HEYDƏR ƏLİYEVİN
AZƏRBAYCAN TİBB ELMİ VƏ TİBB TƏHSİLİ
SİSTEMİNİN İNKİŞAFINDA ROLU
“Mən Azərbaycana rəhbərlik
etdiyim zaman, sonra Sovetlər İttifaqının, SSRİ–nin rəhbərliyində
olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə
yaxın olmuşam, ona qayğı göstərmişəm və
hesab edirəm ki, çox işlər görmüşəm…
Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən
ən böyük, ən mötəbər tibb ocaqları,
müəssisələri ilə yaxından tanış idim,
onların yaranmasında, inkişaf etməsində xidmətlər
göstərirdim. Mənim o vaxt həm Onkoloji Mərkəzin,
həm Kardioloji Mərkəzin, həm Ürək Cərrahiyyəsi
mərkəzinin, həm Oftalmoloji mərkəzlərin,
başqalarının yaranmasında, inkişaf etməsində,
onların maddi–texniki bazasının yaranmasında çox səylərim
olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə
xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri
Akademiyasının 40 illik yubileyində Sovet
İttifaqının rəhbərliyi adından iştirak
etdim. Mən bir də bunları edərək o vaxt SSRİ
dövləti tərkibində Azərbaycanın səhiyyəsinə
marağı, qayğını daha da artırırdım.
Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin
diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana
yardım etməyə çalışırdım”.
Heydər Əliyev.
Azərbaycan
tibb elmi və tibb təhsil sisteminin, Azərbaycan səhiyyəsinin
keçmişi, indisi və gələcəyi, əqli
potensialının dəyəri, maddi–texniki bazasının
inkişaf mərhələləri, təməl
daşlarının və beynəlxalq əlaqələrinin
möhkəmləndirilmə yolları, əldə olunan
nailiyyətlərinin gələcək nəsillərə
çatdırılma istiqamətlərinin təhlili
haqqında fikir yürütdükdə, adətən, ilk
növbədə göz önünə tibb sahəsində
çalışan səriştəli alimlər, həkimlər,
səhiyyə işçiləri gəlir. Lakin XX əsrin
ikinci yarısında və XXI əsrin ilk illərində Azərbaycanda
bu sahədə aparılan genişmiqyaslı titanik işlərin
örnəkli nəticələri təsdiqlədi ki, bəşər
tarixində elə şəxsiyyətlər olur ki, onlar
ölkənin bir sahəsinin deyil, bütövlükdə onun
bütün sahələrinin inkişaf yükünü,
maddi–texniki bazasının möhkəmləndirilməsi
problemlərinin ağırlıqlarını, insanların
rifah halının yaxşılaşdırılması
amalının çətinliklərini, dövlət
atributlarımızın atributlar içərisində bərqərar
olması və bunun əbədiliyinin, dönməzliyinin təmininin
maneələrinə tabgətirmə gərginliklərini
öz möhkəm çiyinləri üzərinə
götürərək, onu inamla irəliyə apara, zirvələrə
yüksəldə bilirlər. Belə nadir şəxsiyyətlərin,
fövqəladə bacarığa malik qüdrətli düha
sahiblərinin ön cərgəsinin birincisi adının
daşıyıcısı kimi yaddaşlara və bəşər
tarixinə əbədi həkk olunan ümummilli liderimiz Heydər
Əlirza oğlu Əliyev sözün həqiqi və mütləq
mənasında müasir Azərbaycanın memarı olmaqla yanaşı,
həm də müasir Azərbaycan səhiyyəsinin, Azərbaycan
tibb elmi və tibb təhsili sisteminin yeni rakursda, yeni istiqamətdə,
yeni strateji hədəf kontekstində, müasir tələblər
səviyyəsində mahir qurucusu, yaradıcısı,
ilhamverici qüvvəsi, əsl memarı olmuşdur.
1969–cu
il iyul ayının 14–dən etibarən 35 ilə yaxın bir
müddətdə Azərbaycana rəhbərlik qüdrətini
özündə saxlaya bilən ulu öndər Heydər Əliyev
respublikada birinci şəxs simasında fəaliyyətə
başladığı ilk günlərdən, digər vacib
sahələrdə olduğu kimi, ölkə səhiyyəsini,
tibb elmi və tibb təhsili sistemini də diqqət mərkəzində
saxlamışdır. O, insan amilinə xidmət edən bu
vacib sosial sahələrin əsaslı dəyişikliklərinin
islahatlarını, inkişaf perspektivlərinin
planlarını hazırlamışdır. Bu islahatların,
bu planların müddəaları onun iti zəkasının dərin
qatlarından süzülərək tədricən məqsədyönlü
şəkildə həyata keçirilir.
Ümummilli
liderin Azərbaycana rəhbərliyə gəldiyi dövr
çox təzadlı, çətin bir dövr idi. Bu
dövrdə artıq sosializm sisteminin məhvəri
laxlamağa başlamışdı. Azərbaycanın da daxil
olduğu Sovetlər İttifaqında ictimai–siyasi vəziyyət,
milli münasibətlər, iqtisadi–sosial tələbatlardan
doğan narahatlıqlar getdikcə daha da gərginləşir,
neqativ halların baş alıb getməsinə əlverişli
şərait yaranırdı. Belə bir qeyri–müəyyənlik
şəraitinin mövcudluğu dövründə Heydər Əliyev
kimi dahi şəxsiyyətin Azərbaycana rəhbərliyə
gəlməsi ölkəmizin həyatında, o cümlədən
də təkcə Azərbaycan səhiyyəsində, Azərbaycan
tibb elmi sahəsində deyil, bütövlükdə SSRİ səhiyyə
sistemində və tibb elmi sahəsində əsaslı
dönüş yaratdı. Ümummilli liderimiz səhiyyə və
tibb elmi sahələrində həm Azərbaycan
Respublikasında, həm də keçmiş Sovetlər
İttifaqında yeni mərhələnin
başlanmasının banisi oldu. Ümummilli liderin təşəbbüsü
ilə Azərbaycan səhiyyə sistemində aparılan
islahatlardan sonra əldə edilən uğurlu işlərin nəticələrinin
tətbiqi SSRİ–nin digər respublikalarında da
reallaşdı. Ümummilli liderin təkcə səhiyyə
sistemində deyil, hər sahədə həyata keçirdiyi,
novatorluqla atdığı cəsarətli addımlar dünya
miqyasında geniş əks–səda doğurmuşdu. Onun Sovetlər
İttifaqının bütün respublikalarında get–gedə
dərinləşməkdə olan korrupsiyaya, neqativ hallara
qarşı kəskin mübarizə aparması, cəmiyyəti
və mövcud ictimai quruluşu sağlamlaşdırmağa,
saflaşdırmağa çalışması SSRİ
dövlət və hökumət
başçılarını da, dünya ictimaiyyətini də
heyrətə gətirmişdi. Tezliklə Heydər Əliyev
fenomeni dünyanın siyasi tarix salnaməsində sönməz
ulduz kimi parladı və onun adı bu salnaməyə əbədi
həkk olundu.
