Vətənə
və xalqa xidmətin misilsiz nümunəsi
Ana tarixin gedişini dəyişmək, onun yaddaşında iz qoymaq hər adama qismət olmur. Uca Tanrı yalnız seçilmiş bəndələrinə belə bir tale yazır, onları ən çətin sınaqlardan keçirərək şan–şöhrətə çatdırır. Ulu öndərimiz Heydər Əliyevin timsalında Azərbaycan xalqı da bəşəriyyətin ən yeni tarixinə öz imzasını yazan dahi bir övlad yetirmişdir. Onun dühasının işığı ilə xalqımız milli oyanış və dirçəliş yolu keçmiş, öz müstəqil dövlətçiliyini bərpa edərək möhkəmləndirmiş, bir millət kimi yetkinləşmiş, birliyə, həmrəyliyə qovuşmuşdur.
Azərbaycanın müasir tarixinin 30 ildən artıq bir dövrü ulu öndərimizin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimai–siyasi, iqtisadi və mədəni həyatındakı bütün uğurlarda onun imzası vardır. Xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi doğma millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev müasir dövlətçiliyimizin banisi və qurucusu, böyük öndəri kimi yüksək bir zirvəyə ucalmışdır. Onun təkcə vətən və xalq qarşısında deyil, həm də bəşəriyyət qarşısında xidmətləri unudulmazdır. Vəfatının hər bir ildönümündə ulu öndərimizin xatirəsinin təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində dərin ehtiramla yad edilməsi bunun sübutudur.
Ulu öndərimiz ölkəmizə rəhbərlik etdiyi dövrdə bizə yalnız vətənə və xalqa misilsiz xidmətin nümunəsini öyrətmişdir.
1960–cı illərin sonunda hakimiyyətə gələn Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi. Onun uzaqgörən, müdrik siyasəti Azərbaycanı keçmiş ittifaqın ən inkişaf etmiş respublikaları sırasına çıxardı.
Ulu öndərimiz özünəməxsus məntiqlə elə həmin dövrdə Azərbaycanın gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikamızın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan necə sürətlə gerilikdən çıxaraq, bütün sahələrdə sıçrayışa nail olmuşdu. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol, əslində, 1969–cu ildən Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır.
1969–1982–ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti–quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, paytaxtımız Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Milli memarlıq irsimizin dərin bilicisi olan Heydər Əliyev Bakıda tarixi ənənələri qoruyub saxlamaqla yanaşı, onun ərazisində dövrün tələblərinə cavab verən yeni çoxsaylı yaşayış massivlərinin, sənaye müəssisələrinin, xidmət və idman komplekslərinin, təhsil və mədəniyyət obyektlərinin inşasına nail oldu. Həmin dövrdə yalnız paytaxtda və nisbətən iri şəhərlərdə deyil, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə də genişmiqyaslı tikinti–quruculuq işləri aparılırdı. Böyük fərəh hissi ilə deyə bilərəm ki, Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərində məqsədyönlü şəkildə apardığı tikinti–quruculuq işləri sayəsində Azərbaycan çoxlu maddi sərvətlər əldə etmiş, xalqımızın rifahı yüksəlmişdir.
Möhtərəm Prezident İlham Əliyev ulu öndərin anadan olmasının 90–cı ildönümü münasibətilə keçirilmiş mərasimdə demişdir: “Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Onun xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər qoymuşdur. 1970–1980–ci illərdə onun rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir”.
Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə əsl dövlət adamı kimi doğma xalqının gələcək xoşbəxtliyi üçün möhkəm təməl qoymuşdur. Hələ o dövrdə respublika iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sahədə, kənd təsərrüfatında ulu öndərin rəhbərliyi ilə həyata keçirilən yenilikçilik öz səmərəsini verirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən az sonra, 1970–ci ildə Heydər Əliyev Azərbaycan SSR–də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən qərar qəbul etdirməyə nail oldu. Bu qərarı qəbul etdirmək həmin zaman üçün təbii ki, nadir hadisə hesab edilirdi.
