Əbədiyaşar lider

 

Hər xalqın seçilən və sevilən, həyatın ən ağır anlarında ona yol göstərən, tarixi dönüşlər zamanı onu büdrəməkdən xilas edən böyük şəxsiyyətləri olur. Belə şəxsiyyətlər gördüyü misilsiz işlərlə ölkəsinin gələcək inkişaf yollarını, dövlətlər arasında yerini, mövqeyini müəyyənləşdirdiyinə görə öz xalqının əbədi qürur yerinə çevrilir. İllər keçdikcə belə şəxsiyyətlərin ideyalarının əbədiyaşarlığı dönə–dönə öz təsdiqini tapır və bu ideyalar bütün nəsillərə örnək olur. Xoşbəxtlikdən xalqımızın da zaman–zaman bu cür tarixi şəxsiyyətləri olmuş və məhz onların sayəsində bu gün Azərbaycan müstəqil dövlətlər sırasında öz layiqli yerini tuta bilmişdir. Bu gün Azərbaycan müstəqilliyini gündən–günə möhkələmdirməklə yanaşı, dünya iqtisadiyyatına, mədəniyyətinə öz töhfələrini verir, nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur.

XX əsrdə Azərbaycanın taleyinə uca Tanrının qisməti kimi göndərilən belə şəxsiyyətlərin ən ünlüsü, tariximizin şərəfli səhifələrini yazmış dünya səviyyəli, müdrik siyasi xadim, yanar qəlbli vətənpərvər, sözün əsl mənasında xalqımızın böyük oğlu Heydər Əliyev olmuşdur. Bu il 90 illiyini dərin ehtiramla qeyd etdiyimiz ulu öndərin keçdiyi həyat yolu hər bir azərbaycanlı üçün əbədi örnəkdir. Bu böyük şəxsiyyətin milləti, ölkə və dövləti, bütövlükdə isə Vətəni naminə gördüyü misilsiz işləri sadalamaqla qurtarmaz. Vətənini bütün varlığı ilə sevən və həyatını millətinə həsr edən bir şəxs kimi xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir.

XX əsrdə xalqımız iki dəfə öz müstəqilliyinə qovuşsa da, müəyyən obyektiv və subyektiv səbəblərdən ötən əsrin əvvəllərində əldə etdiyi dövlət müstəqilliyini qoruyub saxlaya bilməmiş və uzun müddət SSRİ tərkibində yaşamağa məcbur olmuşdur.

Keçən əsrin 60–cı illərində Azərbaycan geridə qalmış respublikalar siyahısında idi. 1969–cu il iyulun 14–də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə Heydər Əlirza oğlu Əliyev təyin edildi və bundan sonra azərbaycanlılara qarşı münasibət köklü surətdə dəyişdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan aqrar–sənaye respublikasından sənaye–aqrar ölkəsinə çevrildi. Həmin dövrdə sənayedə, xüsusən də neft–mədən sənayesində respublikamız sürətlə inkişaf etmiş, nəhəng müəssisələr —Bakı Məişət Kondisionerləri və Dərin Dəniz Özülləri zavodları kimi İttifaq miqyaslı obyektlər inşa olunmuşdur. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində onlarca yeni yaşayış massivi, yüzlərlə məktəb, xəstəxana və bağça binası tikildi, yollar salındı.

Milli–mənəvi dəyərlərimizi hər şeydən üstün tutan Heydər Əliyev Kremlin bütün təpkilərinə baxmayaraq, Azərbaycan dilini respublikada dövlət dili səviyyəsinə qaldırdı. Həmin illərdə istər klassik ədəbi irsimizin təbliği və dünya miqyasında təsdiqi, istərsə də mədəniyyətin bir çox sahələrinin nəzərəçarpacaq inkişafında Heydər Əliyevin xidmətləri misilsizdir. Klassik Azərbaycan ədəbiyyatı, incəsənəti çoxəsrlik tariximizin məhz Heydər Əliyev dövründə, onun bilavasitə dəstəyi və himayədarlığı ilə bütün dünyada tanınmış, kino, teatr, opera–balet, təsviri sənət əsərlərimiz sərhədləri aşmışdır.

Parlaq gələcək naminə ölkəyə peşəkar kadrlar tələb olunurdu. Bununla bağlı Heydər Əliyevin gərgin səyi nəticəsində minlərlə azərbaycanlı gənc elmin və təhsilin dərinliklərinə yiyələnmək üçün İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərildi. Azərbaycana sovetlər dönəmində rəhbərlik etdiyi 14 il ərzində yüzilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran Heydər Əliyevə bütün bunları həyata keçirməyə onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurub yaratmaq amalı kömək etmişdir. Sonradan Moskvada fəaliyyət göstərdiyi dövrdə də Heydər Əliyev doğma Azərbaycanını və millətini unutmamış, ölkəmizin inkişafı və çiçəklənməsi, əhalisinin rifah halının daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməmişdi.

