Ulu öndərin ideyaları daim yaşayacaqdır

 

XX əsrin sonlarına doğru dünyada cərəyan edən qlobal siyasi proseslərin, habelə milli azadlıq mübarizəsinin məntiqi yekunu olaraq sosializm sisteminin süqutu digər postkommunist respublikaları kimi, Azərbaycanın da öz müstəqilliyini elan etməsinə, beynəlxalq birliyin bərabərhüquqlu subyektinə çevrilməsinə imkan yaratmışdır. Müstəqil Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət modelinin qurulması məqsədi isə 1991–ci il oktyabrın 18–də bütün dünyaya bəyan edilmiş Azərbaycan Respublikasının “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda öz əksini tapmışdır.

Azad bazar iqtisadiyyatı prinsiplərini gələcək inkişaf modeli kimi seçmiş Azərbaycanda hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri rəsmən elan edilmişdir. Lakin müstəqilliyin ilk illərində bir sıra obyektiv və subyektiv səbəblər üzündən Azərbaycanda bu sahədə, demək olar ki, əsaslı irəliləyiş baş verməmişdir. Ötən əsrin 90–cı illərinin əvvəlindən başlayaraq, bir tərəfdən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin genişlənməsi, digər tərəfdən, respublikada hakimiyyəti ələ keçirmiş diletant qüvvələrə qarşı ictimai inamsızlığın dərinləşməsi, sosial–iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, xaos və özbaşınalıq, habelə yeni dövrün tələblərinə cavab verən qanunların yoxluğu vətəndaş cəmiyyətini əlçatmaz ideyaya çevirmişdi.

Belə böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstrmal şəraitdə ölkədə ictimai–siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə – alternativsiz lider məhz Heydər Əliyevdir!

Prezident İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2013–cü il 21 yanvar tarixli sərəncamında göstərildiyi kimi, “Mövcud siyasi–iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün – 1993–cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir.Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz–üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi”.

Həmin sərəncam əsasında 90 illik yubileyi respublika miqyasında geniş qeyd olunan ulu öndər Heydər Əliyev bu gün həm də böyük fəlakət və faciələrdən qoruduğu dövlətinin milli inkişaf yolunun müəllifi kimi ehtiramla xatırlanır. Ümummilli lider hakimiyyətə gəldiyi ilk gündən de–yure müstəqil olan Azərbaycanda suverenliyi de–fakto möhkəmləndirməyə və onun milli dövlətçilik atributlarını formalaşdırmağa başlamışdır. Ulu öndər bütün səylərini səfərbər edərək Azərbaycanın dövlət müstəqilliyini, sadəcə, şərti müstəqillik aktı və bəyanat səviyyəsindən çıxarmış, istiqlalımızın əbədiliyinə xələl gətirəcək, ölkəmizi yenidən hansısa dövlətin müstəmləkəsinə çevirə biləcək amilləri aradan qaldırmışdır. Müdrik rəhbərimiz eyni zamanda, daxildə milli birlik və həmrəyliyin təmini, əks qütblü qüvvələr arasında düşmənçilik ovqatının aradan qaldırılması, hakimiyyət uğrunda sivil siyasi mübarizə mexanizmlərinin formalaşdırılması istiqamətində praktik islahatlar həyata keçirmişdir.

Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994–cü ildən uğurla həyata keçirilməsi olmuşdur. Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərmiş “Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına təkan vermişdir.

Ötən 20 ildə bir çox inkişaf etmiş dövlətlərin onilliklərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın möhtəşəm iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu kontrakt ölkədə demokratik–hüquqi islahatlara, vətəndaş cəmiyyəti quruculuğuna da yeni nəfəs vermişdir. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu istiqamətdə mühüm islahatların həyata keçirilməsini təmin etmişdir.

Böyük strateq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulayır, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının təşəbbüskarı kimi çıxış edirdi. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995–ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsaslarını, insan hüquq və azadlıqlarının qeyd–şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur.

Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəcilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə–hüquq islahatları uğurla davam etdirilmişdir. Ölkənin idarəetmə sistemində siyasi mədəniyyət elementləri güclənmiş, icra hakimiyyəti orqanlarının işinin dinamikliyi artmış, yerli özünüidarə orqanları formalaşdırılmışdır. Ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm hökmü cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbulu, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, Konstitusiyaya mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi və digər məsələlər demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.

