Ucar: ilin birinci rübünün uğurları

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr Ucar Rayon İcra Hakimiyyətinin başçısı yanında ətraflı müzakirə olunmuşdur. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq–mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı Ucar Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov açaraq 2013–cü ilin ötən üç ayı ərzində rayonun sosial–iqtisadi inkişafının yekunları və qarşıda duran mühüm vəzifələrlə bağlı ətraflı məlumat verdi.

Ölkəmizin dinamik inkişafının təmin olunmasında Ucar rayonunun da yaxından iştirak etdiyini vurğulayan məruzəçi qeyd etdi ki cari ilin birinci rübündə rayonun iqtisadi göstəricilərində xeyli artım müşahidə olunmuşdur. Belə ki, 2012–ci ildə iqtisadiyyatın artım tempi 2013–cü ilin birinci rübünün göstəricilərinə də öz müsbət təsirini göstərmişdir.

Rüb ərzində ümumi daxili məhsul istehsalı 3,1 faiz, qeyri–neft sektorunun inkişafı 11,4 faiz, inflyasiya 1,2 faiz təşkil etmiş, kənd təsərrüfatı 4 faiz, əhalinin pul gəlirləri 6,0 faiz artmış, 30 mindən çox yeni iş yeri yaradılmışdır.

Regionların sosial infrastrukturunun möhkəmləndirilməsi davam etdirilmiş, qaçqın və məcburi köçkünlərin mənzil şəraiti daha da yaxşılaşdırılmış, ünvanlı sosial yardım proqramı icra edilməklə regionların sosial–iqtisadi inkişafı II Dövlət Proqramının icrası başa çatdırılmaq üzrədir.

Respublikanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün institusional islahatlar, elektron hökumət quruculuğu davam etdirilməli, şəffaflıq təmin edilməli, korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalı, dövlət məmurlarının məsuliyyəti daha da artırılmalı, məmur–vətəndaş münasibətləri hörmət əsasında qurulmalı, dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalı, peşəkarlığı və mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır.

Rüb ərzində rayonda ümumi daxili məhsul istehsalı 3 faiz, əhalinin pul gəlirləri 5,9 faiz, investisiya qoyuluşu 6,8 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 8,4 faiz, rabitə 15,4 faiz, nəqliyyat 1,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 5,3 faiz artmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə fevralın 12–də Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezidentin nitqindən irəli gələn vəzifələrin və Dövlət Proqramının Ucar rayonu üzrə tədbirlərinin icrasının gedişi rayon İcra Hakimiyyəti başçısı yanında şurada müzakirə edilmişdir.

“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonun sosial–iqtisadi inkişafı ilə bağlı 15 bəndindən 2 bənd üzrə nəzərdə tutulmuş tədbirlər tam icra edilmiş, 8 bənd üzrə tədbirlərin icrası davam etdirilir.

Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində 2013–cü ilin birinci rübü ərzində 223 baş iribuynuzlu heyvan süni yolla mayalandırılmış, 152 baş cins bala alınmışdır. Rüb ərzində mal–qaranın baş sayı 586 baş artaraq 113399 başa çatdırılmışdır. 2013–cü ilin məhsulu üçün əkilmiş 12042 hektar taxıl sahəsində aqrotexniki becərmə işləri aparılmış, 220 hektardan artıq pambıq şumu arat olunmuş, rüb ərzində 4081 min ədəd yumurta istehsal olunmuşdur. 1571 hektar yazlıq əkinlər əkilmişdir ki, ondan 307 hektarı kartof, 409 hektarı tərəvəz, 855 hektarı yonca olmuşdur. Hazırda yazlıq əkinlər davam etdirilir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədilə rayon “Aqroservis” filialı tərəfindən 10 ədəd traktor saz vəziyyətə gətirilmiş və 8 ədəd taxılyığan kombaynların biçinə hazırlığı tamamlanmaq üzrədir.

Özəlləşdirmə proqramına uyğun rüb ərzində Texniki Peşə məktəbinin və M.Ə.Rəsulzadə küçəsində yerləşən 40 mənzilli yaşayış binasının yarımçıq tikililəri özəlləşdirilmiş, ümumilikdə büdcəyə 39331 manat vəsait daxil olmuş, ümumi sahəsi 187,2 kvadratmetr olan 4 mənzil özəlləşdirilmiş, rayonun mənzil fondu adambaşına 10,03 kvadratmetr olmaqla 821,1 min kvadratmetr təşkil etmişdir.

Rayonun 220 şagird yerlik Bərgüşad kənd 2 saylı tam orta məktəbinin və 180 şagird yerlik Xalac kənd tam orta məktəbinin tikintisi davam etdirilmiş, cari ildə rayonda tikiləcək 180 şagird yerlik Ramal, 80 şagird yerlik Müsüslü kənd ümumi orta məktəblərinin və rayon təhsil şöbəsi inzibati binasının tikintiləri üçün torpaq sahəsi ayrılmış, hazırda layihə–smeta sənədləri hazırlanmaqdadır.

Rayonda əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, səhiyyə islahatlarının aparılması və xəstəxanaların maddi texniki bazasının yaxşılaşdırılması üçün müəyyən işlər görülmüşdür.

