HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MÜASİR KONSTİTUSİONALİZM İDEYASI

 

Konstitusiya Məhkəməsi ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, qəbul etdiyi qərarlar ilə hər kəsin Azərbaycan Konstitusiyasına, qanunlarına hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə, demokratiyanın və hüquqi mədəniyyətin inkişafına, konstitusionalizm ideyalarının həyata keçirilməsinə dəyərli töhfəsini vermişdir.

 

Heydər ƏLİYEV

 

 

X alqımız müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin 90 illiyini qeyd etməyə hazırlaşır.

Müstəqil Azərbaycan dövlətinin inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 21 yanvar 2013–cü il tarixli sərəncam imzalamışdır. Bu sərəncamda ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərinə xalq və dövlət başçısı səviyyəsində verilən ən yüksək qiymət öz əksini tapmışdır.

Tarixdə şəxsiyyətlərin rolu və onların dövlətin inkişafına verdiyi töhfələr danılmazdır. Bu mənada, Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü və bu illər ərzində xalqın ictimai–siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi böyük şəxsiyyət Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. O, parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı qurmaqla yanaşı, dövlətimizi gələcəyə aparan yolları da müəyyən etmişdir.

Ulu öndərin hələ sovet hakimiyyəti zamanı 1969–1982–ci illərdə Azərbaycana rəhbərliyi dövründə respublikamız qısa müddətdə keçmiş SSRİ–nin geridə qalmış əyalətindən qabaqcıl respublikalarından birinə çevrilmiş, xalqın yaddaşının özünə qayıdışı, milli özünüdərkin və milli ruhun yüksəlişinin təmin olunması mümkün olmuşdur.

Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili xüsusi diqqət mərkəzində idi. Ulu öndərin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətin bəhrəsidir ki, 1978–ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. O dövrün reallıqları baxımından bu addım, sözün əsl mənasında, qəhrəmanlığa bərabər idi və gələcəyin müstəqil Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasında təbliği, böyük klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, elmi, ədəbi, mədəni əsərlərin planlı tədqiqi və nəşri – bütün bu sadalananlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticəsidir.

Dünyanın siyasi xəritəsində mühüm dəyişikliklərlə yadda qalan XX əsrin sonlarında Azərbaycan dövlətçiliyi üçün əlverişli və əvəzedilməz tarixi şərait yarandı. 1991–ci il oktyabrın 18–də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi beynəlxalq aləmə bəyan edildi və həmin gün çoxəsrlik dövlətçilik tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu.

Lakin müstəqilliyimizin ilk illərindən Azərbaycanın tarixində gərgin, mürəkkəb dövr başladı, ölkəmiz hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri–sabitlik kimi milli təhlükəsizliyi təhdid edən ciddi problemlərlə qarşılaşdı. Azərbaycan dövlətçiliyi üçün taleyüklü bir dönəmdə qətiyyətli siyasi iradə nümayiş etdirərək ölkənin milli maraqlarını təmin edə biləcək böyük şəxsiyyətə olan ehtiyac, Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə nəticələndi.

Azərbaycan üçün ağır, mürəkkəb vaxtda ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər Əliyevə müraciət edən xalqımız əmin idi ki, ölkəmizi düşdüyü bu ağır vəziyyətdən, sosial–iqtisadi, hərbi–siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər, xalqımızı müstəqilliyin azad inkişaf yoluna çıxara bilər. Bu çətin vəziyyətdə xalqın tələbilə hakimiyyətə qayıdan Heydər Əliyev öz müdrik siyasəti ilə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, ictimai–siyasi anarxiyadan xilas etdi, xalqımızı müstəqil Azərbaycan və azərbaycançılıq ideyası ətrafında birləşdirərək öz tarixi missiyasını yerinə yetirdi.

“Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcək” – deyən ümummilli liderimiz Heydər Əliyev uzaqgörən siyasəti ilə Azərbaycanı dinamik inkişaf edən bir dövlətə çevirdi. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Siyasi plüralizm, söz və mətbuat azadlığı təmin edildi, ölüm cəzası ləğv edildi, Azərbaycanın gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra davamlı inkişaf strategiyası praktikada daha əsaslı surətdə tətbiq edilərək həqiqi mənada ölkənin milli yüksəlişinin qüdrətli amilinə çevrildi. XX əsrin 90–cı illərinin əvvəllərinə xas olan separatçılıq, etnik parçalanma meyillərinin ölkənin varlığı üçün yaratdığı real və ciddi təhlükə yalnız ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elan etdiyi və qətiyyətlə həyata keçirdiyi azərbaycançılıq ideologiyası sayəsində dəf olundu. Ölkənin ictimai–siyasi, sosial, iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratmış, elmi əsaslarla, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, siyasi və diplomatik vasitələrdən istifadə edilərək 1994–cü ilin may ayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

A zərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi rol oynamışdır. 1994–cü il sentyabrın 20–də Bakıda dünyanın 11 iri neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş neft müqaviləsinin və 1999–cu il noyabrın 18–də ATƏT–in İstanbul zirvə toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb etdi. Bununla da, Azərbaycan MDB məkanında Qərbin neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. “Əsrin müqaviləsi”nin imzalanması respublikamızın bugünkü və gələcək iqtisadi uğurlarının əsasını qoymuşdur.

“Əsrin müqaviləsi”nin və digər neft kontraktlarının, iqtisadi və strateji baxımdan misilsiz əhəmiyyətə malik neft kəmərinin reallaşması Heydər Əliyevin xidmətidir. 1994–cü ildə çoxlarına əfsanə kimi görünən layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olmuşdur. Ümummilli liderimizin gərgin əməyi sayəsində 1994–cü ilədək davam edən iqtisadi tənəzzülə son qoyuldu, makroiqtisadi göstəricilər ilbəil yüksəldi, dinamik inkişaf dövrü başlandı.

Ölkədə sabitlik əldə olunduqdan sonra dövlət quruculuğu istiqamətində təxirəsalınmaz addımlar atılmışdır. Azərbaycanda hüquqi dövlət quruculuğu naminə görülmüş işlər ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemin kökündən demokratikləşməsi istiqamətində əsaslı dəyişdirilməsindən ibarət olmuş, həm də bu proses mahiyyət etibarilə dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir.

Ölkəmizdə başlanılmış islahatlar fonunda ən mühüm hadisələrdən biri müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul edilməsi oldu. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən biri olmuşdur. 1991–ci il fevralın 19–da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yeni Konstitusiyanın hazırlanması məqsədilə yaradılmış 74 nəfərdən ibarət işçi komissiyasının fəaliyyəti gözlənilən nəticəni verməmişdi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, onun təşəbbüsü ilə müstəqil Azərbaycanın yeni Konstitusiya layihəsinin hazırlanmasına başlanıldı. İşçi komissiyasının tərkibi Prezident tərəfindən parlamentə təqdim edilmiş və Milli Məclis 1995–ci il mayın 2–də müvafiq qərar qəbul etmişdir. Komissiya Prezidentin sədrliyi ilə 33 nəfərdən ibarət idi. Komissiyaya qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, ölkənin hüquq ictimaiyyətinin tanınmış simaları da daxil idilər. 1995–ci il iyul ayının 5–də komissiyanın ilk iclası baş tutmuşdur. Bu iclasda ümummilli liderimiz Heydər Əliyev bir sıra dəyərli tövsiyələrini, məsləhətlərini vermişdir. Ulu öndər cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul edilməsini təmin etmək üçün gərgin əmək sərf etmişdir.

N əhayət, Konstitusiyanın layihəsi ümumxalq müzakirəsi üçün 15 oktyabr 1995–ci ildə dərc edilmiş və 12 noyabr 1995–ci il tarixdə keçirilmiş referendumda seçicilərin 94,8 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişlər. Azərbaycan Respublikasının Konstitusiyası 27 noyabr 1995–ci il tarixdən qüvvəyə minmişdir. Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə gərgin səylərin nəticəsi olan bu ümummilli əhəmiyyətli sənədin qəbulu dövlətçiliyimizin inkişafı tarixində yeni səhifə açmışdır.

