HÜQUQİ,
DÜNYƏVİ, DEMOKRATİK DÖVLƏTİMİZİN
YARADICISI
Müasir Azərbaycan tarixi dedikdə öncə gözümüzün önündə ulu öndər, bütün varlığı ilə xalqına bağlanmış Heydər Əliyevin siması canlanır. Xalqımız Heydər Əliyevlə fəxr edir. Ulu öndər də özünün dediyi kimi, azərbaycanlı olması ilə daim fəxr etmiş, ən yüksək kürsülərdə belə bu məhəbbətini etiraf etmişdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
40 ildən artıq bir dövrdə xalqımızın taleyi Heydər Əliyev şəxsiyyəti ilə, onun quruculuq fəaliyyəti və ölkənin müstəqilliyi və tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Heydər Əliyev Azərbaycan torpağının xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir.
Heydər Əliyev hələ Sovet İttifaqı dövründən Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermiş, müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizin əsaslarını yaratmışdır.
Gənc müstəqil Azərbaycan Respublikası artıq təkcə regionun və postsovet məkanının deyil, eləcə də bütövlükdə dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir.
Qədim tarixə malik olan Azərbaycan dövləti tarixən öz müstəqilliyini əldə etməyə can atmışdır və ilk dəfə 1918–ci ildə müstəqilliyinə nail olmuşdur. Lakin bu müstəqillik uzun sürməmişdir. Dövlətimiz bu gözəl nemət olan müstəqilliyi tarixi zərurətdən 1991–ci ildə yenidən əldə etdi. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimiz yenidən əldə edildiyi bir dövrdə Azərbaycan dövlətinin sükanı naşı və səriştəsiz insanların əlində olduğundan, dövlətimiz nəinki müstəqilliyi qoruyub saxlamaq iqtidarında idi, hətta parçalanmaq, yer üzündən silinmək təhlükəsi altında qalmışdı. Məhz belə bir dövrdə Azərbaycan xalqının təkid və tələbi ilə ulu öndər Heydər Əliyev 1993–cü ildə yenidən hakimiyyətə qayıtdı. Bu gün təsadüfi deyildir ki, Azərbaycan xalqı tərəfindən bu qayıdış “Qurtuluş günü” adlandırılmışdır.
Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai–siyasi, sosial, iqtisadi, elmi, mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslarla, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə nail olunmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994–cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildı. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə nəinki Azərbaycan dövləti öz müstəqilliyini qoruyub saxladı, dövlətimiz ildırım sürəti ilə inkişaf edərək, bugünkü qüdrətli bir dövlətə çevrildi. Bu sıçrayışlı inkişaf hər bir Azərbaycan vətəndaşının gözləri qarşısında baş verirdi. 1993–2003–cü illərdə bir əsrə bərabər işlər görüldü, ulu öndərin qayıdışı ilə ölkənin hər sahəsində islahatlar aparılmağa başlandı. 1994–cü ildə böyük neft kontraktının imzalanması Azərbaycanın iqtisadi bazasını yaratdı.
Dövlət qanunlarla idarə olunmalı idi, 1995–ci il 15 noyabr tarixdə ulu öndərin bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik–hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd–şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək yolu kimi seçmişdir.
Konstitusiyanın ən geniş bölməsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə həsr olunmuş, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının təminatı kimi qanunverici, icra və məhkəmə hakimiyyəti bölgüsü qanuni yolla təsdiq edilmişdir. Konstitusiyanın qəbulundan sonra bir–birinin ardınca “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında” , “Polis haqqında”, “Əməliyyat–axtarış tədbirləri haqqında”, “Notariat haqqında” və digər qanunlar qəbul edilmişdir.
1995–ci ildən ölüm hökmü cəzası üzərində moratorium qoyuldu. 1998–ci il 10 fevral tarixdən isə bu cəza tam ləğv edildi.
1995–2003–cü illərdə ulu öndər Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, 8 amnistiya haqqında qanun qəbul edilmişdir.
Respublikamızda keçirilən hüquqi dövlət quruculuğu inkişafının nəticəsi olaraq Azərbaycan 2001–ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv seçilmişdir.
Heydər Əliyevin gərgin əməyi və dövlət idarəçilik təcrübəsi nəticəsində Konstitusiyada təsbit olunmuş hüquqi, dünyəvi, demokratik dövlət bərqərar olmuş, hər bir Azərbaycan vətəndaşının hüquqlarının təminatı kimi müstəqil məhkəmə hakimiyyəti formalaşmışdır.
2000–ci ildən Məhkəmə–Hüquq Şurası hakim vəzifəsində çalışmaq üçün qanuni meyarlara cavab verən namizədlərin test üsulu ilə obyektiv və ədalətli əsaslarla seçilməsi, peşəkar hakim korpusunun formalaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Ulu öndərin fəaliyyəti ilə ölkədə demokratiya bərqərar oldu. Ölkədə söz, fikir və mətbuat azadlığı tam təmin edildi. Ulu öndər 6 avqust 1998–ci il tarixdə kütləvi informasiya vasitələri üzərində senzuranı ləğv etdi.
