviyyəsinə
çatmış, Əl–İstərxinin (950–ci il), Əl–İdrisinin
(1154–cü il) xəritələri, İbn–Bəttutənin səyahəti
zamanı ölkələr haqqında verdiyi məlumatlar, Əl–Biruni,
M.Qaşqari, Ə.Bakuvinin gördüyü işlər bu sahənin
inkişafında mühüm əhəmiyyət kəsb
etmişdir. Kitabda Şərq ölkələrinin digər
alimlərinin (N.Tusi, U.Məhəmməd, P.Rəis)
coğrafiya elminin inkişafında xidmətləri, bu sahənin
K.Ptolomeydən X.Kolumba qədərki tənəzzül
dövrü, XV əsrin böyük coğrafi kəşflərinə
şərait yaradan hadisələr təhlil olunur. Verilən məlumatlardan
aydınlaşır ki, bu gün də Yer planetinin sirlərinin
öyrənilməsi davam edir. Qazanılan elmi bilgilər cəmiyyətdəki
problmlərin həllinə yardım göstərməklə
bərabər, insanların dünyagörüşünün
genişlənməsinə, dünyanın ayrı–ayrı
ölkələri, regionları, burada yaşayan xalqların həyat
və fəaliyyəti, təbiət hadisələrini öyrənməyə
və dərk etməyə imkan verir.
Kainatın
mürəkkəb quruluşunun, onun məkan və zamanca
sonsuz olan aləminin öyrənilməsi, Günəş
sisteminin tərkibinin müəyyən edilməsi, planetlər
haqqında məlumatlar verilməsi maraqlıdır. Burada asan
başa düşülən formada planetlər haqqında
şəkillərlə müşayiət olunan izahatlar
verilir. Yerin forması, ölçüləri, onun Günəş
və öz oxu ətrafında hərəkəti
üçün əyani məlumatlar təqdim edilir.
Yerin
təbəqələri: litosfer, atmosfer, hidrosfer və biosfer
birinci kitabın ən mühüm bölmələridir.
Burada müxtəlif mənbələrdən toplanmış,
xeyli hissəsi tərtibçilər tərəfindən
hazırlanmış xəritələr, şəkillər və
diaqramlar əsasında təbiətdə baş verən
proseslər, həmin təbəqələr arasındakı əlaqələr,
hava və su təbəqəsində gedən ritmik proseslərin
izahı verilir, coğrafi təbəqənin mühafizəsi
sahəsinə aid tədbirlər şərh olunur.
XX əsrdə
cəmiyyətin inkişaf sürəti, əhalinin
sayının artımı, təsərrüfatın
inkişafı, mənimsənilən ərazilərin
genişlənməsi, təsərrüfat dövriyyəsinə
cəlb edilən sərvətlərin həcmi əvvəlki
dövrlərə nisbətən daha intensiv olmuşdur. Eyni
zamanda dünyada şəhər əhalisinin sayı sürətlə
çoxalmış, şəhərlərin sayı və ərazisi
dəfələrlə genişlənmiş, burada toplanan
istehsal və xidmət obyektlərinin kəmiyyəti
artmışdır. Buna görə də ətraf mühitə
antropogen təsir, çirklənməyə məruz qalan ərazilərin
sahəsi də genişlənmiş, dünyanın
ayrı–ayrı regionlarının inkişaf səviyyəsi və
sürəti, əhalinin həyat şəraitindəki fərqlər
çoxalmışdır. Bu səbəbdən də bəşəriyyət
qarşısında duran problemlərin həlli
üçün coğrafiya elmlərinin nailiyyətlərindən
geniş istifadə edilməli, bu sahədə maarifləndirmə
işlərinin genişləndirilməsi vacibdir.
Dövrümüz
informasiya və məlumatlar əsridir. Beynəlxalq təşkilatların
hesabatına görə bu məlumatlar o halda insanlar
üçün faydalıdır ki, onların coğrafi əsası
vardır. Bu baxımdan da “Coğrafiya Ensiklopediyası”nın
xüsusi əhəmiyyət daşıdığını əminliklə
söyləmək mümkündür.
“Coğrafiya
Ensiklopediyası”nın ikinci hissəsində dünyanın
siyasi xəritəsinə daxil olan ölkələr, siyasi xəritənin
formalaşması mərhələləri, burada baş verən
dəyişikliklər, ölkələrin müxtəlif
istiqamətlərdə təsnifatı xüsusi əhəmiyyət
daşıyır. Bu cilddə ölkələrin ərazisi, əhali
sayına, idarəetmə formasına, inzibati–ərazi
quruluşuna və inkişaf səviyəsinə görə
bölgüsü aparılır, hələ də
asılı vəziyyətdə qalan ərazilər təhlil
olunur. Beynəlxalq təşkilatlar dünyanın müxtəlif
regionlarında baş verən proseslərin nizamlanmasında
xüsusi əhəmiyyətə malikdir. Onlar haqqında da
geniş məlumatların verilməsi əhəmiyyətlidir.
