UĞURLU NƏTİCƏLƏR
DAHA BÖYÜK NAİLİYYƏTLƏRƏ SANBALLI ZƏMİN
YARADIR
Cari ilin birinci rübü arxada qaldı. Gəncə
ötən dövr ərzində sürətli inkişaf
tempini daha da artırmış, nəzərdə tutulan
böyük nailiyyətlərin möhkəm təməli
yaradılmışdır.
“2013–cü ilin birinci rübündə Gəncə şəhərinin
sosial–iqtisadi inkişafının yekunu və qarşıda
duran vəzifələr haqqında” şəhərdə
keçirilmiş fəallar yığıncağında
nailiyyətlər geniş təhlil olunmuş, qarşıda
duran böyük quruculuq və abadlaşdırma vəzifələrin,
şəhərsalma tədbirlərinin uğurla yerinə
yetirilməsi məqsədilə işlənib
hazırlanmış İnkişaf Proqramı ətraflı təhlil
edilmişdir.
Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev hesabat məruzəsi ilə
çıxış etmişdir.
Məruzəçi
demişdir ki, möhtərəm Prezident cənab İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin
2013–cü ilin birinci rübünün sosial–iqtisadi
inkişafına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasda dövlət başçısı
respublikadakı iqtisadi və siyasi vəziyyəti dərindən
təhlil etmiş, qarşıda duran vəzifələr və
onların həlli yollarını dəqiq müəyyənləşdirməklə,
Azərbaycanda iqtisadi islahatların uğurla
aparıldığını, davam etdirildiyini, islahatların
artıq gözəl nəticələrə gətirib
çıxardığını, 2013–cü ilin birinci
rübündə iqtisadi inkişafın özünü bir daha
göstərdiyini, xüsusilə də qeyri–neft sektorunun
inkişaf etdiyini vurğulamışdır.
Azərbaycan Respublikası Prezidentinin
imzaladığı dövlət proqramlarından, fərman və
sərəncamlarından irəli gələn vəzifələrin
reallaşması nəticəsində ölkənin
bütün bölgələri kimi, Gəncə şəhəri
də sosial–iqtisadi inkişaf istiqamətində böyük
uğurlar qazanmış, şəhərdə tikinti–quruculuq
və abadlıq işləri geniş vüsət
almışdır.
Şəhərin sosial–iqtisadi həyatında
müşahidə olunan sabitlik cari ilin əvvəlindən də
saxlanılmaqla həm sosial, həm də iqtisadi sahələrdə
yeni nailiyyətlər əldə edilmişdir.
Cari ilin
birinci rübündə ümumi daxili məhsulun həcmi 4,6 faiz artmış, müqayisəli qiymətlərdə
139,5 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər
göstərilmişdir.
Sonra məruzəçi diqqəti şəhər sənayesində
əldə olunmuş nailiyyətlərə yönəltmişdir. Şəhər
iqtisadiyyatının əsasını təşkil edən sənayedə
2013–cü ilin birinci rübündə 39,6
milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər
göstərilmişdir.
İstehsalın
71,7 faizi özəl bölmənin
payına düşmüş və onun həcmi ötən
illə müqayisədə 5,7 faiz artmışdır.
İstehsal
olunan məhsulun 98,9 faizi
istehlakçılara göndərilmişdir. Müəssisələrin
anbarlarında qalmış 6 milyon 44.0 min manatlıq hazır məhsul
ehtiyatının 48,4 faizi Gəncə Avtomobil Zavodunun, 22,1
faizi “DET.AL. Alüminium” MMC–nin, 8,9 faizi “Gəncə
Əlvan Metal Emalı” MMC–nin və qalan hissəsi isə digər
istehsal müəssisələrinin payına düşür.
Möhtərəm Prezident cənab İlham Əliyevin
xeyir–duası ilə istifadəyə verilmiş “Gəncə
DET.AL” Alüminium MMC–nin Alüminium zavodunun ildə 50 min ton
alüminium istehsal edəcək ikinci fazasının
inşası davam etdirilir. Zavod ən yüksək
texnoloji, ekoloji və keyfiyyət standartlarına cavab verir.
“Gəncə–Qənnadı”
ASC–nin Süd emalı zavodunun may ayında istifadəyə
verilməsi nəzərdə tutulur. Bundan əlavə
müəssisənin inzibati binasında, eləcə də
istehsalat sahəsində əsaslı təmir və bərpa
işləri aparılır.
“Elba” Kəsim və Emal Fabrikası” MMC–nin tikintisi, həmçinin
“İnter–Pak” MMC–də yeni xammalın ilkin emalı sexinin və
xammal anbarının yenidən qurulması və inşası
davam etdirilir.
