Ölkə səhiyyəsi Heydər Əliyevin diqqət mərkəzində olmuşdur

 

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ölkədə regionların 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı müvəffəqiyyətlə yekunlaşmaqdadır. Bazar iqtisadiyyatına keçmiş Azərbaycan da bu sahədə müvafiq addımlar atmış və böyük uğurlar əldə etmişdir.

Müdrik rəhbər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində qeyri–neft sektoru sürətlə inkişaf edir. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatında çoxşaxəlilik təmin olunmuş, ÜDM–də artım sabitləşdirilib. Qlobal böhrana baxmayaraq, nəhəng islahatlar müvəffəqiyyətlə reallaşmış və Azərbaycan dünyada ən islahatçı və inkişaf edən dövlətlər sırasına çıxmışdır. Bu gün Azərbaycan nəinki regionda, həm də Avrasiya məkanında nüfuzlu, qüdrətli dövlətdir və öz inkişafını davam etdirir. Azərbaycanda münbit investisiya şəraiti mövcuddur. Bazar iqtisadiyyatının əsası olan özəl sektorun inkişafı üçün müvafiq qanunverici baza yaradılıb. Xarici ölkələrlə səmərəli iqtisadi–siyasi əməkdaşlıq əlaqələri mövcuddur. Qarşılıqlı mənafe əsasında qurulan bu əlaqələr Azərbaycanın dostlarının sayını günü–gündən artırmaqdadır.

Təsadüfi deyil ki, Azərbaycan Avrasiya məkanında nüfuzlu tranzit, istehlakçı və istehsalçı dövlətdir. Ölkənin çox gözəl geostrateji mövqeyi vardır. Azərbaycan rəhbərliyi özünün siyasi və iqtisadi əlaqələrində bu amildən səmərəli istifadə edir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində ən etibarlı tərəfdaşdır. Ölkə özünün ərzaq, nəqliyyat, enerji təhlükəsizliyini təmin edib. Bütün bunlar Azərbaycana siyasi və iqtisadi sahədə müstəqil xətt yeritməyə imkan verib. Azərbaycanın bugünkü tam iqtisadi müstəqilliyinin və dünya birliyində öz layiqli yerini tutmasının bünövrəsi Heydər Əliyev hələ respublikaya rəhbərlik etdiyi 1976–1982–ci illərdə qoyulmuşdur.

“Sağlam bədəndə sağlam ruh olar” – deyirlər. Əhalinin sağlamlığı isə hər bir sahədə olduğu kimi, iqtisadi inkişafda da mühüm şərtdir. Ona görə də müdrik rəhbər insan amilini önə çəkdi. Əhalinin sağlamlığının yüksək səviyyədə olması üçün Heydər Əliyev bütün lazımi addımları atırdı. İlk növbədə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün lazımi tədbirlər görüldü. “Səhiyyə haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İmmun çatışmazlığı virusunun törətdiyi xəstəliyin yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqanlarının və toxumalarının transplantasiyası haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Tibbi sığorta haqqında” qanunlar və “Əhaliyə tibbi yardım göstərməklə, virusologiya sahəsində elmi araşdırmalarla və xidməti vəzifələrini yerinə yetirərkən virus preparatlar istehsalı ilə məşğul olan işçilərin immun çatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxmasına, eləcə də bununla əlaqədar şikəstlik və ölüm hallarına qarşı məcburi dövlət sığortası haqqında” Əsasnamə də məhz onun təşəbbüsü ilə qəbul olunmuşdur.

Səhiyyənin maddi–texniki bazasının möhkəmləndirilməsi üçün bütün lazımi addımlar atılmışdır. Bu məqsədlə yerlərdə yeni tibb müəssisələrinin tikintisi, mövcud olanların müasir səviyyədə əsaslı təmir edilməsi, yeni sahələrin yaradılması, müasir avadanlıq və texnoloji vasitələrlə təchizatı sahəsində çox ciddi dönüş yaradıldı.

Heydər Əliyevin ölkə səhiyyəsinin inkişaf etdirilməsi və nüfuzunun artması üçün göstərdiyi qayğı danılmazdır.

