ƏBƏDİYAŞAR
ÜMUMMİLLİ LİDER
Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi şəxsiyyətlərdəndir. Müasir Azərbaycan dövlətinin bütöv bir qərinəsini, 34 illik bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində ictimai–siyasi, sosial–iqtisadi, elm, təhsil və səhiyyənin, eləcə də mədəni həyatımızın bütün sahə və istiqamətlər üzrə dirçəlişi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanın bütün məsuliyyətini üzərinə götürmüş, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır.
Ulu öndərimiz böyük işlər görmək, xalqını irəliyə aparmaq üçün yaranmışdı. Bu keyfiyyətlər onda fitrətən vardı. Onun liderlik bacarığı, potensialı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü bariz şəkildə göstərmişdi. Ulu öndərimiz Azərbaycana rəhbərliyinin hər iki mərhələsində qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Heydər Əliyev dühasının böyüklüyü həm də onun daim xalq qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə, vicdanla çalışması olmuşdur. Siyasətə ideyaların realizə vasitəsi kimi yanaşan böyük strateq bütün məsələlərdə daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə, həvəslə çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü səfərbər etmişdir. Məhz bu keyfiyyətləri sayəsində Heydər Əliyev millətə, xalqa rəhbərlik edərək ümummilli lider zirvəsinə qədər ucalmışdır. Şəxsiyyət və lider kimi miqyasının böyüklüyü ona hələ sağlığında ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdir. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütun gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki həqiqəti dəfələrlə təsdiqləyib. Azərbaycan dövlətçiliyi çevriliş cəhdi ilə silkələnəndə Heydər Əliyev xalqa müraciət etdi, onu Azərbaycanın müstəqilliyinin müdafiəsinə çağırdı. Həmin müraciətdən dərhal sonra on minlərlə insan gecə saatlarına baxmayaraq, Prezident Sarayının qarşısına toplaşdı, ulu öndərə dəstəyini nümayiş etdirdi.
Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan ideyanın – azərbaycançılıq məfkurəsinin banisi oldu. Çünki o, vətənpərvər lider olmaqla bərabər, eyni zamanda böyük azərbaycanlı idi. Heydər Əliyev Azərbaycanın türk dünyasında özünə layiq yerini tutması, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərib. Onun tarixi səyləri nəticəsində dahi Məhəmməd Füzulinin 500 illik yubileyi, böyük türk dastanı “Kitabi–Dədə Qorqud”un 1300 illik yaşı YUNESKO səviyyəsində, bütün dünyada qeyd olunub. Bütün bunlarla yanaşı, Heydər Əliyevin azərbaycançılığı milli ideya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi və dünya azərbaycanlıların həmrəyliyi naminə göstərdiyi tarixi xidmətdir. Çünki məhz bu ideologiya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin qarşısında güclü ideoloji sipər oldu. Bu ideologiya Heydər Əliyevin böyük vətəndaş hünərinin göstəricisidir və dünya azərbaycanlılarının tarixi Vətən – Azərbaycan ətrafında birləşməsinə müstəsna töhfədir. Azərbaycançılıq öz milli–mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Böyük öndərin Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi bu tarixi sözlər onun müdrik siyasəti kimi zamanın sınağından uğurla çıxmaqdadır.
Xalqımız Heydər Əliyev siyasətinə olan yüksək etimadın sayəsində dövlətə, hakimiyyətə inamı bərpa etmişdir. Məhz bu inam da cəmiyyətin hərtərəfli inkişafına güclü təkan vermişdir. Bu mənada, Heydər Əliyevin siyasi irsinin alternativsizliyi təkcə praktik məsələlərdə özünü təsdiqləməmişdir – bu amil cəmiyyətin ideoloji yetkinləşməsi baxımından da ciddi əhəmiyyətə malikdir. Şübhəsiz, hüquqi, demokratik, dünyəvi dövlət məhz demokratik qanunlar əsasında yaradılır. Dünyanın demokratik ölkələrində isə dövlətin hüquqi təməlini Konstitusiya təşkil edir, digər qanunlar məhz onun əsasında hazırlanaraq qəbul edilir. 1995–ci il noyabrın 12–də ulu öndərin təşəbbüsü əsasında Azərbaycan Respublikası Konstitusiyasının referendumla qəbul edilməsi ilə respublikamız hüquqi və demokratik dövlət quruculuğu yolunda inamla addımladığını bir daha dünyaya nümayiş etdirmişdir. Bu mərhələdən hüquqa və ədalətə söykənən dünyəvi cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmişdir. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların qayəsində məhz insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanmışdır. Siyasətdə və dövlət idarəçiliyində mütərəqqi ənənələrin qorunub saxlanılması hər bir xalqın sabit və davamlı inkişafı baxımından vacib əhəmiyyət daşıyır. Ümummilli lider Heydər Əliyev bu mənada həm də böyük müdrikliklə müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirmişdir. Azərbaycanın bu gün beynəlxalq aləmdə nüfuzlu, iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi tanınması və qəbul olunması, təbii ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin hazırda Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir. 1993–cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çox qısa zamanda, saysız–hesabsız çətinliklərə sinə gərərək dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsini yaşayan ölkəmizi tərəqqi yoluna çıxardı. 1994–cü il sentyabrın 20–də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Ölkəmiz çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. İqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verilməsi ümummilli liderin uzaqgörənliyinin göstəricisidir.
Prezident İlham Əliyev ulu öndərimizin başladığı missiyanı uğurla davam etdirir, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə bütün elmləri, o cümlədən təhsili sürətlə inkişaf etdirmək və onu dünya standartları səviyyəsinə çatdırmaq məqsədi ilə genişmiqyaslı iş aparılır. Prezident tərəfindən 2007–ci il aprelin 16–da təsdiq edilmiş “2007–2015–ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” həm də bu məqsədə xidmət edir.
Ümumiyyətlə, bu gün Azərbaycan təhsilinin tarixini, təhsildə baş verən dəyişikliklər və yüksəlişləri nəzərdən keçirərkən, cəsarətlə deyə bilərik ki, Azərbaycanda təhsilin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.
Mahirə NAĞIQIZI,
ADPU–nun müəllimi,
filologiya üzrə fəlsəfə
doktoru
Respublika.- 2013.- 5 may.- S. 9.