Qeyd edilməlidir ki, ölkəmizin Əsas Qanunu hazırlanarkən ənənəvi hüquqi dövlət ideyaları ilə yanaşı, bu ideyaların inkişaf meyilləri də nəzərə alınmış, onlar özünəməxsus milli dəyərlər və artıq təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirilmişdir. Konstitusiyanın qəbul edilməsi xalqımızın tarixi ənənələrinə uyğun olan və eyni zamanda ölkəmizdə müasir dünyanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşdırılması, siyasi sistemdə və hüquq sistemində möhkəm özülün yaradılması işində mühüm addım olmuşdur.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının ərsəyə gəlməsində danılmaz rolu olan ulu öndər Heydər Əliyev bildirmişdir ki, “Azərbaycanın ilk demokratik Konstitusiyası xalqımızın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin edəcək və gələcək nəsillərə sivilizasiyalı, yüksək səviyyəli, dünya demokratiyasında özünəməxsus yer tutan müstəqil Azərbaycan dövləti miras qoyacaqdır”.

B öyük öndər ədalətli idarəçilik sistemi yaratmadan cəmiyyətin dövlətə etimad və inamının formalaşdırılmasını qeyri–mümkün hesab etmiş, bunun üçün, ilk növbədə, məhkəmə–hüquq sistemində dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılmasına nail olmuşdur. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

Ümummilli liderimiz insan hüquqlarını müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu dünyada toplumları, xalqları, cəmiyyətləri birləşdirən, onlara humanist dəyərləri aşılayan əsas meyar kimi dəyərləndirmişdir.

Qanunçuluq və hüquq qaydalarının hələ tam oturuşmadığı bir dövrdə 1993–cü ildə ölüm hökmü cəzasının tətbiqi üzərində moratoriumun qoyulması, 1998–ci ildə bu hökmun ləğv edilməsi ulu öndərin yüksək humanizminin təzahürü kimi diqqətəlayiqdir.

Tarixə nəzər salsaq, görərik ki, Azərbaycanın müstəqil qanunvericilik praktikasının əsası 1921–ci il may ayının 19–da qoyulmuşdur. Bundan bir qədər əvvəl 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinə Əsas Qanunu qəbul etmək müyəssər olmadı. Bundan sonra Azərbaycan SSR Konstitusiyasının yeni redaksiyaları 1925–ci və 1937–ci illərdə dördüncü və doqquzuncu Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. Azərbaycan SSR–in sonuncu Əsas Qanunu 1978–ci il aprelin 21–də qəbul edildi və onun öz sələflərindən prinsipal fərqi ondan ibarət idi ki, o vaxt Azərbaycana milli özünüdərk və özünəqayıdış proseslərinə böyük önəm verən Heydər Əliyev rəhbərlik edirdi və artıq vurğuladığımız kimi, məhz onun qətiyyəti sayəsində Konstitusiyaya Azərbaycan dilini dövlət dili elan edən 73–cü maddə əlavə olundu.

Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin başlıca məqsədi kimi ön plana çıxarmışdır. 1995–ci il noyabrın 24–də keçirilmiş yığıncaqda ümummilli liderimiz Heydər Əliyev bu tarixi sənədi belə dəyərləndirmişdir: “Yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır. Xalqımız bu Konstitusiyanın müddəalarından istifadə edərək, Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin formalaşması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.

K onstitusiya Azərbaycanın hüquqi sisteminin inkişafinda keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu və qanunvericiliyin bütün sahələrinin inkişafına impuls verdi. Ölkəmizin Əsas Qanununun hətta inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalarından biri Konstitusiyada sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır. Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Belə ki, qeyd olunan prinsip ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdən tutulduğundan daha artıq məhdudlaşdırılmasına imkan vermir. Bu prinsip eyni zamanda insan hüquqlarının tətbiqi ilə bağlı milli qanunvericilik tənzimlənməsindən kənar qalmış hər hansı məsələyə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin birbaşa tətbiqini qanuniləşdirir.

Konstitusiyada hakimiyyət bölgüsü hakimiyyət qolları arasında qarşılıqlı nəzarətin yaranması məqsədilə əks edildi. Qarşılıqlı nəzarət dövlət hakimiyyətinin məhdudlaşdırılması mexanizmi, ilk növbədə, insan hüquqlarının qorunmasına xidmət edən vasitədir. Hələ Konstitusiya layihəsi hazırlanarkən Komissiyanın sədri Heydər Əliyev öz tövsiyələrini verərək qeyd edirdi: “Azərbaycanda insan azadlığı, təşəbbüs azadlığı, din azadlığı, sahibkarlıq azadlığı – bütün azadlıqlar təmin olunub. İnsan haqları qorunmalıdır, Azərbaycan müstəqil dövlət kimi öz vətəndaşlarının hüquqlarını qorumağı əsas vəzifələrindən biri hesab etməlidir”.

