Azərbaycan meliorasiya və su təsərrüfatı sisteminin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri

 

Ümummilli lider Heydər Əliyev Azərbaycanın bəşəriyyətə bəxş etdiyi ən görkəmli dövlət xadimlərindən biridir. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamında deyildiyi kimi, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır: “Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsinə maraq XIX əsrin ikinci yarısından başlanılmasına baxmayaraq, meliorasiya və irriqasiyanın intensiv inkişafı, geniş meliorasiya potensialının yaradılması, sahə üzrə perspektiv proqramların qəbul edilməsi ulu öndərimizin respublikamıza rəhbərlik etdiyi 1969–1982–ci illərə təsadüf edir.

1969–cu ildə, ulu öndərimiz respublika rəhbərliyinə gəldikdən sonra kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında Mərkəzi Komitənin və İttifaq hökumətinin bir neçə tarixi qərarlarının qəbul olunmasına nail oldu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970–ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqinda” (1975–ci il), “1976–1980–ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976–cı il) qərarlarını göstərmək lazımdır.

1970–ci ildə ulu öndərimizin şəxsi təşəbbüsü ilə keçmiş SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin tabeliyində xüsusi tikinti təşkilatı—”Azərsutikinti” Baş İdarəsi yaradıldı. Respublikanın meliorasiya və su təsərrüfatına İttifaq hökuməti tərəfindən sərmayə qoyuluşu qat–qat artırıldı. 1970–1980–ci illərdə bir sıra mühüm əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri inşa edilib istismara verildi.

Həmin illərdə Sərsəng, Madagiz, Araz, Arpaçay, Sirab su anbarları və su elektrik stansiyaları, Mil–Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil–Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar–cibir magistral kanalları, Naxçıvan MR–də üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi–Muğan və Cənub–Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. kimi yüzlərlə obyekt tikilib istifadəyə verilmişdir ki, bu da respublikanın müxtəlif zonalarında münbit torpaq sahələrində yüksək məhsul götürülməsinə imkan vermişdir.

Bu dövrdə sel və daşqın sularından mühafizə məqsədilə Kür çayı boyunca 124 kilometr uzunluğunda torpaq–mühafizə bəndləri tikilmiş, dağ və dağətəyi çaylarda 45 kilometr uzunluğunda yığma–beton, daş–beton bəndlər quraşdırılmışdır.

1983–cü ildə Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970–ci ildəkinə nisbətən 2,2 dəfə artmışdır. Bitkiçilik üzrə bu göstərici 2,6 dəfə, heyvandarlıq sahəsində isə 1,7 dəfə yüksək olmuşdur.

Müstəqil Azərbaycan dövlətinin xilaskarı missiyasını həyata keçirən Heydər Əliyev fəaliyyətə başlayanda bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də böhranlı vəziyyət hökm sürürdü. Böyük zəhmət və külli miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə və inkişafına ayrılan sərmayənin həcmi heçə endirilmişdi. Bizim böyük xoşbəxtliyimizdir ki, dövlətçiliyin bütün incəliklərini bilən bu əvəzsiz insan ölkənin ağır məqamında imdadımıza çatdı.

Heydər Əliyevin qısa bir müddətdə həyata keçirdiyi titanik işlər bütün dünyanı heyran qoydu. Daxildən və xaricdən törədilən əngəllərə baxmayaraq, az vaxt ərzində ölkədə sabitlik yaradıldı.

Aqrar sahədə aparılan islahatlarla paralel meliorasiya və su təsərrüfatında da islahatların aparılmasına başlandı. İlk növbədə islahatların normativ–hüquqi bazası yaradıldı. Bu məqsədlə 30–dan artıq normativ–hüquqi sənəd hazırlandı. 1996–cı ildə “Meliorasiya və irriqasiya haqqında”, 1997–ci ildə “Azərbaycan Respublikasının Su Məcəlləsi”, 2003–cü ildə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanunlar qəbul edildi.

“Meliorasiya və irriqasiya haqqında” qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Azərbaycan Respublikasının “Su Məcəlləsi” ölkəmizdə su münasibətlərinin tənzimlənməsi yolunda uğurlu bir addım olmuşdur.

