Ümummilli liderə xalq sevgisi

 

Daşkəsənlilər ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyini ciddi hazırlıqla, böyük ruh yüksəkliyi ilə keçirirlər. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin imzaladığı sərəncama və hazırlanan tədbirlər planına uyğun rayonda mütəşəkkil işlər görülmüşdür. Məhz buna görə də ulu öndərin anadan olmasının 90–cı ildönümü münasibətilə rayonda keçirilən möhtəşəm bayram tədbirləri özünün əzəməti, rəngarəngliyi, zənginliyi ilə yaddaşlarda qaldı. Rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəni–maarif müəssisələrində tədbirlər planına uyğun olaraq “dəyirmi masalar, ədəbi–bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilikidman yarışları, oxucu konfransları təşkil olunmuşdur. Keçirilən tədbirlərdə daşkəsənlilər bir daha ulu öndərə olan sevgisini, məhəbbətini nümayiş etdirmişlər.

Aprel ayının 29–da isə ümumrayon yubiley tədbiri ulu öndərin rayon mərkəzindəki əzəmətli heykəli önünə əklil və gül–çiçək dəstələri qoymaqdan başlayaraq Bayraq Meydanındakı parkda təntənəli şəkildə davam etdirilmişdir. Qeyd edək ki, Bayraq Meydanı Gəncə tərəfdən rayon mərkəzinə xeyli qalmış təbiətin dilbər guşəsində, vüqarlı dağlar ətəyində yaradılmışdır.

Toplantıda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək qeyd etdi ki, məlum bir həqiqəti bir daha xatırlatmaq istəyirəm, müstəqilliyi əldə etmək, qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir. Lakin ulu öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı. Biz bütün bunlara görə yalnız ulu öndərimizə borcluyuq.

Türk dünyasının dahi oğlu, tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyatı, ictimaisiyasi fəaliyyəti bu gün bütün dünyanı maraqlandırır. Ulu öndər Heydər Əliyevin dərin zəkası, analitik təfəkkürü, heyrətamiz yaddaşı, işgüzarlıq keyfiyyəti bu dahi insanı dünyada ən güclü, müdrik və qətiyyətli bir siyasətçiyə çevirdi. Ulu öndərimiz tək siyasi mövzuda deyil, iqtisadi, elmi, mənəvi, mədəni, tarixi və digər sahələr barədə mütəxəssis kimi saatlarla danışardı. Bu dahi insan mövcud vəziyyəti dərindən təhlil edərək çox düzgün nəticələr çıxarmağı bacarırdı. Heydər Əliyevin intellektinə, natiqlik məharətinə, həmsöhbətini valeh etmək bacarığına neçə–neçə dövlət rəhbərləri heyranlıqlarını etiraf ediblər. Bu gün Azərbaycanın haqq səsi dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənir. Bax bütün bunlar Heydər Əliyev siyasətinin qələbəsidir. Bu, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətində, mövcud siyasətin uğurlu, məntiqli davamının nəticəsidir. Məhz bu siyasət nəticəsində ölkəmiz inkişaf edir, abadlaşır, gözəlləşir.

Bir faktı demək istəyirəm ki, möhtərəm Prezidentimiz son bir ildə Daşkəsənin sosialiqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı 4 sərəncam imzalayıb. Çox mühüm, dəyərli bir şad xəbəri də sizə çatdırmaq istəyirəm. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev Daşkəsəndə “Azərbaycan Polad istehsalı kompleksinin” yaradılması haqqında sərəncam imzalayıb. Bu sərəncamın icrası nəticəsində rayonumuzda 2 mindən artıq yeri açılacaq və bu sərəncamın icrası rayonumuzun iqtisadi inkişafına çox güclü təkan verəcək. Bu diqqət cənab İlham Əliyevin daşkəsənlilərə olan xüsusi qayğısına əyani sübutdur. Mən bütün bunlara görə dövlətimizin başçısına, cənab İlham Əliyevə, bütün daşkəsənlilər adından dərin minnətdarlığımı bildirirəm. Hazırda Daşkəsəndə 25–ə yaxın yaşayış məntəqəsini birləşdirən əsaslı yollar çəkilir, Rayon icra hakimiyyətinin yeni inzibati binası, avtovağzal kompleksi, məktəblər, bağçalar tikilir. Yeni istehsal sahələri yaradılır, artıq Yeni Daşkəsən layihəsinin icrasına da başlamışıq.

Milli Məclisin deputatları Fəttah Heydərov, Elton Məmmədov, Mirkazım Kazımov ümumrayon şənliyində iştirak və çıxış etmişlər.

Tədbirdə Heydər Əliyev günlərində müxtəlif nominasiyalar üzrə keçirilən tədbirlərdə, idman yarışlarında, eləcə də inşa yazı müsabiqəsində fərqlənmiş gənclərə və məktəblilərə qiymətli hədiyyələr verildi.

Şahin” hərbi idman oyununun zona birinciliyndə 3– yeri tutduğuna görə İ.Nəsimi adına 1 saylı şəhər tam orta məktəbinin komandasına Gənclər və İdman Nazirliyinin fəxri fərmanı təqdim olundu. Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müxtəlif idman növləri üzrə 1–ci yeri tutan idmançılar və komandalar rayon gənclər və idman idarəsinin diplom və fəxri fərmanları ilə təltif olundular.

Tədbirin rəsmi hissəsindən sonra respublikanın tanınmış müğənnilərinin iştirakı ilə bayram şənliyinin bədii hissəsinə start verildi. Tədbir Daşkəsən İncəsənət məktəbinin musiqi və rəqs kollektivlərinin maraqlı, zəngin repertuarları ilə davam etdirildi. Ümumrayon şənliyi tədbir iştirakçılarının yaddaşında öz zənginliyi və rəngarəngliyi ilə qaldı.

 

 

Qəhrəman QURBANOV

 

Respublika.- 2013.- 3 may.- S. 8.