Qeyd
etmək lazımdır ki, ümummilli lider hələ XX əsrin
70–80–ci illərində — ilk dəfə respublikaya rəhbərlik
etdiyi dövrdə Azərbaycan Dövlət Tibb İnstitutunun
bütün problemlərinə qayğı ilə
yanaşmışdır. İnstitutun həyatında hərtərəfli
və fundamental olaraq əsas yüksəliş mərhələsi
məhz Heydər Əliyevin respublikamıza rəhbərlik
etdiyi dövrə təsadüf edir. Həmin illərdə
respublikamızda səhiyyənin, elm və təhsil sistemlərinin,
o cümlədən tibb elmi və tibb təhsili sistemlərinin
inkişafında əsaslı dönüş baş verdi;
Tibb İnstitutu üçün zəngin maddi–texniki baza
yaradıldı, yeni tədris korpusları, tələbə
yataqxanaları, xəstəxana və poliklinikalar tikilib istifadəyə
verildi, elmi–tədqiqat işləri ilə məşğul
olan laboratoriyalar müasir cihazlar və avadanlıqlarla təchiz
edildi. Bu isə elmi axtarışların əhəmiyyətini
artırmağa, ölkəmizin tibb sahəsində kifayət
qədər elmi və pedaqoji kadr potensialı ehtiyatına
malik olmağa imkan verdi.
Ümummilli
liderin rəhbərliyi altında qısa müddətdə
ölkəmizdə yeni uşaq xəstəxanaları və
poliklinikalarının tikintisi geniş vüsət
almış, XX əsrin 70–ci illərinin ilk beş ili ərzində
35 belə obyekt tikilib xəstələrin istifadəsinə,
tibb personalının ixtiyarına verilmişdi. Ölkə
başçısının, ilk növbədə, uşaq səhiyyəsinin
problemləri ilə ciddi maraqlanması təsadüfi deyil,
onun uzaqgörənliyinin təzahürü idi. Bununla o,
genofondun sağlamlaşmasını, uşaq ölümünə
səbəb olan ağır infeksion xəstəliklərin,
epidemiyaların qarşısının alınmasını,
kütləvi peyvəndləşməni və s. bu kimi
problemləri ön plana çəkir, gələcəkdə
yerinə yetirəcəyi daha genişmiqyaslı işlərin
bünövrəsini möhkəmləndirirdi. Tibb elmi sahəsinin,
bütövlükdə səhiyyənin zəifləmiş
maddi–texniki bazasının möhkəmləndirilməsinə
xüsusi diqqət yetirən ulu öndər bu məsələni
özünəməxsus təmkin və inamla yerinə
yetirirdi. Səhiyyə sisteminin maddi–texniki bazasının
möhkəmləndirilməsi, şübhəsiz ki, ölkə
iqtisadiyyatının vəziyyəti ilə
qarşılıqlı əlaqədə idi. Ona görə də
ulu öndərin rəhbərliyi altında respublikanın
milli gəlirinin 2,5 dəfə, xalq təsərrüfatının
müxtəlif sahələrində istehsalın həcminin 2,7
dəfə artması, bu və buna bənzər sosial məsələlərin
də həllinin asanlaşmasına təkan verən
başlıca mənbə sayılırdı. O dövrdə
xəstəxanalarda 15,7 min çarpayı var idi. Azərbaycandakı
istirahət evlərində eyni vaxtda 2000 nəfərin dincəlməsi
üçün şərait yaradılmışdı, 8,5
mindən çox insan mövcud sanatoriyaların xidmətindən
rahatlıqla istifadə edə bilirdi. Görkəmli dövlət
xadimi Heydər Əliyev 1969–cu ilin avqust ayında keçirilən
Azərbaycan Partiya Təşkilatının plenumunda səhiyyənin
inkişafına həsr olunmuş məsələnin
müzakirəsinə və dekabr ayında səhiyyə
haqqında qanunvericiliyin əsasları üzrə qərar qəbul
edilməsinə nail oldu. Plenumda səhiyyəyə dair
müzakirə və qəbul edilmiş bu qərar Azərbaycanda
səhiyyənin gələcək inkişaf perspektivlərinin
istiqamətlərini müəyyənləşdirən
mühüm sənədlərdən birinə çevrildi.