Xalqımızın böyük oğlu səhiyyənin hərtərəfli, müasir inkişafı, beynəlxalq standartlara cavab verməsi üçün qayğısını əsirgəmirdi. Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə qayıdanda, 1993–cü ildə xalqın tələbi ilə ölkə başçısı seçiləndə yenə də səhiyyəyə qayğısını əsirgəmədi. Müdrik rəhbər bu sahənin inkişafı ilə daim maraqlanır, dövlətin müvafiq tədbirlər keçirməsində qayğısını əsirgəmirdi. Heydər Əliyev Azərbaycanın qocaman tibb müəssisələrinin yubileylərində, səhiyyə işçilərinin qurultaylarında və digər mühüm tədbirlərdə iştirak edir, elmi–praktik nəticələrlə tanış olmaqla yanaşı, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün lazımi göstərişlərini də verirdi. Qeyd edək ki, tibb işçilərinin peşə bayramları olan 17 iyun da Heydər Əliyevin 2001–ci il 4 iyun tarixli fərmanı ilə rəsmiləşib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı ictimai formasiyasına keçdi. Aydındır ki, yeni quruluşun əsasında sahibkarlıq fəaliyyəti həlledici əhəmiyyət kəsb edir. İqtisadi sahədə olduğu kimi, sosial sahə olan səhiyyədə də özəl sektor yarandı. Qanunvericilik əsasında Azərbaycanda geniş özəl səhiyyə ocaqları fəaliyyətə başladı.

1995–ci ildən Azərbaycandayam. Burada olmağımın əsas səbəbi ölkədəki sabitlik və əmin–amanlıqdır. Bir iş adamı kimi, mənə də dahi rəhbərin qurduğu sabit və təminatlı ölkədə həm yaşamaq, həm də işləmək ruh yüksəkliyi verir.

Rəhbərlik etdiyim “Hind klinikası” da həmin sahibkar müəssisələrindən biridir. Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış lazımi hüquqi baza bizə normal fəaliyyət şəraiti yaradıb. Xalqın böyük oğlu bir rəhbər və insan kimi ziyalılara, mütəxəssislərə, sənət sahiblərinə daim böyük qayğı göstərib. Onların bütün bacarıq və biliklərini üzə çıxarmaları, dövlətə, millətə xidmət etmələri üçün lazımi bütün addımları atıb. Mən həm özümün, həm də rəhbərlik etdiyim klinikanın bütün uğurlarına görə ona minnətdaram. Bir dövlət başçısı kimi, Heydər Əliyev istəmirdi ki, yüksək intellektual səviyyəli mütəxəssislər Azərbaycanı tərk etsinlər. O, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin daim genişlənməsi, sıxlaşması, səmərəli elmi–praktiki əməkdaşlığın yaradılması və genişlənməsi üçün bütün tədbirləri operativ şəkildə görürdü. Bu isə öz növbəsində Azərbaycan səhiyyəsinin dünya standartlarına cavab verməsinə səbəb olurdu. Bizim klinika da günü–gündən inkişaf edir. Sevindirici haldır ki, tərəqqi əldə edir. İnamla deyə bilərəm ki, bizim mütəxəssislər dünyaya nümunə ola biləcəklər. Biz artıq bir sıra istiqamətlərdə gözəl nailiyyətlərə imza atmışıq.

Heydər Əliyev Azərbaycanın bütün sahələrini, o cümlədən səhiyyəni dünyanın inkişaf etmiş ölkələrinin səhiyyəsi səviyyəsində görmək istəyirdi. Artıq bu, arzu deyil, reallıqdır. Və ümummilli liderin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə bu strateji kurs dinamik, operativ şəkildə, böyük müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın bütün regionlarında dünya standartlarına cavab verən səhiyyə ocaqları açılır, əvvəlkilər təkmilləşdirilir və onlar uğurla müasir tələbata uyğun fəaliyyət göstərirlər. Azərbaycan Prezidenti öz sələfi ümummilli lider Heydər Əliyevin “Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir”, – devizini inam və qətiyyətlə həyata keçirir.

 

 

Ronald Demello

 

Respublika.- 2013.- 5 may.- S. 9.