HÜQUQA VƏ ƏDALƏTƏ
SÖYKƏNƏN İSLAHATLARIN MÜƏLLİFİ
Ulu tarixin dəfələrlə sınaqdan çıxmış təcrübəsi sübut edir ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının rolu müstəsna əhəmiyyət daşıyır. Bəşəriyyətin nadir hallarda yetirdiyi Heydər Əliyev kimi dahi insanlar isə özləri bütöv bir salnamə, tarix yaratmağa və tarixin təkərini nizamlamağa qadir olurlar. Ulu öndərimizin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir. Prezident İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır”.
Bu dahi şəxsiyyətin analitik təfəkkürü və uzaqgörənliyi ictimai–siyasi həyatın müxtəlif istiqamətləri və sahələri üzrə ümumiləşdirmələr aparmağa, dünyada gedən mürəkkəb prosesləri vaxtında təhlil edərək onlardan öz xalqı və dövlətinin mənafeyi naminə nəticələr çıxarmağa imkan vermişdir. Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın şəkildə görünür ki, ölkənin, xalqın ən çətin anlarında həmişə Heydər Əliyevə ehtiyac duyulub və o, üzərinə düşən tarixi missiyanı, ona bəslənilən ümidləri hər zaman doğruldub.
Əsrin sonlarında — 1991–ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycan məhz ümummilli lider Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşmış güclü iqtisadi potensiala istinad etmişdir. Dövlət müstəqilliyini bərpa edən respublikamızın bu uğurunun hüquqi təsbiti istiqamətində ilk addımı 1991–ci il oktyabrın 18–də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulu olmuşdur. Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil dövlət elan etmişdir. Konstitusiya Aktının 12–ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdı. Lakin 1991–1993–cü illərdə bir tərəfdən ictimai–siyasi sabitliyin, qanunçuluğun kövrək xarakter daşıması, xalqla hakimiyyət arasında mənəvi–siyasi böhranın dərinləşməsi, qanunsuz silahlı qüvvələrin özbaşınalığı, digər tərəfdənsə iqtisadi tənəzzülün dərinləşməsi bu məqsədlərin praktik surətdə gerçəkləşməsinə imkan verməmişdi.
Müstəqilliyimizin ilk illərində hüquqi nihilizmin, qanunsuzluğun baş alıb getməsi, hüquq qaydalarının zəifləməsi həm də Sovet dövründə qəbul edilmiş qanunların yeni ictimai–iqtisadi formasiyanın tələblərinə cavab verməməsi ilə bağlı idi. Bəzi qanunlara kosmetik dəyişikliklərin edilməsi ümumən yaranmış hüquqi boşluqların aradan qaldırılmasına imkan vermirdi. Nəticədə ölkənin hüquq sisteminin müasirləşdirilməsi istiqamətində heç bir ciddi addım atılmamışdı. Bütün bunlar həm də ölkənin qarşıya qoyduğu siyasi və hüquqi hədəfləri reallaşdırmağa imkan vermirdi.
1993–cü ilin iyununda, kifayət qədər mürəkkəb siyasi şəraitdə xalqın təkidli çağırışına biganə qalmayaraq Naxçıvandan Bakıya dönən, vəziyyəti sabitləşdirərək ölkəyə rəhbərlik missiyasını inamla həyata keçirməyə başlayan ulu öndər Heydər Əliyev qısa müddətdə ictimai–siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində sistemli surətdə mühüm addımlar atmışdır. Ulu öndər ilk gündən milli qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması, cəmiyyət həyatı üçün faydalı olan bir sıra yeni qanunların qəbulu prosesini də diqqət mərkəzində saxlamışdır.
Ulu öndər Heydər Əliyevin ölkədə hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ilk addımlarından biri 9 avqust 1994–cü il tarixli “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” fərmanı olmuşdur. Həmin fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq–mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.
Beynəlxalq hüququn müstəqil subyektinə çevrilən Azərbaycanda xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyaya ehtiyac duyulurdu. Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi. Ulu öndər milli Konstitusiyanın hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürdü. Ümummilli liderin rəhbərliyi altında hazırlanan və 1995–ci il noyabrın 12–də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Konstitusiyanın 158 maddəsindən 48–nin, yəni üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir.
Milli Konstitusiyanın qəbulundan sonra ulu öndərimiz ilk növbədə hüquq–mühafizə orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə 21 fevral 1996–cı il tarixdə Hüquq İslahat Komissiyası yaradıldı, komissiyanın hazırladığı “Konstitusiya məhkəməsi haqqında”,”Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış tədbirləri haqqında”, “Notariat haqqında” və s. qanunların qəbulu məhkəmə–hüquq islahatlarının məntiqi davamı oldu.
Əsas qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə etibarlı təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur. Həyata keçirilən məhkəmə–hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin konseptual həlli olmuşdur. Ümummilli liderin 1998–ci il dekabrın 1–də imzaladığı fərmanla qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım kimi dəyərləndirilməlidir. Məhkəmə fəaliyyətinin hüquqi əsaslarını və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə ehtiva edən qanunda hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə də xüsusi diqqət ayrılmışdır.
