Sosial-iqtisadi inkişafın Azərbaycan modelinin müəllifi

 

Müasir Azərbaycanın inkişaf tarixinin ən məhsuldar və qiymətli səhifələri XX əsrin 70–80–ci illəri olmuşdur. Bu illər ərzində ulu öndər Heydər Əliyev yaxın və uzaq gələcəyə istiqamətlənən, müstəqilliyimizin bərpa olunmasına yol açan inkişaf strategiyasını müəyyənləşdirmiş və uğurla həyata keçirmişdir.

Ötən əsrin 70–80–ci illərində Azərbaycanın inkişaf tarixinin dinamikası onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin 1969–cu ildə ölkə rəhbərliyinə gəlişindən sonrakı dövr əslində respublikamızı müstəqil dövlət quruculuğuna aparan yol olmuşdur. Ulu öndərin böyük zəhməti nəticəsində keçmiş SSRİ məkanında yaşayan respublikalar arasında ölkəmiz iqtisadi inkişaf dinamikasına görə birincilər sırasında yer almışdır. Heydər Əliyev həmin dövrü belə xarakterizə etmişdir: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi–texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”. Bu baxımdan müasir Azərbaycan Respublikasının inkişafı ulu öndərin yaşayıb yaratdığı həmin illərin özülü üzərində qurulmuş və bu təməl hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilmiş və uğurla inkişaf etdirilir.

Heydər Əliyev 1969–1982–ci illərdə bütövlükdə postsovet məkanında və xarici ölkələrdə Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, onun mədəniyyəti və incəsənətinin qorunmasını təmin edirdi.

Heydər Əliyevin 1969–1982–ci illərdə respublikamıza rəhbərliyinin ən uğurlu göstəricisi Azərbaycanda sənayeləşmə və aqrar sahənin inkişafı göstəricilərinin SSRİ ölkələri arasında daha yüksək olması idi. Bu dövrlərdə ulu öndərin rəhbərliyi ilə ölkədə maşınqayırma və elektrotexnika sənayesinin, neft emalı komplekslərinin inşaası, kənd təsərrüfatında üzümçülüyün, pambıqçılığın, meyvə–tərəvəz və digər bitkiçilik məhsullarının istehsal göstəricilərinin rekord həddə çatdırılmasına nail olunmuşdur.

Müdrik xalqımızın təkidi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə 1993–cü ilin ortalarında ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı xaosdan, siyasi hərc–mərclikdən qurtardı. Bütün varlığını xalqımıza həsr edən ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində dövlət idarəçiliyi, ordu quruculuğu sahəsində böyük nailiyyətlər qazandı. Azərbaycanın sosial–iqtisadi, makroiqtisadi sabitliyini yaratdı, Azərbaycan dövlətini qurdu. Ulu öndər Heydər Əliyev uzunmüddətli sosial–siyasi sabitliyin və iqtisadiyyatın dinamik inkişafının təmin edilməsini ön plana çəkməklə prioritetlərin düzgün müəyyənləşdirlməsini əsas götürürdü və ölkədə böyük islahatlar aparmağa başladı. Milli iqtisadiyyatın inkişafı və dövlət quruculuğunun möhkəmləndirilməsi naminə ilk növbədə beynəlxalq təcrübəyə əsaslanan qanunvericilik bazasının yaradılması lazım idi. Heydər Əliyev bütün sahələr üzrə möhkəm normativ–hüquqi aktların qəbul olunmasını təmin etdi və bu əsasda sahibkarlar ordusunun formalaşmasına əlverişli şərait yarandı. Ölkəyə xarici investorların cəlb olunması üçün ilk növbədə onların hüquqlarının qorunması və əlverişli investisiya mühitinin yaranması tələb olunurdu.

