HÜQUQİ
DÖVLƏT QURUCULUĞU ULU ÖNDƏRİN FƏALİYYƏTİNDƏN
QAYNAQLANIR
Müasir dünyanın vətəndaş idrakında “dövlət–millət” və “milli lider” anlayışları bir–birinin təbii davamı olaraq qarşılıqlı vəhdət yaradan təsəvvürlərə çevrilib. Azərbaycan üçün XX əsrin sonlarında—XXI əsrin əvvəllərində iki fundamental məfhum “millət” və “şəxsiyyət” vahid bir anlamda “millətin lideri”, yaxud “ümummilli lider” anlayışında birləşib. Şübhəsiz, heç də hər bir dövlət başçısı öz xalqının və dövlətinin tarixində bu zirvədə qala bilməz. XX əsrin sonuncu onilliyində Tanrı Azərbaycan xalqını ciddi sınağa çəksə də, fenomenal şəxsiyyət, bənzərsiz lider, öz xalqının, millətinin taleyini hər şeydən üstün tutan insanı—Heydər Əliyevi bəxş etmişdir.
M ayın 4–də Azərbaycanın ümumi və ixtisaslaşdırılmış məhkəmələri hakimləri Assosiasiyasının ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş birgə yığıncağı keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycan ümumi məhkəmə hakimləri Assosiasiyasının sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov müasir dövlətçiliyimizin yaranması, təşəkkülü və inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti barədə danışmış, müstəqil Azərbaycanda hüquqi dövlətin möhkəm təməlini qoymuş ümummilli lider Heydər Əliyevin müasir üçpilləli məhkəmə sisteminin formalaşdırılmasında əvəzsiz xidmətlərini xüsusi vurğulamışdır. O bildirmişdir ki, hazırda bütün Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyini qeyd edir. Heydər Əliyev haqqında saatlarla, günlərlə danışa bilərik, ümummilli liderimizin nəhəng fəaliyyəti ilə əlaqədar söz tükənməz. Tarix şəxsiyyəti yaradırsa, şəxsiyyət də tarixi dəyişməyə qadirdir. Heydər Əliyev də Azərbaycanın tarixini yaradaraq dövlətçiliyimizi xilas etdi, bütün bəlalardan qorudu. Belə fenomenal şəxsiyyətin keçmişinə nəzər salsaq, onun təhsil aldığı dövrə diqqət yetirsək, görəcəyik ki, Heydər Əliyev artıq uşaqlıq illərindən başqalarından seçilirdi, məktəbdə öz yaşıdlarından hazırcavablığı, elmə olan marağı, kitablardan ayrılmaması ilə fərqlənirdi. Ümummilli liderimizin doğma xalqına bağlılığı təhlükəsizlik orqanlarında işləyəndən özünü büruzə verirdi. Repressiya dövründə Dövlət Təhlükəsizlik Komitəsi işçilərinin 90 faizi başqa millətlərin nümayəndələri idi. Azərbaycan xalqının görkəmli nümayəndələrinə qarşı bir çox hallarda əsassız açılmış istintaq işlərini aparan erməni və digər mənşəli insanlar onların taleyi ilə oynamış olurdular, məhz o vaxtdan Heydər Əliyev azərbaycanlı kadrların irəli çəkilməsinin zəruriliyini görərək bunu reallaşdırmaq istəyirdi.
Dahi şəxsiyyətin həyatı öz
doğma xalqının xoş və firavan yaşamasına həsr
edilmişdir. İstər SSRİ dönəmində, istərsə
də 1993–cü ildən sonrakı dövrdə ulu öndər
bütün sahələrdə müdrik və uzaqgörən
qərarlar qəbul edirdi. Heydər Əliyev dərin, fenomenal biliyə və zəkaya
malik olan insan idi. Ulu öndər daim Azərbaycanın
inkişafına və tərəqqisinə
çalışırdı. Təsadüfi deyil ki, Bakıda
və respublikamızın regionlarında bütün
böyük tikililər, sənaye müəssisələri məhz
Heydər Əliyevin sayəsində ərsəyə gəlmişdir.
Qeyd etməliyəm ki, təkcə SSRİ dövründə
Azərbaycanda 200–dən çox iri müəssisə inşa
edilərək fəaliyyət göstərirdi. Yüksək
şəxsi keyfiyyətləri və fenomenal iş
bacarığına malik Heydər Əliyevin Sovetlər
ölkəsinin ali rəhbər vəzifələrinin birinə
təyin edilməsi və Moskvada SSRİ–nin bir çox əhəmiyyətli
sahələrinə uğurla rəhbərlik etməsi
heç bir əməli işə qadir olmayan bir
çoxlarında qısqanclıq hissi yaradırdı. Ulu
öndərin Moskvada böyük nüfuza malik olması, hər
zaman Vətənini, doğma torpağını
düşünməsi həmin qüvvələrin Azərbaycana
qarşı öz məkrli planlarını həyata
keçirmək istəyini reallaşdırmağa imkan
vermirdi. Təsadüfi deyil ki, Heydər Əliyev məhz vəzifədən
uzaqlaşdırılandan sonra Qarabağ məsələsi
ortaya atıldı, Azərbaycana hücumlar başlandı.