“Neon” firmasında gündəlik istehsal gücü 25 ton
olan ən müasir Çörək zavodunun istifadəyə
verilməsi ilə müəssisədə əlavə olaraq
20–25 nəfər işlə təmin olunmuşdur.
“Gəncə
Şərab–2″ ASC–də cari ilin birinci rübündə
gündəlik istehsal gücü 5 ton olan spirtin emalından
yaranan tullantıların təkrar emalı sexi istifadəyə
verilmiş, şərab emalı sahəsində yeni
avadanlıqların quraşdırılması işləri
davam etdirilir.
“Gəncə–Dəyirman”
MMC–də 2 ədəd 5 min tonluq taxıl anbarının
inşası davam etdirilir, “Gəncə Aviaekologiya” MMC–də
gündəlik istehsal gücü 20 min ədəd kərpic
istehsalı sahəsində yeni avadanlıqlar
quraşdırılır.
İstehsal müəssisələrinin müasir
texnologiya əsasında yenidən qurulması və modernləşdirilməsi
işləri daim diqqət mərkəzində
saxlanılmalıdır. Elmar Vəliyev əsaslı
tikinti–quraşdırma və abadlaşdırma işləri
barədə məlumat verərkən demişdir ki, ölkə
başçısının tapşırıq və
tövsiyələrinin uğurla həyata keçirilməsi nəticəsində
şəhərimiz dinamik inkişaf edir, həyata keçirilən
yenidənqurma və abadlıq–quruculuq işləri
özünün geniş miqyası ilə seçilməkdə
davam edir.
2013–cü
ilin birinci rübündə şəhərin iqtisadi və
sosial sahələrinin inkişafına bütün maliyyə
mənbələrindən əsas kapitala 32,6
milyon manatdan çox vəsait yönəldilmişdir.
Möhtərəm
Prezident cənab İlham Əliyevin diqqət və
qayğısını daim öz üzərində hiss edən
gəncəlilər şəhərdə aparılan
abadlıq–quruculuq və tikinti işlərinin həyata
keçirilməsinin davamlılığı ilə
yanaşı, sürətləndirilməsi də təmin
edilmişdir.
Ulu
öndər Heydər Əliyevin əvəzedilməz irsinin
daha da mükəmməl öyrənilməsi, onların gənc
nəslə yetərincə aşılanması, gələcək
nəsillərə layiqincə çatdırılması məqsədilə
ən müasir layihəyə əsasən sahəsi 4500
kvadratmetr olan üçmərtəbəli Heydər Əliyev
Mərkəzinin tikintisi davam etdirilir. Bu möhtəşəm
binada müxtəlif dərnəklər, sərgi zalı,
elektron və adi kitabxana, ekspozisiya və müşavirə
zalları da nəzərdə tutulmuşdur.
Gəncəçay çayı şəhəri iki
hissəyə bölür. Çayın şəhər
ərazisindən keçən hissəsində sahilboyu bərkitmə
işlərinin aparılması və çayın məcrasının
yenidən qurulması davam etdirilir. Çayın sağ
hissəsində ilkin olaraq 1,2 km
uzunluğunda salınacaq parkda yeni infrastruktur layihələr həyata
keçiriləcək ki, bu da şəhərin qədim
görkəminə yeni bir müasirlik gətirəcəkdir.
Prezident
İlham Əliyev tərəfindən 2013–cü il Azərbaycanda “İnformasiya–kommunikasiya
texnologiyaları ili” elan edilmişdir. Bu, Gəncə
rabitəçiləri qarşısında bir sıra məsul
vəzifələr qoyur. Ona görə də
əldə edilmiş nailiyyətlər daha da möhkəmləndirilməli,
əhalinin və digər istehlakçıların müasir,
keyfiyyətli və fasiləsiz rabitə xidmətləri ilə
təmin edilməsi istiqamətində işləri daha da
gücləndirilməlidir. Məruzədə
ticarət və xidmət sahəsində vəziyyət, pərakəndə
əmtəə bazarının təşkilatı və pərakəndə
əmtəə dövriyyəsinin mülkiyyət növlərinə
görə strukturları ətraflı təhlil olunmuş, həyata
keçirilmiş işlər qeyd edilməklə müvafiq
idarə və təşkilatların rəhbərlərinə
konkret tapşırıqlar verilmişdir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsinin
təşkili, Azərbaycan vətəndaşlarının
daha da yaxşı yaşaması ölkə
başçısı tərəfindən müəyyən
edilən ən vacib vəzifələrdəndir.
İcra başçısı hesabat dövründə
bu sahədə əldə olunmuş nailiyyətləri qeyd
etməklə qarşıda duran vəzifələrə
toxunmuşdur.
Ölkədə bütün sosial məsələlər
öz həllini tapmaqdadır. Əhalinin
güzəranı ildən–ilə yaxşılaşır.
