Görkəmli tarixi şəxsiyyət

 

2013 –cü il may ayının 10–da çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 ili tamam olur. Azərbaycanın 1960–cı illərin sonundan başlanan və XXI əsrin əvvəllərinə keçən otuz dörd illik bir dövrü ulu öndərin adı ilə bağlıdır.

O, bütün bu illərdə Azərbaycanın quruculuq məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində xalqımızın ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.

Ulu öndərin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa–olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ona görə ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk etdiyi müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı məşəqqətli, faciəli anlar, ağrılı günlər öz izini qoymuşdur. Ulu öndərin əsl məramı real müstəqqillik olan bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizmdə onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.

Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz əksini tapdı. Ulu öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan Respublikasının müstəqilliyini tədricən möhkəmlətdi, ona yeni nəfəs verdi. Ümummilli lider demişdir: “Azərbaycan adlı dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir”.

1991–1993–cü illərdə Azərbaycan müstəqillik qazandıqdan sonra hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət ,ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdır. Belə bir böhranlı və ağır şəraitdə Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndərimiz Heydər Əliyev olmuşdur. Ümummilli liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində milli dövlətçiliyimizin itirilməsi təhlükəsi aradan qaldırılmış, cəbhədə atəşkəsə nail olunmuş, daxili sabitlik bərqərar edilərək, ölkəni bürümüş hərtərəfli tənəzzülün qarşısı alınmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995–ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızda məhkəmə hakimiyyətinin, xüsusilə hakimlərin müstəqilliyinin təminatı barədə müddəalar bir qərar olmuş demokratik quruluşun və hüquqi dövlətin təməli qoyularaq hüquqi islahatların aparılması şərtlənmişdir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə–hüquq islahatlarının keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Uğurla həyata keçirilən məhkəmə–hüquq islahatı nəticəsində ölkəmizdə qısa müddət ərzində demokratik prinsiplərə, beynəlxalq tələblərə uyğun mütərəqqi qanun və məcəllələr qəbul edilmiş, əvvəlkindən köklü surətdə fərqlənən məhkəmə sistemi yaradılmışdır.

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Ümummilli lider cəmiyyətin bütün təbəqələrinin sosial və siyasi mənafelərini özündə ehtiva etməyə qadir, demokratikləşmə prosesinin fundamental prinsiplərinə əsaslanan, keçid dövrünün xarakterik keyfiyyətlərini nəzərə alan demokratik idarəetmə sistemi formalaşdırmaqla əslində, mükəmməl dövlət idarəçilik məktəbi yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyası dövlətimizin tarixində ilk dəfə hakimiyyət bölgüsü prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qeyd–şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Əsas qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə etibarlı təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı mərhələdə yəni qanunvericilik aktları qəbul olunmuşdur.

Ulu öndər Heydər Əlıyevin insan hüquqlarının prioritetliyini ön plana çəkməklə əsasını qoyduğu məhkəmə–hüquq islahatları son 10 ildə onun layiqli varisi – Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdırilir. Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması da vacib şərtlərdən biridir. Bu ali məqsəd önə çəkilərək son illərdə regionlarda və paytaxtda yeni məhkəmələrin yaradılması, həmçinin, məhkəmələrdə hakimlərin sayının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Dövlət başçısının hələ 2006–cı il 19 yanvar tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanında Məhkəmə–Hüquq Şurasına tövsiyələrdən biri məhz məhkəmələrdə hakimlərin sayının artırılması ilə bağlı olmuşdur. Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində çətinlik yaratdığını nəzərə alan Prezident İlham Əliyev 2006–cı il avqustun 17–də “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərman imzalamışdır. Bu fərman ilə respublika məhkəmələri hakimlərinin sayı 157 ştat vahidi artırılmışdır. Son illər Məhkəmə–Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə layiqli insanların seçilməsinə xidmət etmişdir. Hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin Seçki Komıtəsınin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi 2007–ci ildə 55 nəfər, 2008–ci ildə 102 nəfər, 2010–cu ildə isə daha 78 nəfər hakimliyə namizəd şəffaf və mütərəqqi üsulla seçılərək hakim vəzıfələrinə təyin olunmuşlar. Xüsusi vurğulamaq lazımdır ki, Məhkəmə–Hüquq Şurası tərəfindən yüksək məhkəmə hakimlərindən, habelə ədliyyə, prokurorluq, şuranın aparatı, Vəkillər Kollegiyasının nümayəndələrindən və hüquqşünas alimlərdən ibarət tərkibdə yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə iddialıların tamamilə şəffaf və demokratik əsaslarla seçilməsi, onların biliyinin qiymətləndirilməsi kimi mürəkkəb bir işin öhdəsindən uğurla gəlir. Mütərəqqi məhkəmə–hüquq islahatları sırasında regionlarda yəni ağır cinayətlər məhkəmələrinin, habelə mövcud iqtisad məhkəmələrinin bazasında inzibati–iqtisadi məhkəmələrin yaradılmasını xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının 2010–cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə–Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanun bu baxımdan həyata keçirilən məhkəmə–hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2010–cu il 15 iyul tarixli “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə–Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Məhkəmə–Hüquq Şurasının təqdimatı əsasında Prezident İlham Əliyev bir çox hakimlərə yüksək etimad göstərmiş, eyni zamanda, bəzi məhkəmə sədrlərini və hakimlərini təkrarən bu vəzifəyə təyin etmiş, bir sıra hakimlərin isə apellyasiya instansiyası məhkəmələrinə hakim vəzifəsinə təyin edilmələri barədə Azərbaycan Respublikası Milli Məclisinə təqdimat vermişdir. Həmin şəxslər Azərbaycan Respublikası Milli Məclisi tərəfindən həmin vəzifələrə təyin edilmişlər.

