Azərbaycanı davamlı yüksəliş yoluna çıxaran böyük rəhbər

 

Azərbaycan tarixinin ötən əsrin 60–cı illərinin sonlarından başlanan və XXI əsrə adlayan bütöv bir dövrü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1969–1982–ci illərdə həyatımızın bütün sahələrində baş vermiş inkişaf və tərəqqi, köklü dəyişikliklər quruculuq salnaməsinin ən parlaq və dolğun səhifələrini təşkil edir. Ulu öndərin Azərbaycana rəhbərliyinin bütün mərhələsində, öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub yaratmaq amalı ilə yaşamış, onu üzləşdiyi fəlakətlərdən qurtarmaq üçün böyük fədakarlıqlar göstərmişdir. Ümummilli liderimiz Heydər Əliyev canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik, dünyəvi, bəşəri dəyərlərə sadiq, dünya birliyində öz layiqli yerini tutan müasir, müstəqil Azərbaycanı bəxş etdi. Bu illərdə respublikamızın əldə etdiyi uğurlar, xalqımızın milli mənliyinin formalaşması Heydər Əliyev dühasının bəhrəsidir.

1993–cü ilin iyununda ölkəmizdə cərəyan edən hadisələr Azərbaycanın dövlətçiliyini və müstəqilliyini böyük təhlükə altında qoymuşdu. Siyasi və iqtisadi böhranla üzləşmiş ölkəmiz öz tarixinin çətin və ağır bir dövrünü yaşayırdı. Ölkədə xaos, özbaşınalıq, hakimiyyətsizlik baş alıb gedirdi, respublika vətəndaş qarşıdurması ilə üzbəüz idi.

Vətənimiz parçalanıb məhv olmaq təhlükəsi ilə üz–üzə qalmışdı. Xalq bilirdi ki, onu belə bir acınacaqlı vəziyyətdən yalnız və yalnız öz böyük oğlu, dünya miqyaslı siyasi xadim Heydər Əliyev şəxsiyyəti, dühası çıxara bilərdi. Ona görə də xalq ayağa qalxdı, Heydər Əliyevi təkidlə Bakıya, ölkə rəhbərliyinə dəvət etdi. Xalqının ağır, çətin günlərində həmişə ona dayaq olan ulu öndər Naxçıvandan respublika paytaxtına gəldi və 1993–cü il iyulun 15–də Ali Sovetin sədri seçildi. Azərbaycan onu gözləyən fəlakətlərdən, vətəndaş müharibəsindən, dövlətçiliyin məhvindən xilas oldu. Respublikada inkişaf və tərəqqi dövrü başladı. Ulu öndərin xalqı üçün gördüyü işlər indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Öz şərəfli və möhtəşəm fəaliyyətilə Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Bu gün qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir. Heydər Əliyev dəfələrlə bəyan etmişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa–olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Heydər Əliyevin siyasi uzaqgörənliyinin və iradəsinin məntiqi nəticəsi olaraq 1994–cü il sentyabrın 20–də “Əsrin müqaviləsi” imzalandı. Bu konktraktın əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin sürətli inkişafına güclü təkan verdi.

Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını mənimsəyən, yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında və bu regionda çox mühüm rol oynayan bir dövlətə, dünyanın mühüm neft–qaz mərkəzlərindən birinə çevrildi. 1999–cu ildə ATƏT–in İstanbul zirvə toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin inşasına dair bağlanmış saziş Azərbaycanın bu günkü iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyətə malik olmuşdur.

Ulu öndərin dövlət quruculuğundakı müstəsna xidmətlərindən biri də demokratik və hüquqi islahatların ardıcıl olaraq həyata keçirilməsidir. Heydər Əliyev hər şeydən öncə, insan hüquq və azadlıqlarının təminatı məsələlərinə xüsusi diqqət yetirmişdir. Dahi rəhbərin rəhbərliyi ilə hazırlanan, dünyada mövcud olan ən mütərəqqi hüquqi normalarını özündə əks etdirən müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995–ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunması respublikamızın inkişaf prioritetlərini müəyyənləşdirmiş, iqtisadi, siyasi və iqtisadi islahatların bazisinə çevrilmişdir. Əsas Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi önə çəkilmişdir. Yeni Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı bərqərar olmuş, dövlətin idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə hüquq islahatları uğurla davam etdirilmişdir. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ölüm cəzasının, mətbuat üzərindən senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması və digər işlər demokratik inkişaf yolunda qazanılmış ən mühüm nailiyyətlərdəndir. Azərbaycanın ilk Milli Konstitusiyasında mənəvi sərvətlərimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət səviyyəsinə qaldırıldı, əlifba islahatı həyata keçirildi. Başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya və dünyəvilik kimi mühüm və zəruri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu. Heydər Əliyev erası dünyanın ayrı–ayrı ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlını milli məfkurə əsasında birləşdirib. Onların tarixi vətənlərinə və dövlətə bağlanmasını Azərbaycan diasporunun yaradılmasını təmin etdi.

