Binəqədi rayonunda ənənəvi gül bayramı

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevə böyük ehtiramsonsuz məhəbbətin ifadəsi kimi hər il may ayının birinci ongünlüyü ölkəmizdə gül bayramı kimi qeyd olunur. Artıq ənənə halını almış və ümumxalq bayramına çevrilmiş tədbirə paytaxtımızda əvvəlcədən ciddi hazırlıq işləri görülür. Qeyd etmək yerinə düşər ki, gül bayramına məktəblər, uşaq bağçaları, liseylərlə yanaşı, ağsaqqallar, ziyalılar, Yeni Azərbaycan Partiyasının fəalları, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatılırlar. Artıq bir neçə ildir ki, may ayının əvvəlindən Bakının bütün rayonlarında əmək kollektivlərində bu tədbir möhtəşəm şəkildə təntənə ilə qeyd olunur.

May ayının 1–də Bakının Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə görkəmli oftalmoloqalim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkda gül bayramı keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin üzvləri Madər Musayev, Rafael Cəbrayılov, ictimaiyyətin nümayəndələri, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və üzvləri iştirak etmişlər.

Gül bayramında ən maraqla qarşılanan rayonun 32 məktəbinin, 30–dan çox məktəbəqədər təlim–tərbiyə ocağının, 4 peşə liseyinin, humanitar kollecin şagird və tələbələrinin əl işlərinin nümayişi olmuşdur. Burada ayrı–ayrı məktəblərə, uşaq bağçalarına aid olan stendlərdəki kompozisiyalar, rəsmlər hər kəsin diqqətini cəlb etmişdir. Stendlərdəki “Heydər Əliyev–90″, “Azərbaycan güllər diyarıdır”, “Gül bayramınız mübarək!” və sair ifadələr maraqla qarşılanırdı. Bədii özfəaliyyət kollektivlərinin ifasında səslənən mahnılar, şən rəqslər, balacaların oynaması tədbiri daha da rövnəqləndirir, hər kəsi valeh edirdi. Ümumiyyətlə, gül bayramında 295, 296 saylı uşaq bağçalarının, 100, 3, 30, 217, 205, 115 saylı məktəblərin stendlərindəki rəsmlər, kompozisiyalar, şagirdlərin əl işləri başqalarından fərqlənirdi.

Səhər saat 10–dan başlanan gül bayramı bir neçə saat davam etmişdir.

 

 

Ramiz YUSİFLİ

 

Respublika.- 2013.- 2 may.- S. 12.