Rusiyanın
yüksək təltifinə layiq görülmüş Azərbaycan
ziyalısı
Xalqlarının tarixində
müstəsna xidmətləri olan böyük şəxsiyyətlərin
elm və təhsilə münasibəti, bu sahələrin
inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını
təmin edən ən başlıca amillərdən biridir.
Müstəqil Azərbaycan dövlətinin
qurucusu, bu il anadan olmasının 90–cı ildönümü
respublika səviyyəsində qeyd olunan ümummilli lider Heydər
Əliyev də idarəçiliyinin bütün mərhələlərində
elm və təhsilin inkişafına xüsusi qayğı ilə
yanaşmış, ilk növbədə xalqın
intellektual gələcəyini
düşünmüşdür. Elmi–intellektual
sahədə qazanılan nailiyyətləri dövlət
quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı
hesab edən ulu öndər milli təhsil sisteminin mütərəqqi
prinsiplər əsasında inkişafı naminə
bütün zəruri tədbirləri həyata
keçirmişdir.
Keçmiş
İttifaq dövründə ölkəmiz üçün zəruri
sahələr üzrə peşəkar mütəxəssislərin
hazırlanması məqsədi ilə yeni ali təhsil müəssisələrinin
fəaliyyətə başlaması, habelə SSRİ–nin ən
nüfuzlu ali məktəblərinə tələbələrin
göndərilməsi ümummilli liderimizin xalqımız
qarşısında ən böyük xidmətlərindən
biri kimi həmişə hörmətlə anılır.
Ulu
öndərin apardığı həmin məqsədyönlü
siyasət nəticəsində 1982–1987–ci illərdə
keçmiş SSRİ–nin ən nüfuzlu ali təhsil
ocağında— M.Lomonosov adma Moskva Dövlət Universitetində
ali hüquq təhsili alaraq peşəkar mütəxəssis
kimi formalaşan, sonradan bu sahədə daha böyük elmi
uğurlara imza atan həmin şəxslərdən biri də
hüquq elmləri doktoru, professor Rəşad Afad oğlu
Qurbanovdur.
Hazırda
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində
yaşayan, elmi–pedaqoji fəaliyyəti ilə Rusiya ictimaiyyətinin
dərin rəğbətini qazanan, ziyalı adının məsuliyyətini
ləyaqətlə daşıyan professor Rəşad Qurbanov
istər elmi–pedaqoji, istərsə də ictimai–siyasi fəaliyyəti
ilə daim xalqımızın admı uca tutur və Rusiya
mühitində azərbaycanlıların yüksək elmi–mədəni
potensiala malik olduğunu bir daha sübut edir. Əsl elm
adamlarına xas sadəliyi, səmimiliyi və təvazökarlığı
səbəbindən Azərbaycanda çoxları Rusiyada
yaşayan və işləyən bu istedadlı alimin
uğurlarının real miqyasından xəbərsiz olsa da, Rəşad
Qurbanovun fəaliyyəti kifayət qədər geniş, əhatəli
və səmərəlidir.
Hüquqşünas–alimin
çoxşaxəli səmərəli fəaliyyətinin
Rusiya Federasiyasının dövlət başçısı
səviyyəsində yüksək qiymət alması hər
bir azərbaycanlı üçün qürur doğuran hadisə
olmuşdur: Rəşad Qurbanov 2005–ci ildə Rusiya
Federasiyasının Fəxri Fərmanı ilə təltif
olunmuş, 2013–cü il fevralın 23–də isə yüksək
təltifə — “Rusiya Federasiyasının Əməkdar
Hüquqşünası” fəxri adına layiq
görülmüşdür. Bu yüksək təltif ona
hüquq elminin inkişafındakı xidmətlərinə,
habelə hüqüqşünas kadr hazırlığı
sahəsindəki səmərəli fəaliyyətinə
görə verilmişdir. Bunlar onun fəaliyyətinin real
miqyası və səmərəsi barədə daha dolğun
təsəvvür yaradır.
İnsanın
təkcə gələcək ömür yolunun deyil, həm də
peşə seçiminin düzgün müəyyənləşməsində
onun doğulub boya–başa çatdığı məkan və
ailə dəyərlərinin rolu az deyildir. Görkəmli Azərbaycan
ədibi İlyas Əfəndiyev vaxtı ilə yazırdı
ki, “Hər bir insanın tale yolu, yaradıcılıq qabiliyyəti
onu əhatə edən mühitə, məkana və zamana
bağlıdır”.
Professor Rəşad Qurbanov 1966–cı il yanvarın 20–də Bakı şəhərində ziyalı ocağında dünyaya göz açmış, çevrəsində, ailəsində gördüyü yüksək mənəvi–əxlaqi dəyərlər onun xarakterinə, mənəvi dünyasına hopmuşdur.
Atası—Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi, türkoloq, ictimai xadim, dünyanın bir çox linqvistik və onomastik elmi təşkilatlarının həqiqi və fəxri üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Afad Qurbanov uzun illər boyu bütün qüvvə və bacarığını Azərbaycan və türk dünya dilçiliyinin hərtərəfli tədqiqinə və inkişafına, yüksək ixtisaslı elmi–pedaqoji kadrların, alimlərin yetişdirilməsinə həsr etmişdir. Afad Qurbanovun Azərbaycan dilçilik elminin inkişafı üçün gördüyü tarixi işlər, yazdığı sanballı əsərlər, habelə Azərbaycan Əlifba Komissiyasının sədri və əlifba islahatçısı kimi hazırladığı və hər bir azərbaycanlının bu gün istifadə etdiyi latın qrafikalı Azərbaycan əlifbası yüksək mənada vətəndaşlığın, fədakar alim fəaliyyətinin parlaq nümunəsidir.