Azərbaycan Respublikası Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən hüquqi prinsipləri özündə ehtiva edən tarixi sənəd olaraq xalqın rifahına xidmət göstərən dövlət idarəetmə mexanizminin təməlinə çevrilmişdir. Sonrakı illərdə qəbul olunan çoxsaylı qanunların da kökündə məhz insan şəxsiyyətinə hörmət amili dayanmışdır.

Konstitusiyanın qəbulundan sonra ayrı–ayrı sahələr üzrə qanunlar yaradılmağa başlamış, yeni qanunlar Konstitusiyanın müddəalarına uyğun işlənmişdir. 1997–ci ildə “Məhkəmələr və hakimlər haqqında” qanun qəbul edilmiş, 2000–ci ildə Cinayət, Cinayət–Prosessual, Mülki, Mülki–Prosessual və digər məcəllələr, qanunlar qəbul olunmuşdur. Məhkəmələrin fəaliyyətində səmərəliyi artırmaq üçün Azərbaycan–Avropa Şurası İşçi Qrupu yaradılmışdır. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsi üçün üçpilləli məhkəmə sisteminin yaradılması da Konstitusiyamızda əks olunan mühüm müddəalardan biridir. İnsanlara hüquqi xidmətin keyfiyyətini yüksəltmək üçün hakim korpusunun yeni forma və metodlarla formalaşdırılması da həyatımızda tamamilə yeni olmuş, ötən illər bu seçimin səmərəliyini təsdiqləmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının dövlət və hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri də dövlət hakimiyyətinin ali orqanları sistemində müstəqil məhkəmə hakimiyyətinin mövqeyinin gücləndirilməsi olmuşdur. Çünki müasir sivil cəmiyyətlərdə güclü və müstəqil məhkəmə hakimiyyəti insanların dövlətə olan etimadının, vətəndaş sülhünün təminatının, vətəndaş cəmiyyəti quruculuğunun, hətta iqtisadi inkişafın vacib şərtlərindən biri kimi çıxış edir.

Ümummilli liderimiz Heydər Əliyev şəxsiyyət və lider kimi dövlət idarəçiliyində daim hüququn, qanunun aliliyini rəhbər tutmuş, hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatını dövlətin ali vəzifəsi saymışdır. Heydər Əliyev ədalətli və müdrik rəhbər kimi yaxşı bilirdi ki, qanunların və hüquq qaydalarının işləmədiyi bir dövlətdə sosial–ictimai dayaqların möhkəmliyindən, dayanıqlı sabitlikdən, yüksək sosial–maddi rifahdan danışmaq mümkün deyildir.

Azərbaycan Konstitusiyası hüquqi və sosial dövlətin formalaşmasına, cəmiyyət həyatının demokratik formalarının inkişafına və insan hüquqlarına əməl edilməsinə yönəlmişdir. Son illər ərzində məhkəmə sisteminin inkişafı, insanın və vətəndaşın hüquq və azadlıqlarının, konstitusiya quruluşunun qorunması, vahid hüquqi məkanın təmin olunması naminə öz səlahiyyətlərini reallaşdıran müstəqil məhkəmə hakimiyətinin təsdiqi üzrə real tədbirlər görülmüşdür. Kostitusiyamızda bunun üçün dəyərli hüquqi imkanlar təsbit edilmişdir. Konstitusiyanın ruhu və hər kəlməsi ölkəmizdə dünyaya yüksək səviyyədə açıqlığı təmin etməyə və real dövlət subyektivliyini qoruyub saxlamağa imkan verir.

Məhkəmə–hüquq islahatları dairəsində həyata keçirilən islahatlar qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla mübarizənin səmərəsinin artırılması, hüquq–mühafizə orqanlarında xidmətin saf mənəviyyat əsasında qurulmasını təmin edir.

Konstitusiyanın milli hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri də Əsas Qanunun ehtiva etdiyi dəyərlərin müdafiəsinin və dövlətin hüquqa bağlılığının təmin edilməsinin mühüm vasitələrindən biri kimi Konstitusiya Məhkəməsinin yaradılması olmuşdur. Beləliklə, 1998–ci il iyunun 14–də Azərbaycanda müasir hüquqi dövlətin vacib institutlarından biri olan Konstitusiya Məhkəməsi fəaliyyətə başladı.

