Heydər Əliyev Azərbaycan gəncliyinin idealıdır

 

Heydər Əliyev və Azərbaycan gəncliyi, Heydər Əliyev və Azərbaycan idmanı daim xüsusi tədqiqata ehtiyacı olan bir mövzu olaraq qalacaq. Bunun bir səbəbi Heydər Əliyev şəxsiyyətinin dahiliyidirsə, digər səbəbi gənclik və idmanın öz profili və mahiyyət yükü ilə fərqliliyidir. Heydər Əliyev kursunda isə bu mövzular həmişə özünəməxsus müstəqil bir xətt olub. Bunu görmək üçün ulu öndərin bir–birindən ayrılmaz bu iki sahəyə verdiyi önəmə diqqət edib, müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrləri xatırlamaq kifayətdir.

 

H ələ Sovetlər dövrünü xatırlayıb, o illərin bu gün də xüsusi fəxrlə dilə gətirilən məşhur qərarlarından söz açmaq olar. Həmin illərdə onun xüsusi diqqətində olan bir məsələni isə xüsusi qeyd etmək lazımdır. Minlərlə gənc təhsil almaq üçün SSRİ–nin ən yaxşı məktəblərinə, ali təhsil ocaqlarına —Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərilirdi. Onlar təkcə Azərbaycanın deyil, eyni zamanda Sovet ölkəsinin müxtəlif sənaye sahələrində, elm ocaqlarında əməli nailiyyətləri ilə respublikamıza şöhrət gətirdilər. Elə həmin illərdə Azərbaycan SSR–də gənclərin məşğulluğu, asudə vaxtının təşkili, mədəni–sosial problemlərinin həlli, intellektual səviyyəsinin, təlim–tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində bir çox qərarlardan da söz açmaq olar. Ümumən məhz həmin illərdə yetişən nəslin üzərinə Azərbaycanın müstəqilliyində həlledici rolu oynamaq, sonrakı illərdə isə yeni dövrün problem və məsələlərini həll etmək vəzifəsi düşdü.

Təbii ki, müstəqillik qarşıya daha ağır məsələləri qoymuşdu. Ölkəni pərakəndəlikdən, parçalanmadan, qruplaşmalar qurbanı olmasından xilas edən ulu öndər 1993–cü ildə müxtəlif sahələri təmsil edən bir qrup gənci qəbul edərək onların arzu və istəklərini dinlədi və dövlətin və cəmiyyətin sosial–iqtisadi, ictimai–siyasi və mədəni həyatında gənclərin iştirakını vacib məsələ kimi elan etdi. O görüşdəki məşhur nitqində gəncliyin və idmanın dövlətin qayğısına ehtiyacı olduğunu vurğuladı, gənclərə və idmançılara qayğını öz üzərinə götürdüyünü bəyan etdi və tezliklə verdiyi sözün də əsasları olduğunu qərarları, addımları ilə təsdiqlədi. Əlbəttə, 90 illik yubileyini qeyd etməyə hazırlaşdığımız ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan naminə misilsiz xidmətlərindən biri, sözsüz ki, 1994–cü ildə Gənclər və İdman Nazirliyini yaratması oldu. Nazirliyin qarşısında duran əsas vəzifə Azərbaycan gəncliyinə Heydər Əliyev qayğısını təmin etmək, milli dövlətçilik ideyalarını gənc nəslin inkişafında əsas prinsip və vasitəyə çevirmək, onun fiziki–mənəvi sağlamlığı naminə bədən tərbiyəsi və idmanın inkişafının prioritetlərini müəyyən etmək olub. Bu özəlliklər sırasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında xalqımızın tarixi–mədəni irsinə, milli–mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqaməti əsas yer tutur. Nazirlik get–gedə güclənən və mükəmməlləşən infrastruktur yaratmağa və gənclərlə bağlı bir çox layihələri reallaşdırmağa nail oldu.