Bundan sonra yeni səhiyyə müəssisələrinin
tikintisinə, mövcud olan binaların əsaslı təmir
edilməsinə, onların yeni avadanlıqlarla təchizinə
imkan verən əlverişli şərait yarandı. Səhiyyənin,
tibbin ümdə problemlərini həll etmək
üçün qarşıda duran ən mühüm vəzifələrdən
biri də ölkədə yüksəkixtisaslı tibbi
kadrların yeni nəslinin hazırlanmasını təmin etməkdən
ibarət idi. Bununla əlaqədar olaraq Azərbaycan Dövlət
Tibb İnstitutunda ulu öndərin təşəbbüsü
ilə ciddi islahatlar aparıldı. Ölkənin ali tibb təhsili
ocağında da maddi–texniki baza möhkəmləndirildi, tədrisin
keyfiyyəti əsaslı surətdə
yaxşılaşdırıldı, aspirantura şöbəsi
yenidən quruldu, kliniki ordinatura, eləcə də internatura
şöbələri yaradılaraq, onların fəaliyyət
dairəsi genişləndirildi, yeni fakültələr,
dekanlıqlar təşkil edildi və Tibb İnstitutuna illik tələbə
qəbulunun sayı artırıldı. Bununla da kifayətlənməyən
ölkə başçısı gənclərin müəyyən
qrupunun ardıcıl olaraq Moskvanın, Sankt–Peterburqun, Kiyevin, Minskin,
Xarkovun və SSRİ miqyasında fəaliyyət göstərən
digər iri şəhərlərin ali tibb müəssisələrində
təhsil almalarına, diplomdansonrakı ixtisasartırma
kurslarına getmələrinə, aspirantura və doktorantura xətti
ilə namizədlik və doktorluq dissertasiyaları müdafiə
edərək elmi dərəcələrə yiyələnmələrinə
geniş imkanlar yaratdı. Bu tədbirlər hər il
ardıcıl olaraq həyata keçirilir, respublikamızda
dahiyanə bir uzaqgörənliklə müxtəlif profilli gənc
tibbi kadrlar hazırlanır, səhiyyənin elmi və pedaqoji
potensialı gücləndirilirdi. Heç bir tərəddüd
etmədən demək olar ki, hazırda Azərbaycanda həm
ali və orta tibb müəssisələrində, həm də
səhiyyə sisteminin bütün strukturlarında rəhbər
vəzifələrdə çalışan tibb alimlərinin,
həkimlərin, səhiyyə işçilərinin
hamısı vaxtilə Heydər Əliyevin təşəbbüsü
ilə hazırlanmış və dəyərli elmi məktəb
keçmiş, ən əsası da möhtəşəm
Heydər Əliyev məktəbindən bəhrələnmiş
kadrlardır.
Ölkənin
periferik regionlarında tibb kadrlarına, səhiyyə
işçilərinə olan tələbatı ödəmək,
kənd yerlərindəki tibb müəssisələrini
yüksəkixtisaslı həkimlərlə təmin etmək
üçün keçən əsrin 70–ci illərinin əvvəllərində
Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində təşkil
edilmiş hazırlıq kursu və bu kursa ucqar rayonlardan olan gənclərin
imtiyazlarla qəbul edilməsi problemin həllində
mühüm rol oynadı.
Heydər
Əliyev dövrünün ilk mərhələlərində
tikilib istifadəyə verilmiş Respublika Klinik Urologiya Xəstəxanası,
Neyrocərrahiyyə, Diaqnostika, Toksikologiya, Yanıq və
Reabilitasiya mərkəzləri ölkə əhalisinin
sağlamlığının qorunmasında, diaqnostika,
profilaktika, müalicə və reabilitasiya tədbirlərinin
yüksək professionallıqla həyata keçirilməsində
əsaslı dönüş yaradaraq bu növ problemləri
birdəfəlik həll etdi. Bununla da bir çox məsələlərdə
xəstələrin artıq xərc hesabına başqa respublikalara,
xarici ölkələrə getmələrinə heç bir
ehtiyac qalmadı. Çünki tikilib istifadəyə
verilmiş yeni klinikalar, tibb mərkəzləri müasir tibb
avadanlığı ilə təchiz olunaraq, əhaliyə
başqa ölkələrdəkindən də yaxşı səviyyədə
müvafiq tibbi xidmət göstərməyə başlamışdı.
Elə həmin dövrlərdə respublikamızda bir sıra
elmi–tədqiqat institutlarının, o cümlədən Elmi–Tədqiqat
Oftalmologiya İnstitutunun (hazırda bu institut akademik Z.Ə.Əliyeva
adına Milli Oftalmologiya Mərkəzi adlanır), Elmi–Tədqiqat
Onkologiya İnstitutunun (hazırda bu institut Milli Onkologiya Mərkəzi
adlanır) yeni binalarının təməli qoyulmuşdu. Yeri
gəlmişkən, qeyd edək ki, bünövrəsi ulu
öndər tərəfindən qoyulmuş bu binaların
tikintisi yarımçıq qalmadı. Ümummilli lider Heydər
Əliyevin təməlini qoyduğu və axıra
çatdıra bilmədiyi bütün obyektlərin tikintisi
onun sədaqətli davamçısı cənab Prezident
İlham Əliyev tərəfindən davam etdirildi, bu möhtəşəm
müayinə və diaqnostika, müalicə–profilaktika və
reabilitasiya mərkəzləri hazırda fəaliyyətlərini
yüksək səviyyədə yerinə yetirirlər.
XX əsrin
60–70–ci illərində Azərbaycanda sənayenin və kənd
təsərrüfatının müxtəlif sahələrində
çalışan işçilər, xüsusilə də
neftçıxarma və neft sənayesi işçiləri
arasında peşə xəstəlikləri
artdığından, bu növ xəstəliklərin
qarşısını almaq üçün geniş tədbirlər
planı hazırlanmışdı. Ulu öndərin
nümayiş etdirdiyi yüksək səriştəlilik sayəsində
nəzarətdə saxlanılan bu prosesdə də müvafiq
tibb alimlərinin, həkimlərin, səhiyyə
işçilərinin səyi nəticəsində xeyli irəliləmələr
oldu və aparılan profilaktik tədbirlər sayəsində
peşə xəstəliyinə tutulanların sayı 25 faiz
azaldı. Həmin dövrdə ulu öndərin
ömür–gün yoldaşı akademik Zərifə xanım Əliyeva
bu sahədə görkəmli mütəxəssis kimi əvəzsiz
xidmətlər göstərmiş, peşə xəstəliklərinin
profilaktika və diaqnostikasına, xəstələrin
müayinə və müalicəsinə əlverişli şərait
yaradan unikal laboratoriya təşkil etmiş, müalicə
üsulları üzrə sanballı elmi–tədqiqat işləri
hazırlamış və əldə etdiyi nəticələrin
səhiyyə praktikasında tətbiqinə, səhiyyə sahəsindəki
çoxşaxəli genişmiqyaslı misilsiz xidmətlərinə
görə keçmiş SSRİ–nin ən nüfuzlu
mükafatlarından olan SSRİ Tibb Elmləri
Akademiyasının M.İ.Averbax mükafatına layiq
görülmüşdü.