Məhkəmələrin müstəqilliyi ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu müəyyənləşdirən və bu istiqamətdə konseptual mahiyyət daşıyan köklü islahatlar həyata keçirən ümummilli liderimiz Heydər Əliyev müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirirdi. Məhkəmə–hüquq islahatlarının nəticəsində Konstitusiya Məhkəməsi təsis olunmuş, 2000–ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. Həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmiş, məhkəmələr üzərində prokuror nəzarəti ləğv edilmiş, istintaqa məhkəmə nəzarəti, habelə təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququ müəyyən olunmuşdur. Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 17 yanvar 2000–ci il tarixli fərmanı ilə hakimlərin seçilməsi prosesinin təşkili və məhkəmə fəaliyyəti ilə bağlı digər tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə–Hüquq Şurası təsis edilmiş, hüquq sistemində köklü dəyişikliklərə səbəb olan müxtəlif tədbirlər görülmüşdür.
Yaşadığımız dövrün bəşəri əhəmiyyət daşıyan fərqləndirici cəhəti onun minilliklərin qovşağında olmasıdır. Bu bir reallıqdır ki, Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm də özünün alternativi olmayan müdrik siyasi kursunu, mükəmməl siyasi, sosiai–iqtisadi və mədəni inkişaf konsepsiyalarını gətirib. Təbii ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğurlar öz–özünə, boş yerdən yaranmayıb. Bunun bir səbəbi ulu öndərimizin işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədirsə, birincidən az önəm kəsb etməyən digər səbəbi isə cənab İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsində, bir sözlə, dünyada tanınan, sevilən Avropa tipli lider səviyyəsinə yüksəlməsindədir.
Bu müddətdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı və qəti addımlar atan dövlətimizin başçısı İlham Əliyev dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsini davamlı prosesə çevirmişdir. Prezident rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar və mütərəqqi yeniliklər müasir dövrün tələbləri ilə səsləşmiş, insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini özündə maksimum dərəcədə ehtiva etmişdir.
Azərbaycanda inamla həyata keçirilən hüquqi–siyasi islahatların mühüm bir istiqamətini məhz məhkəmə hakimiyyətinin fəaliyyətinin müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması oldu. Bu məqsədlə hələ 2004–cü ilin dekabrında “Məhkəmə–Hüquq Şurası haqqında” yeni qanun qəbul olundu, “Məhkəmələr və hakimlər haqqında” qanuna bir sıra mütərəqqi dəyişikliklər edildi. “Konstitusiya Məhkəməsi haqqında Qanuna əlavə və dəyişikliklər haqqında” 23 dekabr 2003–cü il tarixli qanuna əsasən isə, vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmləri müəyyənləşdirildi.
Prezident İlham Əliyevin 19 yanvar 2006–cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanında bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılması başlıca vəzifə kimi qarşıya qoyulmuşdu. Fərmanın imzalanması ədalət mühakiməsinin səmərəliliyini yüksəltmək, məhkəmələrə inamı artırmaq, müraciət imkanlarını asanlaşdırmaq, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqinə nail olmaq, məhkəmə aparatlarının strukturunu və işini daha optimal şəkildə qurmaq, habelə hakimlərin sosial vəziyyətini yaxşılaşdırmaq niyyətindən irəli gəlirdi. Məhz bu Qanunun tətbiqi ilə əlaqədar olaraq bölgələrdə yeni apelyasiya və inzibati–iqtisadi məhkəmələri yaradılmışdır.
Ötən müddətdə Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə imzaladığı ən mühüm sənədlərdən biri 2009–cu il 6 fevral tarixli “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013–cü illər üçün Dövlət Proqramı”dır. Dövlət Proqramı ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ–hüquqi və maddi–texniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində böyük rol oynayıb. Proqrama əsasən Dünya Bankının dəstəyi ilə Ədliyyə Nazirliyi tərəfindən uğurla həyata keçirilən “Ədliyyə sektorunun müasirləşdirilməsi” layihəsi də böyük əhəmiyyətə malikdir.
Ümumilikdə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hüquq islahatlarının son illərdə inamla davam etdirilməsi nəticəsində respublikamız insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Həyata keçirilən islahatlar isə ötən dövrdə Azərbaycanda hüquqi, demokratik dövlət ideyasının reallaşdığını, vətəndaş cəmiyyətinin formalaşdığını qəti əminliklə söyləməyə əsas verir. Əlbəttə, müstəqil Azərbaycan bu sahədə əldə olunan müsbət nəticələrlə də kifayətlənmir, cəmiyyətin inkişaf tempinə, iqtisadi islahatların sürətinə, vətəndaşların ictimai şüur səviyyəsinə adekvat olaraq bu sahədə yeni–yeni addımlar atır.
Bütün bu uğurlar ulu öndərimizin həmişəyaşar müdrik siyasi kursundan qaynaqlanır. Azərbaycan xalqının milli iftixarı, tariximizin yaddaşına əbədi həkk olunan bəşəriyyətin fenomen, fövqəlbəşər şəxsiyyətlərindən olan Heydər Əliyevin 90 illik yubileyini xalqımız böyük məhəbbət və qürur hissi ilə qeyd edir. Bütün dünya azərbaycanlılarının ümummilli liderinə və güvənc yerinə çevrilmiş Heydər Əliyev xatirəsi həmişə əziz tutulacaqdır.
Araz KAZIMOV,
Qaradağ Rayon Məhkəməsinin
sədri
Respublika.- 2013.- 3 may.- S. 7.