Azərbaycan komandasının velosipedçisi “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun ilk mərhələsinin qalibidir

 

FotoDünən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turuna start verilib.

Heydər Əliyev Mərkəzinin qarşısında start götürən turun iştirakçıları Heydər Əliyev Mərkəzi – metronun “Koroğlu” stansiyası – Heydər Əliyev Mərkəzi marşrutu üzrə 11 dəfə dövrə vurmaqla 157 km məsafə qət etmişlər. Yarışda 24 komanda iştirak etmişdir.

1–ci mərhələnin qalibi Azərbaycanın “Synergy Baku Cycling Project” komandasının velosipedçisi Kristof Şvayster olmuşdur. Azərbaycan komandasının velosipedçisi 157 kilometrlik məsafəni 3 saat 32 dəqiqə 19 saniyə ilə başa vuraraq yarışın lideri olmuşdur. Finişə 2–ci çatan İsveçrənin “Atlas Personal” komandasının təmsilçisi, tanınmış velosipedçi Aleksandr Averinin oğlu Maksim Averin ondan 2 saniyə geri qalmışdır. Liderlərin üçlüyünü eyni vaxt, yəni 3 saat 32 dəqiqə 21 saniyə ilə Niderlandın “Rabobank Development Team” komandasının üzvü Maartin van Trijp qapatmışdır.

Sprinter yarışmasına 20 xalla “Synergy Baku Cycling Project” komandasının velosipedçisi Kristof Şvayster başçılıq edir. İkinci yerdə 15 xalla Maksim Averin gedir. Dağ təsnifatında hələlik Sezar Fonte (Efapel – Glassdrive, Portqaliya) liderdir.

Komanda hesabında “Synergy Baku Cycling Project” komandası (10 saat 37 dəqiqə 1 saniyə) liderdir.

Turun birinci mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse–prezidenti Sahib Ələkbərov bildirmişdir ki, “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun birinci mərhələsində idmançılar əzmkarlıqla mübarizə aparmışlar.

“Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun birinci mərhələsinin qalibi olmuş Azərbaycan komandasının idmançısı Kristof Şvaytser bildirmişdir ki, Azərbaycanın komandası qarşısında duran minimum tapşırığın öhdəsindən gəlmişdir. O qeyd etmişdir ki, mərhələnin gedişatı zamanı son məqamda irəli çıxaraq qalib gəlməyi bacarıb. O, komandaya təşəkkür edərək bildirmişdir ki, komandanın digər üzvlərinin dəstəyi olmadan, o bu qələbəni qazana bilməzdi.

Xatırladaq ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş velosiped turu 5 mərhələdən ibarət olmaqla Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonları ərazisində keçirilir. Tour d’Azerbadjan – UCİ Europe Tour çərçivəsində 2.2. kateqoriyası üzrə velosiped yarışıdır.

Turun ikinci mərhələsi bugün Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidəki, yenicə yaradılmış müasir velosiped parkından start götürərək “Bakı – Abşeron – Qobustan – Şamaxı – İsmayıllı” marşrutu üzrə keçiriləcək və velosipedçilər 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finiş xəttini keçəcəklər.

Üçüncü mərhələ mayın 3–də “Qəbələ – Oğuz – Şəki – Oğuz – Qəbələ” marşrutu üzrə (165 kilometr) keçiriləcək.

Dördüncü mərhələdə velosipedçilər mayın 4–də “Qəbələ – Şamaxı” marşrutu ilə 116 kilometr məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

Beşinci – sonuncu mərhələ isə mayın 5–də Azadlıq meydanından start götürərək, Bakı şəhərinin mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaqdır.

Qeyd edək ki, beynəlxalq velosiped turu həm yerli, həm də xarici, o cümlədən “Eurosport”, “Eurosport–2″ və digər televiziya kanalları ilə geniş işıqlandırılır.

 

 

Ülvi QARAYEV

 

Respublika.- 2013.- 2 may.- S. 14.