Ötən illər ərzində Konstitusiya sosial–iqtisadi, siyasi, dövlət–hüquqi inkişafın tələbatına uyğunlaşdırılmışdır və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bunun ən mühüm təşkilati elementidir. Qanunvericilikdə Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyinin təmin edilməsi və hər kəsin hüquq və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilmişdir. Məhkəmə müstəsna olaraq, Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarlarla bu məqsədləri həyata keçirir və milli hüquq sistemimizə öz töhfəsini verir.

Fəaliyyətə başladığı ilk dövrdən Konstitusiya Məhkəməsi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmış, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanmışdır.

T əməli ulu öndər Heydər Əliyevin əvəzsiz əməyi ilə qoyulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 2003–cü ildə yaranmasının beşillik yubileyini qeyd etmişdir. Yarandığı dövrdən fəaliyyəti ölkə başçısının daim diqqət və qayğısı altında olan konstitusiya nəzarət orqanının beşillik yubileyində ümummilli lider Heydər Əliyev Konstitusiya Məhkəməsinə müraciət edərək, yarandığı tarixdən etibarən ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etdiyini, qəbul etdiyi qərarlarla hər kəsin Azərbaycan Konstitusiyasına, qanunlarına hörmət və ehtiramına, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə, demokratiyanın, hüquqi mədəniyyətin inkişafına və konstitusionalizm ideyalarının həyata keçirilməsinə dəyərli töhfə verdiyini vurğulamışdır. Məhz ulu öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq Konstitusiya Məhkəməsi bu gün Konstitusiyasının aliliyini qoruyur və onun keşiyində durur.

Ötən illər ərzində Məhkəmə ümumilikdə 246 qərar və 56 qərardad qəbul etmiş və bu qərarların böyük bir hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olmuşdur. Qəbul edilmiş qərarlardan 85–i, qərardadlardan isə 39–u fərdi şikayətlər əsasında qəbul edilmişdir ki, bu da ümumilikdə Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların 34,8 faizini təşkil edir.

Konstitusiya Məhkəməsi zamanın tələbindən çıxış edərək yarandığı gündən beynəlxalq əlaqələrə, xarici ölkələrin Konstitusiya məhkəmələri ilə, Avropa Şurası, ATƏT, Amerika Hüquqşünaslar Assosiasiyası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti və başqa beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsinə və genişlənməsinə böyük diqqət yetirir.

Konstitusiya Məhkəməsinin dəvəti ilə Türkiyə, Rusiya, Almaniya, Belçika, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Norveç, İspaniya, Ukrayna, Gürcüstan, Moldova, Litva, Latviya və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və əməkdaşları ölkəmizə rəsmi səfərlər etmişlər.

Xarici ölkələrin Konstitusiya Məhkəmələrinin, həmçinin beynəlxalq təşkilatların dəvəti ilə son dövrlər Konstitusiya Məhkəməsinin hakimləri və əməkdaşları Türkiyə, ABŞ, Rusiya, Fransa, İtaliya, Almaniya, Slovakiya, Çexiya, Polşa, İspaniya, Belçika, Rumıniya, Albaniya, Moldova, Ukrayna, Cənubi Koreya, İndoneziya və digər ölkələrə rəsmi səfərlər etmişlər.

Konstitusiya Məhkəməsinin beynəlxalq hüquqa və xarici məhkəmə praktikasına böyük diqqət yetirdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sazişlər, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa konstitusiya nəzarət orqanlarının qərarları mütəmadi olaraq öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinad edilir.

“Dövlət yalnız iki halda sarsıla bilər: cinayət cəzasız qalanda və günahsız cəzalandırılanda” – deyən ümummilli liderimiz ədalətli idarəçilik sistemi yaratmadan cəmiyyətin dövlətə etimad və inamının formalaşdırılmasını da qeyri–mümkün hesab etmiş, bunun üçün ilk növbədə məhkəmə–hüquq sistemində dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılmasına nail olmuşdur.

2002–ci ildə ölkəmizin beynəlxalq birliyə inteqrasiyası və hüququn müasir inkişafı şəraitində konstitusiya islahatlarının aparılması, Konstitusiyanın özünün də təkmilləşdirilməsi kimi mühüm tədbirlərin həyata keçirilməsi zərurəti ortaya çıxdı. Bu baxımdan, 2002–ci il avqust ayının 24–də keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər mühüm əhəmiyyətə malik olmuş və Konstitusiya Məhkəməsinin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur.

