ÜMUMMİLLİ LİDERİN TARİXİ HÜNƏRİ

 

Xalqımız ulu öndər Heydər Əliyevin 90 illik yubileyini yüksək səviyyədə, böyük qürur hissi ilə qeyd edir. Müstəqil Azərbaycan dövlətinin qurucusu və xilaskarı Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın siyasi tarixinə qurtuluş hərəkatı kimi daxil oldu.

Xatırladaq ki, 1990–cı ilin qanlı yanvar hadisələri xalqımızı sarsıtdığı bir zamanda böyük siyasi xadim—Heydər Əliyev xalqımızın yanında oldu. Hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edən Heydər Əliyev Sovet rəhbərliyini xəyanətdə və cinayətdə ittiham edərək günahkarların cəzalandırılmasını tələb etdi. Heydər Əliyevin nümayəndəlikdəki tarixi çıxışı onun ictimai–siyasi fəaliyyətinin yeni mərhələsinin başlanmasından xəbər verirdi.

1990–cı ilin yayında Moskvadan Bakıya dönən Heydər Əliyev buradan da Naxçıvana yola düşdü. Naxçıvanda rəğbətlə, ruh yüksəkliyi ilə qarşılanan Heydər Əliyev on minlərlə insanın iştirak etdiyi mitinqdə çıxış edərək Azərbaycanın azadlığı, suverenliyi uğrunda mübarizəyə qoşuldu, imperiyapərəst qüvvələrə, ermənilərin ərazi iddialarına qarşı prinsipial mövqeyini nümayiş etdirdi.

Heydər Əliyevin ictimai–siyasi fəaliyyətinin Naxçıvan dövrü, Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizənin tərkib hissəsini təşkil edir. O, bu mübarizənin önündə gedirdi. Heydər Əliyev hakimiyyət uğrunda və ya hakimiyyətə gəlmək üçün mübarizə aparmırdı. Onun amalı, mübarizəsi Azərbaycanı imperiyanın caynağından qurtarmaq idi.

1991–ci ilin sentyabr ayında Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə namizədliyi irəli sürülmüşdü. Lakin Heydər Əliyev öz namizədliyini geri götürmüşdü. Yalnız məclis üzvlərinin təkidi ilə Heydər Əliyev məclisin sədri seçilmişdir. Naxçıvan dövrünün ən mühüm, yaddaqalan siyasi hadisələrindən biri 1992–ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi və Heydər Əliyevin partiyanın sədri seçilməsi oldu.

1993–cü ildən Azərbaycanda baş verən mürəkkəb və ziddiyyətli proseslərə son qoymaq, maneələri aradan qaldırmaq üçün, təcrübəli siyasi və dövlət xadiminə, hakimiyyəti idarə etmək bacarığına malik bir liderə zəruri ehtiyac yaranmışdı. Heydər Əliyev Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda hakimiyyətə gəlmişdi. Bu o zaman idi ki, Azərbaycanın müstəqilliyi, dövlətçiliyi təhlükə altına düşmüşdü.

Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən bütün diqqətini ölkədə sabitliyin qorunub saxlanmasına yönəltdi. Heydər Əliyev doğru seçim etmişdi. Xalqını düşdüyü xaosdan, ağır vəziyyətən xilas etməli idi. Ümummilli liderimiz xalqın ümidlərini doğrultdu. O, Azərbaycan xalqı qarşısında üzərinə düşən xilaskarlıq missiyasını layiqincə yerinə yetirdi. Heydər Əliyev dövlətimizin daxili və xarici siyasət xəttinin yeni modelini işləyib hazırladı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna rolu olmuşdur. Azərbaycançılıq ideyalarının daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, sarsılmaz əqidəsi və uzaqgörənliyi nəticəsində xalqımız milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə, müasir demokratik Azərbaycan dövlətinin qurulmasına nail olmuşdur. Bu gün biz fəxrlə deyə bilərik ki, Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Respublikası özünün bütün potensialından istifadə edərək Şərqlə Qərb arasında möhkəm dayanıqlı, etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrdən birinə çevrilmişdir.

Heydər Əliyevin bənzərsiz ömür yolu ictimai–siyasi fəaliyyəti, müasir tarixi dövrdə mühüm mərhələ təşkil edir. O, Azərbaycanın müasir və inkişaf edən ölkə olması üçün misilsiz geniş layihələr həyata keçirən, ölkəmizin dünya birliyində xüsusi yer tutmasına nail olan, siyasətdə əsl liderliyini əməli işləri ilə sübuta yetirən böyük şəxsiyyət idi. Ulu öndərin dövlətçilik fəaliyyəti, onun çoxşaxəli quruculuq işinin nəticəsini bu gün xalqımız görməkdədir.

