Ümummilli liderimizin 90 illik yubileyi qeyd olundu

 

Bu günlərdə “Bakı Sərnişin Nəqliyyatı” MMC–nin iclas zalında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təntənəli yığıncaq keçirildi.

Əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Bakı Sərnişin Nəqliyyat” MMC–nin rəis müavini Davud Əfəndizadə Azərbaycan dövlətinin möhkəmlənməsi, hüquqi, demokratik, unitar dovlətin yaranması və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin əvəzolunmaz rolundan danışaraq dedi ki, Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. Azərbaycanın tarixinə qurucu, xilaskar kimi daxil olmuş ulu öndərin xalqımızın taleyində, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

Heydər Əliyev 1990–cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin riyakar siyasətinə etiraz əlaməti olaraq 1991–ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

Xalqın xahişi ilə 1993–cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanda hökm sürən iqtisadi tənəzzülün qarşısını almış, respublikamızın davamlı inkişafı istiqamətində böyük islahatlara başlamış və bu islahatları uğurla həyata keçirmişdir. Ulu öndər 1994–cü ilin sentyabrında dünyanın aparıcı ölkələrinin məşhur neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla, Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu. Milli neft strategiyası və Qədim İpək Yolunun bərpası konsepsiyası ulu öndərimizin yalnız öz xalqı üçün deyil, həm də onun bəşəri xidmətlərindəndir.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995–ci il noyabr ayının 12–də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun daha sürətli inkişafına təkan verdi.

Ulu öndərin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da inkişaf dövrü başladı. Qısa zamanda nəqliyyat sektoru öncül yerlərdən birini tutdu. Uzaqgörən dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, nəqliyyat sistemi iqtisadi inkişaf üçün olduqca vacibdir. Məhz buna görə də nəqliyyatın bütün sahələrinə diqqət və qayğı göstərirdi. Nəqliyyat sahəsinə bu qayğı hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahənin inkişafına böyük əhəmiyyət verən dövlət başçısı demişdir: “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri, çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayır. Hesab edirəm ki, gələcəkdə tranzit ölkə kimi bölgədəki və dünyadakı mövqelərimiz daha da möhkəmlənəcəkdir. Beləliklə, indi Azərbaycanda bütün sferaların, o cümlədən də nəqliyyatın inkişafı üçün münbit şərait var”. Bu səbəbdəndir ki, cənab Prezident İlham Əliyev nəqliyyat sistemini, ölkə dəmiryolu nəqliyyatını daha da təkmilləşdirmək məqsədilə 2010–cu ildə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2010–2014–cü illərdə inkişafına dair Dövlət Proqramını təsdiq etmişdir.

Bu gün Azərbaycanda möhtərəm Prezident cənab İlham Əliyevin gərgin əməyi və yorulmaz fəaliyyəti ölkə iqtisadiyyatının, o cümlədən yol–nəqliyyat kompleksinin dinamik inkişafı ücün də böyük imkanlar yaradır.

Müharibə veteranı Əmrah Cəfərov öz çıxışında qeyd etdi ki, ulu öndər Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində 40 il bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Nəinki hərbi sahədə, bütün sahələrdə Azərbaycanın gələcək müstəqilliyi naminə çox böyük işlər görülmüş, respublikamızda güclü, zəngin təhsil potensialı, təhsil ocaqları, savadlı müəllimlər ordusu yaranmışdır.

Müstəqil Azərbaycan Rcspublikası Konstitusiyasında təhsilin dövlətin strateji sahəsi olması bir daha təsdiqləndi, pulsuz icbari ümumi orta təhsilə dövlət təminatı verildi. Nəinki Azərbaycanda, həm də xarici dövlətlərdə təhsil alan tələbələrin sayı ildən–ilə artmağa başladı.

Heydər Əliyev XX əsrdə və yeni minilliyin əvvəllərində vətənimizi təmsil etmiş mahir dövlət başçısı, kamil, müdrik el ağsaqqalı, dərin ağıl və zəka sahibidir. O öz biliyi və zəngin təfəkkürü sayəsində tarixdə silinməz izlər buraxmışdır.

Müharibə veteranı İbrahim Şirinov bildirdi ki, əsrin ortalarından azərbaycanlı kadrların hazırlanmasına xüsusi önəm verən ulu öndər müstəqillik illərində də bu məsələyə diqqətlə yanaşmışdır. Ümummilli liderimiz Heydər Əliyev 1998–ci il dekabrın 1–də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə imzaladığı sərəncamla Azərbaycanda ilk dəfə olaraq xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanması işinin əsaslı təməlini qoymuşdur. Müstəqil respublikamızda Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının təsis edilməsi ölkənin elmi–ictimai həyatında, o cümlədən təhlükəsizliyinin təminatı işində çox əlamətdar bir hadisə idi.

Heydər Əliyev çevik, düşünülmüş və uzaqgörən siyasəti ilə ermənilərin işğalçılıq siyasətini, dövlət çevrilişi cəhdlərini neytrallaşdırdı. Vətəndaş müharibəsinin, ölkənin parçalanmasının qarşısını aldı.

Bu gün ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik siyasəti və strategiyası onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda “Bakı Sərnişin Nəqliyyatı” MMC–nin rəis müavini Davud Əfəndizadə çıxış edərək bildirmişdir ki, xalqımız ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək onun yeritdiyi xarici və daxili siyasətin bəyənildiyini və dövlətimizin, gələcəyimizin möhkəm əllərdə olduğuna qəti əmindir.

 

 

Cəlalət QULİYEVA,

Bakı Regional Şöbənin baş məsləhətçisi

 

Respublika.- 2013.- 2 may.- S. 12.