Təsadüf deyil ki, gənclər hər zaman cəmiyyətin əsas hərəkətverici hissəsi, milli–mənəvi dəyərlərin daşıyıcısı, sosial–iqtisadi potensialın tərənnümçüsü və buna görə sabahın əsas qurucu qüvvəsi sayılıb. Ölkə əhalisinin 30 faizindən çoxunu gənclər təşkil edir və bu gün də onların hazırlığından, inkişafından, seçdikləri yoldan çox şey asılıdır.

Gənclər siyasəti hər bir ölkənin mədəni irsinə, tarixi ənənələrinə uyğun inkişaf etdirilir. Bununla belə, dünyanın hər bir ölkəsi üçün ümumbəşəri dəyərlərə söykənən ortaq təməl nöqtələr də var. Müstəqilliyini yeni əldə etmiş ölkələrdə bu prinsipləri formalaşdıran, ümumi məxrəci təmin edən bir vasitəyə ehtiyac olur. Çünki gənclik və onun problemləri çox həssas mövzudur və bu sahədə buraxılan kiçik bir səhv gələcəkdə ağır fəsadlar törədə bilər.

1999–cu ildə ümummilli liderin imzaladığı “Dövlət Gənclər Siyasəti haqqında” fərman, həmçinin 2002–ci ildə təsdiq etdiyi “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də digər hüquqi–normativ aktlar hərtərəfli əhatə dairəsi ilə —gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai–siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələlərini xüsusi qabartması ilə gələcəyin fəaliyyət proqramına çevrildi, gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etdi.

Əlbəttə, Gənclər və İdman Nazirliyinin yaradılması və sırf bürokratik aparatın qanunlarla tənzimlənənən, hüquqi normativlərə söykənən fəaliyyəti ilə kifayətlənmək olmazdı. Cəmiyyətin aparıcı qüvvəsi sayılan gəncliyin fəallığını daha çevik addımlar izləməli idi. Təşkilatlanma prinsipi ilə bu xüsusda müəyyən işləri görmək mümkün idi. Lakin ümummilli lider Heydər Əliyev daha düzgün və dolğun addımı ataraq hər kəsin, hər bir gəncin marağına tuş gələn təklifi irəli sürdü. Bu onun 1995–ci ildə səsləndirdiyi Gənclər Forumunun keçirilməsi idi. Zaman sübut etdi ki, bu təşəbbüs cəmiyyətin həssas təbəqəsinin problemlərinin həllində əhəmiyyətli yenilik oldu. 1996–cı ilin 2 fevral tarixi —müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirildiyi gün yeni Azərbaycan gəncliyinin fəaliyyət proqramını və birlik yolunu müəyyən etməklə bərabər onun sabaha ən işıqlı ümidi oldu. Həmin gün ümummilli lider bütün dövrlər üçün gəncliyin proqram–şüarı olacaq tarixi ifadəni də səsləndirdi və onlar qarşısında ən mühüm vəzifəni müəyyənləşdirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

1997–ci il fevralın 1–də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral —Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” sərəncam da imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Bir il sonra Azərbaycan Gəncləri Gününün birinci ildönümündə keçirilən təntənəli bayram mərasimində o, dərin və məzmunlu çıxışında gənclərə dəstək olduğunu bir daha vurğuladı: “Mən sizi gördükcə, daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin—gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.

Beləcə, 2 fevral tarixi gənclər üçün həm bayram, həm də ötənlər üzərindən gələcəyə baxış gününə çevrildi. Həmin gün ölkə başçısının ətrafına yığılan gənclərin bütün qayğıları və problemləri daha ümumi şəkildə müzakirəyə çıxarılır, qiymətləndirilir və qərarlar səslənirdi. 1999–cu ildə gənclərin ikinci forumunda prezident Heydər Əliyev respublikanın ictimai–siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verdi. “XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız” deyərək dövlət başçısı gəncləri gələcəyin quruculuğunun onurğa sütunu kimi gördüyünü bəyan etdi: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”

Bu isə o demək idi ki, ən qısa zamanda dövlətin dəstəyi və yardımına ehtiyacı olan kövrək və həssas bir təbəqə artıq Azərbaycanı idarə edən ən potensial qüvvə kimi dəyər qazanırdı.

