Dövlətimizin hüquqi sisteminin əsasının yaradıcısı

 

Azərbaycan xalqının çoxəsrlik tarixinin ən mühüm dövrlərdən biri XX əsrin sonlarında bu qədim məmləkətin dövlət müstəqilliyi əldə etməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, bu hadisə tarixin öz hökmü, qarşısıalınmaz bir zərurət kimi meydana çıxmışdır. Lakin tarix həm də göstərmişdir ki, suverenliyi qazanmaq heç də hər şey deyildir. Əsas məsələ onu qorumaq, möhkəmləndirmək, əbədi etməkdir. Bu tarixi missiyanı həyata keçirmək müstəqil dövlətimizin prezidenti, yeni Azərbaycanın memarı və qurucusu Heydər Əliyevə nəsib olmuşdur.

1993–cü ilin böhranlı yayında xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər yeni yaranmış dövləti məhv olmaq təhlükəsindən xilas etdikdən sonra əsaslı islahatlar yolu ilə Azərbaycanın siyasi, iqtisadi, sosial sistemini yeniləşdirmək yolunda cəsarətli, düşünülmüş, ardıcıl tədbirlər həyata keçirdi. Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın sivil dövlətçilik tarixində mühüm yer tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələri uğurla davam etdirilməyə başlandı. Heydər Əliyev hələ 1990–cı ildə Naxçıvana rəhbərlik etdiyi dövrdə cümhuriyyət ənənələrinin davamı kimi müstəqilliyin ilk addımlarını atmışdı. Muxtar Respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılmış, Naxçıvan Ali Soveti “Ali Məclis” adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar respublikasının dövlət bayrağı kimi qəbul edilmiş, Kommunist Partiyasının yerli orqanlarının fəaliyyəti dayandırılmış, SSRİ–nin saxlanılması barədə referendumdan imtina edilmişdi.

1993–cü ildən sonrakı dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının möhkəmləndirilməsi hakimiyyət bölgüsünün gerçəkləşdirilməsi, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşdırılması istiqamətində davam etdirilmiş, bu sahədə xeyli iş görülmüşdür.

Hakimiyyətə gəldiyi ilk gündən ulu öndərimiz Heydər Əliyev çox ciddi şəkildə insan hüquq və azadlıqlarının təmin edilməsini və bu hüquqların daha səmərəli müdafiəsini təşkil etmək yolunda ciddi addımlar atdı. 1995–ci il noyabrın 12–də ümumxalq səsverməsi yolu ilə Heydər Əliyevin sədrliyi altında hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdi. Əsas Qanunda insan hüquq və azadlıqlarına geniş yer verilmiş, 159 maddədən üçdə biri, başqa sözlə desək, 48–i insan hüquq və azadlıqları məsələsinə həsr olunmuşdu. Konstitusiyada yeni demokratik dövlətin siyasi, iqtisadi, sosial–mədəni əsasları ali səviyyədə əksini tapmışdı.

İnsan hüquqlarının müdafiəsinin təminatını yüksəltmək üçün 2001–ci ilin dekabrında “Azərbaycan Respublikasında insan hüquqları üzrə müvəkkil Ombudsman haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir.

Konstitusiyanın qəbul edilməsi ilə eyni zamanda müstəqil Azərbaycan Respublikasının parlamentinə mojaritar və proporsional sistemlə ilk seçkilər keçirildi. Ulu öndərin tələblərinə uyğun olaraq Azərbaycan parlamenti dünyanın qabaqcıl ölkələrin qanunverici orqanlarının təcrübəsini öyrənməyə başladı. Bu təcrübə əsasında siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar həyata keçirildi. Qanunların sivil dünya dövlətlərinin hüquqi dövlət quruculuğu ənənələrinə, beynəlxalq hüquq normalarına, Avropa Şurası və dünyanın demokratik təsisatlarının tələblərinə uyğun hazırlanması üçün 1996–cı ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti yanında xüsusi “Hüquqi İslahatlar Komissiyası” yaradıldı.

