Əzəmətli
və bənzərsiz insan
Tarixdə elə dühalar yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin böyük bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır.
Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin təbirincə desək, “Heydər Əliyev Azərbaycanı israrla və demokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”. Heydər Əliyevin 80 illik yubileyi münasibətilə ümummilli liderimizin portretini çəkən dünya şöhrətli rəssam N.Safronov ulu öndərimizlə tanış olduqdan sonra demişdi ki, belə şəxsiyyət min ildə bir dəfə dünyaya gəlir.
Hələ 1969–cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi milli tariximizdə əsaslı dönüş mərhələsi olmuşdur. Respublikaya rəhbərliyinin ilk günlərindən xalqın sabahını düşünən Heydər Əliyev Azərbaycanın gələcək inkişafı və müstəqilliyi üçün mühüm təminatlar yaratmışdır. Məhz həmin illərdən etibarən xalqımızın milli mənlik şüuru yüksəlmiş, xalqın həyat səviyyəsinin yaxşılaşması üçün bir sıra mühüm sosial–iqtisadi islahatlar həyata keçirilmiş, Azərbaycan keçmiş Sovetlər Birliyinin ən qabaqcıl respublikaları sırasına daxil olmuşdur. Dahi Heydər Əliyev totalitar rejimin sərt təzyiqlərinə baxmayaraq, ən qlobal problemləri belə məharətlə həll edərək, ölkəmizin siyasi və iqtisadi müstəqilliyi üçün münbit şərait yaratmağa müvəffəq olmuşdur. Hələ o vaxtlardan ümummilli liderimizin beynəlxalq aləmdəki, dünya siyasətindəki ad–sanı, şan–şöhrəti ilə fəxr edirdik. Təsadüfi deyil ki, həmin dövrün tanınmış siyasətçiləri, bir sıra təhlilçilər və politoloqlar məhz Heydər Əliyevi Sov. İKP MK–nın Baş katibi vəzifəsinə ən layiqli namizəd kimi görürdülər.
Əlbəttə, imperiya təfəkkürlü siyasi dairələr öz intellektual səviyyəsi və parlaq liderlik istedadı ilə fərqlənən azərbaycanlıya belə bir imkan vermədilər.
Sovetlər İttifaqının süqutundan sonra ölkədə xaos, özbaşınalıq kulminasiya həddinə çatdığı bir zamanda yenicə müstəqillik qazanmış respublikamızı parçalanmaq, milli dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qurtarmaq üçün Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın arzusu idi. Vətənin dar günündə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərliyi öz üzərinə götürən Heydər Əliyev tarixi xilaskarlıq missiyasını yerinə yetirdi. Böyük öndərin yenidən hakimiyyətə gəlməsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.
Azərbaycanın müstəqilliyinə düşmən kəsilmiş xəyanətkarlar bir neçə dəfə dövlət çevrilişinə cəhd edərək öz cinayətkar, xalqın mənafelərinə zidd niyyətlərini həyata keçirmək istəsələr də, buna nail ola bilmədilər. Heydər Əliyevə olan tükənməz xalq məhəbbəti və inamı qarşısında məğlubiyyətə düçar oldular. Həmin çevriliş cəhdləri zamanı ulu öndərimiz təkcə siyasi iradə, müdriklik və uzaqgörənlik deyil, həm də şəxsi qəhrəmanlıq, hünər nümunəsi göstərdi. Həyatı hər an təhlükə altında olsa da, xəyanətkarlara qarşı kəskin mübarizəyə qalxdı, müstəqil dövlətçiliyimizin möhkəm əllərdə olduğunu nümayiş etdirdi.
Beləliklə, milli tariximizin Heydər Əliyev dövrü özünün daha şərəfli mərhələsinə daxil oldu. Ümummilli liderimizin siyasi məharəti, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və uzaqgörənliyi sayəsində ölkəmiz ən böyük çətinlikləri, milli dövlətçiliymizin itirilməsinə səbəb ola biləcək bütün problemləri aradan qaldırdı. Ulu öndərin xilaskarlıq missiyası nəticəsində məhv olmaq təhlükəsindən qurtulan Azərbaycan gələcəyə inamla addımlayan qüdrətli dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə hökm sürən hərc–mərclik, vətəndaş müharibəsinin qarşısı alındı, ictimai–siyasi sabitlik bərqərar oldu. Ölkənin xarici siyasəti milli maraqlara uyğunlaşdırılaraq formalaşdırıldı. Ulu öndərimizin milli strategiyası hazırlanaraq uğurla həyata keçirildi.
Müdrik rəhbərimizin başçılıq etdiyi Azərbaycan regionda sülh və əmin–amanlığın qorunması uğrunda mübarizə aparan dövlətə çevrildi. Bir çox beynəlxalq və regional layihələrin həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasına səbəb oldu. Tarix ona fenomenal qabiliyyət bəxş etmişdi. Ümummilli lider Heydər Əliyevin reallaşdırdığı layihə və proqramlar xalqın gələcəyinə hesablanmışdı və zaman göstərdi ki, bunlar əfsanə yox, bir həqiqətdir. Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter almış, həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmiş, ölkəmiz dünya birliyinin tərkib hissəsinə çevrilmiş, böyük nüfuz qazanmışdır.
Azərbaycanın əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanıb. Heydər Əliyev ideyaları müqəddəsdir və daim yaşayacaqdır. Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi, iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı qoydu. Ömrünün qalan hissəsini bu müdrik insan həqiqətən də xalqa qurban verdi. Qədirbilən xalqımız bunu heç zaman unutmayacaqdır. Zəmanəmizin ən nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyətin ölkəmizin tərəqqisində və inkişafındakı rolu danılmazdır.
Heydər Əliyevin siyasi kursu Azərbaycana bütün sahələrdə böyük uğurlar gətirib. Sabitlik, demokratiya və tərəqqi son illərimizi xarakterizə edən mühüm amillərdir. Bu müdrik siyasət nəticəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir. Artıq dünya da ölkəmizlə hesablaşır, irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dövlətin əsas göstəricilərindən biri olan iqtisadiyyatda aparılan köklü islahatların nəticəsində ölkəmiz qısa müddət ərzində bu sahənin yüksəlişini təmin etmişdir.
Biz bu gün ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın ümummilli lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Çünki o, dünyamiqyaslı siyasi lider idi.
Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimiz demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezidentimiz bu gün, həqiqətən də, xalqın etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirir. Biz də hər birimiz Prezidentin ətrafında sıx birləşərək onun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməyə çalışırıq. İnanırıq ki, siyasətdə öz sözünü deyən, beynəlxalq aləmdə böyük nüfuz qazanan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni uğurlar qazanacaqdır.
Məcid ƏLİYEV,
Şəki Şəhər
Mərkəzi Xəstəxanasının baş
həkimi, Yeni Azərbaycan
Partiyasının üzvü
Respublika.- 2013.- 2 may.- S. 12.