Bu
ilin baharında uzun illər bir–birinə dayaq olaraq Azərbaycana
çoxsaylı uğurlar qazandıran iki Böyük Azərbaycanlının
— əvəzsiz dövlət xadimi ümummilli lider Heydər Əliyevin
və görkəmli alim–oftalmoloq akademik Zərifə xanım
Əliyevanın anadan olmalarının 90 illik yubileylərinin
xalqımız və dövlətimiz tərəfindən vətənimizin
hər yerində, eləcə də onun sərhədlərindən
kənarda geniş qeyd edilməsi hər bir azərbaycanlının
qəlbində bir rahatlıq borcu mücəssəməsi
yaradır.
Ulu
öndər səhiyyə işçilərinin, tibb alimlərinin,
bütün tibb personalının həyat, məişət və
iş şəraiti ilə yaxından maraqlanır, onların
ehtiyaclarının ödənilməsini daim diqqət mərkəzində
saxlayırdı. Onun fəaliyyətinin 70–80–ci illərdəki
mərhələlərində respublikamızın iri tibb
müəssisələrindən Azərbaycan Elmi–Tədqiqat
Virusologiya Mikrobiologiya, Epidemiologiya və Gigiyena İnstitutunun,
“Azərbaycan Tibb Jurnalı”nın, Azərbaycan Dövlət
Tibb İnstitutunun, Elmi–Tədqiqat Ana və Uşaqları
Mühafizə İnstitutunun, Elmi–Tədqiqat Tibbi Parazitologiya və
Tropik Təbabət İnstitutunun, eləcə də korifeyləşmiş
klassik tibb alimlərinin (Əziz Əliyev, Mustafabəy
Topçubaşov, Vəli Axundov və başqalarının)
yubileylərinin keçirilməsi və bu tədbirlərin ənənə
şəkli alması ictimaiyyət tərəfindən rəğbətlə
qarşılanırdı. Ümummilli liderimizin səyi nəticəsində
respublikamızın görkəmli səhiyyə
işçilərindən Mustafabəy Topçubaşova,
Böyükxanım Əliyevaya, Şamama Ələsgərovaya,
Zəhra Qazıyevaya “Sosialist Əməyi Qəhrəmanı”
fəxri adı, həmçinin bir qrup tibb elmi, tibb təhsili
sistemi işçilərinə, həkimlərə “Əməkdar
həkim”, “Əməkdar müəllim”, “Əməkdar səhiyyə
işçisi”, “Əməkdar ali məktəb
işçisi”, “Əməkdar elm xadimi” fəxri adları
verilmiş, orden və medallarla təltif edilmişdilər. Bu
təltiflərin əksəriyyəti ulu öndər tərəfindən
1980–ci ildə ATİ–nin 50 illiyi ərəfəsində
verilmişdi. Həmin ildə Azərbaycan Dövlət Tibb
İnstitutu SSRİ–nin “Qırmızı Əmək
Bayrağı” ordeni ilə təltif edilmişdi. Bu ordeni təntənəli
yubiley mərasimində şəxsən ulu öndərin
özü təqdim etmişdi. Yeri gəlmişkən, qeyd etmək
lazımdır ki, 2000–ci ildə ATU–nun 70 illiyində də ulu
öndər Heydər Əliyev şəxsən iştirak
etmiş, 70 nəfər əməkdaşımızı fəxri
adlar, orden və medallarla təltif etmişdi.
XX əsrin
80–ci illərinin əvvəllərində Heydər Əliyev
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin
edildikdən sonra da səhiyyə sahəsinə köməyini
azaltmadı, əksinə, daha da artırdı. Bu vəzifədə
o, SSRİ üzrə iqtisadiyyatın bir sıra mürəkkəb
sahələri ilə yanaşı, səhiyyə sahəsinin
problemləri ilə də məşğul olurdu. Ümummilli
liderimiz səhiyyəyə yüksək ideallar prizmasından
baxaraq qeyd edirdi ki, “…təbabət insan biliklərinin və əməli
fəaliyyətinin bütün başqa sahələrindən
daha artıq dərəcədə ümumbəşəri
xarakter daşıyır”. SSRİ Tibb Elmləri
Akademiyasının akademikləri, Sovetlər
İttifaqının görkəmli tibb alimləri Heydər Əliyevin
Moskvada səhiyyə ilə əlaqədar
toplantılardakı çıxışlarından sonra etiraf
edirdilər ki, o, SSRİ miqyasında səhiyyə sisteminin
qarşısında duran problemləri və bu problemlərin həlli
yollarını ən təcrübəli tibb mütəxəssislərindən
belə daha yaxşı bilir, daha aydın təsəvvür
edir. SSRİ Tibb Elmləri Akademiyasının prezidenti və
TEA–nın Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş
direktoru akademik N.N.Bloxin Heydər Əliyevin səhiyyə
üzrə keçirdiyi bütün toplantılarda iştirak
edirdi və həmin toplantılardan çıxdıqdan sonra
OEM–in əməkdaşları ilə müşavirə
keçirir, Heydər Əliyevin SSRİ–nin səhiyyə
sisteminin yaxşılaşdırılması ilə
bağlı plan və tapşırıqlarını onlarla
bölüşürdü. Mən akademik N.N.Bloxini yaxından
tanıdığımdan bilirdim ki, o, heç də hər kəs
haqqında xoş sözlər deməyə tələsmirdi,
hətta buna bir qədər qısqanclıqla yanaşırdı.