Dünyada
demoqrafik göstəricilərin nizamlanması mühüm
problemlərdən biridir. Əksər ölkələrdə
bu sahədə daim fəal siyasət aparılır. Bəzi
ölkələrdə müəyyən nəticələr əldə
edilsə də, hələ də dünyada əhali
artımı, onun sosial təminatı və yaşayış
səviyyəsinin yüksəldilməsi problem olaraq qalır.
Kitabda bu məsələlər haqqında verilən təhlillər
oxucunun maariflənməsinə yönəldilmişdir.
Təbii
ehtiyatlarla təminat həlli vacib olan məsələlərdəndir.
Kitabda təbii ehtiyatlarla təminat, onun problemləri və
dünya regionları üzrə paylanması, istifadə edilməsi
imkanları göstərilir.
Təsərrüfatın
sahə quruluşunun təkmilləşdirilməsi
mühüm vəzifədir. Bu amilin müasir vəziyyəti,
dünyanın ayrı–ayrı regionlarındakı inkişaf səviyyəsinin
fərqi, həmin fərqlərin yaranması səbəbləri,
bu sahələrin inkişaf perspektivlərinin öyrənilməsi
vacibdir. Nəşrdə təsərrüfatın
ayrı–ayrı sahələri, burada istehsal olunan məhsullar,
ölkələr arasındakı əlaqələrin
forması ətraflı izah edilir.
Ensiklopediyanın
birinci kitabı xəritələr haqqında verilən təhlillərlə
tamamlanır.
XX əsrin
sonu, XXI əsrin əvvəlində Avropada, Asiyada, eyni zamanda
dünyanın digər regionlarında böyük miqyaslı
siyasi, iqtisadi və demoqrafik dəyişikliklər baş
vermişdir. Onları izləmək, baş verən proseslərdə
hər ölkənin rolunu müəyyənləşdirmək,
oxucularda maraq doğura bilər. Dünyanın müxtəlif
regionlarında baş verən iqtisadi, sosial–mədəni
proseslər çox sürətlə digər ölkələri
də əhatə edir. Ona görə də dünya ölkələrini
və onların regional qruplarını öyrənmək,
iqtisadi–coğrafi və sosial–demoqrafik həyatında baş
verən dəyişikliklərini izləmək
maraqlıdır. Qloballaşan dünyada hər ölkənin
yerini müəyyənləşdirmək, onların
qarşılıqlı münasibət formalarını
öyrənmək, əlaqələrin möhkəmləndirilməsi
ilə yanaşı, müstəqillik və özünəməxsusluğu
qoruyub saxlamağa çalışmaq mühüm vəzifələrdir.
Bu vəzifələrin yerinə yetirilməsi
üçün ayrı–ayrı regionların, buradakı
ölkələrin iqtisadi, sosial–mədəni və demoqrafik
potensialının müəyyənləşdirilməsi,
onlardan səmərəli istifadə yollarının təhlili
və tədqiqi vacibdir. Bunun üçün regional
coğrafi biliklərdən yararlanmaq lazımdır.
Oxuculara
təqdim edilən “Coğrafiya ensiklopediyası”nın ikinci
cildində dünyanın ayrı–ayrı regionları və
burada yerləşən ölkələr geniş şəkildə
təhlil edilir. Burada ölkələr haqqında
tarixi–coğrafi, fiziki və iqtisadi–coğrafi məlumatlar
verilir, problemlər, onların həlli yolları təhlil
olunur. Dünyanın əksər regionlarında bir neçə
əsr davam edən azadlıq mübarizəsi nəticəsində
çoxlu müstəqil dövlətlər
yaranmışdır və siyasi xəritə böyük dəyişikliklərə
məruz qalmışdır. Bununla yanaşı, hələ də
müstəmləkələr, asılı ərazilər
qalmaqda davam edir. Kitabda müstəqil dövlətlərlə
yanaşı, müstəmləkələr və
asılı ərazilər haqqında da geniş məlumatlar
tapmaq mümkündür.
Sonda
Azərbaycan Respublikasının fiziki və iqtisadi
coğrafiyası geniş təhlil olunur, inzibati rayonlar
kartoqrafik məlumatlarla birlikdə verilir. Son vaxtlar Azərbaycanın
siyasi–inzibati quruluşunda, iqtisadi və mədəni həyatında
baş verən dəyişikliklər burada geniş əks
edilmişdir.
Beləliklə,
“Coğrafiya ensiklopediyası” bu elmin oxucular arasında təbliğində
mühüm əhəmiyyətə malikdir.
Ramiz MƏMMƏDOV,
AMEA–nın akad. H.Ə.Əliyev
adına
Coğrafiya İnstitutunun direktor əvəzi,
AMEA–nın müxbir üzvü,
professor
Respublika.- 2013.- 1 may.- S. 11.