Heydər Əliyevin layiqli varisi, onun ideallarına, tövsiyə və vəsiyyətlərinə əməl edərək, inkişaf etdirən bir lider kimi 2003–cü ildən Azərbaycan Respublikasının Prezidenti postunda ömrünü xalqının rifahına həsr etmiş İlham Əliyev ölkənin iqtisadi yüksəlişi dövründə gənclər siyasətini daha da irəli aparır, yeni vəzifələr müəyyənləşdirir və yüksələn gəncliyə etimadını gizlətmir. Hələ 1997–ci ildə Milli Olimpiya Komitəsinin prezidenti kimi gənclər siyasətinin müəyyən olunmasında birbaşa iştirak edən İlham Əliyevin başçılığı ilə əldə olunan uğurların ən yüksək beynəlxalq təsdiqi bu fəaliyyətin səmərəsini elə o dövrlərdən qazanılan əhəmiyyətli nailiyyətlər idi.

Bu xüsusda iki tarixi qərardan xüsusi söz açmaq olar. 2005–ci ildə qəbul edilən və 2009–cu ilə qədər olan dövrü əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” gənclər siyasətinin həyata keçirilməsi baxımından mühüm fəaliyyət sənədi oldu. Proqramın icrası zamanı beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan qərarlar qəbul edildi və tədbirlər həyata keçirildi. Bu xüsusda gənclərin sağlamlığının qorunması, mədəni–mənəvi dünyasının təmin olunması, sosial–iqtisadi mühitimizdə rolunun, çəkisinin artması və s. kimi mühüm məsələlərin həllində həlledici qərarlardan olması qeyd olunmalıdır.

2007–ci ilin “Gənclər ili” elan edilməsi ən vacib məsələləri bir daha gündəmə gətirdi. Gənclərin ölkənin ictimai–siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət Proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi kimi vəzifələri müəyyən etmiş sərəncamda qoyulan konkret məsələlər təkcə ilboyu görülən işləri müəyyən etmədi, eyni zamanda gələcək illərin də fəaliyyət proqramına əsaslı təsirini göstərdi.

Bunun nəticəsi kimi, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” gənclər siyasətini yönəldən və perspektivə hesalanmış əsas sənədlər sırasında yer aldı, gənclərin yaradıcılıq, elmi–intellektual potensialının aşkara çıxarılmasına, reallaşdırılması üçün lazımi şəraitin yaradılmasında, xüsusi istedadlı gənclərə yol açılmasında, sosial məsələlərin həllinə zəmin yaratdı.

“2007–2015–ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ilə bağlı tədbirlər texnoloji inkişaf, innovativ düşüncə əsrində Azərbaycanın inamlı gələcəyinə verilən ən böyük töhfələrdən oldu. Nəticədə bu gün gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafında söz sahibinə çevrilirlər.

Söz yox ki, xüsusi əhəmiyyətli məsələ kimi, “gənclər evləri”nin xüsusi mərkəzlərin inşasını da qeyd etməliyik. Bu tikililər dövlət proqramlarında qeyd edilmiş məsələlərin, eləcə də bu sahə ilə bağlı əsas dövlət müddəalarının həyata keçirilməsi üçün birləşdirici məkana çevrilməkdədir.

2011–ci ildə qəbul edilmiş “Azərbaycan gəncliyi 2011–2015–ci illərdə” Dövlət Proqramı bu işin uğurlu davamını təmin edir. Yeni Dövlət Proqramı əvvəlki təcrübədən əldə edilmiş nəticələrin təhlili nəticəsində qarşıdakı illərin prioritet vəzifələrini müəyyən edib: gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması; gələcəyin tələblərinə cavab verən bərabər təhsil, əmək, sahibkarlıq imkanlarının təmin edilməsi; məşğulluğun artırılması; kadrların hazırlanması; alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi; gənc ailə institutunun möhkəmləndirilməsi; idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi; gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi; zərərli vərdişlərin yayılması ilə mübarizənin dəstəklənməsi; beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi və s.