Lakin o, ulu öndər Heydər Əliyevin səmimiyyətinə,
bilik səviyyəsinin dərinliyinə,
işgüzarlığına, mükəmməl təşkilatçılıq
bacarığına inanır, ona hörmətlə
yanaşır, onun haqqında ən xoş sözləri deməkdən
ehtiyatlanmırdı və onun haqqında ürəkdolusu
danışırdı. Bu, məndə və orada işləyən
azərbaycanlı həkimlərdə böyük iftixar və
qürur hissləri oyadırdı. Azərbaycanın bir
parçası olan ATU–nun kollektivi kimi, bir azərbaycanlı
kimi biz ulu öndərimiz Heydər Əliyevlə həmişə
fəxr etmişik, indi də fəxr edirik, gələcəkdə
də o bizim fəxr mənbəyimiz, qürur mənbəyimiz
olacaqdır.
Moskvada
məsul işlərdə çalışdığı
müddətdə Heydər Əliyev Azərbaycan səhiyyəsinin
inkişafına öz töhfələrini verir, onu diqqətdən
kənarda qoymurdu. Ulu öndər 2000–ci il iyun ayının
19–da Azərbaycan Tibb Universitetinin 70 illiyindəki nitqində
Moskvadakı fəaliyyəti zamanı səhiyyə
işçilərinə, səhiyyə sisteminə göstərdiyi
diqqət və qayğıdan, həkimlik peşəsinin insan
cəmiyyəti üçün əhəmiyyətindən
danışaraq demişdir: “Xatırlayıram ki, mən
1983–1984–cü illərdə Moskvada işləyərkən,
Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci
müavini olarkən səhiyyə sahəsinə də rəhbərlik
edirdim. Onda biz Sovetlər İttifaqı əhalisinin ildə
bir dəfə mütləq profilaktikadan keçməsi
proqramını irəli sürdük. Bu, çox
ağıllı və dəyərli bir fikir idi. Biz onun üzərində
işləməyə başladıq və müəyyən
işlər də gördük. Bu, o qədər ağır,
çətin işdir ki, o vaxt onu təmin etmək, demək
olar ki, mümkün deyildi. Bu, indi də mümkün deyil.
Amma vaxt gələcək, bu, mümkün olacaqdır.
Çünki cəmiyyət inkişaf etdikcə, səhiyyənin
imkanları artdıqca, təbiidir ki, buna da nail olmaq
mümkündür. Ancaq mən onu demək istəyirəm ki,
hətta hər bir sağlam insanın
sağlamlığının səviyyəsini
vaxtaşırı yoxlamaq zərurəti onu yenə də həkimin
yanına, səhiyyə müəssisəsinə —
poliklinikaya, ambulatoriyaya, xəstəxanaya aparır.
Mən
bunların hamısını deyərək, öz
ixtisasınızın, sənətinizin, peşənizin və
fəaliyyət göstərdiyiniz sahənin insan cəmiyyəti
üçün nə qədər əhəmiyyətli
olduğunu sizə çatdırmaq istəyirəm. Güman
edirəm, bunları bilirsiniz, ancaq, yəqin ki, onları məndən
eşitmək sizin üçün xoş olardı”.
Ulu
öndər ölkəmizin dövlət müstəqilliyi
dövründə də dəfələrlə xarici ölkələrin
tibb alimlərini Azərbaycanda qəbul etmiş, onlarla səmimi
söhbətlər keçirmiş, səhiyyəmizin
inkişafının yeni istiqamətlərinin
yaradılmasına təkan vermişdir. Ulu öndərin
müxtəlif illərdə SSRİ Tibb Elmləri
Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin
direktoru vəzifəsində çalışmış
akademik N.N.Bloxin və akademik N.N.Trapeznikov ilə, Amerika Birləşmiş
Ştatlarının Texas Tibb Mərkəzinin Kardiologiya
bölməsinin rəhbəri professor Maykl Debeyki ilə,
türk dünyasının dünya şöhrətli alimi
professor Doktor İhsan Doğramacı ilə və başqa məşhur
alimlərlə, səhiyyə işçiləri ilə
keçirdiyi görüşlər onun əhatəli fəaliyyətinin
göstəricisidir.
Azərbaycan
xalqının böyük oğlu, zəmanəmizin dahi siyasətçisi
ümummilli lider Heydər Əlirza oğlu Əliyevin
1993–cü il iyun ayının 15–də ikinci dəfə ölkə
rəhbərliyinə qayıdışı az bir zamanda
ölkədə daxili sabitlik yaranmasına səbəb oldu; nəticədə
Azərbaycan səhiyyəsi qarşısında yeni perspektivlərin
açılması, ölkənin tədris müəssisələrinin,
o cümlədən Azərbaycan Tibb Universitetinin normal fəaliyyəti
üçün əlverişli şərait yarandı.
Dağıdılan strukturlar bərpa olundu. Ulu öndərin
yaratdığı beynəlxalq əlaqələr nəticəsində
kütləvi peyvəndlərin aparılması yenidən
qaydaya salındı, baş qaldırmış infeksion xəstəliklərin,
epidemiyaların qarşısı alındı.
Heydər
Əliyevin rəhbərliyi dövründə — XX əsrin
sonları, XXI əsrin əvvəllərində
respublikanın bütün bölgələrində yeni tibb
müəssisələrinin maddi–texniki bazası
yaxşılaşdırılmış, V.Axundov adına
Elmi–Tədqiqat Tibbi–Profilaktika İnstitutunda Yoluxucu Xəstəliklər
Xəstəxanasının, Nüvə–Maqnit Rezonans Mərkəzinin,
Mərkəzi Klinik Xəstəxananın, Azərbaycan Tibb
Universitetinin yeni tədris binasının, unikal akt
zalının və bir sıra digər tibb obyektlərinin
açılışı olmuşdur.
