Ulu öndərlə görüşlərimi qürur və iftixarla xatırlayıram

 

Ümummilli liderimiz Heydər Əliyev hələ Sovetlər İttifaqı dövründə respublika rəhbəri olarkən Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin, o cümlədən də maşınqayırma sənayesinin inkişafına xüsusi diqqət ayırırdı. Xalqımızın böyük oğlu 1969–cu ilin sentyabr ayında neft maşınqayırmasının inkişafına dair məsələni Mərkəzi Komitənin plenumuna çıxardı. Ulu öndər həmin dövrdə Azərbaycanın neft maşınqayırmasında həyata keçirilən genişləndirilmə, istehsal güclərinin artırılması, genişmiqyaslı modernizasiya işləri ilə müstəqillik qazanacaq respublikamız üçün potensial baza yaradırdı.

Xalqımızın böyük oğlu respublikamız suverenliyini bərpa etdikdən sonra sənaye sahələrinin, xüsusilə maşınqayırma sənayesinin inkişafına diqqətini azaltmadı.

Müstəqil Azərbaycan Respublikasının memarı, qurucusu ümummilli lider Heydər Əliyev haqqında danışmaq, onunla olan xatirələri bölüşmək hər bir kəs üçün fəxrdir.

Ulu öndər müasir tariximizi yaratmış dahi bir şəxsiyyətdir. Bu böyük şəxsiyyətlə bir neçə dəfə görüşmək mənə də nəsib olub.

İlk dəfə 1973–cü ildə Azərbaycan KP Mərkəzi Komitənin Bürosunda respublikada neft sənayesinin vəziyyəti və inkişaf perspektivləri ilə bağlı keçirilən müşavirədə onunla görüşmüşəm.

1974–cü ildə Heydər Əliyev zavodumuza gəlmişdi. Mən o vaxtlar baş mühəndis vəzifəsində işləyirdim. Ulu öndər ikinci dəfə bizim zavodumuzda 1984–cü il fevralın 22–də Sov. İKP MK–nın Siyasi Bürosunun üzvü kimi olmuşdur. Onunla—xalqımızın böyük oğlu ilə söhbətimiz bir saatdan artıq çəkdi.

Heydər Əliyev fenomenal yaddaşa malik idi. 1974–cü ildə zavodda olan zaman verdiyi sualları yada salıb, indi keyfiyyətlə bağlı vəziyyətin necə olduğunu soruşdu. Mən tutuldum. 1974–cü ildə keyfiyyət nişanı ilə buraxılan məhsulların xüsusi çəkisinin azlığı onu qane etməmişdi. Mən indi bu göstəricinin xeyli artaraq 45 faizə çatdığını bildirdim.

Ulu öndər sonralar, 1994–cü ildə Kondisioner zavodunda və Bakı neftayırma zavodunda olan görüşləri zamanı məni tanıyıb şəxsən görüşmüşdü.

1999–cu ildə Heydər Əliyev Yeni Suraxanıda indi onun adını daşıyan Heydər Məscidinin açılışında iştirak etdi. Tribunadan çıxışında dedi ki, burada mənim bir dostum olmalıdır. Məni çağırdı, qucaqlayıb öpdü və dedi ki, bu mənim köhnə dostumdur. Xeyli söhbət etdik, 70–ci illərdə bizim zavodda olduğunu xatırladı, zavodun indiki fəaliyyəti, problem və çətinlikləri ilə maraqlandı. Bildirdim ki, zavodumuz işləyir, bina da tikirik.

Ümummilli liderin böyüklüyü, yüksək insani keyfiyyətlərindən biri də o idi ki, o hətta respublika miqyasında kiçik sayılan müəssisə və təşkilatlara da diqqət ayırırdı.

Heydər Əliyev görüşlərdə əvvəlcədən yazılmış ssenarini hətta, məsələn, zavoda girəndə hara gedəcəyinə, kiminlə görüşəcəyinə istiqamət verməyi, marşrut təyin etməyi qəti xoşlamazdı. Sexdə işçilərlə görüşüb hal–əhval tutardı.

Müstəqillik illərində neft maşınqayırması sənayesinin inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən bir sıra məqsədyönlü proqram və layihələr həyata keçirilmişdir. Müəssisələrdə beynəlxalq standartların tətbiqi istiqamətində hökumətin yardımı və yapon mütəxəssislərinin iştirakı ilə real səmərə verən xeyli iş görülmüşdür.

Belə böyük bir layihənin əsası Heydər Əliyevin 1998–ci ildə Yaponiyaya səfəri zamanı qoyulmuşdur. Yaponiyanın İqtisadiyyat, Sənaye və Ticarət Nazirliyinin Xarici Ticarətin İnkişafı üzrə Təşkilatı ilə Azərbaycan hökuməti arasında imzalanmış “Azərbaycan Respublikasında neft–maşınqayırma sənayesinin inkişafına yönəldilən model layihə anlaşma memorandumu” çərçivəsində ayrılmış qrantla “Azneftkimyamaş” ASC–nin müəssisələrində “model layihə” həyata keçirildi. Sonrakı illərdə görülən işlər nəticəsində bir sıra müəssisələr, o cümlədən də bizim müəssisəmiz Beynəlxalq İSO və Amerika Neft İnstitutunun (APİ) standartlarının sertifikatlarını almışdır.

Bu gün ulu öndər Heydər Əliyevin müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə və ardıcıl surətdə həyata keçirilir. Ölkə iqtisadiyyatı möhkəm təməl üzərində inkişaf edir.

Belə ki, respublikamızda olduğu kimi zavodumuzda da keçən ilin nəticələri çox uğurludur. Artım tempi əmtəəlik məhsul istehsalı üzrə 130 faiz, realizasiya üzrə 150 faiz, ixrac olunan məhsulların həcminə görə 5 dəfədən artıq olmuşdur. Orta aylıq əməkhaqqı 362 manat təşkil etmişdir.

Əlbəttə, qarşıya çıxan çətinliklər, həllini gözləyən məsələlər də az deyil. Ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək hər bir çətinlik və məsələnin həlli üçün kollektivimiz bütün qüvvə və bacarığını səfərbər etmişdir.

 

 

Arif BABAYEV,

“Suraxanı maşınqayırma zavodu” TASC

İdarə Heyətinin sədri

 

Respublika.- 2013.- 5 may.- S. 9.