Keçirilmiş referendumla Əsas Qanunun mətninə cəmiyyətin inkişafından doğan və Konstitusiyanın, qanunların, bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsi və insan hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gələn bir sıra dəyişikliklər edilmişdir. Bu dəyişikliklər bütövlükdə ölkəmizin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya qoşulmasından, məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn öhdəliklərə əməl edilməsi, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və dövlət hakimiyyəti orqanları arasında fəaliyyətin və qarşılıqlı əlaqənin konstitusiya mexanizmlərinin daha da təkmilləşdirilməsi zərurətindən irəli gəlmiş və sadalanan məqsədlərə xidmət etmişdir.

“Referendum ilk növbədə, xalqın öz iradəsini sərbəst ifadə etməsi deməkdir. İqtidar, əkselita və cəmiyyət bu yolla dövləti inkişaf etdirmək məqsədi ilə qarşılıqlı fəaliyyət göstərir. Mən bu referendumu ölkənin modernləşdirilməsi, demokratik dəyişikliklərin intensivləşdirilməsi və təbii ki, ölkədə sabitliyin qorunub saxlanması istiqamətində irəliyə doğru bir addım kimi qiymətləndirirəm. Qlobal və lokal transformasiyalar, yeni çağırışlar nəzərə alınmaqla Konstitusiyaya dəyişikliklər edilməsi vətəndaşın hüquq və azadlıqlarının müdafiəsini təkmilləşdirməyə, ən başlıcası isə, Azərbaycan dövlətçiliyinin davamlı və səmərəli inkişafını təmin etməyə imkan verir” – deyən ümummilli lider Heydər Əliyev qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin hüquqi qüvvəyə minməsini təmin edən bu ümumxalq səsverməsi demokratik inkişaf istiqamətində mühüm addım olmaqla, respublikanın sivil Avropa dəyərlərinə sadiqliyini bir daha təsdiqləmişdir.

Mühüm dəyişikliklərdən biri Konstitusiyanın 105–ci maddəsinə edildi. Əvvəlki varianta əsasən Azərbaycan Respublikası Prezindeti vaxtından əvvəl vəzifədən getdikdə onun səlahiyyətlərini Milli Məclisin sədri icra edirdi. Lakin səlahiyyətlərin Prezidentdən Milli Məclisin sədrinə ötürülməsi barədə əvvəllər Konstitusiyada nəzərdə tutulmuş bu müddəa hakimiyyət bölgüsü prinsipi ilə ziddiyyət təşkil edirdi. Milli Məclis rəhbərinin həm qanunverici, həm də icra hakimiyyətinin səlahiyyətlərini müvəqqəti də olsa, öz əlində cəmləşdirməsi, istər–istəməz hakimiyyətin iki qanadı arasında tənzimlənmə prosesini çətinləşdirirə bilərdi. Məlumdur ki, həm Prezident, həm də Baş nazir icra hakimiyyətinin nümayəndələri olduğundan, birincinin hansısa səbəbdən öz vəzifəsini icra edə bilməməsi halında səlahiyyətlərin icra hakimiyyətinin digər nümayəndəsinə verilməsi məntiqi və qanunauyğundur.

Ümumilikdə, Konstitusiyaya edilmiş dəyişikliklərin ayrıca bir qrupu Konstitusiya Məhkəməsinin statusu və səlahiyyətinə aid idi. Siyasi partiyaların və ictimai birliklərin ləğvi ilə bağlı səlahiyyət Konstitusiya Məhkəməsindən alınaraq, ədliyyə orqanlarına və məhkəmələrə verildi. Çünki əvvəlki halda əks tərəfin digər instansiyaya şikayət vermək hüququ olmurdu. İndi belə hal yaranarsa, siyasi partiyanın Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ yaranır.

Referendumla təsbit edilmiş digər yenilik məhkəmələrə, vətəndaşlara və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququnun verilməsidir. Bu dəyişikliyə qədər vətəndaşların hüquq və azadlıqları pozulduqda onlar müvafiq məhkəmələrin vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək, məsələnin Konstitusiya Məhkəməsinə sorğu vermək yolu ilə göndərilməsini xahiş edirdilər. Beləliklə, həmin müraciət uzun bir yol keçdikdən və xeyli vaxt itkisindən sonra Konstitusiya Məhkəməsinə çatırdı.