2011–ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Gənclər Fondu yaradılıb. Fond öz işində şəffaflığı təmin etmək məqsədi ilə ölkəmizdə ilk dəfə olaraq fəaliyyətini yalnız internet vasitəsilə təşkil edib. Ötən dövr ərzində Fond tərəfindən təkcə respublikanın rayon və şəhərlərindən deyil, həm də beynəlxalq səviyyəli layihələri də dəstəklənib. Burada qeyd etmək istərdim ki, məhz Azərbaycan Gənclər Fondu ilk dəfə olaraq gənclərin fərdi layihələrini dəstəkləyib. Bu təcrübə hətta bir sira qabaqcıl dövlətlərdə və beynəlxalq mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

Beləcə, gəncliyə qayğı və diqqət gələcəyə qoyulmuş əsas insan kapitalıdır “Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətinin ana xəttini təşkil etmiş gənclərə inam, etibar və etimad vəsiyyəti bu gün istiqamətverici əsas kimi inkişaf etdirilir və gələcəyimizə işıq saçır. Onun gənc nəslə ünvanlanan sözləri əbədi tövsiyəyə çevrilib:

—Siz fiziki cəhətdən nə qədər sağlam olsanız, nə qədər xoş əhval–ruhiyyədə olsanız, nə qədər istedadlı olsanız, o qədər də tez bilik, təhsil alacaqsınız, böyüyəcəksiniz və Azərbaycanın xoşbəxt gələcəyini, ölkəmizin yüksəlməsini təmin edəcəksiniz.

Əlbəttə ulu öndərin bu ifadəsindən də aydın göründüyü kimi, gənclik və idman, gənclik və kütləvi bədən tərbiyəsi bir–birindən ayrılmaz məfhumlardır. Çağdaş Azərbaycanın idman dövləti kimi böyük nüfuz qazanması heç bir şübhə doğurmur. Əlbəttə idmançılarımızın son illərdə beynəlxalq idman arenalarında, ələlxüsus da olimpiya oyunlarında uğurlu nəticələri idmanımızın yüksək inkişaf mərhələsində olduğunu sübut edən mükəmməl dəlildir. Bütün sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman sahəsində də böyük və fundamental müvəffəqiyyətlər ümummilli lider Heydər Əliyevin respublikamıza başçılıq etdiyi dövrə təsadüf edir.

Təkcə onu demək yetər ki, müstəqilliyin ilk illərində idmanda nailiyyətlərin əldə olunmasında yaranmış boşluq və geriləmə 1994–cü ildən bu yana aradan qaldırılmağa başladı. Ümummilli liderin uzaqgörən böyüklüyü ilə Gənclər və İdman Nazirliyinin yarandığı həmin il ərzində rəsmi beynəlxalq yarışlarda əldə olunan 12 qızıl, 15 gümüş və 22 bürünc medal sonrakı illərdə daha böyük müvəffəqiyyətlərin başlanğıcı oldu.

1995–ci ildə Azərbaycanda idman fondunu təsis etməklə Azərbaycan Prezidenti Heydər Əliyev həmçinin Prezident Fondundan sağlam həyat tərzinin təbliğ edilməsinə, uşaq və yeniyetmələrin idmana cəlb edilməsinə marağın artırılmasına, bir sözlə, idmanın inkişafını əhatə edən hər bir sahəyə əsaslı vəsait ayırdı və beləliklə böyük uğurların təməli qoyuldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2005–ci il tarixli sərəncamına əsasən bu gün qürurla Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd etdiyimiz tarixi günə səbəb olmuş 1995–ci ilin 5 mart günü Bakı İdman Sarayında idman ictimaiyyəti ilə keçirilən görüş, heç şübhəsiz böyük tarixin başlanğıc anı sayılır. Ulu öndərin “Bədən tərbiyəsi və idmanı ümumxalq hərəkatına çevirməliyik” və “İdmana qayğını öz üzərimə götürürəm” bəyanatı ilə incidilmiş və küsdürülmüş həssas idmançı nəslinin inamı Heydər Əliyev qətiyyəti dönməzliyi ilə özünə qaytarıldı.

