Xalqımızın mənəviyyat bayrağı

 

Doğma vətənə və onun dilinə məhəbbət vətənpərvərlik tərbiyəsinin ən mühüm məsələlərindən biridir. Vətən torpağı və ana dilimiz ata–babalarımızın bizə ən böyük mirasıdır. Əsrlərin sınağından çıxaraq dövrümüzə qədər gəlib çatan, qürur, əzəmət, mədəniyyət və əbədiyyət rəmzi sayılan qayalarımız, mağaralarımız, qayaüstü rəsmlərimiz Azərbaycanın qədim tarixindən, dünyada ilk insan məskənlərindən və mədəniyyət mərkəzlərindən biri olduğundan xəbər verir.

Hər bir xalq öz mənəviyyatının, ruhunun göstəricisi olan mənəvi–əxlaqi dəyərlərlə, adət–ənənələrlə yaşayır. Bir xalqı tanıdan və yaşadan mənsub olduğu ən dəyərli mənəvi sərvəti isə onun ana dilidir.

Azərbaycan dili dövlətimizin başlıca rəmzlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012–ci il mayın 23–də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzaladı. Sərəncamda deyilir: “Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridirBu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”. Bəllidir ki, Vətənə, onun dilinə sədaqət hissinin aşılanması gənc nəslin tərbiyəsində xüsusi yer tutur. Bu işə həmişəkindən daha artıq qayğı göstərilməlidir. Bu baxımdan Azərbaycan dili və əlifbası, xalqımızın mənəvi dəyərləri, tarixi şəxsiyyətlərinin yubileylərinin keçirilməsi ilə bağlı imzalanan tarixi fərman və sərəncamlar böyük əhəmiyyət daşıyır və gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər üçün geniş imkan açır.

Qədim minilliklərdən xalqımıza ana dili kimi xidmət etmiş Azərbaycan dilində dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılıb. Tarixən müxtəlif imperiyaların tərkibində yaşamalı olsaq da, ağsaçlı nənələrimiz, müdrik el ağsaqqallarımız yaratdıqları el ədəbiyyatı nümunələrində ana dilimizi, tariximizi yaşatmış, qoruyub saxlamış və inkişaf etdirmişlər. Öz köklərini uzaq keçmişdən alan ana dilimizin ilk, ən qədim yazılı nümunələri günümüzə qədər gəlib çatmasa da, qədim yazılar dilimizin dərin tarixi köklərə malik olduğunu sübut edir. Zəngin ifadə imkanlarına, ahəngdar səs quruluşuna malik Azərbaycan ədəbi dilinin bugünkü inkişaf səviyyəsi Azərbaycan xalqının dünyanın ən qədim xalqlarından biri olduğunu göstərir. Azərbaycan dili ən geniş yayılmış dillərlə müqayisə olunur.

Məlumdur ki, hər il fevral ayının 21–i bütün dünyada Beynəlxalq Ana dili Günü kimi qeyd olunur. Həmin tarixlə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi kollecimizdə ənənəyə çevrilib. Məqsədimiz ana dilimizi və ədəbiyyatımızı təbliğ etmək, sevdirmək və yaşatmaqdır. İndiyədək keçirilən N.Gəncəvinin 870, M.F.Axundovun 220, X.Natəvanın 180, M.Ə.Sabirin 150, H.Cavidin 130, M.Dilbazinin 100, X.R.Ulutürkün 80 illik yubileylərinə həsr edilmiş silsilə tədbirlərdə tələbələr öz bilik və bacarıqlarını nümayiş etdirmiş, verilmiş mövzular üzrə hazırlıqdan (şeir söyləmək, səhnəcik hazırlamaq, mahnı oxumaqs.) əlavə, albomreferatlar tərtib edib, İKT–dən istifadə etməklə Azərbaycanın digər tanınmış şair və yazıçılarının həyat və yaradıcılıqlarına həsr olunmuş çoxsaylı, rəngarəng slaydların hazırlanmasında da yaxından iştirak etmişlər. Qalib tələbələr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin dəyərli əsərləri və digər hədiyyələrlə mükafatlandırılıblar.

Dədə Qorquddan bizə yadigar qalan Ulu Azərbaycan torpağına və dilinə həsr olunmuş, təxminən 8 ay davam edən viktorinaların yekun tədbiri ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur. Çünki M.F.Axundovun, N.Nərimanovun və əsrlər boyu dilimizin keşiyində dayanan neçə–neçə ziyalılarımızın arzuları məhz ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirildi. Əsrin sonlarında SSRİ–nin müstəqil dövlətlərə parçalanması ilə Azərbaycan xalqı da müstəqillik əldə etdi. Dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb edən Azərbaycan dili ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə öz layiqli qiymətini aldı. Böyük vətənpərvər Heydər Əliyev Azərbaycan dilini əbədiləşdirdi. Dilimizin inkişafı, qorunması, fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanı yerinə yetirən Heydər Əliyev Azərbaycan dilini dövlət siyasətinin tərkib hissəsinə çevirdi. Müstəqil Azərbaycanda yad dillərin dilimizlə rəqabət apardığı bir zamanda imzalanmış fərman və sərəncamlar Azərbaycan dilinin dövlət dili kimi qorunub möhkəmlənməsi və inkişaf etdirilməsi məqsədi daşıyırdı. Azərbaycan Respublikası gənclərinin birinci forumunda çıxışında Heydər Əliyev belə söyləmişdi: Bilirsiniz, hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini—rus dilini də, ingilis dilini də, fransız dilini, ərəb, fars dillərini də mənimsəsin, öyrənsin… Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz… Ümidvaram ki, …bizim gənclərimiz bundan sonra tariximizi daha da yaxından öyrənəcək, doğma Azərbaycan dilimizi mənimsəyəcək və bunlar hamısı hər bir gənc Azərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaradacaqdır”.

Azərbaycanı sevmək, Azərbaycanla bağlı olmaq, Azərbaycan dilini ana dili kimi duymaq, dili bilmək, dili sevmək, milli–mədəni köklərimiz, milli–mədəni ənənələrimiz, vətənpərvərlik, milli vətənpərvərlik duyğuları və s. bu kimi ifadələr böyük vətənpərvərin bizə böyük tövsiyələridir…

Azərbaycan Respublikasında “Dövlət dili haqqında” qanunda Azərbaycan dilinin tariximiz, mənəviyyatımız, Azərbaycan xalqının varlığı və Azərbaycan dövlətinin əsas simvolu olduğu qeyd edilir: “Azərbaycan dili Azərbaycan xalqının mənəviyyat bayrağıdır. Nə qədər ki bu bayraq Azərbaycan adlı diyarda ucalır, deməli, Azərbaycan var, Azərbaycan xalqı yaşayır”.

 

 

Səadət Ağayarova,

Bakı Sosial Pedaqoji Kollecinin

müəllimi

 

Respublika.- 2013.- 5 may.- S. 11.