1994–cü il sentyabr ayının 20–də Heydər Əliyevin rəhbərliyi ilə xarici ölkələrin nüfuzlu şirkətlərinin rəhbərləri və bir sıra beynəlxalq qurumların iştirakı ilə “Əsrin kontraktı” adlanan neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi”nin icrası ilə əlaqədar ölkəyə xarici investisiyaların axını başlandı. 1994–cü ildən başlayaraq Azərbaycanda baş verən iqtisadi proseslər və aparılan iqtisadi islahatlar dövlət büdcəsinə, onun gəlir və xərclərinin dinamikasına, strukturuna öz təsirini göstərdi. 1995–ci ildən etibarən Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatın bütün sahələrində olduğu kimi maliyyə sistemində də həyata keçirilən islahatlar nəticəsində dövlət büdcəsinin gəlirlərində artım müşahidə olunmağa başladı. Maliyyə sistemində aparılan islahatlar müstəqilliyin ilk illərində maliyyə qurumlarına qarşı yaranmış inamsızlığı aradan qaldırmaqda mühüm rol oynadı. Bu dövrdə müasir bank quruculuğu işlərinə başlandı, ikipilləli bank sistemi formalaşdı. Sərbəst bazar iqtisadiyyatı şəraitində 1991–1994–cü illərdə öz işini qura bilməyən və rəqabətə davam gətirə bilməyən bank sisteminin kapital bazası 5 dəfə artdı. İqtisadi inkişafı təmin edən kapital qoyuluşunun artım dinamikası istehsala investisiya qoyuluşlarının yönəldilməsinə mövcud şərait yaratdı. Yeni müəssisələr və digər sosial obyektlər tikilib istismara verildi, yeni iş yerləri yaradıldı. Ona görə də Azərbaycanın iqtisadi siyasətində ildən–ilə investisiyaların, əsasən xarici investisiyaların həcmi artmağa başladı, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında xarici ölkələrlə ikitərəfli sazişlər imzalandı.

Bu dövrdə mənfəətin başqa valyutalara konvertasiya edilməsi, xarici ölkələrə köçürülməsi, yaxud reinvestisiya edilməsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edildi, bazar iqtisadiyyatı prinsipləri əsasında vahid valyuta məzənnəsi formalaşdı. Bu tədbirlər xarici investorlara, beynəlxalq maliyyə qurumlarına və iqtisadi təşkilatlara Azərbaycana olan marağını daha da artırmağa xidmət etdi. Aparılan iqtisadi təhlillər göstərir ki, 1995–2003–cü illərdə ölkəyə gətirilən xarici investisiyaların dinamikasında böyük artım müşahidə olunurdu. Belə ki, əgər 1995–ci ildə ölkəyə 375.1 milyon ABŞ dolları məbləğində xarici investisiya gətirilmişdirsə, 1996–cı ildə bu göstərici 620.5 milyon, 2000–ci ildə 927.0 milyon, 2001–ci ildə 1091.5 milyon, 2002–ci ildə 2234.8 milyon və 2003–cü ildə 3371.0 milyon ABŞ dolları məbləğində investisiyalar milli iqtisadiyyata yatırılmışdır.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1995–ci ildən başlayaraq ölkəmizin sosial–iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nəticələr əldə olundu. Bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyəti etibarilə yeni bir modeli — Azərbaycan modeli yarandı. Bu əsasla iqtisadi inkişafın ikinci mərhələsində ölkədə yeni modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasi sənədlər — konsepsiya, strategiya və proqpramlar qəbul olundu. Azərbaycan iqtisadiyyatına davamlı və dinamik inkişaf məntiqinə əsaslanan yeni modelin strateji istiqamətləri: sərbəst bazar münasibətlərinə əsaslanan və özünün inkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin—müstəqil iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud olan təbii–iqtisadi, texniki–istehsal və elmi–texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması müəyyənləşdirildi.

Ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı, onun strateji siyasətini və ideyalarını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial–iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır.

Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 10 ildə ictimai–siyasi, sosial–iqtisadi həyatın bütün sahələrində uğurlar əldə olunmuşdur. 2004–2008–ci və 2009–2013–cü illəri əhatə edən regionların sosial–iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi ölkəmizin bütün sahələr üzrə tərəqqisinə və iqtisadi inkişafına böyük imkanlar yaratmışdır. Sürətli sosial–iqtisadi inkişaf göstəricilərinə malik Azərbaycan qazandığı nailiyyətlərin miqyasını mütəmadi olaraq genişləndirməklə, yeni uğurların müəllifi kimi çıxış etməkdədir. Artıq dinamik sosial–iqtisadi tərəqqi sahəsində ulu öndər Heydər Əliyev ideyalarına əsaslanan, öz modelini yaradan Azərbaycan üçün əsas fərqləndirici xüsusiyyətlərdən biri bu inkişafın davamlı xarakter daşıması, möhkəm təməl üzərində qurulmasıdır. Heç də təsadüfı deyil ki, 2008–ci ildən başlayaraq dünyada baş verən və bu gün də davam edən maliyyə–iqtisadi böhran ölkəmizin iqtisadiyyatına ziyan vurmadan yan keçdi, əksinə qlobal maliyyə–iqtisadi böhranı şəraitində ölkəmizdə aparılan uğurlu sosial–iqtisadi siyasətin nəticəsi olaraq yeni iş yerləri açıldı, iri investisiya layihələri icra olundu və bu layihələrin icrası uğurla davam etdirilir. Dünyanın bir çox ölkələrini sarsıdan qlobal böhrandan Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini və dayanıqlılığını qoruyub saxlamış və böyük artıma nail olmuşdur.

Azərbaycanın sosial–iqtisadi inkişaf sahəsindəki uğurları beynəlxalq aləm tərəfındən təqdir olunduqca ölkəmizin dünya birliyinin siyasi arenadakı nüfuzu daha sürətlə artır. Dünyanın aparıcı beynəlxalq təşkilatları və tanınmış siyasətçilər Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər. Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirirlər. Azərbaycanda həyata keçirilən düşünülmüş çevik makroiqtisadi siyasət nəticəsində son illərdə qiymətlərin sabitliyi qorunmuş, inflyasiya bir rəqəmli səviyyədə olmuş, bank sektorunda maliyyə sabitliyi və dayanaqlıq təmin edilmişdir. Qeyri–neft sektorunun iqtisadi artımının, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyinə çevrilməsi iqtisadi strategiyanın başlıca prioriteti hesab edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son onillikdə əldə olunmuş nailiyyətlər bir daha təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir.

Bu gün qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətdə əsas xətti təşkil edir. Surətlə yayılmaqda olan informasiya–kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkənin sosial–iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Heç də təsadüfı deyil ki, artıq dünya dövlətlərinin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnməyə, onların mənimsəmə gücünə əsaslanır. Bu baxımdan makro və mikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya–texnologiyalarının tutduğu yer və onun inkişafı durur. Bu reallıqları əsas tutaraq respublika Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2013–cü il Azərbaycan Respublikasında “İnformasiya–kommunikasiya texnologiyaları ili” elan edilmişdir.

Hər il Azərbaycan Respublikasının sosial–iqtisadi inkişafını göstərən makroiqtisadi göstəriciləri artımla müşahidə olunur. Belə ki, ölkənin inkişafını xarakterizə edən əsas makro iqtisadi göstərici — ümumdaxili məhsul istehsalı — əgər 2000–ci ildə 5,3 milyard ABŞ dolları təşkil edirdisə, bu göstərici 2010–cu ildə 10 dəfə artaraq 52,9 milyard ABŞ dolları, 2011–ci ildə 64,8 milyard ABŞ dolları və 2012–ci ildə 69,0 milyard ABŞ dollarına çatmışdır. Ümumdaxili məhsulun 50,0 faizdən artığı sənaye sahələrində, 5,2 faizi kənd təsərrüfatı, 9,2 faizi tikinti kompleksində, 8,4 faizi ticarət və pullu xidmət sahələrində, 5,5 faizi nəqliyyatda, 1,7 faizi rabitədə, 13,8 faizi digər xidmətlər və sosial sahələrdə yaradılmışdır. 2010–cu ildə əhalinin sayına görə hər nəfərə 5900 ABŞ dolları, 2011–ci ildə 7112,2 ABŞ dolları, 2012–ci ildə 7490,5 ABŞ dolları əlavə dəyər (ÜDM) istehsal olunmuşdur. Son 3 ildə əhalinin orta aylıq əmək haqqı artaraq 2010–cu ildə 422 ABŞ dolları, 2011–ci ildə 465 ABŞ dolları olmaqla 2012–ci ildə iqtisadiyyatın ayrı–ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olmuş və sənayedə 760 ABŞ dolları, informasiya və rabitə sahəsində 790 ABŞ dolları təşkil etmişdir.