Siyasi və iqtisadi islahatlarla əlaqədar hüquqi aktların insan hüquqları və müdafiəsi haqqında Avropa Konvensiyasına uyğunluğu baxımından Avropa Şurasında ekspertiza olunması respublikada demokratik cəmiyyət quruculuğuna təsirli kömək etdi. 1998–ci il iyunun 18–də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olundu. 1998–ci il fevral ayında Azərbaycan Prezidenti Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzaladı. “Kütləvi informasiya vasitələri haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Ölkədən getmək və ölkəyə gəlmək haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Vətəndaşlıq haqqında” yeni qanunlar qəbul olundu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi illərdə Azərbaycan Respublikası təkcə insan hüquqları ilə bağlı 29 beynəlxalq konvensiyaya qoşuldu. 1998–ci il avqustun 18–də Azərbaycan hökuməti ilə BMT arasında “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi və müdafiəsi sahəsində birgə layihə haqqında” memorandum imzalandı.

2002–ci il avqustun 24–də Konstitusiyaya edilmiş dəyişikliklərlə hər bir vətəndaşın Konstitusiya Məhkəməsinə müraciət etməsi kimi daha bir demokratik hüquq təmin edildi.

Heydər Əliyev qadın hüquqlarının da genişləndirilməsinə öz töhfəsini verdi. 1995–ci ilin ortalarında Azərbaycan Respublikası “Qadın hüquqlarının pozulmasının bütün təzahürlərinin aradan qaldırılması haqqında” BMT Konvensiyasına qoşuldu. Həmin ilin oktyabrında “Azərbaycan Qadınlar Cəmiyyəti”nə üzv qəbul olundu. 1998–ci ilin yanvarında isə ölkə başçısının fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Gənclərə olan qayğının artırılması, onların fiziki, mənəvi, intellektual səviyyəsinin yüksəldilməsi, dövlət quruculuğunda fəal iştirakının təmin edilməsi məqsədilə ölkə başçısı 1996–cı ildə xüsusi fərman imzaladı, 1999–cu il iyulun 29–da isə “Dövlət gənclər siyasəti haqqında” qanun və Dövlət Proqramı qəbul olundu.

1998–ci il mayın 19–da ölkə başçısı tərəfindən “Uşaq hüquqları haqqında” qanun və “Uşaqların təlim–tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında Dövlət Proqramı” qəbul edildi. “Bələdiyyələrə sekçilər haqqında”, “Bələdiyyələrin statusu haqqında” qanunlar qəbul edildikdən sonra isə 1999–cu ilin dekabr ayında Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi. Azərbaycan Respublikası “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına qoşuldu.

Hüquqi dövlət quruculuğu prosesində ölkə rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən biri də söz, fikir, yayım azadlığının genişləndirilməsi idi. Bununla əlaqədar 1998–ci il avqustun 6–da ölkə Prezidenti Heydər Əliyev “Azərbaycan Respublikasında söz, mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” tarixi fərmana imza atdı. Beləliklə, ölkəmizdə də mətbuat və digər informasiya vasitələrində senzura ləğv olundu.

Yeni demokratik dövlət quruculuğu Azərbaycanda kriminogen vəziyyətin aradan qaldırılmasını da tələb edirdi. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində cinayətkar qruplar zərərsizləşdirildi, cinayətlərin sayı əsaslı şəkildə azaldı.

1995–ci ilin may ayından respublikada əfvetmə institutu fəaliyyətə başladı. 2000–ci ilin əvvəllərinədək olan dövr ərzində 60 mindən çox adam cəzalardan tam və ya qismən azad edildi. 2003–cü ilədək ulu öndər 30 əfv fərmanı imzaladı.

Ulu öndərin siyasi iradəsi ilə Azərbaycan Şərqdə ölüm cəzasını ləğv etmiş ilk respublika oldu. 1993–cü ildən ölüm cəzasına faktiki moratorium qoyuldu. 1998–ci ilin fevral ayından isə ölkə başçısının təşəbbüsü ilə respublikada ölüm hökmü tamamilə ləğv olundu.