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 10 kilovoltluq elektrik verilişi xətlərinin 4,4 kilometr hissəsində 3761,5 manatlıq əsaslı və cari təmir, 0,4 kilovoltluq elektrik verilişi xətlərinin 4 km hissəsində 1879,2 manatlıq əsaslı və cari təmir, 76 ədəd 10/0,4 kilovoltluq yarımstansiyada 6416 manatlıq cari təmir işləri görülmüşdür.

Hesabat dövründə əhaliyə təbii qazın verilişinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüş, rayonun Çiyni kəndinin bir pilləli sistem üzrə qazlaşdırılması işləri başa çatdırılmış və həmin kənddə 155 abonentə təbii qaz verilmişdir. Hazırda rayonun Qazyan və Qarabörk kəndlərinin bir pilləli sistem üzrə qazlaşdırılması işləri davam etdirilməklə Qulabənd və Bağırbəyli kəndlərinin qazlaşdırılmasına başlanılmışdır.

2013–cü ilin birinci rübü ərzində istehlak olunmuş təbii qazın yığım faizi əvvəlki dövrlə müqayisədə idarə üzrə cəmi 0,9 faiz çox olmaqla 90,7 faiz, əhali üzrə 0,9 faiz çox olmaqla 91,8 faiz icra edilmişdir.

Görülmüş işlərlə yanaşı, qeyd etmək lazımdır ki, rayon qaz istismar sahəsinin işində bir sıra nöqsanlar qalmaqdadır. Dövlət Proqramının icrasının başa çatmasına qısa müddət qalmasına baxmayaraq rayonun yaşayış məntəqələrinin qazlaşdırılması gecikdirilməklə icra edilir. Rayon üzrə qazlaşma faizi respublika göstəricisindən aşağıdır. Rayonun 30 yaşayış məntəqəsindən cəmi 8–i qazlaşdırılmışdır.

İçməli su təminatının yaxşılaşdırılması üçün 58 abonentə yeni su xətti çəkilmiş, 2613 manatlıq təmir işləri aparılmış, tikintisinə başlanılmış Ucar şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilmiş, şəhər daxilində 27 kilometr yeni su xətti çəkilmişdir.

Əhaliyə poçt və telefon rabitəsi xidmətinin keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün tədbirlər görülmüş, poçt xidməti üzrə tarif gəliri proqnozuna 158,0 faiz, telefon rabitəsi xidmətləri proqnozuna 109,0 faiz əməl edilmişdir.

Hesabat dövründə əhalinin sosial müdafiəsi tədbirləri diqqət mərkəzində saxlanılmış, rüb ərzində 70 nəfərə əmək pensiyası, 207 ailənin 1002 nəfər üzvünə ünvanlı sosial yardım təyin edilmiş, 4201,8 min manat pensiya, dəfn pulu və sosial ödənişlər aparılmış, 1057 ailəyə 510,2 min manat ünvanlı sosial yardım ödənilmişdir.

2013–cü ilin 3 ayı ərzində rayonun suvarma və kollektor–drenaj şəbəkələrinin istismarı sahəsində müəyyən işlər görülmüş, suvarma kanallarında 201,1 min kubmetr həcmində, 100,3 min manatlıq lildən təmizləmə işləri, 27,7 min manatlıq əsaslı təmir işləri görülmüşdür.

Kollektor–drenaj şəbəkələrində 109,5 min kubmetr həcmində, 32,8 kilometr uzunluğunda 50,1 min manatlıq lildən təmizləmə və torpaq basma işləri aparılmışdır.

Sel sularının qarşısının alınması məqsədilə rayon ərazisindən keçən Türyançay və Göyçay çayının sağ və sol sahilləri boyunca Lək, Qazyan və Şahlıq kəndlərində 26,7 min kubmetr həcmində, 0,8 kilometr məsafədə çay məcrasının təmizlənməsi və bəndin təmiri, 49 kubmetr həcmində betonla sahilbərkitmə işləri görülmüşdür.

Əhalinin məşğulluğunun təmin olunması, işsiz əhalinin işə cəlb edilməsi tədbirləri davam etdirilmiş, rayon məşğulluq mərkəzinə 47 nəfər müraciət etmiş, onlardan 27 nəfəri daimi işlə təmin olunmuşdur.

Hesabat dövründə sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verilmiş, rüb ərzində cəmi 674 nəfərə 1183,3 min manat, o cümlədən özəl banklar tərəfindən 608 nəfərə 855,3 min manat kredit verilmişdir.

Bütövlükdə rayon üzrə görülmüş tədbirlər nəticəsində rüb ərzində 253 yeni iş yeri yaradılmışdır ki, bundan da 228–i daimi iş yerləri olmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov yığıncağa yekun vuraraq, rayonun bütün yerli dövlət orqanları və rayon ictimaiyyəti ölkə Prezidentinin bütün təşəbbüslərini, apardığı daxili və xarici siyasəti bəyəndiyini və müdafiə etdiyini bəyan edərək bir daha əminliklə bildirdi ki, qədirbilən ucarlılar cənab İlham Əliyevin nitqindən irəli gələn tələbləri və qarşıya qoyulan vəzifələrin layiqincə və yüksək əzmkarlıqla həyata keçirilməsi üçün var qüvvələrini sərf edəcəklər.

 

 

Zabit Xəlilov

 

Respublika.- 2013.- 2 may.- S. 14.