Respublikanın meliorativ fondunun əksər hissəsi dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri və onların istismarı müəssisələri olduğundan, su anbarları, rayonlararası magistral kanallar və kollektorlar, təsərrüfatlararası suvarma kanalları və kollektorlar, selötürücülər, iri nasos stansiyaları, hidroqovşaqlar, qışlaqların su təminatı sistemləri, Kür–Araz və dağ çayları boyunca mühafizə bəndləri, irriqasiya meşə zolaqları, rejim müşahidə quyuları, istismar müəssisələri və s. özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlərin sırasına daxil edildilər.

Ulu öndərimiz Heydər Əliyevin idarəetmə işinin təkmilləşdirilməsi ilə bağlı verdiyi göstəriş və tövsiyələri rəhbər tutaraq Meliorasiya və Su Təsərrüfatı ASC–nin (o dövrdə Komitə idi) mərkəzi aparatı və yerli idarəetmə orqanlarının yeni strukturu və yeni Əsasnaməsi hazırlandı.

“Meliorasiya və irriqasiya haqqında” qanuna uyğun 1997–ci il yanvarın 1–dən respublikada mərhələ–mərhələ sudan pullu istifadəyə keçilməsinə başlandı.

Suvarma suyunun paylanmasını, sudan səmərəli istifadə olunmasını, su ödənişlərinin toplanmasını təmin etmək, sudan istifadə zamanı meydana çıxan mübahisələri və digər məsələləri həll etmək məqsədilə könüllülük prinsipləri əsasında torpaq mülkiyyətçiləri və su istifadəçiləri tərəfindən yerlərdə Sudan İstifadəedənlər Birlikləri yaradılmasına başlandı.

Müəyyən təşkilati çətinliklər olmasına baxmayaraq, görülmüş tədbirlər nəticəsində respublika üzrə Sudan İstifadəedənlər Birlikləri yaradılması başa çatdırılmış, bütün suvarılan sahələri əhatə edən 547 SİB yaradılmışdır.

Hazırda Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan suvarma və kollektor–drenaj şəbəkələrinin böyük əksəriyyəti əvvəllər kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrin balasında olmuş daxili təsərrüfat sistemləridir.

Respublika Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bu şəbəkələr 2000–ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına götürüldü və onların təmir–bərpasına və tənzimlənməsinə başlandı.

İstismar tədbirləri və əsaslı təmir hesabına bu şəbəkələrdə hər il müəyyən həcmdə təmir–tənzimləmə işləri aparılır və onların normal istismarı təmin edilir. Hər il 2,5 min kilometrdən artıq kollektor–drenaj, 11 min kilometrdən çox suvarma kanalları lildən təmizlənir, onların üzərində 6 mindən artıq hidrotexniki qurğu, mindən çox hidropost, 3 min ədəddən çox subartezian quyusu nasosların təmiri işləri yerinə yetirilir.

Ulu öndərimizin göstərişləri əsas tutularaq, xarici investisiyalar, ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Sahəyə investisiya qoyuluşunun səmərəliliyini təmin etmək məqsədi ilə tikintisi yarımçıq qalmış 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün son dərəcə vacib olan üç obyektin (Baş Mil–Muğan Kollektoru tikintisinin, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması və Naxçıvan MR–də Vayxır su anbarının tikintisinin) birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Baş Mil–Muğan Kollektorunun tikintisinə 1985–ci ildə başlanmış və onun ümumi uzunluğundan 90 kilometrlik birinci buraxılış obyektinin tikintisi 1994–cü ildə istismara verilmişdir. Kollektorun 52,7 kilometrlik ikinci hissəsinin tikintisi İslam İnkişaf Bankının krediti hesabına 1998–ci ildə, kollektorun Araz çayı ilə kəsişməsində dükerin tikintisinə Dünya Bankının krediti hesabına 2000–ci və 2002–ci illərdə başa çatdırılmışdır.

Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Xanarx kanalının tikintisinə İslam İnkişaf Bankı, Samur çayı üzərində baş suötürücü qurğunun və Samur–Abşeron kanalının Vəlvələçay çayına qədər olan 50 kilometrlik hissəsinin tikintisinə isə Dünya Bankı tərəfindən kredit ayrılmış və 2001–ci ildə hər iki obyektdə tikinti işlərinə, 2002–ci ildə isə Naxçıvan Muxtar Respublikasının Vayxır su anbarının tikintisinin davam etdirilməsinə başlanmışdır. Vayxır su anbarı 2005–ci ildə tikilib istismara verilmişdir.

Ümumiyyətlə, dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına 1993–2003–cü illərdə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 12530 poqonmetr suvarma kanalları və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 369200 poqonmetr kollektor–drenaj şəbəkəsi tikilmiş və bərpa edilmiş, çaylarda sel və daşqın təhlükəsizliyinin qarşısının alınması üçün 14603 poqonmetr mühafizə bəndləri tikilib istifadəyə verilmişdir.

Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycanda meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, bu sahə üzrə həyata keçirilmiş əzəmətli işlərin və əldə edilmiş nailiyyətlərin həm müəllifi, həm də təşkilatçısı Heydər Əliyevdir. Eləcə də əvvəlki illərdə həyata keçirilmiş meliorativ quruculuq işləri nəticəsində respublikamızda 53 min kilometr suvarma kanalları, 31 min 578 kilometr kollektor–drenaj şəbəkələri, 116 min 695 hidrotexniki qurğu, 135 su anbarı, 16 hidroqovşaq, 978 nasos stansiyası, 7 min 693 subartezian quyusu, 2037 kilometr mühafizə bəndləri, 3 min 40 kilometr boru kəmərlərindən ibarət müasir tələblərə cavab verən nəhəng meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Suvarılan sahələr 1432,8 min hektara, meliorasiya olunmuş sahələr 609,4 min hektara çatdırılmışdır.

Ulu öndərimizin qurub yaratdığı müstəqil Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. Prezident kimi fəaliyyət göstərdiyi dövrdə cənab İlham Əliyev sübuta yetirdi ki, o, ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısıdır.

Cənab İlham Əliyevin təşəbbüsü ilə təsdiq olunub uğurla başa çatdırılan “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı” qeyri–neft sahəsi, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafında mühüm rol oynamışdır.

Möhtərəm Prezidentimizin 2007–ci il noyabr ayının 8–də Taxtakörpü su anbarının, 2009–cu il may ayının 25–də Şəmkirçay su anbarının SES–lə birlikdə təməlqoyma, 2010–cu il aprel ayının 29–da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 15 avqust 2011–ci il tarixdə Vəlvələçay–Taxtakörpü kanalının birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü su Anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün verdiyi tapşırıq və tövsiyələr bunun bariz sübutudur.

Dövlətimizin başçısının sahəyə diqqətinin nəticəsi olaraq 2004–2011–ci illərdə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6,3 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı kapital qoyuluşu 37 dəfəyə yaxın artmışdır.

Xarici investisiyalar hesabına əkin sahələrindən duzlu yeraltı qrunt sularının Xəzər dənizinə axıdılması üçün Baş Mil–Muğan Kollektorunun sonuncu–3–cü 31 kilometrlik hissəsinin qurğularla tikintisi 2006–cı ildə, Samur–Abşeron suvarma sistemində kanalın qurğularla birlikdə ilk 50 kilometrlik hissəsinin və 188 kilometrlik uzunluğunda təsərrüfatlararası kanalların yenidən qurulması 2007–ci ildə, 67,2 kilometr uzunluğunda Xanarx kanalının tikintisi 2006–cı ildə, Vayxır su anbarının, Yuxarı Mil kanalının 4,26 kilometrlik hissəsinin, Ağcabədi rayonu ərazisində yerləşən Laçın qış otlaqlarında məskunlaşmış məcburi köçkünlərin su təchizatının yaxşılaşdırılması üçün Qarqar çayında suqəbuledici qurğunun və kanalın, Göyçay çayında suqəbuledici qurğunun, respublika çaylarında 56 km uzunluğunda beton–daş beton bəndlərin və onlarca belə obyektin tikintisi müxtəlif illərdə başa çatdırılmışdır.

Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan, təməli möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qoyulan Taxtakörpü su anbarının, Vəlvələçay–Taxtakörpü, Taxtakörpü–Ceyranbatan kanallarının, uzun illər vəsait çatışmazlığı üzündən tikintisi yarımçıq qalmış Tovuzçay su anbarının, Şəmkir maşın kanalının birinci növbəsinin, Qazax, Ağstafa, Şəki, Salyan, Ucar, Neftçala, Kürdəmir, Saatlı, Hacıqabul və digər rayonlarda çox sayda meliorasiya obyektlərinin tikintisinə başlanılmış və istismara verilmişdir.

Möhtərəm Prezidentimizin göstərişinə əsasən Dövlət Neft Fondunun vəsaiti hesabına 2006–cı ildən ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının (SES–lə birlikdə), uzunluğu 100 kilometr və sərfi saniyədə 40 kubmetr olan Taxtakörpü–Ceyranbatan kanalının tikintisi işləri müvəffəqiyyətlə davam etdirilir.

2012–ci ilin mürəkkəb təbii iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir–bərpa işlərini həyata keçirmişdir.

Mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Yuxarı Xanbulançay su anbarlarının qülləli suburaxıcı qurğusunda, Ağstafaçay sağ və sol sahil magistral kanallarda, Mil–Muğan və Samurçay hidroqovşaqlarının aşağı byefində, Türyançay hidroqovşağında, Yuxarı Qarabağ kanalının İncəçay çayı ilə kəsişməsindəki sutullayıcı qurğusunda, Yuxarı Şirvan kanalının Türyançay və Girdimançay dükerlərində, Şəmkir Maşın kanalının I və II pillə nasos stansiyalarında, Göygöl rayonunda Gəncəçay baş suqəbuledici qurğusunda, 51 ədəd tərpənməz və 33 ədəd üzən nasos stansiyasında, 59 ədəd subartezian quyusunda, Zərdab, Kürdəmir, Ağsu, Şamaxı və Xızı rayonlarının ərazisindəki nov kanallarda, ayrı–ayrı rayonların qış otlaq sahələrində 21,1 kilometr uzunluğunda müxtəlif ölçülü boru kəmərlərdə, dağ çaylarında 1100 poqonmetr daş–beton mühafizə bəndlərdə, Ağdam, Quba, Şabran, Xaçmaz, Qazax, Tərtər və Göyçay rayonlarında 10 kilometrə yaxın suvarma kanallarında və bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.

Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1353,7 min hektar sahədə orta hesabla 3,3 dəfə, o cümlədən taxıl 567323 hektarda 2,4 dəfə, pambıq 31192 hektarda 3,1 dəfə, tütün 1332 hektarda 3,6 dəfə, bostan–tərəvəz 70758 hektarda 4,8 dəfə, çoxillik əkmələr 83714 hektarda 3,4 dəfə və həyətyanı sahələr 156373 hektarda 4,6 dəfə suvarılmışdır. Bütün suvarma mənbələlərindən 7,0 milyard kubmetr su götürülmüş və ayrıcılardan su istifadəçilərinə 5,0 milyard kubmetr su verilmişdir.

Hazırda 1325,6 min hektar suvarılan torpaq sahəsini əhatə edən 547 Sudan İstifadəedənlər Birliyi fəaliyyət göstərir. Ötən ili cəmiyyətlə Sudan İstifadə Edənlər Birlikləri arasında qarşılıqlı əməkdaşlıq davam etdirilmiş, onlarla müqavilələrin bütünlüklə bağlanmasına nail olunmuş və 2837 min manat vəsait toplanmışdır.

Cəmiyyətin sənaye müəssisələrində 2012–ci ildə 6975 min manat dəyərində məhsul istehsal olunmuşdur. Hidrotexniki qurğuların təmirində və yenidən qurulmasında istifadə olunan müxtəlif adda 250 ton metal konstruksiya, 102 ədəd elektrik mühərriki təmir edilmiş, nasoslar üçün 260 min manatlıq ehtiyat hissələri hazırlanmış, müxtəlif sazlama–quraşdırma və servis xidmətləri həyata keçirilmişdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə 1 yanvar 2013–cü il tarixə bütün mənbələrdən, o cümlədən büdcə vəsaiti, xarici investisiyalar, Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına 14 ədəd yeni və 74 keçid obyektində layihələndirmə və əsaslı tikinti–quraşdırma işləri aparılmış və hazırda bu işlər davam etdirilir.

