Xalqa bağışlanan ömür

 

“Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu böyük, müdrik sözlərin müəllifi, uzaqgörən görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev bütün ömrünü, həyatını, bilik və bacarığını, enerjisini sərf etməklə canından artıq sevdiyi xalqının azadlığına, respublikamızın müstəqilliyinə nail oldu. XX əsrin ən böyük tarixi şəxsiyyətlərindən biri, mahir siyasətçi Heydər Əliyev çətin, məsuliyyətli, kəşməkəşli və şərəfli bir ömür yolu keçib. Onun keçdiyi yolun hər addımı bir həyat məktəbidir desək, səhv etmərik. Əbəs yerə deməyiblər ki, hər bir insanın kimliyini, həyatda tutduğu mövqeyi onun əməlləri müəyyənləşdirir. Onlar əməlləri ilə ucalırlar. Həqiqətən, Heydər Əliyev əməlləri ilə ucaldı, ən ali zirvələri fəth etdi. Respublikamızda elə bir sahə tapılmaz ki, orada Heydər Əliyevin əməyi, zəhməti, əl izləri olmasın. “Azərbaycan—Heydər Əliyev, Heydər Əliyev—Azərbaycan birliyi əbədidir” kəlamı əbəs yerə deyilməmişdir. Bu müdrik sözlər xalqın öz liderinə verdiyi qiymətdir. Zəngin mədəniyyəti, qədim tarixi olan xalqımız zaman–zaman yadellilərin təcavüzünə məruz qalmış, haqsızlıqlarla üzləşmişdir. Bu kimi hallar ötən əsrin 70–ci illərinə kimi davam etmiş, xalqımız çox şeylərdən məhrum olmuşdur… Lakin 1969–cu ildən ulu öndər Heydər Əliyev respublikamıza rəhbər təyin edildikdən sonra milli–mənəvi dəyərlərimizə, adət–ənənələrimizə, dilimizə, dinimizə, bir sözlə nəsillərdən–nəsillərə ötürülərək bu günə gəlib çatan xarakterik xüsusiyyətlərə, təcavüzlərə son qoyuldu. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk gündən etibarən xalqımızın maraqlarının əksinə yönəlmiş siyasətə qarşı barışmaz mübarizə aparmağa başladı. O, xalqımızın maraqlarına zidd olan istənilən qərarı qətiyyətlə, heç nədən qorxub–çəkinmədən rədd edirdi. Baxmayaraq ki, SSRİ dövründə belə bir addım atmaq olduqca çətin idi. Heydər Əliyev tutduğu haqq yolundan dönmədi. Hətta o, Azərbaycan xalqının mədəniyyətini, milli–mənəvi dəyərlərini sərhədləri tikanlı məftillərlə müəyyən edilmiş SSRİ imperiyasının hüdudlarından uzaqlarda təbliğ etməyi bacardı. Hələ o dövrdə məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində dünya ölkələrinin əksəriyyəti Azərbaycanı tanıdı. Bunlarla yanaşı, respublikamızın və onun vətəndaşlarının ictimai–siyasi, sosial–iqtisadi, mədəni həyatında yeni mərhələnin əsası qoyuldu. Ötən əsrin 70–ci illərinə qədər inkişafdan geri qalan respublikamız sonrakı illərdə ümummilli liderimizin rəhbərliyi ilə bütün sahələr üzrə çiçəklənməyə başladı. Qısa zaman ərzində Azərbaycan sürətlə inkişaf edərək ittifaq respublikaları arasında ön sıralara yüksəldi. Halbuki əvvəllər Azərbaycan bütün göstəricilərinə görə sonuncu yerdə idi. Heydər Əliyevin rəhbərliyi ilə günbəgün inkişaf edən, yeni nailiyyətlər qazanan Azərbaycanda müstəqilliyin təməli qoyulurdu. Getdikcə respublikamız iqtisadi asılılıqdan xilas olurdu. Görülən işlər Azərbaycanın müstəqilliyinə hesablanmış siyasət idi. Nəhayət Azərbaycan yenidən dövlət müstəqilliyi qazandı. Bu tarixi nailiyyətin daha da möhkəmləndirilməsi yolunda 1993–cü ilə qədər hakimiyyətdə olan qüvvələrin heç bir iş görməməsi Azərbaycanın dövlət müstəqilliyini təhlükə altında qoymuşdu. Daxili sabitliyin olmaması, xarici siyasətin iflasa uğraması, azğınlaşmış ermənilərin tarixi torpaqlarımızı işğal etmək məqsədilə irimiqyaslı hərbi əməliyyatları getdikcə genişləndirməsi və s. Azərbaycan dövlətçiliyinin süquta uğraya biləcəyi təhlükəsini reallaşdırırdı. Lakin xalqın polad iradəsi, qətiyyəti, ölkədə baş verən hadisələri düzgün analiz edərək çıxış yolunu dəqiq müəyyənləşdirməsi Azərbaycanın xilas, inkişaf, tərəqqi, intibah tarixinin əsasını qoydu. Xalqın çoxsaylı xahişləri, təkidi, tələb və müraciətləri ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycanı, azərbaycanlıları, eləcə də ölkəmizin hər bir vətəndaşını real təhlükədən xilas etdi. Zəngin dövlətçilik, idarəçilik təcrübəsinə, təşkilatçılıq qabiliyyətinə, yüksək bilik və bacarığa nail olan Heydər Əliyev qısa zamanda ölkədə sabitlik yaratdı, Azərbaycanın hərtərəfli, eləcə də uzunmüddətli inkişafını təmin edən siyasi kursu müəyyən etdi. Onun rəhbərliyi ilə müstəqil dövlətimiz böyük inkişaf yolu keçdi, siyasi uzaqgörənliyi Azərbaycanın sonrakı inkişaf tarixinin əsasını qoydu.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz strateji seçimini və inkişaf yolunu—insan hüquq və azadlıqlarının ali dəyər hesab edildiyi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdi və bu məqsədə nail olunması üçün qısa müddətdə dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparıldı. Ulu öndərimizin banisi olduğu, onun bilavasitə iştirakı ilə ərsəyə gəlmiş və ümumxalq səsverməsi yolu ilə 1995–ci il noyabrın 12–də qəbul edilmiş ilk milli Konstitusiyamız, şübhəsiz ki, bütün bu islahatların yönünü müəyyənləşdirmişdir. Bu böyük tarixi, siyasi–hüquqi ali sənədin hazırlanması ulu öndərimizin gərgin əməyinin bəhrəsi kimi Azərbaycanın müstəqillik yolunda daha inamla addımlamasının, ərazi bütövlüyümüzün, təbii sərvətlərimizin, dinimiz və ana dilimizin, mədəniyyətimizin və digər dəyərlərimizin toxunulmazlığının, insan və vətəndaş azadlığının, firavanlığın təminatçısı kimi dərk edilməlidir. Prezident İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas Qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir”.

Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyev hüquqi dövlət quruculuğu istiqamətində bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə 21 fevral 1996–cı il tarixdə Hüquq İslahat Komissiyası yaradıldı, komissiyanın hazırladığı “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış tədbirləri haqqında”, “Notariat haqqında” və s. qanunların qəbulu məhkəmə–hüquq islahatlarının məntiqi yekunu oldu. Milli Məclis 1997–2002–ci illər ərzində Azərbaycan Respublikasının ilk milli Konstitusiyasından qaynaqlanan milli məcəllələr—Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət–Prossesual Məcəlləsi və s. qəbul etdi. Ötən əsrin 90–cı illərinin sonlarına doğru ulu öndər Heydər Əliyevin ən inamlı və prinsipial addımlarından biri də ölkədə söz, fikir və mətbuat azadlığının tam təmin edilməsidir. Ümummilli liderin 1998–ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu, bu sahənin inkişafını stimullaşdıran zəruri tədbirlər həyata keçirildi.

Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda ilk demokratik parlament yaradılmış, ədalətli, şəffaf seçki ənənəsi qoyulmuşdur. Həyata keçirilən siyasi və demokratik islahatlar ölkəmizin Avropa Şurası və Qərbin digər siyasi və iqtisadi strukturları ilə fəal əməkdaşlığına şərait yaratmışdır. Təbii ki, bütün bunlar Azərbaycanın Qərbə geniş inteqrasiyasını sürətləndirmiş və Avropa Şurası kimi nüfuzlu və mötəbər beynəlxalq təşkilatın qapılarını üzərimizə açmışdır. 2001–ci il yanvarın 17–də Azərbaycanın AŞ–a tamhüquqlu üzv kimi qəbul edilməsi barədə qərar çıxarılmış, yanvarın 25–də isə bu qurumun Parlament Assambleyasında təsdiqlənmişdir. Bu tarixi hadisə Azərbaycanın müstəqil, demokratik, dünyəvi dövlət kimi tanınmasında, həmçinin Avropa ailəsinin önəmli üzvü kimi inkişafında yeni mərhələnin təməlini qoymuşdur. Dünya səviyyəli bu dahi şəxsiyyətin, siyasət korifeyinin göstərdiyi misilsiz tarixi xidmətlər təkcə ölkəmizdə və regionumuzda deyil, bəşəri səviyyədə çox yüksək dəyərləndirilir. Etiraf edilir ki, Heydər Əliyev dünya siyasətinə təsir etməyə qadir və dünyanın ən aktual çağırışlarına cavab verən, tarixi perspektivləri qabaqcadan görən ən mürəkkəb situasiyalarda yeganə düzgün qərarlar qəbul etməyi bacaran nadir şəxsiyyət olub, Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, “Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir”.