Ulu
öndərin tibb elminə, tibb təhsili sisteminə göstərdiyi
qayğı sayəsində 1996–cı ildə Azərbaycan Tibb
Universiteti Amerika və Avropa Təhsil Birliyinin beynəlxalq
reyestrinə daxil edildi və bundan sonra ölkəmizin dövlət
xətti üzrə yeganə ali tibb təhsili ilə məşğul
olan tədris ocağının beynəlxalq əlaqələri
daha da genişləndirildi, xarici ölkələrin ali tibb
müəssisələri ilə tələbə mübadiləsi
aparılması, alimlərimizin xarici əlaqələrinin
genişləndirilməsi lazımi səviyyəyə
çatdırıldı. Tibb alimlərinə, həkimlərə,
bütün səhiyyə işçilərinə xüsusi
qayğı ilə yanaşan Heydər Əliyev Azərbaycanın
dövlət müstəqilliyinin bərpa olunduğu dövrdə
iki dəfə (1998 və 2000–ci illərdə) Azərbaycan
Tibb Universitetində olmuş, hər dəfə də ali tədris
ocağında geniş nitq söyləyərək həm tələbələrə,
həm professor–müəllim heyətinə, həm də
bütövlükdə bütün səhiyyə
işçilərinə dəyərli məsləhətlər
vermiş, onların gələcək yollarının istiqamətini
müəyyənləşdirmişdir. Müstəqillik
dövründə ölkə başçısının
qayğısı sayəsində tibb təhsili sistemində
bir sıra uğurlu islahatlar həyata keçirilmiş, əczaçılıq
fakültəsində bakalavr və magistratura
hazırlığının aparılması işinə
start verilmiş, 2000–ci ildə ATU–nun nəzdində ölkəmiz
üçün strateji əhəmiyyət kəsb edən hərbi–tibb
fakültəsi yaradılmışdır.
1998–ci
ilin 28 sentyabr günü ümummilli lider Heydər Əliyevin
Azərbaycan Tibb Universitetinə göstərdiyi diqqət və
qayğının təcəssümü baxımından xüsusilə
əlamətdardır. Həmin gün ATU–da yeni tədris
binasının açılışı oldu.
Açılış mərasimində ölkə prezidenti
Heydər Əliyevin iştirak etməsi universitet kollektivinə
hədsiz sevinc bəxş etdi. Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi nümayəndələri, universitetin rəhbərliyi,
professor–müəllim heyəti və tələbələri,
respublikanın tibb ictimaiyyətinin nümayəndələri,
Nəsimi rayonunun sakinləri ümummilli lider Heydər Əliyevi
hərarətli, sürəkli alqışlarla,
gül–çiçəklə qarşıladılar. Tibb
Universitetinin rəhbərliyi və kollektivi ulu öndər
Heydər Əliyevi səmimiyyətlə salamlayaraq, ona
binanın istifadəyə verilməsinin əhəmiyyəti və
ümumiyyətlə Azərbaycan Tibb Universitetinin fəaliyyəti
haqqında hesabat xarakterli məlumat verdilər. Universitetin əməkdaşlarının
və tələbələrin nümayəndələrinin
çıxışlarından sonra Azərbaycan Prezidenti Heydər
Əliyev çıxış edərək universitetin
professor–müəllim heyətini və tələbələrini
binanın istifadəyə verilməsi münasibətilə təbrik
etdi, ölkənin səhiyyə sistemi və bu sistemin
formalaşmasında Azərbaycan Tibb Universitetinin əhəmiyyətli
rolu haqqında öz ürək sözlərini söylədi.
Qeyd
etmək lazımdır ki, yeni istifadəyə verilən 11 mərtəbəli
müasir tipli tədris binasının tikintisinə hələ
XX əsrin 80–ci illərində ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə başlanılmış,
lakin müxtəlif səbəblər üzündən
başa çatdırılmamışdı. Sonralar
binanın dağılmaq təhlükəsi ilə üzləşməsi
universitet kollektivinin ciddi narahatlıqlarına səbəb
olmuşdu. Tikintinin başa çatdırılması
yalnız ümummilli lider Heydər Əliyevin yenidən
hakimiyyətə qayıdışından sonra, onun təhsil
müəssisələrinə göstərdiyi diqqət və
qayğı nəticəsində mümkün olmuşdur. Yeni
istifadəyə verilən tədris binası eyni vaxtda 2300 tələbə
qəbul etmək imkanına malikdir. Ümumi sahəsi 16 min
kvadratmetr olan tədris binasında universitetin 10 nəzəri
kafedrası, internet mərkəzi, 1 milyona yaxın kitab fondu
olan unikal kitabxana və “Təbib” nəşriyyatı yerləşdirilmişdi.
Bu binanın istifadəyə verilməsi sayəsində
universitetin nəzəri kafedralarının tədris
auditoriyalarına və mühazirə zallarına qarşı
ehtiyacı, demək olar ki, tamamilə ödənilmişdir.
XXI əsrin ilk illərində universitetdə ümumi sahəsi
34840 kvadratmetr olan 5 tədris binası və 3230 kvadratmetr sahəyə
malik inzibati binası var idi. Fəaliyyətdə olan 6 yataqxana
korpusunun yaşayış sahəsi 17434 kvadratmetr təşkil
edirdi. Bundan əlavə, dərslər respublika Səhiyyə
Nazirliyinin tabeliyində olan 26 klinik bazada keçirilirdi.
1990–cı ildə 1 N–li ŞKX–nın həyətində
universitetin Elmi–Tədqiqat Mərkəzi üçün 5 mərtəbəli
müasir tipli bina tikilib istifadəyə verilmişdir.