Bütün bu sadalanan faktlar göstərir ki, Heydər Əliyev hələ birinci rəhbərliyi dövründə uzaqgörənliklə gələcək müstəqilliyimizin bünövrəsini qoyurdu. Nəticədə ötən əsrin sonlarında yenidən öz milli istiqlalı və dövlətçiliyi uğrunda fədakar mübarizəyə qalxan xalqımız böyük müsibətlər, faciələr hesabına azadlığına qovuşaraq, milli dövlətçiliyini bərpa edə bilmişdir. Ancaq müstəqilliyi əldə etmək nə qədər şərəflidirsə, onu qoruyub saxlamaq ondan qat–qat məsuliyyətlidr.

Azərbaycan rəsmən suveren dövlət elan olunsa da, 1993–cü ilin iyun ayına qədər onun əbədiliyinə təminat yox idi. Başımıza gətirilən müsibətlər, hakimiyyət uğrunda mübarizə, səriştəsiz rəhbərlər, hərc–mərclik, anarxiya, iqtisadi tənəzzül, zorla cəlb edildiyimiz müharibənin ağrıları, torpaqlarımızın itirilməsi, şəhid məzarlarının günbəgün artması, 1 milyondan artıq insanın öz dədə–baba yurdlarından didərgin düşməsi tariximizin acı ibrət dərsləridir. Yalnız Heydər Əliyev müdrikliyi bizi bu bəlalardan xilas etdi. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin, müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan vermişdir. Ölkəmizdə ictimai–siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratmışdır.

1993–cü ildən başlayaraq Azərbaycan özünün sağlam, bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli iqtisadiyyatını qurmağa başladı. Azərbaycan özünün təbii ehtiyatlarına, insan potensialına və digər şərtlərə əsaslanan milli iqtisadiyyatını formalaşdırdı. Məhz Heydər Əliyev uzaqgörənliyinin nəticəsidir ki, bazar münasibətlərinin prinsipləri əsasında qurulmuş Azərbaycanın milli iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası təmin edilmişdir.

1994–cü il neft sazişindən sonra Azərbaycan beynəlxalq iqtisadi əlaqələrini etibarlı şəkildə qurmaqla dünyada özünün iqtisadi və siyasi dayaqlarını müəyyənləşdirdi. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də Azərbaycan öz neft strategiyasını uğurla həyata keçirir. Bu strategiya ölkəmizin çiçəklənməsinə və tərəqqisinə, əhalinin rifah halının yaxşılaşdırılmasına, sosial məsələlərin yüksək səviyyədə həllinə xidmət edir.

Həyata keçirilən iqtisadi islahatların məntiqi nəticəsi olaraq bank, maliyyə, vergi, gömrük sistemləri tamamilə yenidən qurulmuş, iqtisadiyyatın idarə olunmasında dövlətin rolunun əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılmışdır. Dövlət əmlakının özəlləşdirilməsi məqsədilə proqramlar qəbul edilmişdir. Məhz bu cür məqsədyönlü tədbirlər hesabına Azərbaycan iqtisadi yüksəliş yolunda inamla irəliləyir.

Müstəqillikdən sonra xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri də 1995–ci ildə referendum yolu ilə qəbul olunan ilk milli Konstitusiyamızdır. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin şəxsi rəhbərliyi altında hazırlanmış ölkəmizin əsas qanunu beynəlxalq standartlara cavab verən mütərəqqi bir Konstitusiyadır. Məhz həmin baş qanuna əsasən xalqımız ilk dəfə bilavasitə yerli idarəetmədə iştirak hüququ qazandı.1999–cu il dekabrın 12–də baş tutan bələdiyyə seçkilərindən sonra xalq idarəetməsi reallaşdı. Bu gün respublika ərazisində bələdiyyələr tam müstəqil, sərbəst halda yerli idarəetməni həyata keçirir və 13 ildə müəyyən uğurlar da əldə edə bilmişdir.

Çox sevindiricidir ki, Heydər Əliyev siyasi kursu bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev hələ 2003–cü ilin prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri böyük səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Dövlət başçısı qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır.

Cənab İlham Əliyevin inamla davam etdirdiyi sosial–iqtisadi inkişaf strategiyası, böyük şövqlə həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinə dəlalət edir. Dövlət başçısı praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır. 2003–2013–cü illərdə respublikada elmi əsaslara söykənməklə həyata keçirilən siyasət sabit iqtisadi və siyasi sistemin yaradılması, sosial vəzifələrin həlli, əhalinin sosial rifah halının, alıcılıq qabiliyyətinin yüksəldilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir. Qazanılan uğurlar Azərbaycanın davamlı surətdə demokratiya yolunda uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunun yüksəlməsinə geniş imkanlar yaratmışdır.

Azərbaycan iqtisadiyyatı son on ildə özünün keyfiyyətcə yeni və həlledici mərhələsinə qədəm qoymuş, bir sıra sahələrdə kardinal islahatların aparılmasına siyasi, hüquqi və maddi zəmin hazırlamışdır.

Həyata keçirilən sosial–iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşünə, çevik idarəçilik məharətinə, güclü əzm və qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirir.

Ümumilikdə, hər addımda ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin–amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə dəstəkləyir.

 

 

Əbülfəz BABAYEV,

Sumqayıt şəhər Bələdiyyəsinin

sədri, texniki elmlər doktoru

 

Respublika.- 2013.- 4 may.- S. 10.