Yaranmış bütün təhlükələrdən
qurtulmaq üçün xalq Heydər Əliyevə üz
tutdu. 1993–cü ildə ulu öndər xalqın təkidi ilə
ikinci dəfə siyasi hakimiyətə qayıtdı və
bundan sonra bütün sahələrdə olduğu kimi, məhkəmə–hüquq
sistemində də böyük tarixi islahatların
keçirilməsinə başlanıldı. 1995–ci ildə
birbaşa ümummilli liderin rəhbərliyi altında ilk milli
Konstitusiyamızın qəbulu ölkə quruculuğunda
böyük addım olmuşdur. Bu gün biz bütün sahələrdə
Heydər Əliyevin əsasını qoyduğu inkişaf
strategiyasının ölkə başçısı cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin,
ölkəmizin bütün sahələrini əhatə edən
güclü inkişaf və tərəqqinin şahidiyik.
Çıxışının sonunda Ə.Cəfərov qeyd
etdi ki, Heydər Əliyevin inkişaf strategiyasının
alternativi yoxdur və Azərbaycanın əldə etdiyi
böyük nailiyyətlər bir daha onu göstərir ki, biz
hamımız Prezident cənab İlham Əliyev ətrafında
sıx birləşməliyik.
Azərbaycanın
ixtisaslaşmış məhkəmələri hakimləri
Assosiasiyasının sədri, Sumqayıt Apelyasiya Məhkəməsinin
sədri Səadət Bektaşi bildirdi ki, hər bir xalqın ədəbiyyat
nümunələrində arzuedilən liderlərin
obrazları adətən bir–birinə bənzəyir. Milli
inkişaf yolunun banisinə çevrilən belə xarizmatik
liderlər böyük müdrikliklə öz
xalqlarının xoşbəxt gələcəyinin
bünövrəsini yaradırlar. Bu gün bütün
böyük ölkələr məhz belə liderlərin
müəyyən etdikləri yol ilə gedir. Həmin tarixi
şəxsiyyətlərdən fransızlar üçün
Şarl de Qoll, ingilislər üçün Uinston
Çörçill, türklər üçün Mustafa
Kamal Atatürk hesab edilirsə, Azərbaycan xalqı
üçün əbədi ümummilli lider zirvəsinə
ucalmış dahi şəxsiyyət Heydər Əliyevdir. Ulu
öndərin azərbaycançılıq məfkurəsinin
formalaşmasına da xüsusi yeri vardır. Onun sayəsində
müasir Azərbaycan dövləti qurulub və ölkəmiz
geostrateji potensialdan istifadə edərək Şərqin və
Qərbin körpüsünə çevrilib. S.Bektaşi
çıxışında milli dövlətçiliyimiz
tarixində müstəsna xidmətləri ilə əvəzolunmaz
lider və xalqın xilaskarı kimi daim yaşayan Heydər Əliyevin
müasir Azərbaycanın mükəmməl hüquq
sisteminin, müstəqil məhkəmə hakimiyyətinin
formalaşmasına və möhkəmlənməsinə
verdiyi töhfələrin əhəmiyyətini qeyd etdi,
ümummilli liderimizin siyasətinin layiqli davamçısı
cənab İlham Əliyevin dövlət
başçısı kimi, ilk növbədə milli maraqlara
söykənən fəaliyyətinin, onun rəhbərliyi ilə
aparılan mütərəqqi ruhlu hüquqi–siyasi
islahatların, insan hüquq və azadlıqlarının təminatına
yönəlmiş kompleks tədbirlərin, beynəlxalq
ictimaiyyətin diqqət mərkəzində olduğunu
bildirdi.
Bakı
Dövlət Universitetinin professoru Sərvər Məmmədov
əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş, müstəqil Azərbaycan Respublikasında həyata
keçirilən mütərəqqi məhkəmə–hüquq
islahatlarından danışaraq, bu islahatların mahiyyətinin
ulu öndərimizin ədalət və qanunçuluq prinsiplərinə
əsaslanan, insan hüquqlarının etibarlı müdafiəsinə
xüsusi önəm verən hümanist siyasətindən irəli
gəldiyini vurğulamışdır.
