Prezident Kitabxanasında “Heydər Əliyev.
Elektron sənədlər toplusu”
elektron resursu
açılmışdır
Bakı, 1 may (AzərTAc). Bu günlərdə Azərbaycan Respublikası mühüm bir tarixi hadisəni – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini qeyd etməyə hazırlaşır.
Bu əlamətdar tarix münasibətilə ölkədə və hüdudlarından kənarda müxtəlif təntənəli tədbirlər keçirilir: böyük dövlət xadimi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nəzəri–praktik konfranslar, dəyirmi masalar, kitab təqdimatları təşkil edilir, monoqrafiyalar, fotosərgilər və məruzələr hazırlanır.
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının kollektivi də Azərbaycanın ümummilli liderinin irsinin öyrənilməsi və təbliği işinə öz töhfəsini vermişdir.
Kitabxananın kollektivi milyonlarla istifadəçi auditoriyası üçün “Heydər Əliyev. Elektron sənədlər toplusu” adlı nadir resurs hazırlamışdır. Bu resursda tarixi hadisələr və faktlarla bağlı olan çoxsaylı sənədlər yer almış, bu böyük insanın parlaq, çoxşaxəli həyat yolunu əks etdirən xronoloji məlumatlar və fotosənədlər əksini tapmışdır.
Qeyd edək ki, elektron resurs geniş istifadəçi çevrəsi üçün nəzərdə tutulmuşdur. Resurs həm məktəblilər və tələbələr, həm də dövlət müəssisələrinin işçiləri və mövzu ilə maraqlanan başqa istifadəçilər üçün faydalı olacaqdır. Resurs Prezident Kitabxanasının saytında yerləşdirilmişdir.
Toplu doqquz bölmədən ibarətdir: “Ümummilli lider”; “Xronologiya”. (1923–2003–cü illər)”; “Nitqlər, çıxışlar, məruzələr, müsahibələr, bəyanatlar”; “Xarici–siyasi fəaliyyət xronologiyası (1993–2003–cü illər)”; “Müstəqilliyimiz əbədidir”; “Əsərlər külliyyatının elektron versiyası”; “Heydər Əliyev haqqında kitablar və məqalələr”; “Məşhur şəxsiyyətlər Heydər Əliyev haqqında”; “Biblioqrafiya”; “Fotoqalereya”.
Əlavə edək ki, toplunun doqquz bölməsinin hər biri yarımbölmələrə ayrılmışdır. Məsələn, “Ümummilli lider” adlı bölməyə beş yarımbölmə daxildir: “Bioqrafiya”, “Hakimiyyət illəri”, “Mükafatlar”, “Seçilmiş fikirlər” və “Xatirəsinin əbədiləşdirilməsi”.
“Müstəqilliyimiz əbədidir” bölməsinə g
əldikdə isə demək lazımdır ki, istifadəçi hər biri təxminən 500 səhifədən ibarət olan 42 kitabın elektron versiyasının hazırlanmasına sərf edilmiş böyük zəhmət barədə tam təsəvvürə malik olacaqdır. Materialların zənginliyi ilə seçilən başqa bölmələr barədə də eyni sözləri demək olar.
Heydər Əliyevin 1969–cu ilin iyulunda Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildikdən sonra Azərbaycan MK–nın avqust plenumundakı məruzəsi ilə başlanan “Nitqlər, çıxışlar, məruzələr, müsahibələr, bəyanatlar” adlı bölmə böyük maraq doğurur. Həmin çıxışda respublikanın sosial–iqtisadi vəziyyətinə prinsipial qiymət verilmiş, ciddi qüsurlar aşkar edilmiş və qarşıya onların aradan qaldırılması üzrə konkret vəzifələr qoyulmuşdur.
Bölmədə “Milli Məclisin 1993–cü il 15 iyun tarixli iclasında nitq”, “1994–cü il sentyabrın 20–də “Əsrin müqaviləsi”nin imzalanması zamanı çıxış” kimi mühüm sənədlər yer almışdır. Həmin sənədlər proqram xarakterlidir və dərindən öyrənilməsini tələb edir. Bu sənədlər müstəqil Azərbaycan dövlətinin, onun siyasətinin və iqtisadiyyatının təşəkkülündə və inkişafında Heydər Əliyevin müstəsna rolundan söz açır.
“Məşhur adamlar Heydər Əliyev haqqında “bölməsində Heydər Əliyevi “Siyasət nəhəngi” adlandırmış Rusiya Prezidenti Vladimir Putinin, “Mən dünya şöhrətli, görkəmli dövlət xadimi Heydər Əliyevin qeyd–şərtsiz liderliyinə, cəsarətinə, geniş dünyagörüşünə və nadir natiqlik istedadına heyranam” deyən ABŞ–ın keçmiş prezidenti Corc Buşun fikirləri yer almışdır. Fransanın sabiq prezidenti Jak Şirak demişdir: “Azərbaycanın xoşbəxtliyi ondadır ki, bu ölkəyə böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi Heydər Əliyev başçılıq edir”.
Fransalı sovetoloq Jak Düke Heydər Əliyevi “canlı əfsanə” adlandırmışdır. UNESCO–nun sabiq direktoru Frederik Mayr Heydər Əliyevə necə ehtiramla yanaşıldığından danışaraq demişdir: “Siz bütün dünyada hamı tərəfindən qəbul edilmiş görkəmli lidersiniz”.
Bütün bu sözlər ümummilli liderin irsinin Azərbaycan xalqı üçün dəyərini və böyük əhəmiyyətini bir daha təsdiq edir.
Əminlik hissi ilə demək olar ki, Prezident Kitabxanasının hazırladığı “Heydər Əliyev. Elektron sənədlər toplusu” resursu ulu öndərin 90 illiyinin hazırlanmasına layiqli töhfə olacaq və milyonlarla istifadəçi tərəfindən minnətdarlıq hissi ilə qarşılanacaqdır.
Kəmalə Sarıcalinskaya,
Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasının elmi
katibi
Respublika.- 2013.- 2 may.- S. 6.