Təbii ki, qanuni baza, hüquqi–normativ aktlar olmadan, hətta fəaliyyəti müəyyən edilmiş qaydalarla da idman sahəsində uğurların qazanılması mümkün deyil. ümummilli lider Heydər Əliyevin birbaşa iştirakı ilə 1997–ci ildə qəbul edilmiş “Bədən tərbiyəsi və idman haqqında” Qanun uzun müddət mövcud olmuş bir sıra boşluqların aradan qaldırılması baxımından həlledici sənəd oldu. Onu da əlavə edək ki, qanun 2009–cu il iyunun 30–da yenilənmiş variantda qəbul edilərək ölkədə bu sahəni tənzimləyən əsas sənədə çevrildi.

1997–ci ildə ölkənin idman ictimaiyyətinin aparıcı və fəal qüvvəsinin dəvəti ilə Milli Olimpiya Komitəsinin prezidenti seçilmiş İlham Əliyevin də bu istiqamətdə ulu öndərə verdiyi dəstəyi də unutmamalıyıq. Həmin il bu iki şəxsiyyətin Azərbaycan naminə birgə, həmrəy fəaliyyətinin daha bir sahəsinin – bədən tərbiyəsi və idmanın dönüş nöqtəsi, intibah dövrünün başlanğıcı sayılır.

Milli Olimpiya Komitəsinə prezident seçildiyi ilk günlərdən İlham Əliyev idmanın bütün potensialını səfərbər edib düzgün istiqamətə yönəltmək, ölkənin idman qurumları arasında sıx əməkdaşlıq yaratmaq, onların vahid proqram əsasında Azərbaycanda bu sahənin tərəqqisinə xidmət etməsi yönümündə işə başladı. Məhz bunlar ölkə idmanının, olimpiya hərəkatının beynəlxalq miqyasda nüfuz qazanmasına real imkanlar açdı. İdmançılarla şəxsi görüşlər, problemləri ilə gündəlik əməli məşğul olmaq onların yüksək məqsədlər uğrunda mübarizə əzmini artırdı, hər birini yarışlara daha məsuliyyətlə hazırlaşmağa köklədi.

“İndi dünyada ölkəni, xalqı idman qədər başqa heç nə tanıda bilmir”, ulu öndər Heydər Əliyevin bu sözləri zamanın nəbzini müəyyən edir. Əlbəttə, bir prezidentin, bir də idmançının qələbəsi şərəfinə yüksələn bayraq və ucalan himnin gördüyü təbliğat işinin gənc, öz həqiqətlərini dünyaya çatdırmaq istəyən bir dövlət üçün rolu əvəzsiz və danılmazdır.

Bunun ilk ülviliyini, böyük bəhrəsini ölkəmiz 2000–ci ildə gördü. 1996–cı ildə Atlanta Yay Olimpiya Oyunlarında 23 iştirakçıdan ibarət komandamızın nailiyyəti bir gümüş medal idisə, 4 il sonra Sidneydə 31 idmançılı heyət 2 qızıl və 1 bürünc medal əldə etməklə ölkəmizə qızıl sətirli ilk tarixi zəfərləri gətirdi.

