Azərbaycanın
tərəqqisinə və firavanlığına həsr olunmuş həyat yolu
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Böyük tarixi missiyaları yerinə yetirmək qüdrətinə malik olan dahi şəxsiyyətlər arasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna yeri vardır. Öz xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, tarixi proseslərdə həlledici roluna görə ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə—Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Şarl de Qoll ilə müqayisə edirlər. Çünki Heydər Əliyevin adı Azərbaycan xalqının lideri və xilaskarı kimi müasir tariximizə əbədi həkk olunmuşdur. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.
Ulu öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük, elmi, intellektual, kadr, iqtisadi və enerji petensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə də Azərbaycan xalqı qazanılmış müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə edilmiş bütün nailiyyətlərə görə dahi şəxsiyyətə daim minnətdarlıq ifadə edir. Heydər Əliyev yenidən hakimiyyətə qayıdarkən öz xalqına sadəqət və sevgisini ifadə edib: “Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.
Azərbaycan xalqının minillik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunan müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamış ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Ümummilli liderimizin ən böyük xidməti isə müstəqil siyasət yürüdən güclü Azərbaycan dövlətini yaratmasıdır. Xalq Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının müəllifi kimi qəbul edir.
Həqiqətən də, Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.
Ulu öndər Azərbaycanda hamının–bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu, yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün, ilk növbədə ictimai–siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.
XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz müəllifi alternativi olmayan unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl xalqın xilaskarı olub. Buna görə də xalqın əbədi məhəbbətini qazanıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır.
Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideallarını öz yolunda mayaka çevirəcəkdir. Xalqımız Heydər Əliyev irsindən zaman–zaman bəhrələnəcəkdir.
Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, onların təsəvvüründə dərin iz qoyurdu. Təkrarsız heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti və nəzəri biliyi ulu öndəri yalnız milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında da fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir.
Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün nümunədir. Biz Azərbaycanı sevməyi ümummilli liderimizdən öyrənməliyik. Heydər Əliyev dünyaya yalnız xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu. 1994–cü ildə imzalanan “Əsrin müqaviləsi” Heydər Əliyevin uzaqgörən neft siyasətinin ilk konturları idi. Məhz bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana burada cərəyan edən proseslərə marağı artdı. Ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu.
Nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi dünya siyasəti meydanında yetərincə tanıdaraq ona qarşı iqtisadi və siyasi maraqları artırmışdır. Məhz ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız davamlı iqtisadi inkişaf yoluna çıxdı.
Azərbaycanın və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcək. Çünki müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Vətən təəsübü, torpaq qeyrəti, xalq sevgisi ümummilli liderimizin həyat yolu və amalı idi. Mənsub olduğu xalqına sədaqətlə xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. O, elə bir müdrik rəhbər, elə bir dövlət başçısı idi ki, onun diqqətindən heç bir sahə kənarda qalmırdı. Heydər Əliyev sözün həqiqi mənasında Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev müdriklik simvoluydu. Ulu öndərin ideyaları ziyası kimi xalqımızın həyat yolunu işıqlandıracaqdır. Bir sözlə Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Ölkəmizin əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanıb. Ömrünün qalan hissəsini, həqiqətən də, xalqına həsr etdi. Zəmanəmizin ən nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyəti qədirbilən xalqımız heç zaman unutmayacaqdır.
Heydər Əliyevin siyasi kursu Azərbaycanın bütün sahələrində böyük uğurlar gətirir. Bu müdrik siyasi strategiya nəticəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir, Artıq dünya da ölkəmizlə hesablaşır, irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın təşəbbüsü və iştirakı ilə, milli maraqlarımız nəzərə alınmaqla həyata keçirilir.
Biz bu gün ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın ümummilli lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq, Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər.
Ən sevindirici hal odur ki, indi ulu öndərimizin ölməz ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimizin istək və arzularını gerçəkləşdirmək üçün dövlət başçımız möhtəşəm quruculuq tədbirləri, islahatlar həyata keçirir. Ötən müddət ərzində ölkə Prezidentinin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Bu, hər birimizi fərəhləndirir, daha yaxşı çalışmağa ruhlandırır. Davamlı inkişaf həm də onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və ulu öndərimizin yolu xalqımızı yeni–yeni uğurlara, zəfərlərə aparır.
Memarı və qurcusu ümummilli liderimiz olan müstəqil dövlətimiz qarşısında hər bir vətəndaşımızın borcu Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaqdır.
Qara Qarakişiyev,
Nizami Rayon İcra Hakimiyyəti
başçısının
Keşlə qəsəbəsi üzrə
nümayəndəsi,
YAP rayon təşkilatı
idarə heyətinin
üzvü
Respublika.- 2013.- 5 may.- S. 6.