Hazırda ulu öndərimizin müdrik siyasi kursu onun ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Burada son illər hüquqi islahatların daha geniş miqyas aldığını, beynəlxalq standartlara tam uzlaşdığını, inteqrasiya prosesinin daha da sürətləndiyini xüsusi qeyd etmək vacibdir. Cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə imzaladığı çoxsaylı fərman və sərəncamların, verdiyi tapşırıqların icrası üzrə görülmüş tədbirlərin sayəsində Azərbaycan müstəqil məhkəmə sistemi öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoymuşdur.

Prezident İlham Əliyevin 19 yanvar 2006–cı tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanı ilə ölkənin məhkəmə hakimiyyəti üçün keyfiyyətcə yeni islahat dövrü başlamışdır. Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə imzaladığı mühüm sənədlərdən biri də 2009–cu il 6 fevral tarixli “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013–cü illər üçün Dövlət Proqramı”dır. Dövlət Proqramı ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ–hüquqi və maddi–texniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində böyük rol oynayıb. Hazırda “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyalar tətbiq olunur, məhkəmələrin maddi–texniki bazası yaxşılaşdırılır. Ümumilikdə Dövlət Proqramı məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsinə və təkmilləşdirilməsinə yeni imkanlar açıb.

Qeyd etmək lazımdır ki, məhkəmə hakimiyyətində aparılan islahatlar hərtərəfli və sözün əsl mənasında genişmiqyaslıdır. Dövlət başçısının 17 avqust 2006–cı il tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı məhkəmə sisteminin müasirləşdirilməsi mərhələsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakim korpusunun genişləndirilməsi, məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi və yeni məhkəmələrin fəaliyyətinin təmin edilməsi sahəsində mühüm əhəmiyyət kəsb etmişdir. Fərmandan irəli gələn məsələlərin həlli çərçivəsində hakimlərin sayı 153 ştat artırılmış, bu da hakimlərin iş yükünün azalmasına, işlərin daha keyfiyyətli və qısa müddət də baxılmasına gətirib çıxarmışdır. Eyni zamanda son illər ölkənin regionlarında apelyasiya, ağır cinayətlər, inzibati–iqtisad məhkəmələri fəaliyyətə başlamış, nəticədə əyalətdə yaşayan vətəndaşlarımızın məhkəmələrə müraciət imkanı yaxşılaşmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni binasının açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyev demişdir ki, “Son illər ərzində Azərbaycanda məhkəmə–hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Biz bunu görürük, bilirik və yerlərdən bu məsələ ilə əlaqədar gələn şikayətlərin sayı azalır, məhkəmə qərarları ədalətli çıxarılır… Həyatımızın bütün sahələrində ədalət olmalıdır və bu, hər bir cəmiyyətin inkişafı üçün çox vacibdir”.

Heydər Əliyevin “Mən İlham Əliyevə özüm qədər inanıram və onun gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsi ölkəmizin, xalqımızın xoşbəxt gələcəyi naminə atılan növbəti uğurlu addım idi. 2003–cü ildən indiyədək Azərbaycanda gözləniləndən dəfələrlə artıq uğurlar qazanılması İlham Əliyevə bəslənilən ümidlərin əbəs olmadığının bariz nümunəsidir. Heydər Əliyev kimi nadir tarixi şəxsiyyətin yolunu, siyasətini uğurla davam və inkişaf etdirən, onun fəlsəfəsini, dövlətçilik ənənələrini yaşadan, dövlət idarəçiliyində bundan geniş istifadə edən, ulu öndərin ideyalarını reallığa çevirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan saysız–hesabsız nailiyyətlər qazanmış, regionun ən güclü ölkəsinə, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. 2005–ci ildən indiyədək Azərbaycanın iqtisadi inkişaf sürətinə görə dünyada liderlik etməsi görülən işlərin bariz nümunəsi, çəkilən zəhmətlərin bəhrəsi, həyata keçirilən düzgün daxili və xarici siyasətin nəticəsidir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi düzgün siyasət bütün dövlət orqanlarını, idarə, müəssisə və təşkilatları, ictimai qurumları Azərbaycanın inkişafı, milli maraqlarının qorunması naminə daha böyük işlər görməyə sövq edir. Demokratik dəyərləri, humanizm prinsiplərini rəhbər tutaraq inkişaf edən Azərbaycan İlham Əliyevin tarixi xidmətləri sayəsində gələcəkdə də sürətlə inkişaf edəcək.

Bu gün müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ümumxalq bayramı kimi qeyd olunur. Hər bir Azərbaycan vətəndaşı kimi, Yevlax rayon əhalisi də bu möhtəşəm bayramı dahi rəhbər Heydər Əliyevin adına layiq keçirir.

 

 

Qələmdar ABBASOV,

Yevlax Rayon Məhkəməsinin sədri

 

Respublika.- 2013.- 5 may.- S. 6.