BİLƏSUVAR:
İL İLDƏN UĞURLU GƏLİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013–cü ilin birinci yarısının sosial–iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkənin yüksək templərlə inkişafı bir daha real və aydın faktlarla göstərilmiş, iqtisadi və sosial həyatda nadir göstəricilərin olduğu qeyd edilmişdir. Ölkə başçısı iclasdakı nitqlərində bu istiqamətdə atılmış addımları yüksək qiymətləndirmiş, möhtəşəm layihələrin əzmlə gerçəkləşdirildiyini, infrastruktur quruculuğun geniş vüsət aldığını, əhalinin ehtiyaclarının getdikcə daha dolğun ödənildiyini qeyd etmişdir.
Biləsuvar davamlı sosial–iqtisadi inkişaf, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılması cəhətdən qoca Muğanın ən inkişaf etmiş rayonlarındandır. Müstəqil respublikamızın sosial–iqtisadi tərəqqi sahəsində əldə etdiyi nailiyyətlərdə bu rayonun əməkçi insanlarının da payı vardır. Rayon icra hakimiyyətinin 2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında bu barədə geniş fikir mübadiləsi aparıldı, görülmüş işlərə qiymət verildi, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Rayonun idarə və müəssisələrinin, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin, hüquq–mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə sərbəst fikir, demokratiya və yüksək fəallıq şəraitində keçirilən tədbirdə rayon icra hakmiyyətinin başçısı Mahir Quliyev məruzə ilə çıxış etdi. Məruzə ətrafında canlı və ətraflı müzakirə oldu.
Yığıncaqda qeyd olundu ki, Nazirlər Kabinetinin iclasının materialları ilə rayon zəhmətkeşlərinin əksəriyyəti ətraflı tanış olmuş, Prezidentin nitqlərindən irəli gələn yeni vəzifələr müəyyənləşdirilmişdir. Çıxarılan əsas nəticə bu olmuşdur ki, ölkənin hər yerində olduğu kimi, Biləsuvar rayonunda da 2013–cü ilin birinci rübü bir sıra uğurlarla müşayiət olunmuşdur. “2009–2013–cü illərdə Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı” tarixi sənədində irəli sürülmüş müddəaların yerinə yetirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, tikinti–abadlıq işlərinin görülməsi və əhalinin sosial problemlərinin həlli sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayonda həmin vəzifələrin layiqincə yerinə yetirilməsi uğrunda mübarizə davam edir və nəticələr onu deməyə əsas verir ki, biləsuvarlılar həmişə olduğu kimi, dövlət tapşırıqlarının həyata keçirilməsində yenə də öz sözlərini deyəcəklər.
İlin birinci rübündə biləsuvarlılar da qurub–yaratmaq amalı ilə yaşayıb işləmişlər. Azərbaycan kəndinin inkişafı, insanların iş və yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində göstərilən dəstək, respublika Prezidenti cənab İlham Əliyevin Biləsuvar sakinlərinə xüsusi qayğısı onların quruculuq əhval–ruhiyyəsini xeyli yüksəltmişir. Rayonun əməkçiləri dövlətin bütün sahələrə göstərdiyi qayğıdan ruhlanaraq cari ildə yüksək əmək nailiyyətləri qazanmışlar.
Biləsuvar Aran iqtisadi bölgəsinin yüksək inkişaf templərinə malik olan rayonlarından biridir. Ardıcıl olaraq göstərilən dövlət qayğısı aqrar sahənin inkişafına təkan vermiş, bu sahədə çalışanlara əlverişli mühit yaratmışdır. Taxılçılıq, pambıqçılıq və heyvandarlıq aparıcı sahələr hesab edilir. Son vaxtlar fermer təsərrüfatlarına ayrılan maliyyə yardımları ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamışdır. İlin birinci rübü ərzində kənd təsərrüfatı üzrə ümumdaxili məhsulun həcmi xeyli artmışdır. Respublika Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına əsasən əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və mühərrik yağlarını əldə etməkdən ötrü mülkiyyətçilərə kifayət qədər yardım verilmişdir. Taxılçılıq təsərrüfatlarına güzəştli şərtlərlə yüksək reproduksiyalı toxum satılmışdır. Yazlıq əkinlər üçün 10500 hektar sahədə şum aparılmışdır ki, bunun da 3500 hektarı çiyid səpini üçün nəzərdə tutulmuşdur. Pambıq istehsalı ilə məşğul olan şirkətlər torpaq mülkiyyətçiləri ilə 5396 hektarda pambıq əkmək haqqında müqavilə bağlamışlar. Bununla bərabər, günəbaxan, yonca bitkiləri də əkilir, əkinlərdə suvarma, alaq otlarına qarşı mübarizə, gübrələmə tədbirləri həyata keçirilir. Artıq 16560 min hektar taxıl, 4037 hektar yonca, 527 hektar günəbaxan sahələri suvarılmışdır. Suvarma işini mütəşəkkilliklə keçirmək üçün 20 kilometr təsərrüfatdaxili, 9 kilometr təsərrüfatlararası kanallar çəkilmiş, 5 su nasosu əsaslı təmir edilmişdir.