Olimpiadalardan söz düşmüşkən sonrakı illərin uğurlarına da diqqət etməliyik. Sadəcə rəqəmlərə müraciət edək və olimpiya uğurlarının artan tempinə diqqət yetirək: Afinada (2004–cü il) komanda 38 idmançı ilə təmsil olunub biri qızıl olmaqla 5, Pekində (2008) 44 iştirakçı ilə yenə biri ən yüksək əyarlı olmaqla 7 medal qazanmışdı. 2012–ci ilin London Yay Olimpiya Oyunları isə bu mənada xüsusi yer tutur. Azərbaycan idmançıları Temza çayı sahillərində rekord sayda 2–si qızıl, 2–si gümüş və 6–sı bürünc olmaqla 10 medal qazandılar. Olimpiya komandamız bu göstərici ilə 205 ölkə arasında 30–cu yeri tutdu. Millimiz Avropa ölkələri sırasında 15–ci, MDB dövlətləri arasında 5–ci, müsəlman ölkələri arasında 3–cü yerdə qərarlaşdı.

Olimpizmdən danışarkən 1998–ci ildən ölkəmizin mütəmadi olaraq Qış Olimpiya Oyunlarında təmsil olunmasını da qeyd edə bilərik. Hələlik olimpizmin “əsas iştirakdır” devizi ilə ölkəmizin adının, bayrağının ucaldılması ilə Azərbaycanın tanıdılması və təbliğatına xidmət göstərən bu missiya tezliklə əməli işlərdə də əksini tapacaq. Çünki ölkədə qış idmanı növlərinin inkişafı üçün müvafiq maddi–texniki bazanın da yaradılmasına əməli olaraq başlanılıb.

Təbii ki, 2010–cu ildə Sinqapurda təşkil edilən yeniyetmələrin ilk yay olimpiadasının nailiyyətləri də mühüm əhəmiyyətə malikdir. Yarış meydanlarında, 5–i qızıl və 3–ü gümüş olmaqla, 12 təmsilçimizdən 8–i Vətənə medalla döndü. Bu isə ölkədə yeni nəsil idmançılarının yetişdirilməsi, əhali arasında bədən tərbiyəsi və idmanın dayaqlarının möhkəmləndirilməsinin əsas göstəricilərindən biri kimi qəbul edilə bilər. Qeyd etmək vacibdir ki, uşaq və yeniyetmə idmanının uğurları hələ 90–cı illərdən ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. Ulu öndərin yeni nəsil şahmatçıları ilə görüşləri və onların inkişafını hədəfə alan müvafiq sərəncamları sonrakı illərdə yeniyetmə oyunlarında daha geniş vüsət aldı. 1998–ci ildə ilk dəfə keçirilən bu yarışlar miqyasına və doğurduğu marağa görə bu gün ölkədə yeni nəsil idmançılarının yetişməsində əhəmiyyətli təsir vasitəsidir. ümummilli lider Heydər Əliyevin tövsiyəsinə uyğun olaraq yarışlar hər iki ildən bir keçirilir.

Sosial ədalətin təmin edilməsi istiqamətində həlledici işlər görülür. Sumqayıtda inşa olunmuş paralimpiya mərkəzi hətta beynəlxalq qurumların da diqqətini cəlb edib. Ciddi dövlət qayğısı nəticəsində idmançılarımızın nailiyyətləri ilbəil artır. 2000–ci ildə Sidney Yay Paralimpiya Oyunlarında güllə atıcılığında gümüş medal qazanan komandamızın uğurları sonradan artan templə inkişaf etdi. 2004–cü ildə Afinada 4 (2 qızıl, 1 gümüş və 1 bürünc), 2008–ci ildə Pekində 10 (2 qızıl, 5 gümüş və 3 bürünc), 2012–ci ildə Londonda 12 medal (4 qızıl, 5 gümüş və 3 bürünc) qazanılıb.

