İMİŞLİDƏ
MƏDƏNİYYƏT VƏ TURİZMƏ DİQQƏT
ARTIRILIR
2012–ci ilin oktyabr ayında Respublika Prezidenti İlham Əliyev İmişli rayonunda olmuş, əsaslı təmir edilmiş mərkəzi xəstəxananın, yenidən qurulmuş Heydər Əliyev parkının, yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin, “Araz” Damazlıq–Quşçuluq MMC–nin, 50 min tonluq taxıl anbarının, Şahmat məktəbinin, su anbarları kompleksinin açılış mərasimlərində iştirak etmişdir. Ölkə başçısı əməkçilərlə söhbətində demişdir: “İmişli rayonunun son bir neçə ay ərzində uğurlu inkişafı məni ürəkdən sevindirir. Son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir. Bu, sizin ümumi zəhmətinizin bəhrəsidir. Bir sözlə, istək, siyasi iradə və öz xalqına qayğı olan yerdə hər şey etmək mümkündür”.
Göründüyü kimi, ölkə başçısı iqtisadi məsələlərlə yanaşı, mədəniyyətə də xüsusi diqqət yetirmişdir. Bu da əsassız deyildir. Rayonda mədəniyyət və turizm sahəsində görülən tədbirlərin miqyası getdikcə genişləndirilir.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Süleyman Bəşirov 20 ildən çoxdur ki, bu sahədə çalışır, mədəniyyət sahəsinin bütün işlərinə yaxşı bələddir. S.Bəşirov söhbət zamanı bildirdi ki, 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, mərkəzi kitabxana, 2 şəhər kitabxanası, 46 kitabxana filialı, şəhər klubu, 26 klub müəssisəsi, muzey, 1 uşaq incəsənət məktəbi, 1 uşaq musiqi məktəbi, mədəniyyət və istirahət parkları, rəsm qalereyası sakinlərə nümunəvi xidmət göstərir. Gənclərin hərbi–vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının təşkili, onların idmana cəlb edilməsi sahəsində ardıcıl və məqsədyönlü iş aparılır. 121 idman qurğusu, 3 bədən tərbiyəsi və sağlamlıq mərkəzi, 8500 yerlik stadion, olimpiya idman kompleksi uşaqların və yeniyetmələrin, cavanların ixtiyarındadır.
Süleyman müəllim mədəniyyət ocaqlarında görülən işlərdən danışdı:
—Rayonda əhalinin asudə vaxtının təşkili, gənclərin mənəvi, əxlaqi və vətənpərvərlik tərbiyəsi həmişə diqqət mərkəzində olmuşdur. Bu sahədə mədəniyyət və turizm müəssisələrinin fəaliyyəti göz qabağındadır. Son vaxtlar vətəndaşlarımıza mədəni xidmətin səviyyəsini xeyli yaxşılaşdırmışıq. Mədəniyyət ocaqlarının maddi–texniki bazası möhkəmləndirilmiş, xeyli təzə inventar və avadanlıq alınmış, respublika kitabxana kollektoru ilə bağlanmış müqavilə əsasında min nüsxələrlə kitab əldə etmişik. Bütün bunlar mədəni–kütləvi tədbirlərin daha dolğun, məzmunlu və təsirli olmasına kömək göstərmişdir. Mədəniyyət müəssisələrində vaxtaşırı olaraq əlamətdar günlər, bayramlar, görkəmli insanların yubiley tədbirləri, görüşlər və disputlar keçirilir. 20 Yanvar, Xocalı faciəsi, Novruz bayramı, Konstitusiya günü, Milli Dirçəliş və Qurtuluş günləri, Milli Ordunun yaranması, habelə peşə bayramları ilə bağlı tədbirlər geniş iştirakçı kütləsinin cəlb olunması ilə xarakterikdir.
Ulu öndərin anadan olmasının 90 illiyinə ölkəmizin hər yerində olduğu kimi İmişli rayonunda da genişmiqyaslı hazırlıq tədbirləri görülür. Bununla bağlı rayon icra hakimiyyəti aparatının məsul işçilərinin, Heydər Əliyev Mərkəzinin, rayon Mədəniyyət və Turizm Şöbəsinin, rayon Təhsil Şöbəsinin, “Xalq sözü” qəzeti redaksiyasının, rayon Gənclər və İdman İdarəsinin, rayon fəallarının iştirakı ilə xüsusi toplantıda yubileyin yüksək səviyyədə keçirilməsi məqsədilə onların qarşısına müvafiq vəzifələr qoyulmuşdur.
Süleyman müəllim qeyd etdi ki, hazırda mədəniyyət işçilərinin bütün qüvvələri ümummili lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi tədbirlərinin görülməsinə yönəlmişdir. İmişlinin mədəniyyət müəssisələrində tədbirlər silsiləsi davam etməkdədəir. Bu günlərdə gənc ifaçıların ikinci respublika müsabiqəsinin rayon mərhələsinə yekun vurulmuşdur. Vokal, xalq çalğı alətləri və xanəndəlik üzrə keçirilən yarışma çox maraqlı olmuşdur. Ümummilli liderin yubileyi ərəfəsində genişmiqyaslı “Gül bayramı”ının keçirilməsi də nəzərdə tutulmuşdur. May ayında bu tədbirlərin final mərhələsi daha dolğun, maraqlı və cəzbedici olacaqdır.
İmişli sakinləri Prezident İlham Əliyevin 2013–cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasdakı nitqində irəli sürülmüş müddəaları diqqətlə izləmişlər. Orada respublikanın mədəni həyatının daha da inkişaf etdirilməsinə dair dəyərli tövsiyələr, vacib tapşırıqlar vardır. Rayonun mədəniyyət və turizm kollektivlərinin əsas səyləri məhz həmin vəzifələrin ləyaqətlə həyata keçirilməsinə yönəldilmişdir.
Sabir MUSTAFAYEV
Respublika.- 2013.- 5 may.- S. 10.