Təsərrüfatlarda bəslənilən iri və xırdabuynuzlu heyvanların sayı artmış, heyvandarlıq məhsulları istehsalının həcmi çoxalmışdır.
Rayonda tikinti–abadlıq işləri genişlənməkdədir. Son vaxtlar ərzində rayonda tikinti–abadlıq və quruculuq işlərinə çoxlu vəsait sərf olunmuşdur. Birinci rübdə isə tikinti təşkilatlarının yerinə yetirdikləri podrat işlərinin həcmi əvvəlki illərdəkindən daha artıq olmuşdur.
Heydər Əliyev parkında yenidənqurma işləri görülür, şəhərdə Heydər Əliyev Mərkəzi, Heydər Əliyevin abidə kompleksi, rayon icra hakimiyyətinin yeni binası, YAP rayon təşkilatının binası, fəvvarələr meydanı tikilməkdədir. Şəhərin Mübariz İbrahimov, Nizami, S.Rufullayev, M.Əzizbəyov, Xaqani, Sahil, B.Abbasov küçələrində abadlıq işləri həyata keçirilmişdir. Şəhərdəki kommunal evlərin su təchizatına xüsusi diqqət yetirilmiş, su anbarları və kanalizasiya xətləri təmizlənmiş, nasosxanaların fasiləsiz işi nizama salınmış, elektrik mühərrikləri təmir edilmişdir. Xırmandalı kənd 2 saylı, Əmənkənd və Ağalıkənd kənd orta məktəblərinin əsaslı təmiri davam etdirilir. Rayon mərkəzində minlərlə bəzək ağacı və gül kolları əkilmişdir.
Bütün işlərin görülməsində özəl strukturlar əsas ağırlığı öz çiyinlərinə götürmüşlər. Yaşayış məntəqələrinin sosial–iqtisadi yüksəlişində, insanların yaşayış səviyyəsinin yüksəldilməsində onların oynadıqları rolu dəyərincə qeyd etməmək mümkün deyil. Rayon iqtisadiyyatında məşğul olanların sayı 60 min nəfəri ötüb keçmişdir ki, bunların 50 min nəfərindən çoxu özəl bölmədə çalışır. Bu fakt sahibkarlığın inkişaf etdirilməsinin yüksək templərini və bu inkişafdan ötrü münbit şəraitin mövcudluğunu sübut edir. Biləsuvar şəhərində “Muğan” şirkətinin, yeni ikimərtəbəli ticarət mərkəzinin, Təzəkənd kəndində xeyir–şər evinin işə başlaması buna misaldır. Bütün bunlar 337 yeni iş yerinin açılmasına səbəb olmuşdur. Ümumiyyətlə, birinci rübdə 7 sahibkarlıq subyektinə 2 milyon 82 min manat kredit verilmişdir. Hazırda sahibkarlar tərəfindən Xırmandalı kəndində 2 hektarlıq istixananın, asfalt–beton zavodunun, soyuducu anbarın tikintisi başa çatdırılmaq üzrədir.
Azərbaycan dövlətinin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltdiyi tədbirlər Biləsuvarda da uğurla həyata keçirilir. Məşğulluğun təmin olunması, sosial müdafiənin gücləndirilməsi, pensiya və müavinətlərin vaxtında ödənilməsi, aztəminatlı ailələrə sosial yardımların verilməsi əvvəlki vaxtlara nisbətən daha yaxşı təşkil edilmişdir. Cari ilin birinci rübündə 1705 ailənin 7665 nəfər üzvünə ünvanlı sosial yardım ödənilmişdir.
Rayon icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər nəticəsində xidmət sahələrində işlərin həcmi və keyfiyyəti xeyli yüksəldilmişdir. Nəqliyyatda yük və sərnişin daşınması nəzərəçarpacaq dərəcədə artmışdır.
Yığıncaqda yerli dövlət strukturlarının, bələdiyyələrin, hüquq–mühafizə orqanlarının, ictimai qurumların gördükləri işlərdən ətraflı bəhs olundu.
Yığıncaq iştirakçıları yekdilliklə vurğuladılar ki, ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji kursun, islahatların yeni mərhələsinin həyata keçirilməsi beləcə uğurla davam etdirilir. Hamı yaxşı başa düşür ki, rayonun sosial–iqtisadi inkişafını təmin etmək, əhalinin güzəranını yaxşılaşdırmaq üçün daha gərgin işləmək gərəkdir və üzümüzə gələn illərdə rayon əməkçilərini daha çətin, lakin şərəfli işlər gözləyir.
Biləsuvar sakinlərinə görülmüş yaxşı işlərlə kifayətlənmək, bir yerdə saymaq yaddır. Məhz buna görə də tam əminliklə söyləmək olar ki, onlar qarşıdakı illərdə daha böyük əzmkarlıq nümunəsi göstərəcək, doğma Vətənimizi sosial–iqtisadi quruculuqda daha böyük nailiyyətlərlə sevindirəcəklər.
Sabir MUSTAFAYEV
Respublika.- 2013.- 2 may.- S. 15.