Konstitusiyaya edilən dəyişikliklərə əsasən hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə şikayət verə bilər. Vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət edə bilməsi müddəası Əsas Qanunda təsbit olunmaqla, insan hüquqlarının və azadlıqlarının qorunmasına xüsusi təminat yaratdı.

Bu şikayətlər məhkəmə qərarlarından verilən apelyasiya və kassasiya şikayətlərindən fərqli olaraq, konkret işlər üzrə qərarların ləğv edilməsi və ya dəyişdirilməsi məqsədi ilə deyil, yalnız insan hüquq və azadlıqlarını pozan aktların Konstitusiya və qanunlara zidd hesab olunması məqsədi ilə verilir.

Ombudsman insan hüquq və azadlıqlarını pozan aktlardan Konstitusiya Məhkəməsinə sorğu verə, məhkəmələr isə Konstitusiya Məhkəməsinə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiya və qanunların şərh edilməsi haqqında müraciət edə bilərlər.

Konstitusiya islahatlarının ardınca qəbul edilmiş “Konstitusiya Məhkəməsi haqqında” yeni qanunda digər müddəalarla yanaşı, yeni subyektlər tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilməsi və həmin müraciətlərə baxılması prosedurları müəyyənləşdirildi. Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır.

Əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hüquq islahatları keyfiyyətcə yeni mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Azərbaycanın müasir inkişafı dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətə çəkilmişdir.

Ölkəmizdə həyata keçirilən irimiqyaslı qanunvericilik və institusional islahatlar, sürətli beynəlxalq inteqrasiya və sosial–iqtisadi inkişaf yeni konstitusiya islahatlarının reallaşdırılması zərurətini ortaya qoymuşdur. Bu məqsədlə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 26 dekabr 2008–ci il tarixdə hüquqi nöqteyi–nəzərdən Konstitusiyanın bir çox normalarını təkmilləşdirmək məqsədi daşıyan, əsasən dövlətin sosialyönümlüyünün artırılmasına, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiə və təmin olunmasına, ali dövlət hakimiyyəti orqanlarının, habelə məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin, qanunvericilik sisteminin təkmilləşdirilməsinə yönəlmiş “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi qəbul edildi. 18 mart 2009–cu il tarixdə həmin akt ümumxalq səsverməsində Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən dəstəkləndi və keçirilmiş referendumla zamanın tələbindən irəli gələrək Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər onun çox mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələndi.

2009–cu ildə keçirilmiş referendumda ciddi ictimai dəstək almış yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dövlətin məsuliyyətini artırmış, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdur. Konstitusiya islahatı milli qanunvericiliyin beynəlxalq konvensiya və sazişlərə uyğunlaşdırılması prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Ümummilli liderimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır, Azərbaycan öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyur. Bütün bu qazanılmış uğurların təməlində isə xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin islahatlar siyasəti dayanır.

Azərbaycan dövlətinin başçısı kimi Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri vardır. Ulu öndərimizin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox–çox kənarlara çıxır.

Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyası şüurun, siyasi həyatın 30 ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin – Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində, milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır.

Ulu öndərimiz özündən sonra layiqli siyasi varis qoyub getdi. Böyük öndərimiz seçkilər ərəfəsində xalqa ünvanladığı müraciətində cənab İlham Əliyevi dəstəkləməyə çağırır və əminliklə bildirirdi ki, onun başladığı işləri xalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyev başa çatdıra biləcək.

Müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu, dövlətçiliyimizin ən böyük təminatçısı, ulu öndər Heydər Əliyevin anadan olmasının 90–cı ildönümü gününü böyük qürur və iftixar hissi ilə qarşılayırıq. Bu gun bütün dünyada səsi, sözü eşidilən, iqtisadi inkşaf tempinə görə dünyada ön sıralara keçən, Cənubi Qafqaz regionunda liderə çevrilən müstəqil Azərbaycan Respublikası siyasi reallıq kimi bu fenomenal şəxsiyyətin əsəridir.

Bu gun ölkəmizdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin quruculuğu prosesi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

 

Fərhad Abdullayev,

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin Sədri

 

Respublika.- 2013.- 4 may.- S. 7; 9.