Universitetin örtülü üzgüçülük
hovuzuna və 9 idman zalına malik idman–sağlamlıq kompleksi,
tələbələrə xidmət edən müasir tipli
poliklinikası, 280 yerlik 2 tələbə yeməkxanası
hazırda da fəaliyyətini davam etdirir. Ölkənin
rayonlarından və xarici ölkələrdən gələn
tələbələrin əksəriyyəti universitetin
yataqxanalarında yerləşdirilir. Bundan əlavə, tələbələrlə
yanaşı universitetin aspirantları üçün də
yataqxanada yerlər ayrılmışdır. ATU–nun həm
professor–müəllim heyəti, həm də tələbələri
yeni tədris korpusunun 2 mərtəbəsində yerləşdirilmiş
və geniş oxucu zalları olan zəngin tibbi kitabxananın
xidmətindən istifadə etmək imkanına malikdirlər.
Ulu
öndər 2000–ci ildə yenidən Azərbaycan Tibb
Universitetinə gələrkən burada 500 yerlik akt
zalının açılışında, eləcə də
ATU–nun yaradılmasının 70 illik yubileyinə həsr
edilmiş təntənəli mərasimdə iştirak etdi.
Yubiley mərasimindən əvvəl — 2000–ci il iyun
ayının 17–də ulu öndər Azərbaycan Tibb
Universitetinə ATU–nun yaranmasının 70 illik yubileyi
münasibətilə təbrik məktubu göndərmişdi.
Məktubda deyilirdi: “Əziz müəllimlər! Əziz tələbələr!
Respublikamızın ilk ali tibb təhsili ocağı — Azərbaycan
Tibb Universitetinin 70 illiyi münasibətilə sizi, ölkəmizin
bütün səhiyyə işçilərini səmimi qəlbdən
təbrik edirəm.
Bakı
Dövlət Universitetinin fakültəsi kimi fəaliyyətə
başlayan və 1930–cu ildə müstəqil ali təhsil
müəssisəsinə çevrilən Azərbaycan Tibb
Universiteti ölkəmizdə tibb elminin və səhiyyənin
inkişafında misilsiz xidmətlər göstərmişdir.
Mübaliğəsiz demək olar ki, universitetin fəaliyyətinin
70 ili Azərbaycanda tibb elminin və səhiyyə sisteminin təşəkkül
tapıb inkişaf etməsi yolunu əks etdirən
mühüm bir dövrdür. Ölkəmizi yüksək
ixtisaslı tibb kadrları ilə təmin edən bu təhsil
mərkəzi tarixi bir missiyanı uğurla yerinə
yetirmiş və qısa müddət ərzində Azərbaycanda
insan sağlamlığının keşiyində duran həkimlər
ordusu yaranmışdır. Yarandığı ilk illərdən
respublikada tüğyan edən yoluxucu xəstəliklərin,
epidemiyaların qarşısının alınmasında, əhali
arasında sanitariya maarifi işinin gücləndirilməsində
Tibb Universiteti əvəzsiz rol oynamışdır”.
Yenicə
istifadəyə verilmiş unikal akt zalının
tribunasından birinci olaraq ümummilli liderimiz Heydər Əliyevin
tarixi nitqi səsləndi. Həmin gün ulu öndər Azərbaycan
Tibb Universitetinin maddi–texniki bazasının inkişaf mərhələlərindən
danışarkən demişdir: “Bu gün siz gözəl bir
salona toplaşmısınız. Bir neçə vaxt bundan
öncə biz bu yeni korpusun açılışında
birlikdə iştirak etdik. Mən yenə də
keçmişi xatırlayıram. 60–cı illərə qədər
Azərbaycan Tibb İnstitutu rəhbərliyinin oturduğu əsas
yer Korqanov küçəsindəki ikimərtəbəli bina
idi. Yaşlı adamlar, yəqin ki, bunu xatırlayırlar. Mən
həmin binada olmuşam. İkimərtəbəli həmin
balaca binada rektor, prorektor, bəzi işçilər otururdu və
belə xüsusi korpuslar yox idi. Birinci, ikinci korpuslar 60–cı
illərin əvvəllərində yaranmağa başladı.
Biz, xüsusən 70–ci illərdə Tibb İnstitutunun,
universitetinin maddi–texniki bazasının inkişaf etdirilməsi,
yaranması, genişləndirilməsi üçün böyük
bir proqram yaratdıq. Həmin bu yeni korpus da, salon da proqramda
öz əksini tapmışdı…
…Mən
xatırlayıram, Azərbaycan Tibb İnstitutu, universiteti
maddi–texniki təminat nöqteyi–nəzərindən haradan
haraya gəlibdir. Bunlar çox lazımdır. Çünki həm
müəllimlər, həm də tələbələr
üçün lazımi şərait
yaradılmalıdır və bu şərait də
yaradılıbdır”.
Ulu
öndərin göstərişi ilə 2000–ci ildə ATU–nun nəzdində
strateji əhəmiyyət kəsb edən hərbi–tibb
fakültəsi yaradıldı. Onun ATU–ya göstərdiyi
dövlət qayğısı, yaratdığı əlverişli
şərait sayəsində Azərbaycan Tibb Universiteti Qaradənizhövzəsiətrafı
ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq
Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər
Assosiasiyasının tamhüquqlu üzvü seçildi.
Ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində
2002–ci ildə Azərbaycan Tibb Universiteti nəzdində onun
tarixində ilk klinika olan Stomatoloji Klinika təşkil edildi və
bununla da ATU–nun öz klinikalarının
yaradılmasının möhkəm bünövrəsi
qoyuldu.
