“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi–praktiki konfrans keçirilmişdir

 

Respublikamızın hər yerində olduğu kimi, Quba rayonunda da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi geniş surətdə qeyd olunur. Bu münasibətlə idarə, müəssisə və təşkilatlarda müxtəlif tədbirlər həyata keçirilir. Heydər Əliyev mərkəzində rayon gənclərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi–praktiki konfrans keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə mərkəzin foyesində ümummili liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlara və fotoşəkillərə tamaşa etmişlər. Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, Heydər Əliyev hələ sovetlər dönəmində Azərbaycana rəhbərliyi dövründə gənclərə böyük qayğı ilə yanaşır, onların inkişafına xüsusi qayğı göstərirdi. 1993–cü ildə yenidən hakimiyyətə qayıdan ulu öndər dövlət gənclər siyasətini ön plana çəkdi. O, Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı. 1996–cı il fevralın 2–də Gənclərin I Respublika Forumu keçirildi. Forumda ümummilli lider proqram xarakterli çıxış etdi. Forumda söylədiyi bu sözlər hər bir Azərbaycan gəncinin həyat devizinə çevrilmişdir: “Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməli, öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən, özü haqqında da, ailəsi haqqında da düşünməlidir, ancaq hər bir şeydən öncə, daha çox müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir.

Hər il qeyd onunan 2 fevral – Gənclər Günü də ulu öndərin imzaladığı sərəncamla həyata keçirilir. “Gənclər siyasəti haqqında” qanun da ulu öndərin fəaliyyəti dövründə qəbul olunmuşdur. Bu gün respublikanın gənclər siyasəti ümummilli liderin müəyyən etdiyi xətlə hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə gənclər siyasəti haqqında yeni bir proqram həyata keçirilir. Bu proqram Quba rayonunda da uğurla həyata keçirilir. Hazırda rayonda Gənclər Mərkəzi və Gənclər Evi inşa olunur.

Konfransda həmçinin İqtisadi İnkişaf Nazirliyinin Quba–Xaçmaz regional bölməsinin müdir müavini Aqşin Bayramov, Azərbaycan Müəllimlər İnstitutu Quba filialının tələbəsi Rahil Məmmədov, gənc sahibkar Vaqif Həsənov, Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli, H.Hüseynov adına Quba şəhər 4 saylı məktəb–liseyin şagirdi Aytən Məmmədova çıxış edərək Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişaf edib formalaşmasındakı xidmətlərindən ətraflı söhbət açmışlar. Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev yekun nitqi söyləmişdir.

 

 

Ziyafəddin Bayramov

 

Respublika.- 2013.- 5 may.- S. 11.