Bu zəruri tədbirlərdən sonra Azərbaycanda məhkəmə–hüquq islahatları həyata keçirilməyə başlandı. 2000–ci ilin aprel ayından respublikada hakimlərin test imtahandan keçməsi təcrübəsi tətbiq olunur. Ölkə parlamenti 1995–2000–ci illərdə ümummilli liderin hüquqi islahatlarını gerçəkləşdirməyə təminat yaradan 70–dən çox qanun qəbul etdi. 2002–ci ilin sentyabr ayından Azərbaycanda üçpilləli məhkəmə sistemi formalaşdı. Yeni instansiya–Apelyasiya Məhkəməsi yarandı. 1997–ci ilin oktyabr ayında “Konstitusiya Məhkəməsi haqqında” qanun qəbul edildi, 1998–ci ildə isə bu qurum fəaliyyətə başladı.

Biz bu gün tam əsasla deyə bilərik ki, Azərbaycan Prokurorluğu dövlətimizin etibarlı dayağıdır. Ulu öndərimiz Heydər Əliyevin 17 iyul 1998–ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1–i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması prokurorlugun dövlət orqanları arasında xüsusi yeri olmasının bariz nümunəsidir.

Ulu öndərin nəzarəti və dəstəyi nəticəsində prokurorluq orqanlarında geniş islahatların və struktur dəyişikliklərin həyata keçirilməsi, lazımi hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının dövlət hakimiyyətinin qolu olan məhkəmə hakimiyyətinə daxil edilməsi, Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv seçilməklə prokurorluq beynəlxalq standartlara tam uyğunlaşdırılmışdır. Qəbul olunan “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlar prokurorluğun tarixində tamamilə yeni mərhələ açmışdır.

“Prokurorluq peşəsi agır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edirəm siz həmişə çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qaygısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Ümummilli liderimiz Heydər Əliyevin bu tarixi sözləri prokurorluq orqanlarına verilən yüksək qiymətlə yanaşı, hər birimizdə həm də böyük məsuliyyət hissi yaradır.

Bütün bu görülən tədbirlər sayəsində müstəqil dövlətimiz hüquqi, iqtisadi və siyasi cəhətdən möhkəmlənmiş, əhalinin sosial müdafiəsi təmin edilmişdir. Ölkəmiz dünyada tanınmış, regionun lider dövlətinə çevrilmiş, qlobal enerji və nəqliyyat layihələrində fəal iştirak etmişdir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətinin modernləşdirilməsi xətti uğurla həyata keçirilir. Son 10 ildə respublikamız müasir dünyanın qlobal problemlərinin həllində, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edır.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının hüquqi–demokratik dövlət kimi inkişafına verdiyi töhfələr illər keçdikcə daha aydın görünür. Yeni nəsillərin ulu öndərin bu sahədə tarixi fəaliyyətinə dair mütəmadi biliklər əldə etməsi zamanın tələbidir. Azərbaycan məhz müstəqil dövlətimizin qurucusunun qoyduğu yolla, Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir, misilsiz uğurlar qazanır.

Böyük rəhbərin zəkasının məhsulu olan müstəqil dövlətimizin ilk Konstitusiyasının preambulasında göstərilir: “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, Azərbaycan dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qoruyaraq xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edir”.

Bu gün biz ümummilli liderin xalqımıza miras qoyduğu hüquqi, dünyəvi və demokratik Azərbaycan dövlətinin daha da güclənməsi üçün bir vətəndaş olaraq əlimizdən gələni etməli, insan hüquq və azadlıqlarının təminatı, müdafiəsi sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verməliyik.

 

 

Azad QARAYEV,

Mingəçevir şəhər prokuroru,

baş ədliyyə müşaviri

 

Respublika.- 2013.- 3 may.- S. 5.