“Aqrolizinq” ASC–də tədbir

 

Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, min bir maneələrdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuşdur.

Müasir Azərbaycanın şanlı tarixinin önəmli və əbədi xatırlanacaq əlamətdar bir mərhələsi məhz ümummilli liderimiz Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə yaddaşlara həkk olunmuşdur. Azərbaycan məhz bu dahi şəxsiyyətin rəhbərliyi altında XXI yüzilliyə güclü, qüdrətli, dünya miqyasında öz sözünü deyə bilən bir ölkə olaraq qədəm qoymuşdur.

Bu sözlər “Aqrolizinq” ASC–də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş konfransda səslənmişdir. Tədbiri giriş sözü ilə respublika kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev açmışdır.

“Aqrolizinq” ASC idarə heyətinin sədri Əli Bayramov ümummilli liderin həyat və fəaliyyəti, müasir Azərbaycan üçün gördüyü misilsiz xidmətləri barədə məruzə etmişdir. O, demişdir ki, bugünkü nailiyyətləri qeyd edərkən Heydər Əliyevin birinci dəfə Azərbaycan KP MK–nin 1–ci katibi vəzifəsində işlədiyi illərin göstəricilərini bir daha yada salmamaq olmaz.

1966–1969–cu illərdə Azərbaycan kənd təsərrüfatının bütün əsas göstəriciləri üzrə, yəni bitkilərin, mal–qaranın məhsuldarlığı, texnikadan və suvarılan torpaqlardan istifadə edilməsi, əmək məhsuldarlığı və rentabellilik üzrə müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. Bu illərdə hər hektardan orta hesabla 10,7 sentner taxıl, 15,7 sentner pambıq, 119 sentner tərəvəz, 39,4 sentner üzüm, 13,8 sentner meyvə, 15,4 sentner tütün istehsal olunmuş, hər 100 inəkdən 48 buzov, hər 100 qoyundan 43 quzu alınmışdı. Ölkənin belə bir ağır vəziyyətində hakimiyyətə gəlmiş ulu öndərin rəhbərliyi altında çoxdan bəri SSRİ rəhbərliyinin diqqətindən kənarda qalmış Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək haqqında geniş tədbirlər planı hazırlandı. 1970–ci ilin iyulunda Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR–in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında”, 1975–ci ilin iyulunda “Azərbaycan SSR–də kənd təsərrüfatının istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” və 1979–cu ilin fevralında “Azərbaycan SSR–də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” üç qərarı qəbul olundu.

Bu illərdə Heydər Əliyev idarəçilik üsulunun bütün sahələr üzrə tətbiqinin qəbul edilmiş qərarların, o cümlədən adları yuxarıda çəkilmiş Sov. İKP MK və SSRİ Nazirlər Soveti qərarlarının ardıcıllıqla həyata keçirilməsi nəticəsində 1981–1985–ci illərdə kənd təsərrüfatının ümumi məhsulu 1966–1970–ci illərin orta göstəricilərinə nisbətən 2,5 dəfə artdı. Taxılçılıqda istehsal 1,7 dəfə artaraq 1240 min ton, tərəvəzçilikdə 2,4 dəfə artaraq 891 min ton, pambıqçılıqda 2,2 dəfə artaraq 707 min ton, tütünçülükdə 2,7 dəfə artaraq 57 min ton, çayçılıqda 3,2 dəfə artaraq 29 min ton, tərəvəzçilikdə 3,8 dəfə artaraq 318 min ton, üzümçülükdə 7,9 dəfə artaraq 2126 min ton təşkil etdi.

Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində kənd təsərrüfatı istehsalının zəifləməsi və idxalın kəskin azalması nəticəsində əhalinin ərzaq məhsulları ilə təminatında xeyli dərəcədə çətinliklər yarandığı bir dövrdə ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı ilə əhalinin ərzaq səbətinin əsasını təşkil edən kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılmasına yönəldilmiş tədbirlər həyata keçirildi.

Qısa tarixi dövr ərzində aqrar islahatların həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı bazar iqtisadiyyatının tələbləri əsasında dinamik inkişafa başlamışdır. İqtisadi potensialın formalaşmasında həlledici rol oynayan sahibkarlığın təməli qoyulmuş, əhalinin gəlirləri xeyli yüksəlmiş, makroiqtisadi sabitliyə nail olunmuş, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında cəsarətli addımlar atılmışdır.

Respublikada qəbul edilmiş Dövlət proqramlarının həyata keçirilməsində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin də xüsusi rolu olmuşdur. 2005–2012–ci illər ərzində 14600 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikaları, o cümlədən 4420 ədəd traktor, 1055 ədəd taxılyığan kombayn və digər kənd təsərrüfatı texnikaları, 130 dəst texnoloji avadanlıqlar, o cümlədən 54,8 min ton tutumu olan 39 ədəd soyuducu kamera, 380,0 min ton mineral gübrə və pestisid, 6290 baş damazlıq düyələr gətirilmiş, istifadəedicilərə lizinq qaydasında verilmiş və ya satılmışdır.

Bu gün qürur hissi ilə demək olar ki, Azərbaycanın ən yeni tarixinin banisi ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu böyük və xeyirxah əməllər ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilməsinin və aqrar sahəyə diqqət və hərtərəfli qayğının göstərilməsinin nəticəsi olaraq kənd təsərrüfatı məhsulları istehsalı və onun keyfiyyəti, ixrac qabiliyyəti durmadan artır və inkişaf edir.

Tədbirdə “Aqrolizinq” ASC–nin şöbə müdiri, vaxtilə Heydər Əliyevin rəhbərliyi altında çalışmış, respublikanın əməkdar mühəndisi Tofiq Ələkbərov, ASC–də məsləhətçi vəzifəsində çalışan Pirvəli Həsənov, hüquq şöbəsinin rəisi Aynurə Quliyeva, gənclər adından Elnur İbiyev və başqaları çıxış etmişlər.

 

 

Nəriman Cavadov

 

Respublika.- 2013.- 5 may.- S. 8.