Bakı
Ağır Cinayətlər Məhkəməsinin hakimi,
hüquq elmləri doktoru, professor Ənvər Seyidov öz
çıxışında ulu öndər Heydər Əliyevin
bənzərsiz şəxsiyyət olduğunu xüsusilə
vurğulamışdır. 1969–cu ildə yenicə iş fəaliyyətinə
başlamış Ə.Seyidov gənc yaşlarında mərkəzi
poçtamptda işləyirdi. Onun Heydər Əliyevlə ilk
görüşü də məhz o vaxtlara təsadüf
edirdi. Ənvər Seyidov öz xatirələrində bildirdi
ki, o zaman mən çox gənc olsam da, partiya üzvü
olduğum üçün məxfi sənədlər mənim
seyfimdə saxlanılırdı. Həmin sənədlərin
içində şəxsən Heydər Əliyevin adına
yazılmış sənəd də var idi. Dövlət əhəmiyyətli
məxfi sənədin təqdimetmə proseduruna dəqiqliklə
riayət etməyim ulu öndərin diqqətindən yayınmadı.
Heydər Əliyevin fenomenal yaddaşa malik olması bir
çox insanları heyran edirdi. Doqquz il keçəndən
sonra, 1978–ci ildə artıq hakim kimi ulu öndərin qəbulunda
oldum. Məni görən kimi soruşdu: “Sən poçtamptda
işləmiş həmin oğlansan?” Mən çox təəccübləndim.
Həqiqətən də, ulu öndər böyük və bənzərsiz
şəxsiyyət idi.
Azərbaycanın
ən ağır illərində, 1990–cı illərin əvvəllərində
biz Heydər Əliyevin yanına, Naxçıvana üz
tutduq. Bizimlə görüşəndə ulu öndər
hamımızı olduqca hərarətlə, səmimi
qarşıladı. Onun iş kabinetində olan iki ədəd
kerosin lampası mənim diqqətimi çəkdi. Heydər Əliyev
bunu hiss edib dedi ki, görürsən, Ənvər Seyidov,
Naxçıvan necə çətinliklə yaşayır,
vuruşur. Ancaq bizi heç bir şey qorxutmur, biz
xalqımız üçün hər şey edəcəyik.
Heydər Əliyev hər zaman insanları
düşünürdü, ən çətin məqamlarda
da onların yanında idi. Xalqımızın bəxti onda gətirdi
ki, Heydər Əliyev tarixi xilaskarlıq missiyasını
üzərinə götürdü və onu böyük
şərəflə və uğurla yerinə yetirdi.
Tədbirdə
çıxış edən natiqlər xüsusilə
vurğuladılar ki, Heydər Əliyev Azərbaycanın
müstəqil dövlət olacağını öncədən
bilirdi. Təsadüfi deyil ki, SSRİ ideologiyasının
tüğyan etdiyi dövrdə, 1978–ci ildə qəbul
edilmiş sovet Azərbaycanının Konstitusiyasında Heydər
Əliyevin sayəsində Azərbaycan dili dövlət dili
statusu almışdır. Sirr deyil ki, hər bir xalqın
müstəqilliyini və dövlətçiliyini şərtləndirən
əsas amillərdən biri də onun doğma ana dilinin
dövlət dili kimi tanınması və qəbul edilməsidir.
SSRİ kimi imperiyanın tərkibində bunu
reallaşdırmağa yalnız Heydər Əliyev kimi şəxsiyyət
nail ola bilərdi.
Çıxış
edən hakimlər ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu məhkəmə–hüquq islahatlarının Azərbaycan
Prezidenti cənab İlham Əliyev tərəfindən inamla
davam etdirildiyini, dövlətin iqtisadi imkanlarının daha da
genişləndiyini, son illərdə məhkəmə
orqanlarında zamanın tələbi ilə səsləşən
islahatların daha geniş vüsət aldığını
qeyd edərək, hər bir vətəndaşın mənafeyini
yüksək tutmaqla ədalət mühakiməsinin səmərəliliyinin
yüksəldilməsi məqsədilə ən mütərəqqi
üsullarla və obyektiv şəraitdə hakim korpusunun
formalaşdırılması, məhkəmə
orqanlarının fəaliyyətində şəffaflığın
təmini, yeni məhkəmələrin yaradılması və
fəaliyyətinin təşkili, hakimlərin sayının
artırılması, onların iş şəraitinin
yaxşılaşdırılması, ən müasir tələblərə
cavab verən yeni məhkəmə binalarının
inşasını, ümumən, məhkəmələrin hərtərəfli
müasirləşməsini ulu öndərimizin işləyib
hazırladığı siyasətə sadiqliyinin bariz
nümunəsi, onun əziz xatirəsinə dərin və
sonsuz ehtiramın real təzahürü kimi qiymətləndirmişlər.
Sonda ulu
öndər Heydər Əliyev haqqında xatirə filmi
nümayiş etdirildi.
Emin QASIMOV
Respublika.- 2013.- 5 may.- S. 8.