Heydər Əliyev böyük dövlət xadimi, həm də bir tarixçi olaraq yaxşı bilirdi ki, iyirmi üç ay davam edən Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra vacib məsələlər kimi torpaq və ondan istifadə məsələsi də həll olunmamışdı. O zaman Zaqafqaziya Seymi torpaq islahatı haqqında qanun qəbul etmiş, lakin həmin qanun mülkədarların açıq narazılığına səbəb olmuşdu. Məhz elə bütün bunların nəticəsi olaraq Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi hökumət 1918–ci il iyun ayının 22–də Azərbaycanda torpaq islahatı haqqında Zaqafqaziya Seyminin qəbul etdiyi qanunun icrasını dayandırmalı oldu.
Bütün bunlara baxmayaraq, 1919–cu ilin iyun ayında torpaq haqqında islahat məsələsinin müzakirəsi yenidən Azərbaycan Parlamentinin gündəliyinə daxil edildi və təəssüflər olsun ki, bütün fəaliyyəti dövründə parlament torpaq islahatı məsələsini gündəmə gətirə bilmədi.
Bu kimi məsələləri dərindən bilən ulu öndər totalitar bir rejimin məngənəsində sıxılan ölkəmizdə torpağın sahiblərinə qaytarılma yollarını özünəməxsus tərzdə düşünüb, Kremlin siyasətindən, qadağalar çərçivəsindən kənara çıxmaqla bu imperiyanın böyük imkanlarından həssaslıqla istifadə etməklə torpaqdan əldə edilən gəlirlərin əsas hissəsini zəhmət adamlarının özlərinə qaytarılmasına nail olmağa çalışdı.
Keçmiş İttifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də ümummilli liderimiz övladı olduğu xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər Azərbaycanın sosial–iqtisadi inkişafı naminə hər cür fədakarlıq göstərmiş, buradakı quruculuq işlərinin davam etməsinə hərtərəfli dəstək vermişdir. Əlbəttə, Kremlin imperiya təfəkkürlü sahibləri öz parlaq dühası ilə onları kölgədə qoyan müdrik bir azərbaycanlının paxıllığını çəkməyə bilməzdilər. Məhz bu məkrli insanlar Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırmaqla xalqımıza ağır maddi–mənəvi zərbə vurdular.
Sonralar üzləşdiyimiz dəhşətli bəlalar, xüsusən təcavüzkar ermənilərin və onların himayədarlarının Azərbaycana qarşı fitnəkar niyyətləri, soydaşlarımızı öz ata–baba torpaqlarından didərgin salmaq, Qarabağı Ermənistana birləşdirmək cəhdləri də məhz Heydər Əliyevin, sözün həqiqi mənasında siyasi–mənəvi repressiyalara məruz qaldığı dövrdə gerçəkləşdi. Lakin həyatının daim təhlükədə olduğu vaxtlarda da ümummilli liderimiz doğma xalqının harayına səs verdi: 1990–cı ildə Qorbaçov hakimiyyətinin Bakıda törətdiyi qanlı qırğına sərt etirazını bildirdi, bu cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi, az sonra isə Dağlıq Qarabağ məsələsində keçmiş SSRİ rəhbərliyinin ikiüzlülüyünü ifşa edərək Kommunist Partiyası sıralarından çıxdı.
Azərbaycanın başı üzərini məhv olmaq təhlükəsi alanda ikinci dəfə yenidən böyük siyasətə qayıdan Heydər Əliyev özünün fenomenal istedadını, zəngin dövlətçilik təcrübəsini Tanrının və tarixin xalqımıza bəxşişi olan kövrək istiqlalımızın qorunmasına və möhkəmlənməsinə yönəltdi.
Həmin dövrdə respublikamızda rəhbərlik naşı adamların əlinə keçdiyindən qəbul edilmiş siyasi qərarlar ağ kağız parçası kimi göründü. Azərbaycan nəinki öz təbii sərvətlərinin sahibi oldu, əksinə, əldə olanlarımız sapı özümüzdən olan baltaların köməkliyi ilə sərhədlərimizdən kənara daşınmağa başlandı. Özbaşınalıq, rəhbərsizlik, demokratiya pərdəsi altında aparılan işlər, xüsusən də erməni şovinistlərinin torpaq iddiası nəticəsində qərəzli müharibə alovu Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsinə gətirdi. Əslində 1918–ci ildə birinci dəfə müstəqilliyini əldə etdiyi kimi, ikinci müstəqilliyində də Azərbaycan olumla–ölüm təhlükəsi arasında qaldı.