Hər il əlavə sosial
qayğılarla əhatə olunur, onların rifah
halının yaxşılaşdırılması
üçün həyata keçirilən layihələrin
miqyası genişləndirilir.
Şəhər əhalisinin, xüsusən də aztəminatlı
təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi,
onların maddi rifah halının
yaxşılaşdırılması məsələləri
daim diqqət mərkəzində saxlanılmışdır.
Hesabat dövründə məcburi köçkün ailələri
bayram günlərində 50 min manatdan çox bayram sovqatı
ilə təmin edilmişdirr.
Azərbaycan
Respublikası Prezidentinin 2011–ci il 15 noyabr
tarixli sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə
2011–2015–ci illər üçün Dövlət
Proqramı”nın icrası və “Məşğulluq
haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn
vəzifələrin və tələblərin həyata
keçirilməsi məqsədilə Gəncə Şəhər
Məşğulluq Mərkəzi cari ilin əvvəlindən
müəyyən işlər və bir sıra tədbirlər
görmüşdür.
Respublikamızın
ikinci sənaye və mədə
niyyət
mərkəzi olan Gəncədə təhsil, səhiyyə, mədəniyyət,
idman və gənclərlə iş prioritet vəzifələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
diqqət və qayğısı sayəsində müvafiq sahələrin
müasir tələblər səviyyəsinə
çatdırılması istiqamətində bir çox
işlər görülür. Respublikanın, eləcə də Gəncə
şəhərinin sosial–mədəni inkişafında Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və
İSESKO–nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
fəaliyyəti təqdirəlayiq olmaqla əvəzedilməzdir.
Təhsilin keyfiyyətinin yüksəldilməsi, onun
bütün sahələrinin məqsədyönlü
inkişafı və daha da zənginləşdirilməsi Gəncə
Şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində
saxlanılmışdır.
Gəncə Şəhər İcra Hakimiyyəti təhsil
ocaqlarının tikintisi və təmirinə, onların
müasir tələblərə uyğun qurulmasına, gənclərin
ümumbəşəri dəyərlər əsasında
layiqli təhsil almalarına xüsusi diqqət göstərir.
Hesabat dövründə şəhərdə idmanın
müxtəlif növləri üzrə 12 şəhər
birinciliyi və kütləvi idman tədbirləri
keçirilmiş və bu yarışlarda 1 min 800–ə
yaxın idmançı iştirak etmişdir.
Gəncə
idmançıları 2013–cü ilin birinci rübündə
müxtəlif səviyyəli respublika, Avropa, dünya və
beynəlxalq yarışlarda iştirak edərək 75 müxtəlif
əyarlı medal, o cümlədən 40 qızıl, 12
gümüş, 23 bürünc medallar əldə etmişlər.
Bakı
şəhərində Poverliftinq və bench–press üzrə
keçirilən Avropa çempionatında şəhər
idmançılarından A.Beliyev, S.Sadıqov, P.Əsgərov,
B.Hacıyev, H.Verdiyev Avropa çempionu adına
layiq görülərək qızıl medal əldə
etmişlər.
Elmar Vəliyev çıxışının sonunda
demişdir ki, ölkə başçısının proqram
xarakterli fikirlərinin həyata keçirilməsi istiqamətində
artıq şəhərimizdə konkret işlər
görülür. Gəncə qədimiliyini qorumaqla
yanaşı, dinamik inkişaf yolunu tutaraq qısa zaman kəsiyində
simasını dəyişməkdədir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin diqqət və
qayğısını, verdiyi göstəriş və
tapşırıqlarını öz fəaliyyətində rəhbər
tutan Gəncə Şəhər İcra Hakimiyyəti və
yerli icra orqanları bu il ərzində də
qarşıya qoyulan bütün vəzifələri layiqincə
və tam yerinə yetirəcəklər. Gəncə
şəhəri daha da inkişaf edəcək, gözəlləşəcək,
ölkənin yüksəlişinə özünün dəyərli
töhfələrini verəcəkdir.
Məruzə ətrafında müzakirələrdə
çıxış edənlər hesabat dövründə həyata
keçirilmiş işləri yüksək qiymətləndirmiş,
ölkə başçısının diqqət və
qayğısına əməli işlərlə cavab verəcəklərinə
əminlik ifadə etmişlər.
Hesabat yığıncağında müzakirə olunan
məsələlərin həllinə yönəldilmiş
geniş qərar və şəhərin inkişafına
göstərdiyi diqqət və qayğıya görə
ölkə başçısına minnətdarlıq ifadə
edən müraciət qəbul edilmişdir.
Y.TANRIVERDİYEV
Respublika.- 2013.- 5 may.- S. 10.