Heydər Əliyevin müstəsna şəxsi keyfiyyəti onun rəhbərlik etdiyi dövrün bütün mərhələlərində özünü bariz şəkildə göstərib. Ulu öndərin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında onun yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və tükənməz enerjisi istər XX əsrin 70–80–ci illərində, istərsə də 1993–cü ildən sonrakı dövrü xarakterizə edən başlıca amillərdir.

Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi, dövlət quruculuğunun əsasını təşkil edən çoxşaxəli və ardıcıl layihələrin təntənəsi kimi qavranılır. Ağır zəhmət hesabına yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda geriləmə və tənəzzülün cilovlanması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması Azərbaycanın gələcək sürətli inkişafının təmin edilməsi demək idi. Bu istiqamətdə Heydər Əliyevin həyata keçirdiyi yeni neft strategiyasının müstəsna rol oynadığını qeyd etmək xüsusi ilə vacibdir. Bizim üçün böyük məktəb olan ulu öndərin keçdiyi həyat yoluna nəzər salarkən bir daha yəqin edilir ki, onun vətən sevgisi, xalqına, millətinə bağlılığı, ölkəmizdə iqtisadiyyatın, elmin, maarifin və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi misilsiz işlər həqiqətən dərindən öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır. Heydər Əliyevin zəngin irsinə söykənən inkişaf strategiyasının təhlili onun üç fundamental başlanğıca istinad etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin–amanlıq şəraitində yaşaması onu deməyə əsas verir ki, Heydər Əliyev dühası, onun dövlət quruculuğu güclü dayaqlar üzərində dayanır. Azərbaycanın müasir inkişaf strategiyasının ideya əsasını təşkil edən digər fundamental tezisin insan azadlığı sferasına aid olması ilə diqqəti çəkir. Azərbaycanın müasir tarixi inkişafının ən etibarlı təminatları sistemində Heydər Əliyevin zəngin irsi mühüm rol oynayır. XX əsrin 90–cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrilmişdir. Ulu öndərin dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu. Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran Heydər Əliyev xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı. Zəmanəmizin ən görkəmli siyasi xadimi siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın ümummilli liderinə çevrildi.

Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf yollarını müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi nəzəri və praktiki əsasda göstərdi.

Demokratik inkişaf yolunu seçmiş, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri, xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, qeyri–neft sektorunun, sənayenin inkişafının və sosial infrastrukturunun yeniləşdirilməsi prioritet seçildi. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri–neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanırdı.

Bu dövr ərzində Heydər Əliyev ölkəmizi ardıcıl inkişaf yoluna çıxardı. İqtisadiyyatın inkişafı üçün münbit şərait yaradıldı, ölkəyə xarici sərmayələr cəlb edildi. Ölkəmiz dünya birliyində layiqli yerini tutdu. Nəticə etibarilə Azərbaycanda hüquqi–demokratik və dünyəvi dövlət quruldu, azad vətəndaş cəmiyyəti bərqərar edildi.

Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətində bəşəri meyarlarla yanaşı, milli dəyərlərə bağlılıq həmişə öncül yerlərdən birini tutmuşdur. Mədəniyyət hər bir xalqın milli mövcudluğunun əsas atributlarından biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də böyük işlər görülmüşdür. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində və dünya miqyasında şöhrət qazanmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olmuşdur.

Ulu öndər Azərbaycan mədəniyyətinin və incəsənətinin himayədarı idi. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında yüksəliş dövrünü yaşadı. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kino və teatr xadimlərinin əməyinə yüksək qiymət verirdi. Ulu öndər demişdir: “Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”. Mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, onun zənginləşdirilməsinə həsr edən Heydər Əliyev bütün sahələrdə qazandığımız nailiyyətlərin ilhamçısı və təşkilatçısı olmuşdur.

Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına xidmət göstərib. Heydər Əliyevin atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşıb, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi–normativ sənədlərdə öz əksini tapıb.

Dünya azərbaycanlılarının fəxri, milli və mənəvi lideri Heydər Əliyevin öz həmvətənlərinə müqəddəs əmanət qoyduğu müstəqil Azərbaycan onun ölməz ideyalarının işığında Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımlayır.

 

 

Adil Baxşəliyev,

Sumqayıt Dövlət Universitetinin

tarix fakültəsinin dekanı,

tarix elmləri doktoru, professor

 

Respublika.- 2013.- 5 may.- S. 7.