Dünya Bankının krediti hesabına “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı və Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Layihə çərçivəsində 406,15 kilometr içməli su və 323,4 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.

Eyni zamanda “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi”ndə respublikanın 15 rayonunda (Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Goranboy, Zərdab, Quba, Xaçmaz, Qusar, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı) yaradılmış SİB–in xidmət ərazilərində təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və drenaj sistemlərinin bərpası və həmin sahələrin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün layihə üzrə nəzərdə tutulmuş işlər davam etdirilmişdir.

Samur–Abşeron suvarma sistemlərinin yenidən qurulması layihəsində 2012–ci ildə Dövlət Neft Fondundan ayrılmış 200,0 milyon manat vəsait hesabına Taxtakörpü su anbarının SES–lə birlikdə tikintisi, Taxtakörpü–Ceyranbatan kanalının tikintisi və Vəlvələçay–Taxtakörpü kanalının tikintisi obyektləri üzrə tikinti işləri davam etdirilmişdir.

Respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin 11 aprel 2012–ci il tarixli sərəncamın icrası olaraq “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində kanalın 6,7 kilometrlik hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisi layihəyə uyğun 30 avqust 2012–ci il tarixində başa çatdırılmışdır. Onun zonasında Səhmdar Cəmiyyətinə həvalə edilmiş 774 və 831 hektar sahələrdə kompleks meliorativ tədbirlər həyata keçirilmişdir. Kanal onun zonasında yerləşən Beyləqan rayonunun 1500 hektar və Ağcabədi rayonunun 3300 hektar sahəsində özəl taxılçılıq təsərrüfatlarını suvarma suyu ilə təmin etməyə tam hazırdır. Hacıqabul rayonunun Muğan, Padar və Qarasu kəndlərində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə Padar magistral kanalının hidrotexniki qurğularla birlikdə 3 kilometrlik hissəsinin tikintisi üzrə işlər yerinə yetirilmişdir.

Hacıqabul rayonunda Pirsaat, Astara rayonunda Ləvain, Şamaxı rayonunda Zoqalavaçay, Tovuz rayonunda Tovuzçay su anbarında əsaslı təmir işləri aparılmış, Şəmkir çayı üzərində dəryaçanın tikintisi üzrə işlər davam etdirilmişdir. Bənddə gil və daş–qaya tökmə işləri, elektrik stansiyasında və paylayıcı hovuzda beton işləri yerinə yetirilmiş, su anbarının tikintisi kompleksinə daxil olan nəqledici magistral kanalın 1945 poqonmetr, qidalandırıcı kanalın 6721 poqonmetr, Təhliyyə kanalının 4357 poqonmetr, Sol və Sağ sahil Şəmkirçay magistral kanalların 13535 poqonmetr hissəsinin qurğularla birlikdə tikintisi işləri tamamlanmışdır.

“2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 5 kilometrlik başlanğıc hissəsində və Xəzər rayonunun Zirə və Türkan qəsəbələri ərazisindən keçən 15 kilometrlik hissəsində yenidənqurma işləri aparılmışdır. Xəzər rayonu üzrə Zirə qəsəbəsi, Sabunçu rayonu üzrə Bilgəh kəndinin, Suraxanı rayonu üzrə Hövsan və Abşeron rayonu üzrə Goradil kəndlərində əkin həyətyanı sahələrin yaxşılaşdırılması tədbirləri üzrə nasos stansiyaların, suqəbuledici hovuzların və təzyiqli boru kəmərlərinin tikintisi və təmir–bərpası üzrə işlər yerinə yetirilmişdir. Ümumilikdə 10349 poqonmetr kanal yenidən qurulmuş, 25018 poqonmetr təzyiqli metal boru kəmər çəkilmişdir.