Belə bir dəyərli alimin ocağında ərsəyə gəlmiş Rəşad Qurbanovun savadlı cəmiyyətdə faydalı insan kimi yetişməsi kökdən gəlmişdir.
R.Qurbanov Bakıdakı 134 saylı orta məktəbi qızıl medalla başa vurduqdan sonra 1982–ci ildə V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə respublikadan göndərilmişdir. 1987–ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini uğurla bitirdikdən sonra həyatını hüquq elminin tədqiqinə həsr edərək keçmiş SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. Vətənə döndükdən sonra fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda davam etdirmişdir.
1990–1995–ci illərdə Azərbaycanda müxtəlif dövlət strukturlarında rəhbər vəzifələrdə çalışmaqla yanaşı, elmi fəaliyyətdən qətiyyən uzaqlaşmamış, 1994–cü ildə Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda akademik V.Laptevin elmi rəhbərliyi ilə namizədlik dissertasiyasını uğurla müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi almışdır. 2005–ci ildə O.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasında doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru alimlik elmi dərəcəsinə və sonradan professor adına layiq görülmüşdür. Elmdəki uğurları ilə kifayətlənməyən Rəşad Qurbanov 2007–ci ildə Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını da bitirmişdir.
2008–2012–ci illərdə O.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının sahibkarlıq hüququ kafedrasının professoru, 2010–2012–ci illərdə Rusiya Dövlət Ticarət–İqtisad Universitetinin mülki və əmək hüququ kafedrasının müdiri işləmiş, Bu ildən Plexanov adına Rusiya Dövlət İqtisadiyyat Universitetinin sahibkarlıq hüququ və mülki–hüquq fənləri kafedrasının müdiridir.
Rusiya ictimai–siyasi və mədəni mühitində yüksək alim fəallığı ilə seçilən Rəşad Qurbanovun elmi və ictimai fəaliyyəti də kifayət qədər şaxəlidir. O, sahibkarlıq, mülki, beynəlxalq, energetika və regional inteqrasiya hüququna dair 150–dən çox elmi məqalə və monoqrafiyanın müəllifidir. Alimin gərgin zəhmət hesabına ərsəyə gətirdiyi əsərlərin əksəriyyəti Rusiya hüdudlarından kənarda da böyük maraqla oxunur, dərslik və dərs vəsaitləri kimi geniş istifadə olunur. Bu sırada “Neft və qaz. Dünya tarixi” (ingilis dilində) monoqrasiyasını, “Qlobalistika. Beynəlxalq ensiklopedik lüğət”ini, “Mülki hüquq” (xüsusi hissə), “Əmək hüququ”, “Ailə hüququ”, “Roma hüququ” elmi–metodiki vəsaitlərini, “Yaşayış hüququ”, “Qərb dövlətlərinin vətəndaş və ticarət hüququ”, “Mülki hüququnun aktual problemləri”, “Energetika hüququ və Avropa İttifaqının energetika siyasəti” və digər dərslik və monoqrafiyalarını göstərmək olar. Rusiyanın nüfuzlu alimləri ilə birgə yazılmış bu kitab və dərs vəsaitləri hüquqşünaslar və tədqiqatçılar üçün zəngin mənbə rolunu oynayır.
Professor Rəşad Qurbanovun Rusiya elminə mühüm töhfələrindən biri də elmi kadrların yetişdirilməsi işidir. Onun rəhbərliyi altında 8 elmlər namizədi və 3 elmlər doktoru müdafiə etmişlər. O, Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva Universiteti yanında elmlər namizədi və elmlər doktoru dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya Şurasının üzvüdür.
Hərbi Elmlər Akademiyasının professoru, ehtiyatda olan polkovnik Rəşad Qurbanov 2008–ci ildən Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvüdür.
Rəşad Qurbanov 2001–ci ildə “Müstəqil Dövlətlər Birliyinin İnkişafı Hümanitar Fondu”nun baş direktoru vəzifəsinə təyin edilmişdir.
Bundan başqa, professor R.Qurbanov Rusiya Hökumətinin Kostroma Vilayətinin Administrasiyasında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Hazırda Rusiya Federasiyasının Hesablama Palatasının sədri yanında Ekspert–Məsləhət Şurasının üzvü, Rusiya və Belarusiya arasında ittifaqın yaradılmasının hüquqi məsələləri üzrə Komissiyanın, Rusiya Hüquqşünasları Assosiasiyası və Belarusiya Hüquqşünaslar Birliyinin Avrasiya İqtisad İttifaqının sədr müavini–məsul katibi, habelə Rusiya Hüquqşünasları Assosiasiyasının Federal Mərkəzinin və Rusiya Federasiyası Dövlət Dumasının mülkiyyət məsələləri üzrə Ekspert Şurasının üzvü kimi məsul işlərin öhdəsindən uğurla gəlir.
Özünə dərin hörmət, nüfuz qazanmış professor Rəşad Qurbanovun uğurlarının əsasında onun şəxsi keyfiyyətləri —yüksək intellekti, mənəvi təmizliyi, ünsiyyət mədəniyyəti, daim üzərində işləməsi, ədalətə və qanuna sadiqliyi dayanır.
Bəhram Zahidov,
AMEA–nın Fəlsəfə,
Sosiologiya və
Hüquq İnstitutunun elmi
işlər üzrə direktor
müavini,
hüquq elmləri doktoru,
professor
Respublika.- 2013.- 2 may.- S. 14.