Vətənimizin bu ağır günündə elə bir liderə ehtiyac duyulurdu ki, o, xalqına, millətinə inana bildiyi kimi xalq da ona arxalana bilsin. Bu lider isə böyük gərginliklər içində rus imperiyasının nəzarəti və təzyiqləri altında yaşamasına baxmayaraq, müvazinətini itirmədən, yalnız və yalnız Azərbaycan xalqının xoşbəxt taleyini düşünən böyük dövlət adamı, türk dünyasının qürur mənbəyi ulu öndər Heydər Əliyev idi.
Azərbaycan tarixinə qanla yazılmış 20 Yanvar hadisələrində erməni şovinistlərinin Sovet imperiyasının Azərbaycanda törətdiyi qanlı cinayət hadisəsinə siyasi bəyanat verməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltməklə də Heydər Əliyev öz böyüklüyünü, əsl Azərbaycan oğlu olduğunu bir daha sübut etdi. Belə bir anda, belə bir zamanda Heydər Əliyev böyüklüyünə, ucalığına qısqanclıqla baxanların əksinə olaraq xalq öz xilaskarına, ümummilli liderinə üz tutdu.
Müstəqilliyini yeni bərpa etmiş, lakin səriştəsiz, naşı rəhbərlərin bacarıqsızlığı və milli mənafelərimizə zidd mövqe tutması nəticəsində suverenliyini itirmək, parçalanıb məhv olmaq təhlükəsinə məruz qalmış Azərbaycanı xilas etmək missiyası məhz bu dahi şəxsiyyətin, təcrübəli siyasətçinin üzərinə düşdü. Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə qayıdışı millətimizin və dövlətimizin qurtuluşu idi. Bu qayıdışın bizə hansı uğuru gətirdiyi, müstəqil dövlətimizi hansı səviyyəyə çatdırdığı göz önündədir. Bu gün sabitliyə, rifaha, yüksəlişə qovuşmuş Azərbaycan öz iqtisadi inkişaf tempinə görə hətta dünya miqyasında ön mövqeyə çıxmışdır. Ölkəmiz iqtisadiyyatda keçid dövrünü uğurla başa çatdırmışdır, yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşmışdır.
Ulu öndər Azərbaycanda ikinci dəfə rəhbərlik etməsi ilə tarixin keçmiş dönəmlərinə qayıtmağı bacardı, xalq təsərrüfatının bütün sahələrində inkişaf üçün işıqlı yol göstərdi. Elmin bütün sahələrində uğurlar əldə edilməsində elm adamlarına arxa–dayaq oldu. Neft sənayesinin inkişafında xariqələr yaradılmasına öncüllük etdi. Azərbaycan torpağının, Azərbaycan xalqının oğlu olaraq o, torpağa bağlılığını sübut etməyi bacardı. Böyük öndər ölkəmizdə əldə edilən uğurlara qısqanclıqla baxanlara: “Kim müxalifətdə durursa dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın” deyirdi. Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi tələb edirdi. Ulu öndər deyirdi: “Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”.
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev isə ümummilli liderimizin ideyalarını bundan sonra da müvəffəqiyyətlə gerçəkləşəcəyinə əmindir. Müstəqilliyimizi əldə etdikdən sonra ölkəmiz çox böyük problemlərlə üzləşmişdi. Demək olar ki, ölkəmiz idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, fəaliyyəti nəticəsində ölkəmiz bu çətin günlərdən şərəflə çıxa bildi, öz inkişaf dövrünü yaşamağa başladı. Bu inkişaf indi sürətlə davam edir.
Məhz Heydər Əliyev böyüklüyü sayəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycanda dünya sivilizasiyasının inkişaf proqramından və təcrübəsindən istifadə edərək, milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun olaraq bütün parametrləri nəzərə alaraq yeni layihələr və dövlət proqramlarının hazırlanmasına başlanıldı.
Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi islahatlar, dövlət quruculuğu sahəsində islahatlar kursu genişləndi. Həmin islahatların həyata keçirilməsindən danışarkən ulu öndər deyirdi: “Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk. Çünki bunun üçün həm təcrübə lazımdır, həm də gərək səhv buraxmayasan. Biz bunları keçirdikcə Azərbaycanda idarəetmə orqanlarının işi təkmilləşir. Hesab edirəm ki, biz bunu başa çatdırandan sonra bu sahədə də ölkəmizin iqtisadiyyatı üçün daha böyük imkanlar açılacaqdır”.
Bu gün də Azərbaycanın sosial–iqtisadi inkişafının təməlində ulu öndərimizin yaratdığı və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da möhkəmlətdiyi potensial dayanır. Təkcə “Əsrin müqaviləsi”nin adını çəkmək kifayətdir ki, Heydər Əliyev dühasının və uzaqgörənliyinin müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsinə, onun vətəndaşlarının rifahının yüksəlməsinə nə qədər böyük bir güc, qüvvə verdiyini təsəvvür edəsən.
Heydər Əliyev yalnız respublikada ikinci dəfə rəhbərliyə gəlişi ilə deyil, bütövlükdə azərbaycanlı olması və siyasi fəaliyyəti ilə XX əsr Azərbaycan tarixində xalqımızı bir çox bəlalardan qurtarmaq üçün qurtuluş nöqtəsini qoymağı bacardı və bütün dünyaya bəyan etdi ki, müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır.
Ulu öndərimiz Heydər Əliyev böyük uzaqgörənliklə sübut etdi ki, Azərbaycanda aqrar sahədə iqtisadiyyatın inkişafının əsası aparılacaq torpaq islahatlarının nəticələrindən asılıdır. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin ölkəmizin birinci müstəqilliyində həyata keçirmək istədikləri və başa çatdıra bilmədikləri torpaq islahatları missiyasının ağırlığı da ölkəmizin ikinci dəfə müstəqillik əldə etdiyi dövrdə, ikinci dəfə ölkə rəhbərliyinə gəlmiş Heydər Əliyevin üzərinə düşdü. Ulu öndərimiz bu missiyanı uğurla, şərəflə yerinə yetirdi. Heydər Əliyev Azərbaycan kəndlisinə aid olmayan torpağı kəndliyə verməklə, tarixi ədaləti bərpa etmək qərarına gəldi. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 1996–cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli, əslində, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, 1992–ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə qoyulmuşdu. Torpaq – vətəndaş münasibətlərində həyata keçirilən tarixi və inqilabi hadisənin birinci mərhələsinin yekunlarını ulu öndər Heydər Əliyev olduqca yüksək qiymətləndirərək demişdir: “Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır”. Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinəyararlı münbit torpaqları əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 442 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi; 1 695 123 hektarı, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı. Torpaq islahatları həmişə inkişafda olan dinamik bir prosesdir ki, bu proses də digər proseslərlə kompleks şəkildə həyata keçirilir. Torpaq islahatlarının birinci mərhələsi olan torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yanaşı, ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin də həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən bu işlərin nizama salınmasının hüquqi əsaslarını tənzimləyən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir (12 mart 1999–cu il). Bu Qanuna və digər qanunvericilik aktlarına uyğun “Torpaq–kadastr sənədlərinin aparılması qaydaları” və eləcə də, “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında”, “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında”, Yerquruluşu işlərinin aparılması qaydaları haqqında əsasnamələr hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999–cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradılmışdır.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dünya Bankının “Təsərrüfatların özəlləşdirilməsi” layihəsi çərçivəsində respublikanın Lənkəran, Salyan, Ucar, Bərdə, Xaçmaz rayonları və Naxçıvan MR–da 6 nümunəvi özəl pilot təsərrüfatlar üçün zəruri kompleks yerquruluşu layihələri hazırlamaqla vətəndaşların (ailələrin) adına tərtib edilmiş hüquqi sənədlərə dair kadastr və qeydiyyat işlərinin aparılmasını təmin etmişdir. Dünya Bankının 2–ci layihəsi olan “Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi” layihəsi çərçivəsində işlərin həyata keçirilməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də iştirak etmişdir. Belə ki, həmin layihə çərçivəsində Komitədə olmuş ABŞ, Kanada, Yaponiya, Fransa, İsveçrə, Finlandiya, Almaniya, Hollandiya, Türkiyə və s. kimi ölkələrdən gəlmiş mütəxəssislər Komitənin müasir avadanlıq və informasiya texnologiyası ilə təmin olunma səviyyəsini çox yüksək qiymətləndirmişlər. Respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daima marağına səbəb olmuş, bu istiqamətdə Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə maraq göstərilmiş və bu prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir. Bu məqsədlə, həmçinin komitədə “Heydər Əliyev torpaq islahatı” məktəbi yaradılmış və hazırda da bu məktəbdə mütəxəssislərin bilik səviyyəsinin artırılması istiqamətində treninqlər və seminar–məşğələlər davam etdirilir.
Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı cənab Prezident İlham Əliyev də Azərbaycana rəhbərlik etdiyi ötən doqquz il ərzində regionların və aqrar sektorun inkişafına xüsusi diqqət yetirməkdədir.
“Azərbaycan təkcə Bakıdan və
Abşerondan ibarət deyil… Azərbaycanın hər bir regionu inkişaf etməlidir…
Kənd təsərrüfatında aparılan islahatların
ikinci mərhələsi başlanmalıdır” —söyləyən
Prezident İlham Əliyev tərəfindən imzalanan, ölkəmizin
hərtərəfli inkişafına xidmət edən “Azərbaycan
Respublikası regionlarının sosial–iqtisadi inkişafı
Dövlət Proqramı (2004–2008–ci illər)” mahiyyətcə
heç də torpaq islahatlarından geri qalmamaqla, insan amilinin
yüksəlişinə xidmət edən təkmil strategiya
kimi qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 14
aprel 2009–cu il tarixli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü
illərdə sosial–iqtisadi inkişafı “Dövlət
Proqramı” əslində Azərbaycan Respublikası
regionlarının sosial–iqtisadi inkişafı (2004–2008–ci illər)
Dövlət Proqramının davamı kimi qiymətləndirilməlidir.
Çünki bu Dövlət Proqramının vəzifələri
və regionların prioritet istiqamətlərində əsas məqsədi
ölkədə qeyri–neft sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial–iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.
Şəhərlərin,
rayonların, kənd və qəsəbələrin birbaşa
inkişafına xidmət edən Dövlət Proqramı
çərçivəsində bölgələrdə yeni
idman kompleksləri, səhiyyə, təhsil ocaqları,
zavodlar, fabriklər istifadəyə verildi. Əhəmiyyətli
hadisələrdən biri də o olmuşdur ki, bu müddət
ərzində çadır şəhərcikləri ləğv
edilmiş, qaçqın və məcburi köçkünlər
hər bir şəraitə malik olan mənzillərlə təmin
olunmuşlar. Məhz torpaq islahatlarının və
Regionların Sosial–İqtisadi İnkişafı
Proqramının uğurla həyata keçirilməsinin nəticəsi
ümumi daxili məhsulun istehsalına görə Azərbaycanın
adını regionda lider ölkə kimi tarixə yazdı.
“2008–2015–ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi barədə 25 avqust
2008–ci il tarixli 3004 nömrəli Sərəncamı ölkəmizin
başçısı cənab İlham Əliyevin bir qayda
olaraq, torpaq amilinə həmişə önəm verməsinin
bariz nümunəsidir. Möhtərəm Prezident böyük
uzaqgörənliklə dünyamızın gələcəkdə
iqtisadi böhranla üzləşə biləcəyini
gördüyündən zamanın axarını qabaqlayaraq Azərbaycan
vətəndaşlarının sosial rifah halının daha da
yaxşılaşdırılması və hər hansı bir
iqtisadi böhrandan əzmlə çıxmaları məqsədilə
imzaladığı həmin Dövlət Proqramını təsdiq
edərkən həmçinin nəzərə
almışdır ki, ölkəmizin ərzaq təhlükəsizliyinin
təmin edilməsində torpaq ən başlıca və əvəzedilməz
amildir.
Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və
2013–cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev
giriş nitqində demişdir: “Regional inkişaf Proqramı da
uğurla icra edilib. Qeyd etdiyim kimi, 2004–cü ildə birinci
Proqram, 2009–cu ildə ikinci Proqram qəbul edilmişdir.
Artıq ikinci Proqram başa çatmaq üzrədir.
Qarşıya qoyulmuş bütün vəzifələr icra
edilib. Keçən il 117 min yeni iş yeri
açılmışdır ki, onlardan 93 mini daimi iş
yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş
yeri açılmışdır ki, bu da öz növbəsində
işsizliyin böyük dərəcədə
azaldılmasına xidmət göstərmişdir.
İşsizliyin səviyyəsi 2012–ci ildə bir qədər
aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir.
İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun
səviyyəsi də aşağı
düşmüşdür – 7,6 faizdən 6 faizə. Bu, hesab
edirəm ki, hətta inkişaf etmiş ölkələr
üşün çox gözəl göstəricidir.
2013–cü
ildə görüləcək işlər, yeni, infrastruktur
layihələrinin, sosial proqramların icrası nəticəsində
əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək
və beləliklə, 10 il bundan əvvəl
qarşımıza qoyduğumuz vəzifə – Azərbaycanda
yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi
də artıq təmin ediləcəkdir”.
Heç
şübhəsiz ki, ölkəmizdə cənab Prezident
İlham Əliyevin rəhbərliyi altında əldə edilən
hər bir uğurun əsası ulu öndərimiz Heydər Əliyevin
ölməz ideyalarından güc alır.
Dövlət
başçısı ölkəmizin aparıcı siyasi təşkilatı,
ulu öndərimizin müdrikliyinin və uzaqgörənliyinin
bəhrəsi olan Yeni Azərbaycan Partiyasının bu
yaxınlarda keçirilən 20 illik yubileyində
qarşıya qoyulmuş ən mühüm vəzifəni, hədəfi
müəyyənləşdirərək demişdir: “Bizim
artıq güclü dövlətimiz vardır – müstəqil
Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız,
inkişaf proqramımız vardır. Bu proqramın
reallaşması nəticəsində Azərbaycan inkişaf
etmiş ölkələrin sırasına daxil ediləcəkdir.
Əgər gələcəklə bağlı fikirlərimizi
bir cümlə ilə ifadə etsək deməliyik: Biz
inkişaf etmiş ölkəyə çevrilməliyik!
İnkişaf etmiş ölkələrin meyarları vardır.
Bunları bilirik və biz hər bir istiqamət üzrə o
meyarlara çatmalıyıq – həm siyasi, iqtisadi islahatlar,
sosial siyasət və digər istiqamətlərdə…”
Bu gün
ölkəmizin vətəndaşları ilə yanaşı,
bütün dünya azərbaycanlıları ulu öndərimizin
nəsillərə ərməğan etdiyi sərvətdən,
mənəvi irsdən, uzaqgörən siyasətdən bəhrələnir.
Bu gün bütün Dünya azərbaycanlıları ulu
öndərimiz Heydər Əliyevin anadan olmasının 90
illiyini xüsusi ürək coşğunluğu ilə qeyd
edir. Çünki hər bir azərbaycanlının taleyində
Heydər Əliyev həqiqəti yaşayır və həmişə
də yaşayacaqdır!
Bizim hər
birimiz əminik ki, ümummilli liderimiz Heydər Əliyevin
qurucusu və memarı olduğu müasir Azərbaycanda onun
layiqli davamçısı, Prezidentimiz cənab İlham Əliyevin
rəhbərliyi altında bütün sahələrdə
görülən işlər uğurla davam edəcəkdir.
Qərib MƏMMƏDOV,
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri,
akademik
Respublika.- 2013.- 5 may.- S. 3.