İdman şərtiliyi qəbul etmir. Uğurların əyani göstəricisi əldə olunan medallar və onların əhatə etdiyi idman növləri, eləcə də ölkənin təbliğatında da əsas vasitəyə çevrilən böyük yarışların təşkilatçılığıdır. Ölkəmiz nüfuzlu beynəlxalq yarışların dəyişməz ünvanına çevrilib. Faktlara müraciət edək: 1997–ci ildə həmin zaman AİBA prezidenti (Beynəlxalq Boks Federasiyası) Ə.Çoudrinin kuboku uğrunda, sonradan ənənəvi xarakter almış beynəlxalq turnir, 1998–ci ildə sambo üzrə kişilər arasında Avropa çempionatı, 1999–cu ildə boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi, 2001–ci ildə voleybol üzrə qadınların dünya çempionatının seçmə oyunları, həmin ildə bodibildinq üzrə Avropa çempionatı, 2003–cü ildə şahmat üzrə Naxçıvanda keçirilmiş 20 yaşadək oğlan və qızlar arasında dünya birinciliyi və s. kimi yarışlar Azərbaycanda böyük yarış ənənələrinin təməlini qoymaqla yanaşı, ölkəmizin idman nüfuzunu təmin edən əsas vasitəyə çevrildi.

Sonrakı illərdə şahmat üzrə Qran–pri, bodibildinq, güləş, boks, bədii gimnastika üzrə, 17 yaşlı futbolçu qızların dünya çempionatları, bədii gimnastların, taekvondoçuların Avropa çempionatları (2 dəfə) və bədii gimnastika üzrə dünya kubokunun mərhələ yarışları, 2008–ci ildən keçirilən güləş üzrə “Qızıl Qran–Pri” turnirləri, cüdo, güləş və boks üzrə hərbçilərin dünya çempionatları, taekvondo, boks, voleybol üzrə olimpiya təsnifat turnirləri və s. kimi mötəbər yarışlar, eləcə də qeyri–olimpiya idman növləri üzrə dünya və qitə miqyaslı çempionatlar, birinciliklər və digər mötəbər yarışlar Azərbaycanın beynəlxalq idman nüfuzunun göstəricisidir. Ümumən ölkəmizdə hər il 50–yə yaxın beynəlxalq turnir keçirilir.

Əldə olunan idman nailiyyətlərinə gəlincə, müqayisəli təhlil üçün, sadəcə, onu qeyd etmək yerinə düşər ki, 1992–ci ildə cəmi 23 (Olimpiya növləri üzrə 7) medal qazanılmışdısa, 2002–ci ildə bu rəqəm 175 (Olimpiya növləri üzrə 63) idi. Sonrakı illərdə idman uğurlarının həm medal sayı, həm də növ çeşidi artan templə davam edib. Təkcə onu qeyd etmək yerinə düşər ki, 2012–ci ildə ən mötəbər yarışlarda 700–dən çox medal qazanılıb və onlardan 255–i qızıl əyarlı olub.

İdmanın inkişafı üçün əsas amillər sırasında maddi–texniki bazanın gücləndirilməsi və bu xüsusda idman qurğularının bərpası və inşası xüsusi yer tutur. Bu baxımdan müasir olimpiya kompleksləri mühüm əhəmiyyət kəsb edir. İlk belə idman qurğularının xeyir–duasını şəxsən özü verən ümummilli lider Heydər Əliyev görülən işlərə yüksək qiymətini verməklə, belə idman məbədlərinin Azərbaycanın hər yanında inşa olunmasını tövsiyə etdi. Çox keçmədi, paytaxtın Maştağa qəsəbəsində, Naxçıvanda, Gəncədə, Şəkidə olimpiya idman kompleksləri yerli sakinlərin ixtiyarına verildi. Bu günə qədər 35 belə idman qurğusu istifadəyə verilib, daha 8–nin inşası isə davam etdirilir.

Ayrı–ayrı idman növləri, idman cəmiyyətləri, klublar üçün inşa edilmiş və ya bərpa olunmuş bazalardan, stadionlardan, mərkəzlərdən də xüsusi danışmaq olar. Taekvondo, stend atıcılığı üzrə idman kompleksləri, tennis akademiyası, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yeni mərkəzi, futbol, voleybol stadionları, klub bazaları, Bakı kəndləri və bölgələrdə inşa olunan idman zalları və bir çox başqa yeni tikililər bədən tərbiyəsi və idmanın maddi–texniki bazasının möhkəmləndirilməsində əhəmiyyətli təsir vasitələridir.