İqtisadi təhlillər göstərir ki, son 2 ildə əhalinin gəlirləri 2011–ci il ilə müqayisədə 2012–ci ildə 13,8 faiz artaraq 44,2 milyard dollara, adambaşına düşən məbləği isə 12,2 faiz artaraq 4820,8 ABŞ dollarına çatmışdır. Ümumdaxili məhsulun istehsalında özəl sektorun payı 80 faizi ötmüş, ümumdaxili məhsulun tərkibində büdcədaxilolmaları və xərcləri beynəlxalq normaya uyğunlaşaraq 30 faizi ötüb keçmişdir. Son 3 ildə büdcə gəlirlərində böyük artıma nail olunmuşdur. Belə ki, əgər 2010–cu ildə dövlətin büdcə gəlirləri 14,6 milyard ABŞ dolları təşkil edirdisə, bu göstərici 2011–ci ildə 20,0 milyard ABŞ dolları, 2012–ci ildə 22,0 milyard ABŞ dolları məbləğində faktiki icra olunmuşdur. 2013–cü il üçün “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 24,5 milyard ABŞ dollan məbləğində büdcədaxilolmaları proqnozlaşdırılmışdır. Büdcə xərclərinin 50,0 faizə yaxını milli iqtisadiyyatın inkişafına, 1,1 faizi təhsilə, 11,5 faizi sosial müdafıə və sosial təminata yönəlmişdir.

Azərbaycan son illərdə region dövlətlərinin real sektoruna investisiya yatıran və iri infrastruktur layihələrini maliyyələşdirən əsas investor ölkə kimi özünü təsdiq etməkdədir. Azərbaycan Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya, İsveçrə və digər ölkələrin sərmayə bazarlarında aktiv iştirak edən investor sayılır. Ölkəmiz region ölkələrinin neft–qaz, neft–kimya, yanacaq–energetika, sənaye, emal, infrastruktur sahələrinə irihəcmli maliyyə vəsaitləri yönəldərək iqtisadiyyatın inkişafına töhfəsini verir.

Bu gün Azərbaycan dünyanın ən modern və potensial investorlarından biri kimi qəbul edilməkdədir və ölkəmizin sərmayəsini istəyən xarici dövlətlərin sayı daim artmaqdadır. Hazırda Azərbaycan regionda irihəcmli valyuta ehtiyatlarına malik ölkədir və 48 milyard ABŞ dolları məbləğində kapital resurslarının olması ölkəmizin maliyyə qüdrətinin artmasında başlıca faktora çevrilmişdir.

Bütün bunlar Azərbaycanın sürətli inkişaf yolunda olduğunu əyani şəkildə nümayiş etdirməkdədir. Qeyd etmək lazımdır ki, artıq özünəməxsus iqtisadi uğur və inkişaf modelinin əsasını qoymuş Azərbaycan dünya dövlətləri üçün örnək olduğunu sübut edir. Respublikamızda milli iqtisadiyyatın dinamik inkişafının təmin olunması 90 illik yubileyini qeyd etməyə hazırlaşdığımız təkrarolunmaz dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev strategiyasının — Azərbaycan iqtisadiyyatının inkişaf modelinin müasir şəraitdə Prezident İlham Əliyev tərəfındən böyük uğurla davamının nəticəsidir.

Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı naminə bütün dövrlərdə gördüyü işlərə və əvəzolunmaz xidmətlərinə görə hər birimizin qəlbində daima yaşayır və yaşayacaqdır. Bu gün onun ideyalarını və siyasətini uğurla həyata keçirən və xalqının sosial müdafiəsinin təminatçısı, ölkəmizi işıqlı gələcəyə aparan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev alternativsiz liderimizdir.

 

 

Cəmilə Namazova,

Azərbaycan Dövlət İqtisad

Universiteti,

iqtisad elmləri doktoru

 

Respublika.- 2013.- 3 may.- S. 6.