Ulu
öndər nə edirdisə, hamısını irəliyə
tuşlanmış uzaqgörənliklə Azərbaycanın gələcəyi
üçün edirdi. O, 70 illik yubileydəki nitqində həmçinin
bu qəbildən olan məsələlərə toxunaraq
demişdir: “70–ci illərdə biz nə qədər
yaşayış evləri, inzibati binalar tikirdik. İndi
Bakıda, təkcə Bakıda yox, Azərbaycanın hər
yerində belə binalar vardır. Mən bəzən
düşünürəm, əgər biz o vaxt bunları
yüksək sürətlə yaratmasaydıq, indi müstəqil
Azərbaycan hansı vəziyyətdə olardı? O vaxt biz
çox şeylər yaratdıq, amma bir hissəsi də
yarımçıq qaldı. O cümlədən burada da bir
çox binalar yarımçıq qalmışdır. Yenə
də deyirəm, həyatımızın iqtisadi cəhətdən
çətin bir dövründə həm Səhiyyə
Nazirliyi, həm də rektorluq tərəfindən bu layihələrin
həyata keçirilməsinə böyük diqqət
göstərilməsi yüksək qiymətə layiqdir. Mən
bunu xüsusi qeyd edirəm”.
Ümummilli
liderin nitqi bizim üçün proqram sənədinə
çevrildi və biz gələcək planlarımızı
dahi Heydər Əliyev ideyalarının müddəaları əsasında
qurduq. Azərbaycan Tibb Universitetinin professor–müəllim heyətinin
nümayəndələri elmi və pedaqoji fəaliyyətlərində
əldə etdikləri nailiyyətlərə görə bir
sıra beynəlxalq qurumlara üzv seçildilər.
Dahi
Heydər Əliyevin qurduğu bünövrəyə söykənərək
ATU–nun maddi–texniki bazasının inkişafı hazırda da
müvəffəqiyyətlə davam etdirilir. Çünki Azərbaycana
rəhbərlik edən cənab Prezident İlham Əliyev ulu
öndərin yolunun uğurlu davamına yeni çalarlar gətirərək
onu gündən–günə genişləndirir, bütün
zamanların dayağına, istinad nöqtəsinə
çevirir. Təkcə onu demək kifayətdir ki, 2006–cı
ildə cənab Prezidentin göstərişi ilə ATU–nun
Onkoloji Klinikasının təşkilinə
başlanıldı və bu proses 2007–ci ilin iyun ayında
başa çatdırıldı. 2007–ci ilin avqust ayında isə
biz cənab İlham Əliyevə müraciət edərək
terapevtik kafedraların qarşısında yaranan problemin həlli
üçün kömək istədik. Heydər Əliyev
ideyalarına daim sadiq qalan cənab Prezident bizim xahişimizi nəzərə
alaraq, qısa müddətdə — həmin il sentyabr
ayının 11–də ATU–nun terapevtik klinikasının
yaradılması və tikintisinə başlanılması
haqqında sərəncam imzaladı.
2007–ci
il sentyabr ayının 18–də isə tikintinin təməlqoyma
mərasimi keçirildi. Təməlqoyma mərasimində cənab
İlham Əliyevlə birlikdə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva da iştirak edirdi. 2010–cu
il oktyabrın 1–də cənab Prezidentin və onun
xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə
ATU–nun Tədris–Terapevtik Klinikasının
açılış mərasimi keçirildi. Hazırda ulu
öndər Heydər Əliyevin tikdirdiyi 11 mərtəbəli
tədris binası ilə cənab İlham Əliyevin təşəbbüsü
və qayğısı sayəsində inşa edilən 14 mərtəbəli
Tədris–Terapevtik Klinika “Tibb şəhərciyi”ndə
qoşa dayanaraq hər kəsdə xoş ovqatlı
duyğular oyadır.
Ölkə
Prezidenti 2008–ci il mart ayının 13–də ATU ilə əlaqədar
daha bir sərəncam imzalamışdır. Bu sərəncamla
ATU–nun Cərrahiyyə Klinikasının yaradılmasına və
tikintisinə başlanılmışdır. İndi artıq
Cərrahiyyə Klinikasının tikintisi başa
çatdırılıb və universitetimizin cərrahi
yönümlü kafedraları əməkdaşlarının
səbirsizliklə yolunu gözlədikləri klinikanın bu
ilin payızında istifadəyə veriləcəyi gözlənilir.
Azərbaycan
milli dövlətçilik ənənəsinin
formalaşması və həyatın bütün sahələrini,
o cümlədən tibb elmi və tibb təhsili sistemimizi əhatə
edən çoxşaxəli fəaliyyət və əldə
olunan uğurlar, milli–mənəvi dəyərlərin təşəkkül
tapması, tarixi soykökə qayıdış, azərbaycançılıq
dünyagörüşünün formalaşması məhz
ulu öndərin ideyalarının reallığa çevrilməsinin
məntiqi nəticələridir.
Heydər
Əliyev ideyaları bu gün də yaşayır və
özünün müzəffər yürüşünü
davam etdirir. Belə ki, bu ideyalardan güc alan müasir Azərbaycan
diplomatiyası cənab İlham Əliyevin apardığı
məqsədyönlü ritmik işlər sayəsində beynəlxalq
aləmdə misli görünməmiş uğurlar
qazanmışdır. Bu uğurlardan biri də Azərbaycan
Respublikasının 2011–ci il oktyabrın 24–də 155 ölkənin
dəstəyini qazanaraq Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının qeyri–daimi
üzvü seçilməsi uğurudur.
Heydər
Əliyev dəst–xətti, Heydər Əliyev qüdrəti
öz möhtəşəmliyi ilə kəskin surətdə
seçilir və bənzərsizliyi ilə fərqlənir.
Ona görə də müstəqil Azərbaycan
Respublikasının memarı olan Heydər Əliyev
ideyalarının dəyərli nəticələri Azərbaycan
səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili
sisteminin də sarsılmaz dayağı, ilhamverici qüvvəsidir.
Ulu öndərin dünyəvi ideyalarına söykənən
siyasət əbədidir, həmişəyaşardır.
Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət
mükafatı laureatı,
Milli Məclisin deputatı
Respublika.- 2013.- 7 may.- S. 5; 9.