Respublikanın ən sel təhlükəli çaylarında (Göyçay, Ağsuçay, Tərtərçay, Ağstafaçay, Daşağılçay, Oğuzçay, Şinçay, Kişçay, Qurcançay, Küngütçay, muxaxçay, Katexçay, Balakənçay, İnterçay, Zəyəmçay, Kürmükçay, Mazımçay, Zərnəçay, Hamamçay, Alazançay, Pensərçay, Qudyalçay, Qusarçay, Samurçay, Vəlvələçay, Qaraçay və Dəmiraparançay) sel və daşqınlara qarşı 6904 poqonmetr uzunluğunda (dəmir–beton, daş–beton, beton, daş tökmə) sahilbərkitmə işləri yerinə yetirilmişdir. Bundan əlavə, çayın məcrasında 2045 poqonmetr uzunluğunda məcratəmizləmə işi görülmüş, İran İslam Respublikası ilə sərhəddə yerləşən Araz və Bolharı çaylarında 700 poqonmetr sahilbərkitmə işləri aparılmışdır.

Ümumilikdə respublikanın rayonlarında 209204 poqonmetr suvarma kanallarının, 161825 poqonmetr kollektor–drenaj şəbəkələrin tikintisi, yenidən qurulması və bərpası aparılmışdır.

Dövlətimizin qayğısına söykənən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC–nin çoxminli kollektivləri ölkənin meliorasiya və su təsərrüfatı sistemində uğurlu göstəricilərə nail olmuşlar. Ötən ildə əldə edilmiş nailiyyətlər bu ilin birinci yarısında da uğurla davam və inkişaf etdirilmişdir. Suvarma sistemlərində və kollektor–drenaj şəbəkələrində 11,4 milyon kubmetr həcmində lildəntəmizləmə işləri görülmüş, 1170 hidrotexniki qurğu, 196 hidropost, 65 subartezian nasosu, 18 stasionar nasos, 14 elektrik və dizel mühərriki, 7 transformator, 2 üzən nasos stansiya təmir edilib işlək vəziyyətə gətirilmişdir.

Çay məcralarında 3,1 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 3,4 min kubmetr şax–daş və faşın, 0,8 min kubmetr qabionbəndlər quraşdırılmış və daş–beton bəndlərdə 4,3 min kubmetr həcmində təmir işləri görülmüşdür. Aparılan təmir və bərpa işləri əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrinin vaxtlı–vaxtında suvarma suyu ilə təmin olunmasına şərait yaradacaqdır.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin meliorasiya və su təsərrüfatının inkişafına olan diqqət və qayğısı ardıcıldır. 29 aprel 2008–ci il Prezident Sarayında dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə ölkəmizdə su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə dair xüsusi iclas keçirməsi bu qayğı və diqqətin parlaq təzahürüdür.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da meliorasiya və su təsərrüfatının inkişafına önəm verilmişdir. Sahənin qarşısındakı vəzifələrdən danışarkən dövlət başçısı demişdir: “Hazırda Azərbaycanda iki nəhəng layihə–Taxtakörpü su anbarı–Samur–Abşeron kanalı və Şəmkirçay su dəryaçası layihələri icra edilir. Bu layihələrin icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcəkdir. Bu layihələr çox böyük maliyyə vəsaiti tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki bu, ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq təhlükəsizliyin təmin edilməsi üçün lazımdır”.

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda, regionlara səfərləri zamanı etdiyi çıxışlarında dövlət başçısı hər zaman ölkədə meliorasiya və su təsərrüfatının inkişafına ciddi önəm verib.

Dövlətimizin və onun başçısı cənab İlham Əliyevin diqqət və qayğısına söykənən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, onun çoxminli kollektivləri şübhə yoxdur ki, qarşılarına qoyulmuş vəzifələri uğurla yerinə yetirmək üçün bundan sonra da səylə çalışacaqlar.

 

 

Əhməd ƏHMƏDZADƏ,

Azərbaycan Meliorasiya və

Su Təsərrüfatı ASC–nin sədri

 

Respublika.- 2013.- 2 may.- S. 7.