Hər bir uğuru haqqında böyük söhbət aça biləcəyimiz idman sahələri haqqında təkcə onu qeyd etmək yerinə düşər ki, bu gün ölkəmizdə elə bir idman növü, federasiya yoxdur ki, diqqət və qayğıdan kənarda qalsın. Hələ 2000–ci ildə “Məndən bu regionda idmanın inkişafını soruşduqda, sizin ölkənizi nümunə göstərirəm”, —deyən o vaxtlar Avropa Olimpya Komitəsinin prezidenti olmuş, hazırda Beynəlxalq Olimpiya Komitəsinə rəhbərlik edən Jak Roqqun sözləri əldə olunan uğurların təsdiqi də sayıla bilər. Əlbəttə həmin vaxtdan ötən 13 il ərzində bu nailiyyətlər dəfələrlə artıb.

İndi ölkəmizdə ayrı–ayrı idman növlərinin inkişafı üzrə xüsusi proqramlar icra edilir. Ümummilli lider Heydər Əliyevin tövsiyəsi və birbaşa məsləhətləri ilə hələ 2000–ci ildə Nazirlər Kabinetində “Bədən tərbiyəsi və idmanın inkişafının Dövlət Proqramı” konseptual yanaşmanın ilk nümunəsi oldu. Hazırda ölkəmizdə futbolun (2005–2015–ci illər) və şahmatın (2009–2014–cü illər) inkişaf etdirilməsi üzrə Dövlət proqramları icra edilir.

Son olaraq, Azərbaycan idmanında 2012–ci ildən xüsusi söz açmaq lazımdır. Prezident İlham Əliyevin sərəncamı ilə “İdman ili” elan edilən 2012–ci il ərzində haqqında söz açdığımız qələbələrin məkanına çevrilmiş Azərbaycanın hesabına əhəmiyyətli uğurları beynəlxalq qurumların qərarları yazdı. İlin sonlarında Avropa Olimpiya Komitəsi ilk dəfə keçirəcəyi qitə olimpadiasının keçirilmə hüququnu Azərbaycana verdi. Bundan əlavə, FİDE–nin konqresində 2015–ci ildə şahmatçıların dünya kuboku, bir il sonra keçiriləcək şahmat olimpiadası paytaxtımıza həvalə olundu.

Əlbəttə idman hər zaman ölkənin sağlam gələcəyinə hesablanmış böyük hadisədir. Onun məqsəd və məramını 2000–ci il mayın 12–də Yeniyetmələrin 2–ci Respublika Oyunlarının təntənəli açılış mərasimində ümummilli lider Heydər Əliyev müəyyən edib:

—Azərbaycan dövləti üçün, müstəqil Azərbaycan üçün Azərbaycan uşaqları, yeniyetmələri, gəncləri Azərbaycanın əvəzsiz sərvətidir, böyük nemətidir. Çünki siz Azərbaycan xalqının, nəslinin, millətimizin nəslinin davamçılarısınız, millətimizin, xalqımızın gələcəyisiniz. Biz də istəyirik ki, xalqımızın gələcəyi, ölkəmizin, müstəqil Azərbaycanın gələcəyi bundan da gözəl, bundan da yaxşı olsun. Xalqımız bundan da firavan, xoşbəxt yaşasın, sevinc içində olsun.

Bəli bu gün 90 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin doğum gününü artıq 10–cu ildir ki, onsuz qeyd edirik. Lakin Heydər Əliyevin qurub inkişaf etdirdiyi Azərbaycan məhz onun ideyalarını həyata keçirməklə uğurlu və dinamik tərəqqi yolundadır. Şübhə yoxdur ki, Azərbaycan gəncliyi öz idealı olan Heydər Əliyevin sabitlik və inkişafa aparan xəttini daim müdafiə edəcək.

 

 

Azad Rəhimov,

Azərbaycan Respublikasının

gənclər və idman naziri

 

Respublika.- 2013.- 4 may.- S. 8.