Ümummilli liderin 1998–ci il dekabrın 1–də imzaladığı fərmanla qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə də xüsusi yer ayrılmışdır.

“Məhkəmələr və hakimlər haqqında” qanuna müvafiq olaraq hakimlərin test üsulu ilə seçilməsi üçün ölkə Konstitusiyası ilə təsbit olunmuş hər üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurum – Məhkəmə Hüquq Şurası yaradılmışdır. Şuranın son 13 ildə hakim vəzifəsinə test üsulu ilə keçirdiyi seçkilər tamamilə azad, demokratik və şəffaf şəraitdə baş tutmuş, layiqli namizədlər bütün mərhələləri uğurla keçərək şərəfli bir vəzifəni qazanmışlar.

Azərbaycanın son illərdə bütün sahələrdə inkişaf etməsi, habelə insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının yeni mərhələyə qədəm qoyması məhkəmə–hüquq islahatlarının da ardıcıl şəkildə davam etdirilməsini vacib məsələ kimi önə çıxarmışdır. Bu gün əminliklə deyə bilərik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə–hüquq islahatları son 10 ildə yüksək əzmlə, yəni dövrün gerçəkliklərinə uyğun davam etdirilmiş, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələləri daim ön plana çəkilmişdir.

Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Heydər Əliyev üçün ölkədə insan hüquq və azadlıqlarının müdafiəsindən önəmli sahə yox idi. Bu onun fəaliyyətinin əsas qayesini təşkil edirdi. Elə ona görə də 1937–1938–ci illərin “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Qanunun (1996–cı il) qəbul edilməsi, habelə ötən əsrin 40–cı və 50–ci illərində öz ata–baba yurdundan məcburi köçürülmüş qərbi azərbaycanlıların tarixi fəlakətinə və 1990–cı ilin 20 Yanvar qətliamına siyasi qiymət verilməsi ümummilli liderimizin insan hüquqları ilə bağlı məsələlərə xüsusi münasibətinin ifadəsidir.

Heydər Əliyevin şah əsəri– ilk milli Konstitusiya ölkədə hüquqi sistemin özülünü, onun normativ əsaslarını, azad ədalət məhkəmələrinin status və fəaliyyət prinsiplərini müəyyənləşdirdi. Məhz bu hüquqi baza üzərində Azərbaycan vətəndaşına öz hüquq və azadlıqlarını qorumaq üçün hər cür imkanlar yaradıldı, hətta onun Avropa İnsan Hüquqları Məhkəməsinə – Strasburqa müraciət etmək və öz problemini beynəlxalq insidentə çevirə bilmək şansı tanındı. Qərb hüquq sisteminə sürətlə inteqrasiya olunan Azərbaycan milli ədliyyəsi anqlosaks ədalət mühakiməsinin presedentlər təcrübəsini özünün fəaliyyəti ilə uzlaşdırma mərhələsinə qədəm qoyub. Presedentlərin german hüquq sistemi ilə ziddiyyətlərinin aradan qaldırılması prosesi gedir. Burada da Heydər Əliyevin humanizm baxışları, insan hüquq və azadlıqlarına böyük önəm verən hüquqi irsi başlıca rol oynayır.

İnsan hüquqlarının və azadlıqlarının təminatının yaradılması istiqamətində Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və Milli Məclisdə qəbul edilmiş qanunvericilik aktları – “Vətəndaşlıq haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Qaçqınlar və məcburi köçkünlərin statusu haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlar ölkəmizdə sabitliyin və qanunçuluğun rəmzidir. Dahi rəhbər hər an, hər şəraitdə qanunun aliliyini qoruyub saxlamağa çağırırdı: “Qanun hamı üçün qanundur. Həm adi vətəndaş üçün, həm hakimiyyət məmuru üçün, həm dövlət məmuru üçün, həm də şəhid ailəsi üçün”.

Bu gün respublikamızın hər bir vətəndaşı milli Konstitusiyamızın 127–ci maddəsinə görə tam hüquqi müdafiə təminatına malikdir: heç bir şəxs tərəfindən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulmur, qanunazidd təsir və müdaxilələr edilməsinə yol verilmir. Çünki keçmiş totalitar rejimlərdə olduğu kimi, hakimlərin siyasi və s. təcrübəsi artıq xalqımızın tarixi taleyində – minlərlə ziyalımızın 37–ci il repressiyalarında, siyasi təqiblərində və qırmızı terrorun bütün təzahürlərində özünün qara üzünü ifşa etmişdir.

Ulu öndərin şəxsi təşəbbüsü ilə 1996–cı ildə qəbul edilmiş “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında”Qanun tarixin acı dərslərini yada salmaq və bir daha onun təkrarlanmasına yol verməmək üçün böyük önəm və məna kəsb edir.

İnsana ali baxışın, yüksək dəyər verilməsinin daha bir parlaq örnəyi 1998–ci il fevralın 10–da bütün Şərq xalqlarının tarixində ilk dəfə olaraq məhz Azərbaycan Respublikasında — prezident Heydər Əliyevin imzası ilə ölüm cəzasının ləğv edilməsi oldu.

Bu gün müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni–yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial–iqtisadi inkişafı ilə paralel gedən məhkəmə–hüquq islahatlarını bir–birindən ayırmadan hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində ən qabaqcıl dövlətlərdən birinə çevriləcək.

 

 

Elçin HÜSEYNOV,

Şəki Apelyasiya Məhkəməsinin

hakimi

 

Respublika.- 2013.- 4 may.- S. 13.