Dövlətçiliyimizin bərpası, yeni cəmiyyət quruculuğu, azad bazar münasibətlərinə keçid dövründə Azərbaycanın həmkarlar ittifaqlarının öz nüfuzunu və ictimai münasibətlərə təsir qüvvəsini saxlamasında və bu münasibətlər sistemində əhəmiyyətli yerini tutmasında ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı əsas rol oynamışdır. Azərbaycanı dərin sosial–iqtisadi və siyasi böhrandan çıxaran böyük öndər həmkarlar ittifaqları təşkilatlarının müxtəlif siyasi qüvvələrin təsirindən qoruyaraq, bu quruma öz işini yerinə yetirmək üçün hərtərəfli şərait yaratmış, onun uzun illər ərzində formalaşmış maddi texniki bazasının dağılmasının qarşısını almışdır. Məhz Heydər Əliyevin dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yeni şəraitdə, öz işini tarixi və beynəlxalq təcrübə əsasında səmərəli şəkildə qurmağa nail olmuşdur. Ulu öndər qeyd edirdi ki, həmkarlar ittifaqları cəmiyyətimizdəki rolunu daha da artırmalıdır. Ulu öndərin təşəbbüsü ilə 1994–cü ildə qəbul olunmuş “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunu bu qurumun fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi, vətəndaşlarımızın sosial–iqtisadi mənafelərinin qorunması üçün hüquqi baza yaratdı. Həmkarlar İttifaqları əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi respublikamızda fəaliyyət göstərən bütün müəssisə və təşkilatlarda işçilərin sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək məqsədyönlü fəaliyyət göstərməyə çalışır, ölkədə sosial siyasətin həyata keçirilməsinə dəstək verirlər.

Azərbaycan həmkarlar ittifaqları təşkilatları ölkəmizdə sosial–iqtisadi inkişafın sürətləndiyi son on ildə öz nüfuzunu daha da artırmışdır. Azərbaycanda sosial məsələlərin həllində həmkarlar ittifaqlarının rolunu yüksək dəyərləndirən və bu istiqamətdə ulu öndərin müəyyənləşdirdiyi kursu uğurla reallaşdıran ölkə başçısı İlham Əliyev dövlətimizin sosial məsələlərin həllinə bundan sonra da xüsusi diqqət göstərəcəyini bildirmişdir. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin həmkarlar təşkilatlarının cəmiyyətdəki rolunun artırılması məqsədilə verdiyi bir sıra mühüm fərman və sərəncamlar bunu bir daha təsdiqləyir.

Ötən illər ərzində Azərbaycan Dəmiryolçuları MHİRK–nın kollektivi bu sahədə aparılan islahatlara daim dəstək olmuş, dəmiryolçuların sosial müdafəisinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili istiqamətində bir çox layihələr həyata keçirmişdir. Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsində müəyyən edilmiş vəzifə və səlahiyyətlərdən geniş şəkildə istifadə edərək, həmkarlar ittifaqı üzvlərinin sosial–iqtisadi mənafelərinin və əmək hüquqlarının müdafiəsi, onların maddi rifah halının yaxşılaşdırılmasını ön plana çəkərək bu istiqamətdə səylə çalışır. “Azərbaycan Dəmir Yolları” QSC ilə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqın Respublika Komitəsi arasında imzalanmış 2011–2013–cü illər üçün Yolun Sosial inkişafı üzrə sahə “Saziş” i də bu məqsəd daşıyır.

Dəmiryolçuların müstəqil həmkarlar ittifaqı son illər işçilərin hüquqlarının qorunması, sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində səlahiyyətlərindən maksimum istifadə edir. Qeyd edim ki, son iki il ərzində 60–dan çox dəmiryolçu ailəsi yeni tikilmiş yaşayış binalarında mənzillə təmin olunmuşdur və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Dəmiryolçuların sağlamlıqlarının qorunması və mənalı istirahətinin təmin edilməsi məqsədilə MHİRK–nın hesabına və Səhmdar Cəmiyyətinin maliyyə dəstəyi ilə Nabran qəsəbəsində müasir tələblərə cavab verən “Lokomotiv” istirahət mərkəzi tikilmiş və dəmiryolçuların istifadəsinə verilmişdir. Təkcə 2012–ci ilin yay mövsümündə bu istirahət mərkəzində 2000–dən artıq dəmiryolçu və onların ailə üzvləri istirahət etmişlər.

2012–ci ilin yekunlarına görə 3 müəssisə AHİK–nın “Sağlam və təhlükəsiz əmək şəraitinin yaxşılaşdırılması üzrə ilin ən yaxşı müəssisəsi respublika müsabiqəsinin qalibi müəyyən edilmişdir. Bundan başqa, ölkə Prezidentinin sərəncamı ilə MHİRK–nın 4 nəfər işçisi “Tərəqqi medalı”, AHİK–nı qərarı ilə 5 nəfər “AHİK–nı 20 illik yubileyi medalı” ilə təltif olunmuşdur.

Bütün əldə olunan uğurlar onu göstərir ki, ulu öndər Heydər Əliyevin inkişaf strategiyası yaşayır, bizi böyük uğur və zəfərlərə aparır.

 

 

Fəzail Bağırov,

ADYnin MHİRKnın sədri

 

Respublika.- 2013.- 5 may.- S. 5.