Ulu öndər Azərbaycan dövlətini inkişaf etdirərək, bünövrəsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş demokratik, hüquqi və dünyəvi dövlət qurdu.
Bu gün hər bir Azərbaycan vətəndaşı rahatlıqla və fəxarət hissi ilə deyə bilər ki, ulu öndər Heydər Əliyevin qurub–yaratdığı Azərbaycan dövləti onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Müstəqil Azərbaycan Respublikası son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atmış, sürətli iqtisadi inkişaf tempi ilə dünyada liderlik mövqeyini qoruyub saxlamış, məhz dövlət idarəçiliyi uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində gerçəkləşmişdir. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı dünya dövlətləri sırasında ən sürətlə inkişaf edən sabit və qüdrətli dövlətə çevirməyə nail olmuşdur. Ölkə başçısı İlham Əliyev son illərdə insan və vətəndaş azadlıqlarının yüksək səviyyədə təminatına xidmət edən islahatları keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirmək imkanı yaratmış, ictimai həyatın bütün sahələrində, o cümlədən hüquqi dövlət quruculuğu yönündə həyata keçirdiyi islahatların başlıca qayəsində məhz insan və şəxsiyyət amili dayanmışdır.
Dövlət başçısının 17 iyun 2007–ci il tarixli fərmanı ilə 18 iyun gününün Azərbaycanda “İnsan hüquqları günü” elan olunması insan amilinə həssas münasibətin bariz təcəssümüdür. 1998–ci ilin 18 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Ötən müddətdə insan hüquqlarının müdafiəsi prosesinin səmərəli təşkili də diqqət mərkəzində saxlanılmışdır. Bu baxımdan dövlət başçısının 28 dekabr 2006–cı il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqularının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında” sərəncam ölkədə insan hüquq və azadlıqlarının təminatı istiqamətində daha qətiyyətli və prinsipial addımların atılmasına imkan yaratmışdır. Sərəncam əsasında Azərbaycan Respublikasının normativ–hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmini, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinın insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, hüquqi maarifləndirilmə işlərinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011–ci il dekabrın 27–də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir.
Milli Fəaliyyət Proqramı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması istiqamətində atılan ilk ciddi addımlardan biri olmuşdur. Bu sənəd insan hüquqlarının müdafiəsinin Azərbaycan üçün strateji əhəmiyyətli məsələ olduğunu bir daha təsdiqləyir.
Son illər ölkədə hüquqi dövlət quruculuğu sahəsində atılmış ən mühüm addımlardan biri də 2009–cu ilin 18 martında ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi olmuşdur.
2009–cu ilin martında keçirilmiş ümumxalq referendumunun nəticəsi olaraq Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə dairəsinin, hüquqlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətinin artırılmasına, yerli özünüidarə qurumlarının məsuliyyəti prinsiplərinin təsbit olunmasına yönəlmişdir.
Prezident İlham Əliyevin siyasi iradəsi ilə son illərdə məhkəmə sisteminin daha da müasirləşdirilməsinə xidmət edən tədbirlər də uğurla davam etdirilmişdir. Bu məqsədlə Azərbaycan–Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində “Məhkəmələr və hakimlər haqqında” yeni qanun, “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”, “Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları”, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir və hazırda uğurla tətbiq olunmaqdadır.
19 yanvar 2006–cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərman respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində mühüm addımlardan biri olmuşdur.
Böyük fərəh hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan BMT–nin Təhlükəsizlik Şurasının qeyri–daimi üzvüdür. İqtisadi inkişafa paralel olaraq, ölkədə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun, real məzmun kəsb etməkdədir. Vətəndaşların əsas hüquqlarının müdafiəsinin mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri həyata keçirilir.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində dövlətin əsas qanunu olan Konstitusiyada təsbit olunmuş hüquqi, dünyəvi, demokratik dövlət bərqərar olmuşdur. Bu gün Azərbaycanda hüquqi dövlət olaraq hər bir insanın hüquqlarının müdafiəsi üçün tam təminat vardır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə hüquqi islahatların gündən–günə yenu qanunlarla tənzimlənməsi respublikamızda qanunçuluğun və hüquq qaydalarının daha da möhkəmləndirilməsinə nail olunmuşdur.
Xalqımız fəxr edir ki, Azərbaycan torpağının vətənimizə bəxş etdiyi dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevin məhəbbətlə qurub–yaratdığı Azərbaycan dövləti hazırda onun layiqli davamçısı İlham Əliyev tərəfindən inkişaf etdirilərək qüdrətli bir dövlətə çevrilmişdir.
Təranə HÜSEYNOVA,
Şamaxı Rayon Məhkəməsinin
hakimi
Respublika.- 2013.- 2 may.- S. 11.