Konstitusiya ali hüquqi sənəd olaraq respublikada yeni dövrün tələbləri ilə uzlaşan məhkəmə–hüquq islahatlarının aparılmasını da təmin etmişdir. 1998–ci il 1 dekabr tarixli “Məhkəmələr və hakimlər haqqında” qanunun qəbulu ilə bu sahənin müasirləşdirilməsi, üçpilləli məhkəmə sisteminin formalaşdırılması, hakimlərin test üsulu ilə şəffaf və demokratik şəraitdə seçilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Həmin qanun əsasında həyata keçirilən islahatlar nəticəsində yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan hüquqlarının müdafiəsinə daha etibarlı təminat yaradan üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmiş, məhkəmələr üzərində prokuror nəzarəti ləğv edilmişdir. İstintaqa məhkəmə nəzarəti, habelə təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququ müəyyən olunmuşdur.

Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətinin yaxşılaşdırılması və hakim vəzifəsinə namizədlərin seçilməsi haqqında” 17 yanvar 2000–ci il tarixli fərmanı və Məhkəmə–Hüquq Şurasının 11 aprel 2000–ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hakimliyə namizədlərin seçilməsi qaydaları”na əsasən, 2000–ci ildə ilk dəfə test üsulu və müsabiqə əsasında hakimlərin şəffaf seçimi həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyev hüquq ictimaiyyəti üçün son dərəcə əlamətdar olan bu hadisəni yüksək dəyərləndirərək demişdir: “Son 6–7 ay ərzində biz Azərbaycanın məhkəmə sistemini tamamilə müasir səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu. Bu, Azərbaycan tarixində birinci dəfədir. Biz bunun çox müsbət tərəfini gördük və əvvəl də görürdük”.

Müstəqil Azərbaycan dövlətinin banisi güclü dövlət yaratmaqla yanaşı, onu özundən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider də yetişdirmişdir. Hələ 2003–cü ilin oktyabrında Heydər Əliyevin: “Mən ona özum qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyimilə cəmiyyətə özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin son 10 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda, həmin qəti qənaətin süqutunun şahidi oluruq.

Ulu öndərin zəngin irsindən bəhrələnən Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə əsaslandığını söyləməyə imkan verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amilləridir. Dövlət başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər hər üc başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir. Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin–amanlıq şəraitində və rifah halında yaşaması güclu dövlətin ən mühüm şərti kimi sosial–siyasi, milli–əxlaqi mühitin, birgəyaşayış norma və qaydalarının mövcudluğunu özündə ehtiva edir. Ölkədə sabitliyi, əmin–amanlığı, dövlət intizamını təmin etmək, qanunçuluğu və hüququn aliliyini gözləmək sahəsində atdığı addımlar cənab İlham Əliyevin Azərbaycanı qüdrətli dövlətə çevirmək istəyindən irəli gəlir.

Son illər bu islahatların məntiqi yekunu olaraq respublikada demokratik proseslər sürətlənmiş, qanunçuluq bütün səviyyələrdə möhkəmlənmiş, sosial ədalət meyarına riayət olunmuş, hakimiyyət bölgüsü prinsipləri qorunmuş, hüquq–mühafizə orqanlarında dövrün tələblərinə cavab verən islahatlar aparılmış, siyasi mühitin liberallaşdırılması istiqamətində davamlı addımlar atılmışdır. Ötən 10 ildə insan hüquq və azadlıqlarının daha etibarlı təmini baxımından “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004–2006–cı illər) təsdiq edilməsi haqqında” 3 sentyabr 2004–cü il tarixli, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 19 yanvar 2006–cı il tarixli, “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006–cı il tarixli, “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 28 dekabr 2006–cı il tarixli, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 28 iyul 2007–ci il tarixli, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” 13 dekabr 2007–ci il tarixli, habelə 2011–ci il 27 dekabr tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”nı qeyd etmək olar.

Dövrün tələbindən irəli gələn və mütərəqqi mahiyyət daşıyan məhkəmə–hüquq islahatlarının davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev 19 yanvar 2006–cı il tarixdə Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanunun tətbiq edilməsi barədə fərman imzalamışdır. Bu fərman təsdiqləmişdir ki, Prezident İlham Əliyev bölgələrdə yaşayan vətəndaşların problemlərinin kompleks həllini nəzərdə tutan tədbirlər sırasında məhkəmələrə müraciət imkanlarının genişdəndirilməsini və müasirləşdirilməsini son dərəcə vacib sayır. Fərmanla Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki (rayon) şəhərlərində yeni apelyasiya məhkəmələrinin yaradılması bilavasitə bu məqsədin gerçəkləşdirilməsinə xidmət edir.

Bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanda həmin dəyişikliklərə qədər cəmi bir Apelyasiya Məhkəməsinin fəaliyyət göstərməsi, ilk növbədə, regionlarda yaşayan insanlar üçün ciddi problemlər doğurur, onların qanuni mənafelərinin yüksək səviyyədə təminatına əngəllər yaradırdı. Vətəndaşların birinci instansiya məhkəmələrinin qərarlarından verdikləri apelyasiya şikayəti ilə əlaqədar uzaq məsafə qət edərək Bakı şəhərinə gəlməyə, əksər hallarda prosesin müəyyən səbəblərdən təxirə salınması ilə bağlı geriyə dönməyə məcbur olurdular. Bu, vaxt və maliyyə itkisinə, mənəvi diskomforta səbəb olmaqla insanlarda haqlı narazılıq doğurur, onlarda məhkəmələrin fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdırırdı. Hakimlərin icraatında olan işlərin sayının çoxluğu ilə əlaqədar bəzən onlara qanunla müəyyən edilmiş müddətdə baxılması da qeyri–mümkün olurdu. Regionlarda apelyasiya məhkəmələrinin, eyni zamanda, son illər inzibati–iqtisadi, ağır cinayətlər, hərbi məhkəmələrinin yaradılması bu problemi əsaslı surətdə aradan qaldırmış, insanların birinci instansiya məhkəmələrinin qərarlarından şikayət vermək üçün Bakıya gəlməsinə ehtiyac qalmamışdır.

Hazırda ölkədə uğurla həyata keçirilən sosial–iqtisadi siyasət nəticəsində insanların maddi rifah halının ildən–ilə yüksəlməsi, yeni mülkiyyət formalarının meydana çıxması ilə bağlı iqtisadi xarakterli məhkəmə çəkişmələrinin sayı da artmışdır. Hər bir vətəndaşın Azərbaycan Konstitusiyasında birmənalı əksini tapmış mülkiyyət toxunulmazlığı hüququnun daha etibarlı qorunması, xüsusən iş adamlarının qanuni mənafelərinin yüksək səviyyədə təmin olunması məhkəmələrin məsuliyyət yükünü bir qədər də artırır. Məhz bu reallıqlar nəzərə alınmaqla, 2011–ci il yanvarın 1–dən inzibati xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati–iqtisadi məhkəmələrdə baxılır. Bu, inzibati xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

2009–cu il martın 18–də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumunda ciddi ictimai dəstək almış yeniliklərin bir qismi də məhz məhkəmələrin fəaliyyəti ilə bağlı məsələləri tənzimləyir. Məsələn, Konstitusiyanın 67–ci maddəsinə edilmiş dəyişikliyə görə “Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dindirilməlidir”. Bu, əlavə Cinayət Prosessual qanunvericiliyi əsasında məhkum olunan hər bir şəxsə son söz verilməsi prosesinin Konstitusiyada da öz əksini tapmasına imkan yaratmışdır.

Əsas Qanunda məhkəmə hakimiyyətinin daha səmərəli və keyfiyyətli həyata keçirilməsinə xidmət edən digər mühüm müddəalar da əksini tapmışdır. Məsələn, 125–ci maddəyə edilmiş əlavəyə görə, “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir”. 129–cu maddəyə edilmiş əlavələrə görə isə, “Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur; məhkəmə qərarı əsaslandırılmalı və sübuta yetirilməlidir”. Bu dəyişikliklər məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin artırılmasına, məhkəmə qərarlarının icrası sahəsində bəzi problemli məqamların aradan qaldırılmasına xidmət etmişdir.

Bütün bunlar təsdiqləyir ki, Heydər Əliyevin siyasi kursunun layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi altında başlanmış məhkəmə–hüquq islahatlarının yeni mərhələsi ədalət mühakiməsinin səmərəli təşkilinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına yönəlmişdir. Həyata keçirilən bu islahatlar respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.

 

 

Fərhad ƏFƏNDİYEV,

Göyçay Rayon Məhkəməsinin sədri

 

Respublika.- 2013.- 4 may.- S. 11.