“AZƏRBAYCANIN TƏRƏQQİ YOLUNA NUR SAÇAN GÜNƏŞ”

 

Lənkəran Şəhər İcra Hakimiyyəti YAP Lənkəran şəhər təşkilatı ilə birgə şəhərin Heydər Əliyev Mərkəzində “Azərbaycanın tərəqqi yoluna nur saçan günəş – ümummilli lider Heydər Əliyev” mövzusunda konfrans keçirmişdir.

Konfrans iştirakçıları əvvəl ulu öndərin büstü önünə gül dəstələri qoymuş, dahi rəhbərin parlaq xatirəsini ehtiramla yad etmişlər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov konfransı giriş sözü ilə açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Lənkəranda ümummilli liderin 90 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini bildirmişdir.

İcra başçısı qeyd etmişdir ki, Azərbaycan torpağı zaman–zaman bəşər tarixinə, dünya sivilizasiyasına görkəmli şəxsiyyətlər bəxş etmişdir. Xalqa rəhbərlik kimi böyük missiyanı yerinə yetirmək qüdrətinə malik dahi şəxsiyyətlər arasında dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev müstəsna yer tutur. Əsrin üçdə biri ərzində Azərbaycanın rəhbəri olmuş ulu öndər Vətənə sədaqətlə xidmət etmiş, qurub–yaratdıqları xalqımızın misilsiz sərvətinə çevrilmişdir.

1969–cu ildə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə respublikanın sürətli inkişaf dövrü başlanmışdır. Ölkə qısa zaman kəsiyində inkişaf, tərəqqi yoluna qədəm qoymuşdur. Kənd təsərrüfatı, sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində misli görünməmiş nailiyyətlər əldə olunmuşdur. Müdrik rəhbərin titanik fəaliyyəti sayəsində keçən əsrin 70–80–ci illərində Azərbaycan aqrar diyardan nəhəng elmi–texniki potensiala malik, İttifaqda öncül yerlərdən birini tutan sənaye respublikasına çevrilmişdir.

1993–cü ildə Azərbaycanın ən ağır, məşəqqətli günlərində möhtərəm Heydər Əliyev xalqın təkidilə yenidən hakimiyyətə qayıtmışdır. Məhz Heydər Əliyev zəkası, qətiyyəti və zəngin dövlətçilik təcrübəsi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmadan, dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmişdir. Milli dövlətçilik ideologiyasının şəriksiz lideri olan dahi rəhbərin ictimai–siyasi fəaliyyətinin ana xəttini azərbaycançılıq ideologiyası təşkil edir.

İcra başçısı ulu öndərlə bağlı xatirələrini söyləmiş, iki dəfə onun sərəncamı ilə icra başçısı vəzifəsinə təyin edildiyini, dahi rəhbərin tövsiyə və tapşırıqlarını həmişə böyük ehtiramla xatırladığını və fəaliyyətində rəhbər tutduğunu bildirmişdir.

Ümummilli liderin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Lənkəranın sosial–iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı sərəncamların uğurla həyata keçirildiyini bildirən icra başçısı lənkəranlıların möhtərəm Prezidentimizin daxili və xarici siyasətini daim dəstəklədiklərini, onun ətrafında sıx birləşdiklərini söyləmişdir.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşovun məruzəsi dinlənilmişdır. Natiq ümummilli liderin mənalı ömür yolundan, şərəfli dövlətçilik fəaliyyətindən ətraflı danışmışdır.

Rayon ağsaqqallar şurasının sədr müavini Sərhad Məmmədov, respublikanın xalq artisti Qabil Quliyev, şəhər təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov, Tibb Kollecinin direktoru İqbal Əmənullayev konfransda çıxış edərək müdrik rəhbərin hakimiyyətdə olduğu hər iki dövrdə Lənkəranın sürətlə inkişaf etdiyini, bütün sahələrdə yüksək qələbələrin qazanıldığını, Lənkəranın respublikamızın güclü iqtisadi və mədəni potensiala malik mərkəzlərindən birinə çevrildiyini bildirmişlər.

Tədbirin sonunda icra başçısı Taleh Qaraşov YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələrini təqdim etmişdir.

 

 

Əlisəfa Həsənov

 

Respublika.- 2013.- 3 may.- S. 10.